Məhkəmə qərarları › İş №2-1(103)-1478/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1478/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1478/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1957-ci il tarixində Ağdaş rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(82)-1938/2017 nömrəli “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 30.03.2017-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1980-1988-ci ilə kimi, 1990-1995-ci və 1995-2006-cı ilə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əməkhaqqı əsasında nəzərə alınmaqla 12 noyabr 2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1938/2017 saylı, 26 aprel 2017ci il tarixli qərarına əsasən (hakim Z.Tağıyev) iddia təmin edilərək, İddiaçı 1980-1988-ci ilə kimi, 1990-1995-ci və 1995-2006-cı ilə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005ci illərin əməkhaqqı əsasında nəzərə alınmaqla 12 noyabr 2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1470/2017 saylı, 06 iyul 2017-ci il tarixli qərarına əsasən (hakimlər H.Həmidov, E.Nağıyeva, V.Məmmədov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1938/2017 saylı iş üzrə qəbul etdiyi 26 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1892/2017 saylı, 14 noyabr 2017-ci il tarixli qərarına əsasən (hakimlər X.Məmmədov, A.Hüseynov, R.Nəbizadə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1470/2017 saylı, 06 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1938/2017 saylı, 26 aprel 2017ci il tarixli qərarı 04 dekabr 2017-ci il tarixli məktubla icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Cavabdeh1nə göndərilmişdir. 23 may 2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1938/2017 saylı, 26 aprel 2017-ci il tarixli qərarı təkrarən icra olunması üçün cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanan 20 iyun 2018-ci il tarixli məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1938/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qərarının artıq icra olunduğu bildirilmişdir. 28 iyul 2020-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının məcburi icraya yönəldilməsini xahiş etmişdir. 06.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi, sonradan 25.08.2021-ci il tarixdə ərizənin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi bildirir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun 1980-1988-ci ilə kimi, 1990-1995-ci və 1995-2006-cı ilə kimi işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əməkhaqqı əsasında nəzərə alınmaqla 12 noyabr 2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbini irəli sürmüşdür. Məhkəmənin 26.04.2017-ci il tarixli 2-1 (82)-1938/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.07.2017-ci il tarixli 2-1 (103)-1470/2017 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 14.11.2017-ci il tarixli 2-1(102)- 1892/2017 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşin halları ilə bağlı ərizəçi aşağıdakıları bildirir: Qeyd olunduğu kimi vətəndaşın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmiş müvafiq iddia ərizəsində 12.11.2009-cu il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilməsi və pensiya təyin edilərkən yaranmış fərqinin hesablanaraq birdəfəlik ödənilməsi tələbi qoyulmuşdur. Həmin iddiaya baxılmış və vətəndaşın lehinə qərar qəbul edilmişdir. Lakin İddiaçı şöbə tərəfindən 12.11.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparıldığı halda məhkəmə pensiya təyin edilməsi barədə müvafiq qərar qəbul etmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının yenidən hesablanması deyil, təyin edilməsi və yaranmış iri miqdarda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Araşdırma zamanı vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində və Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 2 №-li Tikinti-Quraşdırma İdarəsi tərəfindən İddiaçı adına verilmiş 14.11.2014-cü il tarixli ES-02/624 №-li arayışda qeyd olunmuş peşə və vəzifələrin 1 №-li Siyahıya uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, arayışda rəsmi olaraq təsdiq edilmişdir ki, Güzəştli siyahının 35-ci maddəsinə əsasən (Ümumi peşələr) əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verir. Həmin arayışda qeyd olunan 22 il 07 ay güzəştli iş stajı faktına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 52 yaşdan deyil, 57 yaşından yaranır. Beləliklə, hər 3 instansiya məhkəmə qərarlarından göründüyü kimi, vətəndaşın istinad edilən iş yerindən onun ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun işlədiyi peşələrin 1 №-li Siyahıda qeyd olunmuş uyğunluğu dəqiqləşdirilmədən iddia tələbi təmin edilmişdir. Habelə, Ali Məhkəmənin qərarında qeyd olunanların birinci instansiyanın qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2014- cü il tarixədək İddiaçı 5 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Əmək kitabçasına və əmək kitabçasına tikilmiş seriyası l/İT-l № ******* olan əlavə vərəqə əsasən İddiaçı 28.07.1975- 01.07.1979-cu il və 02.01.1980- 01.11.1995-ci il dövrləri ərzində “Xəzərdənizneftqaztikinti” Tikinti Quraşdırma Trestinin 2 №-li Tikinti-Quraşdırma İdarəsində 4, 5 və 6-cı dərəcəli elektrik və elektrik qaz qaynaqçısı, 23.02.1996-02.01.1997-ci il dövrü ərzində Təhsil Nazirliyinin Avtomobil Nəqliyyatı Müəssisəsində gözətçi, 03.11.1997-27.06.2006-cı il və 17.08.2006-cı il tarixdən “Xəzərdənizneftqaztikinti” Tikinti Quraşdırma Trestinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi 14.11.2014-cü il tarixədək elektrik qaynaqçısı peşələrində işləmişdir. Pensiya işinə tikilmiş hərbi biletin surətinə əsasən İddiaçı 13.11.1976- 12.11.1979-cu il tarixdə hərbi xidmətdə olmuşdur. Məhkəmə qərarları şöbəyə daxil olduqdan sonra şöbənin pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin Pensiya üzrə komissiyası tərəfindən rəsmiləşdirilmiş sərəncamla əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 29 il 1 ay sosial sığorta stajı nəzərə alınmaqla “Xəzərdənizneftqaztikinti” Trestinin 3 №-li İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialı tərəfindən İddiaçı adına tərtib edilmiş 2004-2005-ci illərin əməkhaqqı cədvəlinə əsasən Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən 1 №-li Siyahıya istinad etməklə 52 yaşının tamam olduğu 12.11.2009-cu il tarixdən 687,38 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 12.11.2009-cu il tarixdən təyin edilmiş əmək pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və baza hissəsinə artımlar nəzərə alınmaqla 01.06.2017-ci il tarixdən 1146,46 manat məbləğində ödənişinə başlanılmışdır. İddiaçı əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1 -ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında pensiya məbləğinin yenidən hesablanması üçün ərizəsi olmadığı halda 01.11.2017-ci il tarixdən pensiyasının məbləği yenidən hesablanaraq 1146,46 manatdan 1369,66 manata çatdırılaraq ödənişə göndərilmişdir. 27.06.2008-ci ildən 31.05.2017-ci ilədək olan dövr üzrə 74847,56 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən 01.06.2017- 30.04.2018-ci il aralığı ərzində 9 ay üzrə 34800,00 manat, 01.05.2018-31.12.2019-cu il aralığında müxtəlif yüksək məbləğlərlə cəmi 29632,16 manat vəsait aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, 30.12.2019-cu il tarixdə isə ötən dövrlər üçün hesablanmış fərq məbləğinin 10415,40 manat qalıq hissəsi birdəfəlik vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Vətəndaşın aylıq pensiyasının indeksləşdirmə nəticəsində 01.01.2018-ci il tarixdən 1447,73 manata, 01.01.2019-cu il tarixdən 1491,16 manata çatdırılmış və 01.02.2020-ci il tarixədək ödənişi aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Ödənişi davam etdiriləcəyi təqdirdə 01.01.2020-ci il tarixdən pensiya məbləği 2019-cu il üçün müəyyənləşdirilmiş indeksləşdirmə faizi nəzərə alınmaqla 1738,69 manat ola bilərdi. 01.12.2014-01.02.2020-ci il aralıq dövr üzrə təyin edilmiş və yenidən hesablanaraq ödənilmiş aylıq pensiyanın cəmi məbləği isə 56035,25 manat təşkil etmişdir. Qeyd olunduğu kimi, məhkəmə qərarları nəzərə alınmadan İddiaçı pensiya təyin edilməsi zamanı yalnız şöbəyə təqdim etdiyi əmək kitabçasının surətindəki qeydlər nəzərə alındıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ qanunvericiliklə 12.11.2014-cü il tarixdən yarandığı müəyyən olunur. Həmin tarixdən vətəndaşın aylıq pensiya məbləği baza hissəsi, 29 il 1 ay stajına uyğun hesablanmış sığorta hissəsi və 01.01.2006-01.11.2014-cü il dövr üzrə fərdi hesabında qeydə alınmış pensiya kapitalı ilə birlikdə 251,67 manat, sonrakı baza hissəsinə artımlar indeksləşdirmələr nəzərə alınmaqla 01.01.2015-ci ildən 253,79 manat, 01.01,2016-cı ildən 259,94 manat, 01,02.2016-cı ildən 269,94 manat, 01.01.2017-ci ildən 289,77 manat, 01.01,2018-ci ildən 306,29 manat, 01.01,2019-cu ildən 315,48 manat, ödənişi davam etdiriləcəyi təqdirdə 01.01 2020-ci il tarixdən 367,85 manat təşkil etməlidir. 12.11.2014-cü il tarixdən 01.02.2020-ci il tarixədək olan dövr üzrə cəmi ödənilməli məbləğ 17992,15 manat təşkil edəcək. Göründüyü kimi, vətəndaşın pensiyasının aylıq məbləğinin 01.02.2020-ci il tarixi vəziyyətinə 367,85 manata qarşı 1738,69 manatla (5 dəfəyə yaxın) təyin olunmasına nail olunmuşdur. Nəticədə, məhkəmə qərarlarına əsaslanaraq hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 130882,81 manat müəyyən edilmiş, yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq hesablanılmalı və ödənilməli olan pensiya məbləğləri 17992,15 manat, əsassız ödənilmiş məbləğ 112890,66 manat (130882,81- 17992,15=112890,66) təşkil etmişdir. Beləliklə, Fondun Suraxanı rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyanın təyin edilməsi, yenidən hesablanması və 01.02.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 112890,66 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(82)-1938/2017 nömrəli qərardadı ilə (hakim F.Mədətli) ərizə mümkün sayılmamışdır. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(82)- 1938/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılaraq, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh yeni açılmış hallarla bağlı ərizəni Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə 06.04.2021-ci il tarixdə vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1938/2017 saylı, 26 aprel 2017-ci il tarixli qərarı yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və qanuni qüvvəsini almış, məhkəmə qərarı icra edilməsi üçün 04.12.2017-ci il tarixdə cavabdehə göndərilmişdir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 104.1.4.-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat - yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmununu təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin məhkəməyə təqdim etmiş olduğu yeni açılmış hallara dair 06 aprel 2021-ci il tarixli ərizəsində 01.02.2020-ci il tarixədək vətəndaşın aylıq pensiya məbləğinin köçürüldüyü qeyd edilmişdir. Göründüyü kimi inzibati orqan artıq 01.02.2020-ci il tarixdə sözügedən hallarla bağlı məlumatlı olsa da, lakin yeni açılmış hallarla bağlı ərizə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə 06.04.2021-ci il tarixdə verilmişdir. Eyni zamanda yeni açılmış hallarla bağlı ərizə 3 illik müddətin ötürülməsilə, yəni 06.04.2021-ci il tarixdə təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı” ərizənin verilməsini məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdə, cavabdeh (ərizəçi) tərəfindən 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə ərizənin verilməsinə dair sübutlar ərizəyə əlavə olunmamışdır və müddətin ötürülmədiyini təsdiq edən sübutlar iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(82)-1938/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar