Məhkəmə qərarları › İş №2-1(103)-1478/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1478/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1478/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Sailova Aynur Rahib qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Binəqədi Rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-557/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı Baş Tikinti ETK 4№-li xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər işlədiyi müddətin ödənilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilə qədər “Bakıbaştikinti” X1 4 saylı Evtikmə Kombinatında işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə əlilliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-557/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-557/2020 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçın apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: -İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1984- xx.xx.1986-cı illərdə SO sıralarında xidmət etmiş, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək “Lyantortruboprovodstroy” Tikinti İdarəsində 4-cü dərəcəli quraşdırıcı, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək 3-cü dərəcəli qoşucu, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək 2-ci dərəcəli fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək 2-ci dərəcəli beton işçisi, xx.xx.1990-cı ildən xx.xx.1996-cı ilədək “Bakıbaştikinti” X2 fittinqlər sexində 3-cü dərəcəli qaynaqçı, xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilədək “Aydın və Fəxrəddin Quliyev qardaşları adına” 4 saylı Evtikmə Kombinatında 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.2011-ci ildən hal-hazıradək BOS Şelf MMC-də qoşucu peşəsində işləyir. - Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Binəqədi rayon şöbəsinin **********7 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016cı il tarixdən 3-cü qrup əlilliyə görə 252,72 manat pensiya alır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 1742№-li, xx.xx.2019-cu il tarixli məkyubundan görünür ki, BBTİ 4 saylı X8 arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin **********126400 №-li, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “Bakı Baş Tikinti İdarəsinin 4 saylı X9” adlı hüquqi şəxs barədə İdarədə olan reyestrdə heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublukası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin xx.xx.2020-ci il tarixli sığortaolunanların hesabından çıxarışdan görünür ki, İddiaçı cəmi ödənilmiş kapitalının həcmi 28172,71 manatdır. - Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Binəqədi rayon Şöbəsinin iddiaçıya ünvanlandığı **********2 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “Bakı Baş Tikinti”nin ETK 4 qeyd edilən dövrdə heç bir fəaliyyətə malik olmadığı üçün şöbəyə təqdim edilən əmək kitabçasında xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş stajının qarşılıqlı yoxlanılması və həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün olmadığından iddiaçının ərizəsi təmin olunmamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; -1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; -6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. - 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. - 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görəəmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K sığorta davamiyyəti əmsalıdır. - 13.4-cü maddəsinə görə əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir. - 13.5-cü maddəsinə görə əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №- li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi qanunvericiliklə iddiaçının işlədiyi müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Bundan başqa iddiaçının işlədiyi müəssisə barədə qeydlər əmək kitabçasında əks olunduğundan və işçinin iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan məhkəmə hesab edir ki, mübahisə predmeti olan dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-557/2020 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar