Məhkəmə qərarları › İş №2-1(103)-1478/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1478/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1478/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11521/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Öədnişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı pensiya məbləğinin ödənilməmiş hissəsinin ödənilməsi və pensiyanın tam həcmdə ödənilməsindən imtinasının qanunsuz hesab edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının 2022-ci ilin yanvar ayından başlayaraq ödənilməmiş hissəsinin ödənilməsi və bundan sonra pensiyanın tam həcmdə ödənilməsinin təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-9-4869/2023 nömrəli və 28 aprel 2023-cü il tarixli qərarların ləğv edilməsi, İddiaçı pensiya məbləğindən razılığı olmadan tutulmaların dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) e-2-1(112)-11521/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-9-4869/2023 nömrəli və 28 aprel 2023-cü il tarixli qərarları ləğv edilmiş, İddiaçı pensiya məbləğindən razılığı olmadan tutulmaların dayandırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək onun yaşa görə əmək pensiyasından müəyyən tutulmalar aparılmasının səbəbləri barədə məlumat verilməsini tələb etmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli cavab məktubunda iddiaçıya avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 255356,64 manat nəzərə alınmalı olduğu halda, 266742,72 manat nəzərə alınaraq hesablandığı bildirmişdir. Nəticədə iddiaçının yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödəmə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 1984,68 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə kimi 29 il 3 ay 15 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 255356,64 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 1928,33 manat müəyyən edilmişdir. İnzibati orqanın məktubu ilə razılaşmayan iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və əmək pensiyasından tutulmaların dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının pensiya işinin araşdırılması zamanı iddiaçıya bilavasitə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaratmış müvafiq iş stajına görə "xxxx" ASC-yə onun əməkhaqqı və digər zəruri sənədlərinin yerində qarşılıqlı araşdırılması ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, sözügedən müəssisə tərəfindən buna şərait yaradılmamışdır. Bu da iddiaçının həmin müəssisədə işləməsinə əsaslı şübhələr yaradır. Məhkəmə qərarları şöbəyə daxil olduqdan iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən 687,38 manat məbləğində güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. xx.xx.2008-ci il tarixdən təyin edilmiş əmək pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə pensiyaların baza hissəsinin artırılması və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2018-ci il tarixdən 1253,58 manat məbləğində ödənişinə başlanılmışdır. Bununla belə, əmək kitabçasındakı qeydlərə əsasən pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixədək iddiaçının 10 il əvvəl, yəni 2008-ci ildən güzəştli şərtlərlə pensiya büququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməməsi bunun müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında xx.xx.2018-ci il tarixdən onun əmək pensiyasının məbləği yenidən hesablanaraq 1253,58 manatdan 3271,98 manata, xx.xx.2019-cu il tarixdən isə 3370,14 manata çatdırılaraq ödənilmişdir. İddiaçıya xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə 111804,21 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. xx.xx.2018-xx.xx.2019-cu illər arasındakı dövr ərzində 20 ay ərzində müxtəlif yüksək məbləğlərdə cəmi 54698,72 manat vəsait aylıq pensiya məbləğinin üzərinə əlavə edilərək ödənilmişdir. Göründüyü kimi, vətəndaşın pensiya məbləğinin xx.xx.2020-ci il tarixdə 1515,59 manata qarşı 3929,58 manatla (2,5 dəfədən çox) təyin olunmasına nail olunmuşdur. Nəticədə məhkəmə qərarlarına əsaslanaraq hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 168909,70 manat müəyyən edilmişdir. Halbuki qanunvericiliyə müvafiq hesablanıb ödənilməli pensiya məbləği 35147,57 manat təşkil edir. İddiaçıya məhkəmə qərarları nəzərə alınmadan pensiya təyin edilməsi zamanı yalnız şöbəyə təqdim etdiyi əmək kitabçasının surətindəki qeydlər nəzərə alındıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ qanunvericiliklə xx.xx.2013-cü il tarixdən 57 yaşından yarandığı müəyyən olunur. Beləliklə, Fondun Nizami rayon şöbəsi tərəfindən iddiaçıya pensiya təyin edilməsi, yenidən hesablanması və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş əsassız məbləğ 133762,13 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə qeyd olunan məsələlərə hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş emtişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş emtişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18 aprel 2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən 1984.68 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 255356.64 manat pensiya kapitalı əsasında İddiaçı yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 1905,61 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək İddiaçı əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 1970,40 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il uzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək oensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Bildiririk ki, xx.xx.2023-cü il tarixindən İddiaçı əmək pensiyasının məbləği Qanunun 26.4cü maddəsinin tələblərinə uyğun olaraq 1987,06 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən həmin tarixdən indeksləşdirilərək 2279,16 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Bakı Elektriktökmə ASC-də əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Sözügedən araşdırma nəticələndikdən sonra İddiaçı yaşa görə əmək oensiyasının yenidən hesablanmasına baxılacaqdır. Eyni zamanda bildiririk ki, pensiya işinə baxılan zaman müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixində Qanunun 22-1.1-ci maddəsinə əsasən İddiaçı avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunarkən fərdi hesabının sığorta nissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək 255356,64 manat nəzərə alınmalı olduğu halda, 266742,72 manat nəzərə alınaraq hesablanmışdır. Nəticədə İddiaçı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı hüquqi olmadığı halda güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək ödənilməsi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13 may 2023-cü il tarixli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci ıl tarixindən 1984,68 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Bildiririk ki, təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən İddiaçı əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi 29 il 3 ay 15 gun sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 255356,64 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 1928.33 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bır dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 1993,89 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 2010,55 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq 2306,11 manata çatdırılmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-9-4869/2023 saylı Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı 2.279,16 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərarda qeyd olunur: xx.xx.2021-ci il tarixli Daxili Nəzarət və Audit şöbəsinin ********** saylı məktubuna əsasən güzəştli şərtlərlə əmək pensiyasının ləğvi ilə əlaqədar yaranmış artıq alma xx.xx.2022-ci ildən tutulma aparılır. Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalındakı uyğunsuzluq nəticəsində xx.xx.2021xx.xx.2023-cü ilə kimi artıq alma yaranmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, İddiaçı 2.306,11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən 1.984,68 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının azalmalarla ödənilməsinin səbəbi barədə məlumat verilməsini, pensiyanın ödənilməmiş hissəsinin ödənilməsini və bundan sonra pensiyanın tam həcmdə ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cavab məktubunda iddiaçıya avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 255356,64 manat nəzərə alınmalı olduğu halda, 266742,72 manat nəzərə alınaraq hesablandığı, nəticədə iddiaçının yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödəmə müəyyən edildiyi, habelə iddiaçıya hüquqi olmadığı halda güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək ödənilməsinin müəyyən olunduğu bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanılması haqqında” xx.xx.2023cü il tarixli Qərar ilə İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq, 2.372,94 manat məbləğindən 2.279,16 manat məbləğə azaldılmış və ödəniş tarixinin xx.xx.2023-cü il tarixindən müddətsiz olaraq təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanılması haqqında” xx.xx.2023cü il tarixli Qərar ilə İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş əmək pensiyası yenidən hesablanaraq, xx.xx.2023-cü il tarixindən müddətsiz olaraq yaşa görə 2.306,11 manat pensiya hesablanılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş “Yazılı Məruzə”dən görünür ki, Fondun Nizami rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyanın təyin edilməsi, yenidən hesablanması və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 133762,13 manat təşkil edildiyi müəyyən edilmişdir. Mübahisə predmeti olan inzibati aktların adında pensiyanın yenidən hesablanması haqqında qərar olduğu göstərilsə də, məhkəməyə təqdim edilən etirazda və iş materiallarında olan sənədlərində artıq ödəmələr olduğu üçün həmin qərarlarla pensiya məbləğindən tutulmanın həyata keçirildiyi müəyyən olunur. Həmçinin mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli qərar da xx.xx.2023-cü il tarixli qərar əsasında qəbul edildiyindən, sonuncu qərarla pensiya məbləğində azalmalar, yəni tutulmalar həyata keçirildiyindən və bununla bağlı iddiaçının razılığı olmadığı sübuta yetirildiyindən hər iki qərarın ləğvi ilə iddiaçının öz hüquqi marağına nail olması mümkündür. Beləliklə, mübahisə predmeti olan inzibati aktlarla iddiaçının pensiya məbləğində azalmalar baş verdiyi üçün o, həmin inzibati aktların ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı iddiaçıya münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilməmiş, geri çağırılmamış, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab edilməmişdir. Əmək pensiyasının təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Cavabdeh tərəfindən də məhkəməyə bu barədə, eləcə də pensiya məbləğinin artıq ödənilməsinin məhz pensiyaçının təqsiri üzündən baş verdiyini təsdiq edən hər hansı sübut məhkəmə icraatı zamanı təqdim edilməmişdir. Belə olan halda, müvafiq əlverişli inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, bu və ya digər səbəbə görə qüvvədən düşmüş hesab edilmədən iddiaçıya ödənilmiş pensiya məbləğinin azalıdılması qanuni və əsaslı sayıla bilməz. İddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi (hesablanması) belə, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində (hesablanması) iddiaçının təqsirli olması barədə, əmək pensiyasının səhv hesablanmasında iddiaçının hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsini istisna edir. İddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv hesablanması zamanı bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Cavabdeh «Əmək pensiyaları haqqında» və «İnzibati icraat haqqında» qanunların tələblərini nəzərə almadan, iddiaçını inzibati icraata cəlb etmədən və onun razılığını almadan, xx.xx.2023-cü il tarixli qərar qəbul edərək, iddiaçıdan artıq vermə göstərərək, artıq ödəmə adı altında pensiya məbləğinin geri ödənilməsini həyata keçirmiş, daha sonra cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli qərar əsasında xx.xx.2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanılması haqqında yeni qərar qəbul etmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Qanunverici artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin geri qaytarılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu iş materiallar ilə öz təsdiqini tapmır. Göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün qanunvericilikdə iki mühüm şərt müəyyən edilmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. 2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamış, hazırkı halda əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən də bu barədə heç bir dəlil təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11521/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar