Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1476/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təhsil müddətinin iş stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8860/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təhsil müddətinin sığorta stajına daxil edilməklə ona xx.xx.2016-cı ildə 57 yaşdan təyin olunmuş güzəştli şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1976-cı ildə Bakı Neft Texnikumuna daxil olmuşdur. xx.xx.1982-ci il tarixində texnikumun əyani şöbəsini bitirmişdir. xx.xx.1982-ci ildə X2 qəbul olunmuşdur. xx.xx.1987-ci ildə institutun əyani şöbəsini bitirmişdir. İşlədiyi sahələr neft sənayesi ilə əlaqədar olduğu üçün, o, xx.xx.2016-cı ildə 57 yaşı tamam olanda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. Bunu onun əmək kitabçasında aparılan qeydlər təsdiq edir. Hal-hazırda güzəştli şərtlərlə pensiya alır. “Əmək pensiyaları haqqında” Qanuna əlavə vətəndaşın əyani təhsil müddəti (ali, orta və texniki peşə təhsili) qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Onun da, xx.xx.1976-cı ildən xx.xx.1987-ci ilə kimi 11 ilə qədər sığorta stajı vardır. O, sığorta stajının hesablanması ilə əlaqədar cavabdehə 3 dəfə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məktublarla ona əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında imtina göndərmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı Leninskiy Komsomol adına Tümen Sənaye Universitetində təhsil aldığı və Bakı Neft Texnikumunda təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya verilmiş imtina məktubuna uyğun tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilikdə təhsil müddəti əmək stajına daxil edilmir. Bu səbəbdən İddiaçı “güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi . üzrə yenidən hesablanması mümkün deyil Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -“Güzəştli şərtlərə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09 dekabr 2020-ci il tarixli, **********0 nömrəli, xx.xx.2021-ci il tarixli, **********9 nömrəli və xx.xx.2021- ci il tarixli, **********5 nömrəli imtina məktublarının surətlərindən görünür ki, iddiaçının müraciətlərinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - notarial qaydada tərcümə və təsdiq edilmiş Tümen Sənaye Universiteti Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05-1830/1-416 nömrəli arxiv arayışının surətindən görünür ki, xx xxxxxx 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən Leninskiy komsomol adına Tümen Sənaye Universitetində neft qaz sənayesi faktultəsinin “Neft və qaz yataqları kəşfiyyatının texnologiyası və kompleks mexanizasiyası” ixtisası üzrə əyani əsasda təhsil almışdır. Təhsil dövrü 23 avqust 1982-ci il tarixdə 1-ci kurs HP-82-4 qrupuna tələbə sıralarına qəbul edilmişdir. xx.xx.1982-ci il tarixli, əmr 1015/C, 01 iyul 1987-ci il tarixdə təhsilin başa çatması ilə əlaqədar tələbə sıralarından xaric edilmişdir. xx.xx.1987-ci il tarixli, əmr 1015/c. Arayış 1982-1987-ci illər üzrə tələbələrin şəxsi heyəti üzrə əmrlər əsasında verilmişdir. Təhsili bitirdikdən sonra Dövlət İmtahan Komissiyasının qərarı ilə İddiaçı dağ mühəndisi ixtisası üzrə ali təhsil barədə 10 iyun 1987-ci il tarixli, 2694 nömrəli qeydiyyatla, HB № 389516 nömrəli diplom verilmişdir. - Tümen Sənaye Universiteti tərəfindən verilmiş НВ seriyalı, 389516 nömrəli, xx.xx.1987-ci il tarixli, 2694 qeydiyyat nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildə Tümen Sənaye Universitetində neft qaz sənayesi faktultəsinə daxil olmuş, 1987-ci ildə həmin fakultənin “Nəft və qaz yataqları kəşfiyyatının texnologiyası və kompleks mexanizasiyası” ixtisası üzrə bitirmişdir. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 134 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 24 avqust 1976-cı il tarixində 302 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 21 aprel 1977-ci il tarixində 141 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 30 avqust 1979-cu il tarixində 346 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 07 may 1982-ci il tarixində 282 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neft-texniki” ixtisas dərəcəsi və DT-İ № 785232 saylı fərqlənmə diplomu verilmişdir. -Bakı Neft Texnikumu tərəfindən verilmiş DT-İ № 785232 saylı fərqlənmə diplomunun surətindən görünür ki, İddiaçı 1976-cı ildə Bakı Neft Texnikumuna daxil olmuş, 1982-ci il tarixdə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neft-texniki” ixtisası verilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 535 nömrəli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının təhsil aldğı müddətin iş stajına daxil edilməsinin mümkün olmaması təşkil etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası İddia tələbinin keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8860/2022 nömrəli , xx.xx.2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8860/2022 nömrəli , xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1476/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1476/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver