Məhkəmə qərarları › İş №2-1(103)-1476/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1476/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1476/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, , Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçı, Cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(112)-6333/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsi, iddiaçının onun hüquqi varisi kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və mediasiyaya ödədiyi 50 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ildən avtomobil nəqliyyatı sahəsində işləmişdir. İlk işlədiyi müəssisə Beynəlxalq Daşımalar üzrə AMM Müəssisə (Sovtransavto) olmuş və orda müxtəlif vəzifələrdə işləmişdir. 1998-ci ildən “Azəravtonəqliyyat” Dövlət Konsernində işə daxil olmuşdur. Ordada müxtəlif vəzifələrdə işləmişdir. “Azəravtonəqliyyat” Dövlət Konserninin ləğvi ilə əlaqədar 2006-cı ildə “Avtonəqliyyatservis” Departamentində işə daxil olmuşdur. Ordada müxtəlif vəzifələrdə işləmişdir. 2012-ci ildən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində işə qəbul olmuş, kiçik dövlət qulluqçusu, dövlət qulluqçusu və məsləhətçi kimi işləmişdir. 2019-cu ildən isə aparıcı məsləhətçi kimi işləmişdir. Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rəisinin 25 oktyabr 2022-ci il tarixli 97-/k №-li əmri ilə AR Əmək Məcəlləsinin 83-cü maddəsinin, 84-cü maddəsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrini, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin xx.xx.2022-ci il tarixli Ə-90/22 nömrəli və xx.xx.2022-ci il tarixli Ə122/22 nömrəli əmrlərini rəhbər tutaraq vəzifəsindən azad edilmişdir. Hesab edir ki, dövlət orqanının ləğvi əsası ilə işdən azad edilməsinə dair əmr qanunsuz və əsassızdır. Əvvəla, o, uzun müddət avtomobil nəqliyyatı sahəsində qüsursuz fəaliyyət göstərmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi almamış, plan və tapşırıqları həmişə artıqlaması ilə yerinə yetirmişdir. Hazırda 60 yaşı var və gördüyü iş daimi xarakterə malik olduğundan, belə hesab edir ki, onun barəsində verilmiş əmrin heç bir əsası yoxdur. Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci hissələrini, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin xx.xx.2022-ci il tarixli Ə-90/22 nömrəli və xx.xx.2022-ci il tarixli Ə122/22 nömrəli əmrlərinə əsasən ləğv edilərək AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) yaradılmışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin respublikada və ondan kənarda göstərdiyi xidmətləri AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanına əsasən AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin maddi bazası əsasında yaradılmışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarının xidmət ştatı 144 nəfər təşkil edirdi. Lakin AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) əməkdaşlarının xidmət ştatı 421 nəfər təşkil edib. Burdan da göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının icrasını təşkil etmək üçün əlavə olaraq ştat açılmışdır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 144 ştat cədvəli dövlət qulluqçusu olmuşdur. Əmrin məzmunundan da görünür ki, iddiaçı və digər dövlət qulluqçuları dövlət orqanının ləğvi əsası ilə dövlət qulluğuna xitam verilməsi səbəbindən 2 il müddətində ehtiyat kadrlar siyasında salınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qulluqçuları üstünlük hüququna malik olaraq yeni yaradılmış AYNA-da (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) işlə təmin olunmalı idi. Lakin AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) onun kimi təcrübəli işçiləri kənarda qoyaraq təcrübəsiz işçiləri işə götürmüşdülər. Eyni zamanda o, ailənin yeganə qazanc gətirəni olaraq işdən cıxardıldığına görə ailənin halhazırda maddi durumu qənaətbəxş deyildir. Çünki övladı ödənişli təhsil alır, o isə bir valideyin kimi onun təhsil haqqını ödəyə bilmir. Aralarında yaranmış mübahisənin mediasiya qaydasında həll etmək cəhdi nəticə verməmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ləğv edilsə də, onun hüquqi varisi kimi AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq onunla əmək müqaviləsi bağlanılmasına AYNA (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) tərəfindən imtina edilir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddiaçı tərəfindən məhkəməyə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrdən çıxarış iddiaçıya poçt vasitəsilə göndərilmişdir. Xəbərdarlıq isə 26 oktyabr 2022-ci ildə iddiaçı Quba regiondan idarəyə qayıdan zaman təqdim olunmuşdur. Bu vaxt onun vəkili olmamışdır və nə xəbərdarlıq məktubunda, nə də ki “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrdən çıxarışda hüquqları ona izah olunmamışdır. Nə xəbərdarlıq məktubunda, nə də ki əmrdən çıxarışda həmin 1 ay ərzində şikayət vermək hüququnun olması qeyd olunmamışdır, hansı orqana müraciət edə bilər, hansı vaxt ərzində müraciət etməlidir, bunların heç biri əmrdə çıxarışda və xəbərdarlıq məktubunda öz əksini tapmamışdır. İddiaçı baş verənləri anlamaq üçün 28 oktyabr 2022-ci il tarixdə Elektron ünvan vasitəsilə anar.rzayev.@ayna.gov.az mail adresinə müraciət ünvanlamışdır və üç həftə rəisin onu qəbul edəcəyini və ya müraciətinə cavab gələcəyini gözləmişdir. Sonradan iddiaçının elektron imzası və mail adresi qapanmışdır. İddiaçı mətbuatdan oxumuşdur ki, əmək mübahisələləri ilə bağlı məsələlərə ilk öncə mediator baxır və o, ilkin mediasiya prosesinə başlamaq üçün 21 noyabr 2022-ci ildə mediatora müraciət etmişdir. İlkin mediasiya sessiyası üçün ərizə və mediasiya prosesinin tətbiqi barədə təklif 21 noyabr 2022-ci il tarixdə Yerüstü Nəqliyyat Agentliyinə (DANX-a) çatdırılmışdır. Cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə mediator tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. İddiaçı mediatordan bir daha AYNA-ya müraciət etməsini xahiş etmişdir və Anar Rzayevin qəbuluna getmək üçün cəhd eləmişdir. Hər yerdən əli üzüldükdən sonra Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. 24 yanvar 2023-cü ildə sənədlərini məhkəməyə təqdim etmişidr. 3-4 gündən sonra iddiaçıya zəng olunmuşdur ki, məhkəməyə yaxınlaşsın. Məhkəmə binasında görüşdüyü şəxs ondan iddia ərizəsini geri götürüb Bakı İnzibati Məhkəməsinə müraciət etməsini söyləmişdir və əlavə olunmuşdur ki, onun dövlət qulluqçusu olduğu üçün məhkəməsinə burada baxılması daha düzgündür. İddiaçı ərizə yazıb sənədləri oradan götürmüşdür və yanvarın axırı inzibati məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6333/2023 nömrəli qərardadı ilə İddiaçı buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(112)-6333/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(112)-6333/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İ. Belə ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;

3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(bənd 1.) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(bənd 3.2) İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.(bənd 11) İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (bənd12). İşin faktiki hallarından görünür ki, iddiaçı 2012-ci ildən Dövlət Avtomobil Nəqliyyatı Xidmətində dövlət qulluqçusu kimi işləmişdir. 2019-cu ildən həmin orqanda aparıcı məsləhətçi kimi işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Əmək müqavilələrinin ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli 97/k nömrəli əmrinin 1-ci bəndində göstərilmişdir: “1. Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qulluq keçən adları aşağıda qeyd olunan dövlət qulluqçularının dövlət qulluğuna “25” oktyabr 2022-ci il tarixindən dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilsin: 1.21. Quba regional şöbəsinin aparıcı məsləhətçisi 2-ci dərəcə dövlət qulluqçusu İddiaçı...” İddiaçı hazırkı iddia tələbi ilə 3 hissədən ibarətdir:

1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmrinin ləğv edilməsini,

2. iddiaçının onun hüquqi varisi kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə bərpa edilməsini,

3. məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini və mediasiyaya ödədiyi 50 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmri ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Göründüyü kimi iddiaçı müvafiq əmrin bötüvlükdə ləğv edilməsini tələb edir. Hansı ki, həmin əmrdə iddiaçının dövlət qulluğuna xiatm verilməsi ilə yanaşı, ona aid olmayan məsələlər, yəni digər dövlət qulluqçularının dövlət qulluğuna xitam verilməsi məsələləri də həll olunmuşdur Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh2 ləğv edilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olmasını qeyd etmişdir. Halbuki, Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə hüquqi varislik müəyyən edilməmiş və lıəğv edilmiş dövlət orqanın bazasında dövlət orqanının yaradılmasına dair hər hansı bənd qeyd edilməmişdir. Həmçinin bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində “Dəniz nəqliyyat sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman da imzalamışdır. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi yanında X5, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat idarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-cı bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki Fərman -1462 və 1463 nömrəli imzalanaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər Məhkəmə qeyd edir ki, hüquqi varislik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəslində qeyd edilən maddələrlə ilə tənzimlənir. Qanunverici hüquqi şəxsin yenidən təşkili formalarını həmin Məcəllənin 55-ci maddəsində qeyd etmişdir. Həmin maddəyə əsasən Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəlləyə əsasən hüquqi şəxsin hüquq varisliyi qeyd edilən məcəllənin 56-cı maddəsində göstərilən hallarda və şərtlər daxilində mövcuddur. Qeyd edilən şərtlərə Təhvil aktı və bölünmə balansı daxildir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Həmçinin, Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və halhazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Göründüyü kimi, keçmiş Xidmətin mülkiyyətində hər hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla Xidmətin sərəncamında olmuşdur. Həmçinin, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı (bundan sonra-Fərman) ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat TəlimTədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətlərini dayandırmışlar. Eyni zamanda, Fərmanın 3.2-ci bəndinə əsasən Agentliyin balansına Cəmiyyətin yalnız əmlakı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Nizamnamənin 5.3-cü bəndinə əsasən, Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Göründüyü kimi, Agentliyin mülkiyyətində hər hansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış Agentlik Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz. İİ. İddiaçının ləğv edilməsini tələb etdiyi inzibati akt, yəni Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmri dövlət qulluqçularının dövlət qulluğuna dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilməsi ilə bağlıdır. İlk öncə qeyd edilməlidir ki, həmin Əmr yalnız İddiaçı münasibətdə deyil, ləğv edilən dövlət orqanında qulluq keçən digər dövlət qulluçularına münasibətdə də qəbul edilmişdir. Həmçinin, mübahisələndirilən əmrin ləğv edilməsi əmrdə qeyd edilən dövlət qulluqçularının, o cümlədən İddiaçı işlədiyi dövlət orqanına bərpa edilməsi, həmin dövlət orqanı ləğv edildiyindən və hazırda onun bazasında yeni dövlət orqanı yaradılmadığından, bu mümkün deyildir. Belə ki, həmin əmrin ləğvi ilə iddiaçı əvvəlki hüquqi vəziyyətə qayıdır. Belə olan halda isə iddiaçının qulluq keçdiyi dövlət orqanı olmadığından onun fəaliyyətinə xitam verən əmr ləğv olunsa, belə faktiki səbəblərdən qərarın icrası mümkünsüz olaraq qalacaqdır. İİİ. Məhkəmə Kollegiyası qeyd edir ki, mövcud qanunvericiliyə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər yalnız ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilə bilərlər. Hazırkı halda isə iddiaçının işlədiyi dövlət orqanı ləğv edilsə də, onun bazasında yeni dövlət orqanı deyil, publik hüquqi şəxs yaradılmışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 2-ci bəndinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X6 məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X7 adı göstərilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövlət orqanı ləğv edildiyindən və onun bazasında yeni dövlət orqanı yaradılmadığından, iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbi mümkün sayıla bilməz İddiaçı tələbində “bərpa” ifadəsindən istifadə etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin ifadə uğurlu deyil. Belə ki, “bərpa” dedikdə, şəxsin hüquqi vəziyyətinin əvvəlki qaydaya gətirilməsi nəzərdə tutulur ki, burada da qeyd edildiyi kimi dövlət orqanı, yəni əvvəlki iş yeri artıq mövcud olmadığından bu mümkün olmayacaqdır. Belə ki, iddiaçının Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi ilə arasında işlə bağlı yaranmış mübahisə (işə götürülmə) Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimləndiyindən, mülki hüquqi xarakterli mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İV. İş materialları ilə müəyyən edilir ki, hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir və iddiaçı bu iddia növü üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmr barədə həmin vaxt məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələndirilən əmr İddiaçı dövlət qulluğuna xitam verilməsi ilə bağlı olduğundan, iddiaçının həmin əmrin məzmunundan qeyd edilən əmrin qəbul edildiyi gün məlumatlı olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir.(Bundan başqa iddiaçı xx.xx.2022-ci il tarixdə əmrin surətini əldə etdiyini izahatında bildirmişdir.) Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzib olunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrin məzmunundan xx.xx.2022-ci il tarixdə məlumatlı olsa da, həmin əmrin ləğv edilməsi tələbinə dair müvafiq ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışı zamanı da iddiaçının izahatından aydın olur ki, iddiaçı mübahisələndirilən əmrin məzmunundan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuş, xx.xx.2022-ci il tarixdə əmrin surətini əldə etmiş, əmrlə razılaşmadığı üçün inzibati orqanlara müraciət etmiş, daha sonra iddiaçının hazırkı mübahisə üzrə inzibati məhkəməyə müraciət etməsi üçün ilk olaraq mediatora müraciət etməli olması kimi tələb qanunvericilikdə olmadığı halda mediatora müraciət etmiş, iddiaçı bundan sonra Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmiş, (iddiaçı Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etdiyini bildirsə də, iddia ərizəsinin qəbulundan imtina barədə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərardadını məhkəməyə təqdim etməmişdir.) sonda qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddəti ötürməklə, yəni xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə hazırkı iddia ilə müraciət etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı dövlət qulluqçusu olmuşdur, qanunvericiliyin tələblərini bilmədiyi üçün inzibati məhkəməyə müddəti ötürməklə müraciət etməsi kimi dəlil müddətin üzrlü sayılaraq bərpa olunmasına əsas təşkil edə bilməz. Beləliklə, iddiaçı mübahisələndirilən əmrin ləğv edilməsi tələbinə dair hazırkı iddia ilə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası qeyd edir ki, haqlı olaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-6333/2023 nömrəli qərardadı ilə hazırkı iş üzrə müddətin buraxılmasının səbəbləri üzürlü sayılmadığından, İddiaçı buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətəə məl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət dəedilməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:2.3, 8.5 və 9-cu bəndlər: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(112)-6333/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar