Məhkəmə qərarları › İş №2-1(103)-1477/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1477/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1477/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (xx.xx.1957-ci il tarixində Ermənistanın Krasnoselo rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2-1(82)- 1860/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 17.04.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı ona (iddiaçıya) 3 fevral 1983-cü il tarixdən 1 dekabr 1988-ci il tarixədək, 3 aprel 1989-cu il tarixdən 23 sentyabr 1994-cü il tarixədək traktorçu, 8 may 1996-cı il tarixdən 4 oktyabr 2011-ci il tarixədək ekskavatorçu, 5 oktyabr 2011-ci il tarixdən ekskavator maşınisti peşəsində işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla 2 iyul 2014-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2 iyul 1957-ci il tarixdə doğulmuşdur, hal hazırda ünvan 2 ünvanında yaşayır. 04 noyabr 1974-cü il tarixdən bu günədək 45 ilə yaxın iş stajı toplamışdır. 3 fevral 1983-cü il tarixdən 1 dekabr 1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu, 3 aprel 1989-cu il tarixdən 23 sentyabr 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, 8 may 1996-cı il tarixdən 7 oktyabr 1997ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində (Avtomobil Təmiri Müəssisəsi) 7 oktyabr 1997-ci il tarixdən 4 oktyabr 2011-ci il tarixədək ekskavatorçu peşəsində işləmiş və 5 oktyabr 2011-ci il tarixdən hazıradək ekskavator maşınisti peşəsində işləyir. ümumilikdə 25 ilə yaxın güzəştli şərtlərlə zərərli əmək şəraitində iş stajı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (iddiaçı), ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, İPM-in 45-ci, 46-cı maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə, 27-ci maddəsinə (1 yanvar 2010-cu il tarixədək qüvvədə olan redaksiyada), 31.1-ci, 32.1-ci, 37.7-ci maddələrinə, əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarlarına əsaslanaraq, ona (iddiaçıya) 3 fevral 1983-cü il tarixdən 1 dekabr 1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu, 3 aprel 1989-cu il tarixdən 23 sentyabr 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, 8 may 1996-cı il tarixdən 7 oktyabr 1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində (Avtomobil Təmiri Müəssisəsi) 7 oktyabr 1997-ci il tarixdən 4 oktyabr 2011-ci il tarixədək ekskavatorçu peşəsində, 5 oktyabr 2011-ci il tarixdən hazıradək ekskavator maşınisti peşəsində işlədiyi müddət sığorta stajı kimi nəzərə alınaraq 2 iyul 2014-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin verilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2-1(82)- 1860/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı onun 3 fevral 1983-cü il tarixdən 1 dekabr 1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu, 3 aprel 1989-cu il tarixdən 23 sentyabr 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, 8 may 1996-cı il tarixdən 7 oktyabr 1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində (Avtomobil Təmiri Müəssisəsi) 7 oktyabr 1997-ci il tarixdən 4 oktyabr 2011-ci il tarixədək ekskavatorçu peşəsində, 5 oktyabr 2011-ci il tarixdən ekskavator maşınisti peşəsində işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınaraq 2 iyul 2014-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin verilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 26 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2808/2019 saylı, 12.12.2019-cu il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1860/2019 saylı, 26 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-771/2020 saylı, 01 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, Z.Quliyev, R.Nəbizadə) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2808/2020 saylı 12.12.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1605/2020 saylı, 03.12.2020-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva, C.Yusifov, A.Hüseyn) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 avqust 2019- cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-544/2021 saylı, 10.03.2021-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, K.Bədəlov, İ.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.12.2020-ci il tarixli, 2- 1(103)-1605/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “İşə təkrar baxan məhkəmə İPM-in 96.11-ci maddəsinin tələbini pozaraq Ali Məhkəmə Kollegiyasının göstərişlərini icra etməmiş, iddiaçının çalışdığı vəzifələrin dağmədən sahəsinə aid olubolmadığını araşdırmamış, heç bir yoxlama aparmadan və öz mövqeyini əsaslandırmadan iddiaçının çalışdığı peşələri dağ-mədən işlərinə aid etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının çalışdığı peşələrin dağ-mədən sahəsinə aid olubolmaması barədə araşdırma aparmayaraq həm İPM-in 12, 58.7-ci, həm də 96.11-ci maddələrinin tələblərini pozmuş, eyni zamanda maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2-1(82)-1860/2019 nömrəli qərarı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - İddiaçı məxsus əmək ktabçasının surətindən görünür ki, o, 3 fevral 1983-cü il tarixdən 1 dekabr 1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu, 3 aprel 1989-cu il tarixdən 23 sentyabr 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu, 8 may 1996-cı il tarixdən 7 oktyabr 1997ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində (Avtomobil Təmiri Müəssisəsi) 7 oktyabr 1997-ci il tarixdən 4 oktyabr 2011-ci il tarixədək ekskavatorçu peşəsində, 5 oktyabr 2011-ci il tarixdən hazıradək ekskavator maşınisti peşəsində işləmişdir. -"xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş 34 nömrəli, 23.05.2018-ci il tarixli arayışın (rəis X.Q.Hüseynov, KİNK və TİŞ-nin rəisi E.H.Mehdiyev tərəfindən imzalanmışdır) surətinə əsasən qeyd olunmuşdur ki, İddiaçı həqiqətən "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində 5 oktyabr 2011-ci il tarixdən ekskavator maşınisti (zərərli iş rejimində) peşəsində işləyir. “Qeyd”: 1) 3 fevral 1983-cü il tarixdən 1 dekabr 1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu (zərərli iş rejimində) işləmişdir; 2) 3 aprel 1989-cu il tarixdən 23 sentyabr 1994-cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində ekskavatorçu (zərərli iş rejimində) peşəsində işləmişdir; 3) 8 may 1996-cı il tarixdən 7 oktyabr 1997-ci il tarixədək İcarə törəmə müəssisəsində ekskavatorçu peşəsində (zərərli iş rejimində) işləmişdir; 4) 7 oktyabr 1997-ci il tarixdən 4 oktyabr 2011-ci il tarixədək ARSSC-nin Avtomobil Təmir Müəssisəsində ekskavatorçu (zərərli iş rejimində) peşəsində işləmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 2 iyul 1957-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Ak. H.Əliyev küçəsi, ev 42, mənzil 13dür. - Azərsu ASC-nin nəqliyyat və xüsusi Texnika İdarəsinin 03.11.2020-ci il tarixli, 01- 1-696 saylı məktubunda bildirmişdir ki, işçi İddiaçı işlədiyi sahənin və peşənin zərərli sahə sayılması üçün zəruri göstəricilər Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin peşələrin vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 1-ci bənddəki 2010100a-14388 (ekskavator maşinistləri) bölməyə aiddir Bundan əlavə işçi İddiaçı zərərli işə görə 4% əlavə ödəniş və 6 təqvim günü əlavə məzuniyyət verilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 12 il 06 ay güzəştli iş stajına malik olması müəyyən edilmir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının çalışdığı ekskavatorçu peşəsini AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahsında “ekskavator maşinisti” peşəsi 2010100a – 14388 koda uyğunlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 2010100a-14388 (ekskavator maşinistləri) peşəsi - Dağ-mədən işləri bölməsində, Açıqda dağ-mədən işləri və yer səthində işləri yarımbölməsində öz əksini tapmışdır ki, iddiaçı göstərilən peşə üzrə güzəştli şərtlərlə pensiya hüququ qazanması üçün həmin kodun aid olduğu dağ-mədən işləri sahəsində işləmiş olmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının dağ-mədən işləri sahəsində işləməsi iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin iddiaçının işləmiş olduğu traktorçu peşəsi də 2010100a-19203 koduna uyğun gəlmir. Belə ki, həmin kod bütün traktorçuları deyil, yalnız kəsmələrdə, karxanalarda və laylarda məşğul olan traktorçuları nəzərdə tutulmuş, iddiaçının isə kəsmələrdə, karxanalarda və laylarda məşğul olmuş olması iş materialları ilə öz təsdiqini tapmamışdır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında iddiaçının güzəştli iş stajı ilə bağlı iş yerindən ətraflı (konkret olaraq dağ-mədən sahəsində işləməsi ilə bağlı ) arayışı olmadığından, bu səbəbdən onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında 30.05.1976-cı il tarixli, 34 nömrəli əmrlə hərbi xidmətə getməsi ilə bağlı işdən azad edilməsi və 30.08.1979-cu il tarixli, 82 nömrəli əmrlə ali təhsil müəssisəsinə qəbul olması ilə bağlı işdən azad edilməsi barədə qeydlər mövcud olsa da, iddiaçının hərbi biletinin surəti və ali təhsil alması barədə hər hansı bir sənəd iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası əlavə olaraq, iş materiallarında olan "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş 34 nömrəli, 23.05.2018-ci il tarixli arayışının (29.03.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin əsli ilə düzdür qeydi və möhürü ilə təsdiq edilmişdir) surətində iddiaçının 03.02.1983-cü il tarixdən 01.12.1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu işlədiyi müddətin zərərli iş rejimi kimi qeyd edilməsi ilə bağlı bildirir ki, Gölkənd Ermənistan Respublikasının Krasnoselo kəndi ərazisində yerləşməklə, sovxoz Ermənistan SSR-nin X3 Komitəsinə aid olmuşdur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən verilmiş 23.05.2018-ci il tarixli arayışda iddiaçının Ermənistan SSR-nin ərazisində yerləşmiş sovxozda işlədiyi əmək şəraitinin zərərli olub-olmamasına qiymət verilmişdir. Həmçinin iddiaçının Gölkənd Sovxozunda işlədiyi traktorçu vəzifəsi Aqrar Sənaye sahəsinə aid olmaqla "xxxx" ASC fəaliyyət sahəsi ilə əlaqəsi mövcud deyildir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, arayışda iddiaçının 03.02.1983cü il tarixdən 01.12.1988-ci il tarixədək traktorçu işlədiyi qeyd edilsə də, əmək kitabçasına əsasən onun 02.07.1987-ci il tarixdə tarlaçı briqadiri vəzifəsinə keçirilməsi göstərilmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən verilmiş 23.05.2018-ci il tarixli arayışı ilə iddiaçının əmək kitabçası arasında ziddiyyətlər mövcuddur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC-nin bu arayışı qanuni və mötəbər hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2-1(82)-1860/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2-1(82)- 1860/2019 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 03 fevral 1983-cü il tarixdən 01 dekabr 1988-ci il tarixədək Gölkənd Sovxozunda traktorçu peşəsində, 03 aprel 1989-cu il tarixdən 23 sentyabr 1994cü il tarixədək 1 nömrəli Mexanizasiya müəssisəsində traktorçu peşəsində, 08 may 1996cı il tarixdən 07 oktyabr 1997-ci il tarixinədək İcarə törəmə müəssisəsində ekskavatorçu peşəsində, 07 oktyabr 1997-ci il tarixdən 04 oktyabr 2011-ci il tarixədək AR ARSSC-nin Avtomobil Təmir Müəssisəsində ekskavatorçu peşəsində, 05.10.2011-ci ildən "xxxx" ASCnin Nəqliyyat və Xüsusi Texnika İdarəsində ekskavator maşinisti (zərərli iş rejimində) peşəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla 02 iyul 2014-cü il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar