Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1477/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı Məzahir oğlunun, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra DSMF Sabunçu rayon şöbəsi) qarşı “yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilərək ləğv edilməsi, ona yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin hüququnun yarandığı tarixdən hazıradək ödənilməyən pensiya məbləğinin hesablanaraq birdəfəlik qaydada ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hazıradək ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1973-cü ildə Bakı şəhəri X2 35 saylı mağazada böyük satıcı kimi başlamış, xx.xx.2002-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Onun xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrdə 10 il 20 gün əmək stajına daxil edilməklə əmək kitabçasında qeyd edilmişdir. Qeyd edilən sənədi və əmək kitabçasını DSMF-nin Sabunçu rayon şöbəsinə təqdim etməsinə baxmayaraq, həmin orqan xx.xx.2019-cu il tarixli məktubla təqdim etdiyi kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajını yoxlamaq mümkün olmadığından həmin dövrün sığorta stajına daxil edilmədiyini, yoxlanıldıqdan sonra əmək pensiya hüququna yenidən baxılacağını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsi məhkəməyə təqdim etdiyi **********8 №li xx.xx.2020-ci il tarixli iddia ərizəsinə dair etirazda göstərmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajını yoxlamaq mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək olan əmək stajının heç bir sənəd və ya sübut növü ilə təsdiq edilmədiyini bildirmiş və məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçıya məxsus xx xxxxxx 1973-cü il tarixli əmək kitabçasının tərcümə olunmuş və notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Maştağa Südçülük-tərəvəzçilik sovxozuna müvəqqəti olaraq fəhlə (Əmr № 12 14.08.73-cü il; Əmr № 13 xx.xx.1974-cü il); xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Maştağa Südçülük-tərəvəzçilik sovxozunda fəhlə (Əmr № 69 19.06.74-cü il; Əmr № 100 xx.xx.1974-cü il); xx.xx.1975-ci il tarixdə Zavod Bakqazaparatda sahəyə sazlayıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 9k, xx.xx.1975-ci il), xx.xx.1975-ci il tarixdə 1-ci dərəcəli sazlayıcı verilmiş (Əmr № 44k, xx.xx.1975-ci il), xx.xx.1975-ci il tarixdə Sovet Ordusunun sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 81k, xx.xx.1975-ci il), Lenin RHK tərəfindən verilmiş H3 89966 saylı hərbi biletə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər orduda hərbi xidmət çəkmiş, xx.xx.1978-ci il tarixdə Abşeron rayonu X3 Sahə ticarət birliyinə 44 saylı mağazaya kiçik satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 38, xx.xx.1978-ci il), xx.xx.1979-cu il tarixdə 15 saylı mağazaya keçirilmiş (Əmr № 178, xx.xx.1979-cu il), xx.xx.1980-cı il tarixdə Univermağın ayaqqabı şöbəsinə müdir vəzifəsinə keçirilmiş (Əmr № k-0094, xx.xx.1980-ci il), xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir (Əmr № 118, xx.xx.1982-ci il). xx.xx.1982-ci il tarixdə Abşeron rayonu X3 Sahə ticarət birliyinə maddi məsuliyyətli əvəzedici satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № k-164, xx.xx.1982-ci il), xx.xx.1984-cü il tarixdə 35 saylı mağazaya maddi məsuliyyətli satıcı keçirilmiş (Əmr № k-08, xx.xx.1984-cü il), xx.xx.1986-cı il tarixdə Tarif-ixtisas komissiyasının protokoluna əsasən baş satıcı adı verilmiş (Əmr № k-134, xx.xx.1986-cı il), xx.xx.1991-ci il tarixdə 35 saylı mağazanın baş satıcısı – mağaza satıcısı vəzifəsinə keçirilmiş (Əmr № P-132k, xx.xx.1990-cı il), xx.xx.1992-ci il tarixdə 35 saylı mağazaya baş satıcı vəzifəsinə keçirilmiş (Əmr № 248-k, xx.xx.1992-ci il), xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Sərəncam № 12-k, xx.xx.2002-ci il). NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-cı il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1977-cı ildə Bakı şəhəri Lenin (hazırda Sabunçu) RHK-da qeydiyyata alınmışdır. İdidiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********0 saylı məktubunda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu, pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajının yoxlanılması mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmiş, yoxlanıldıqdan sonra əmək pensiya hüququna yenidən baxılacaqdır. Abşeron rayon Dövlət Arxivi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, H-103 nömrəli cavab məktubunda Abşeron rayonu X3 Sahə ticarət birliyinin sənədlərinin saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyi, Abşeron rayon Dövlət Arxiv Fondunda saxlanılan Abşeron rayonu X6 Cəmiyyətinin 1992-2002-ci ilin əmrlər kitabında İddiaçı adının aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********82 saylı xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Abşeron rayonu X3 Sahə ticarət birliyi barədə Komitədə hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajının yoxlanılmasının mümkün olmadığı üçün həmin dövrü sığorta stajına daxil edilmədiyi qeyd olunmuşdur. Yəni ərizənin təmin edilməməsinin əsas səbəbi kimi xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajının yoxlanılmasının qeyri-mümkün olması göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə hazırkı iş üzrə mübahisəli məsələnin iddiaçının xx.xx.1992-xx.xx.2002-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olması qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarından göründüyü kimi iddiaçının 1992-2002-ci ilə qədər X7 Koorperativi 35 saylı mağazada işləməsinin qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli 5/1511 saylı məktubundan görünür ki, X7 Koorperativi 35 saylı mağazasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının 1992- 2002-ci illər tarixində əmək fəaliyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə sorğu göndərmiş, sorğu aiddiyyatı üzrə Abşeron rayon Dövlət Arxivinə göndərilmiş, Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020ci il tarixli, H-103 nömrəli cavab məktubunda Abşeron rayonu X3 Sahə ticarət birliyinin sənədlərinin saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyi, Abşeron rayon Dövlət Arxiv Fondunda saxlanılan Abşeron rayonu X6 Cəmiyyətinin 1992-2002-ci ilin əmrlər kitabında İddiaçı adının aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan araşdırmanın nəticələrini nəzərə almadan əsassız olaraq yalnız əmək kitabçasına əsaslanaraq iddiaçının 1992-2002-ci illər üzrə əmək fəaliyyətinin ümumi əmək stajına daxil edilməli olduğu qənaətinə gəlmişdir ki, bu da əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının toplanılması iş materialları ilə təsdiq olunmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilərək təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1477/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1477/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver