Məhkəmə qərarları › İş №2-1(103)-1477/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1477/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1477/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3, Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X17, X12, X13, X14, X15 və X19) «əlavə tikililər və torpaq sahəsi üzrə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3554/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək (İPM m.34.1) : - Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki ölçüsü üzrə (hazırki çıxarışla əhatə olunmayan sahələr nəzərə alınmaqla), eləcə də fərdi yaşayış evinin yerləşdiyi, eləcə də ətrafında olan torpaq sahəsi (ümumilikdə 386 kv.m) üzrə iddiaçıların mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar tələbini aşağıdakılarla əsaslandırmışdır: “...iddiaçıların atası X16 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun ölüm gününə qədər xüsusi mülkiyyətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. İddiaçılar orada yaşayaraq boya başa çatmışlar və hazırda da həmin ünvanda yaşayırlar. Keçmiş Oktyabr Rayonun Xalq Şurasının (hazırki Yasamal rayonu) İcraiyyə Komitəsinin qərarı ilə atalarına fərdi evin tikintisi üçün ümumlikdə 304 kv.m. torpaq sahəsi ayrılmışdır və o qərara uyğun olaraq fərdi evin tikintisinə başlamış, təxmini 1 ilə evin tikintisini qurtarmışdır. 1980-ci illərdə atası tərəfindən evə əlavə bir neçə otaq tikdirmişdir, lakin bu əlavələri qeydiyyata ala bilməmişdir. Onun vəfatından sonra Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Nəticədə, 2015-ci il tarixdə onlara (atasının 6 övladı olaraq, cəmi 7 vərəsə olmuşlar) qanun üzrə vərəsəlik hüququ haqqında şəhasdətnamələr verilmişdir. Şəhadətnamələrə əsasən mərhum atası Dadaş Məmmədovdan miras qalmış 1968-ci il tarixli çıxarışla dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ nəzərə alınmış və onlara pay ayrılaraq cavabdeh orqan tərəfindən çıxarışlar verilmişdir. Beləliklə də, miras qalmış fərdi ev fərdi yaşayış evi növünə aiddir, onun altdında, eləcə də ətrafında yerləşən torpaq sahəsi üzrə mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilməlidir. Həmçinin miras qalmış fərdi evin ümumi sahəsi 30 il bundan öncə artırılan hissə də dövlət qeydiyyatına alınaraq (hər birimizin payı nəzərə alınmaqla) müvafiq çıxarış verilməlidir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, imtina cavabı almışlar. Əlavə tikililərin mövcudluğu qeydə alınaraq FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə" DLİ-nin 2017-ci il tarixli rəy də verilmşdir ...” Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən ümumi sahəsi 101.8 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsi X4, 2/18 hissədən bir hissə X10, 2/18 hissədən bir hissə X5, 2/18 hissəsi X6, 2/18 hissə İddiaçı2, 2/18 hissə İddiaçı1, 2/18 hissəsi X9, 2/18 hissəsi X7 adına daşınamaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İdarənin arxivində mövcud olan texniki pasportda torpaq sahəsinin ölçüsü 386 kv.m qeyd olunsa da, faktiki sahə isə 321 kv.m təşkil edir. Torpaq sahəsi küçə istiqamətində 2 metr genişləndirilmişdir. Həmçinin, müraciətə payçılardan birinin (Mustafayev Qalay) notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əlavə edilməmiş və təqdim edilmiş razılıq ərizələrində torpaq sahəsinin ölçüsü 77 kv.m qeyd olunmuşdur. Bundan əlavə, fərdi yaşayış evinin ümumi sahəsi faktiki olaraq 503.3 kv.m təşkil edir. Əlavə inşa edilmiş sahələrlə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Qeyd olunan fərdi yaşayış evinin böyük hissəsi sənəd üzrə sahədən kənarda inşa olunmuş və həmin əlavə sahəyə dair hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir. Eyni zamanda texniki pasportda qeyd olunan konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci madəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3554/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Qərar qanunsuz və ədalətsizdir. Belə ki, ataları - X16 xx.xx.2012-ci il tarixində vəfat etmiş, ölüm gününə qədər xüsusi mülkiyyətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi var idi. Onlar hamısı doğulduqları gündən orada yaşamış, bu gün də orada yaşayırlar. Evin tarixçəsi xx.xx.1956-cı il tarixindən başlamışdır. Belə ki, keçmiş Oktyabr Rayonun Xalq Şurasının (hazırki Yasamal rayonu) İcrayyə Komtisəsinin qərarı ilə atalarına fərdi evin tikintisi üçün ümumlikdə 304 kv.m. torpaq sahəsi ayrılmış və təxmini 1 ilə evin tikintisi qurtarmışdır. Lakin ailəmiz böyüyərək atamız məcbur olaraq hələ 1980-ci illərdə evdə dəyişiklik edilərək əlavə bir neçə otaq tikdirmişdir. Beləliklə, evimizin ümumi sahəsi bir az da artırılmışdır. Lakin bu əlavələri ölənə qədər qeydiyyata ala bilməmişdir. Vəfatından sonra Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Nəticədə, 2015-ci il tarixində onlara (6 övladı olmaqla, cəmi 7 vərəsə olmuşlar) uq) qanun üzrə vərəsəlik hüququ haqqında şəhasdətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən miras qalmış 1968-ci il tarixli Çıxarışla dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ nəzərə alınmış və hər birinə pay ayrılaraq sonradan da cavabdeh orqan tərəfindən çıxarışlar da verilmişdir. Miras qalmış fərdi evimiz fərdi yaşayış evi növünə aiddir və həm onun altdında, eləcə də, ətrafında yerləşən torpaq sahəsi üzrə mülkiyyət hüququmuz qeydə alınaraq müvafiq çıxarış verilməlidir. Həmçinin, miras qalmış fərdi evinin ümumi sahəsi 30 il bundan öncə artırılan hissə də dövlət qeydiyyatına alınaraq (hər birimizin payı nəzərə alınmaqla) müvafiq çıxarış da verilməlidir. Bununla əlaqədar bir neçə ay bundan öncə cavabdeh orqanına müraciət etsək də, bu günə kimi müxtəlif bəhanələrlə cavabdeh verdiyi məktublarda, imtina kimi hesab olunmadığını göstərsə də, faktiki olaraq xahişimizin təmin olunmasında dolayısı da olsa imtina edir. Bu da ki yolverilməzdir. Belə ki, əlavə tikillərin mövcudluğu qeydə alınaraq AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin 2017-ci il tarixli rəy də verilmşdir. Yaşadığımız ev 2 mərtəbəlidir. Həyətyanı sahəsi də var. Lakin bütün bunlara baxmayaraq, miras qalmış fərdi yaşayış evimizin yerləşdiyi torpaq sahəsi, eləcə də atamızın sağlığında inşa edilmiş əlavə tikililər üzrə də mülkiyyət hüququmuzun qeydə alınmasından cavabdeh inzibati dövlət orqanı qanunsuz olaraq faktiki boyun qaçırır. Halbuki həmin tikililər ataları tərəfindən 20 ildən artıqdır ki, inşa olunubdur və onlar da digər sahələr kimi dövlət qeydiyyatına alınaraq hazırki çıxarışa da əlavə olunmalıdır. Onlara göndərilən bir neçə cavab məktublarında isə qeyd olunur ki, bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina hesab olunmur. Beləliklə, də dolyası da olsa cavabdeh üzərində olan öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bu da yolverilməzdir və bizim mülkiyyət hüquqlarımızı kobud surətdə pozulmasına gətiribçıxarır. Hakim işə səthi baxmış və araşdırmadan, tətbiq oluna biləcək normativ-hüquqi aktları nəzərə almadan bu qərarı qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçılar məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçların apellyasiya şikayətinin əsassız olduğunu bildirərək iddia ərizəsinə etiraza uyğun izahatında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2012 tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olanlar: - X12 (oğlu), X29 oglu (oğlu), İddiaçı1 (qızı), X13 (oğlu), İddiaçı2 (qızı) miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11A3/5333 nömrəli xx.xx.2015-ci il tarixli arayışa və Bakı şəhər X1 İcraiyyə Komitəsinin Bakı şəhərində Bələdiyyələşdirilmiş Tikintilərin Reyestrində 239 h/e saylı reyestr kitabında 16001 səhifə, xx.xx.1968-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 84 nömrəli fərdi yaşayış evinin mərhum D.M.Məmmədova məxsus 2/3 hissəsindən ibarətdir. Eyni zamanda, iş materiallarna əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 84 ünvanında yerləşən 0,0077 ha ölçüdə istifadə hüququ ilə torpaq sahəsində yerləşən ümumi sahəsi 101,8 kv.m olan fərdi yaşayış evi aşağıdakı hissələrdə payçıların adına dövlət qeydiyyatına alınmışdır: 1.X15 - 1/3; 2.X14 -2/18; 3.X19 -2/10; 4.X11 - 2/18; 5.X17 - 2/18; 6.X12 - 2/18; 7.X18 - 2/18; 8.İddiaçı2 - 2/18. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, iddiaçıların və digər payçıların yalınz fərdi yaşyış hissəvi şəkildə evinə (ideal bölgü ilə) mülkiyyət hüquqları qeydiyyata alınmış, evin yerləşdiyi torpaq sahəsi yalnız istifadə hüququ ilə onlara məxsusdur. Konkret halda isə iddiaçılar tərəfindən həmin fərdi yaşayış evinin faktiki ölçüsü üzrə, yəni, hazırki çıxarışla əhatə olunmayan sahələr də nəzərə alınmaqla, eləcə də, evin yerləşdiyi və ətrafında olan ümumilikdə 386 kv.m torpaq sahəsi üzrə iddiaçıların mülkiyyət hüququnun tanınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələb olunur. Evin çıxarışla əhatə olunmayan əlavə tikilən sahələrinə, həm evin, həm də əlavə tikili sahələrinin onların yerləşdiyi yerləşmə vəziyyəti ilə bağlı isə hüquqmüəyyənedici və texniki sənədlər mövcud deyildir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; Bundan əlavə, qeyd olunmalıdır ki, paylı mülkiyyətçilərdən X15 tərəfindən iddiaçılara müvafiq razılıq ərizəsi də verilməmişdir. Digər payçılara gəldikdə isə onlar ərizələrində yalnız torpaq sahəsinin özəlləşdirilməsinə münasibət bildirmiş, fərdi yaşayış evinə, o cümlədən, əlavə tikili sahələrinə dair hər hansı razılıq ərizələri mövcud deyildir. Mülki Məcəllənin 144-1.4-ci maddəsinin tələbinə görə bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. Həmin Məcəllənin 144-1.5-ci maddəsinə əsasən isə 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. Beləliklə də mübahisəli ünvnda yerləşən fərdi yaşyaış evinə mövcud vəziyyətində, əlavə tikili sahələrinə və evin və həmin tikili sahələrinin yerləşdiyi torpaq sahələrinə iddiaçıların mülkiyyət hüququnun qeyddə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, о halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, iddiaçıların apellyasiya şikayətinin birinci instansia məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3554/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3554/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar