Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1479/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2021 saylı 22 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Üniversiteti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən 01 yanvar 2012-ci ildən 01 oktyabr 2018-ci ilədək, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-584/19 saylı, 02 may 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardadan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-584/19 saylı, 02 may 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin X2 2-1(103)-1746/2019 saylı, 19 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-584/19 saylı, 02 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 3150/2019 saylı, 19 noyabr 2019cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-(103)- 1746/2019 saylı iş üzrə 09 iyul 2019cu il tarixli qərardadı ləğv edilərək işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 323/2020 saylı 08 yanvar 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-584/19 saylı, 02 may 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə birinci instasiya məhkəməsində baxılan zaman iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti Bakı İnzibati Məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 01.10.2018-ci il tarixə qədər hesablanmış cəmi 252712,26 manat (əsas borc – 249065,67 manat və 3646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun iddiaçının şəxsi hesablarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən 01.01.2012-ci ildən 01.10.2018-ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların cavabdeh tərəfindən qəbul edilməməsindən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı tərəfindən 01.01.2012-ci ildən 01.10.2018-ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən 01.10.2018-ci ilə qədər əsas borc 249065,67 manat və 3646,59 manat penya olmaqla cəmi 252712,26 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsassız borc hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən 3/11 nömrəli, 19.11.2018-ci il tarixli məktubla 2012-ci ildən 2018-ci ilin 3-cü rübü də daxil olmaqla olan dövr üzrə dəqiqləşdirilmiş hesabatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinə göndərilmişdir. Poçt qəbzindən göründüyü kimi, sözügedən hesabatlar 20.11.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən heç bir əsas olmadan qəbul edilməmiş və imtinanı əsaslandıran heç bir məktub iddiaçıya göndərilməmişdir. İddiaçı tərəfindən yenidən dəqiqləşdirilmiş hesabatların təqdim edilməsinə əsas iddiaçının mühasibatlığı tərəfindən yol verilmiş yanlışlıqla əlaqədardır. Belə ki, 01.01.2012-ci ildən 01.10.2018-ci ilə qədər olan dövrdə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi verilən rüblük və illik hesabatlarda məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmalı olan məbləğlər düzgün göstərilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi isə həmin hesabatları qəbul etməli olduğu halda bunu etməmiş, vəzifəsini icra etməkdən yayınmış, bununla da iddiaçıya məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmışdır. Bununla belə hesabatları qəbul etməkdən imtina barədə məktub cavabdehə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2021 saylı 22 dekabr 2021-ci il tarixli qərardadı ilə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən apellyasiya şikayəti verilərək, 2-1(112)-8883/2021 saylı 02 dekabr 2021-ci il tarixli qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı tamamilə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsi öz əsassız qərardadını onunla əsaslandırmışdır ki, “AR ƏƏSMN yanında DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsinin hazırda “Sosial sığorta haqqında” AR Qanununa və “Sosial sığorta haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin Fərmanına edilmiş əsaslı dəyişikliklər nəticəsində sığortaedənlərdən hesabatları, o cümlədən, dəqiqləşdirilmiş hesabatları qəbul etmək səlahiyyəti yoxdur, iddiaçı cavabdehə hazırki hesabatlarla bağlı müraciət etməmişdir”. Hazırki iş üzrə iddianı geri götürülmüş hesab etməklə birinci instansiya məhkəməsi səhvə yol vermiş, obyektiv qərar qəbul etməmişdir. Belə ki, iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən 3/11 nömrəli, 19.11.2018-ci il tarixli məktubla 2012-ci ildən 2018-ci ilin 3-cü rübü də daxil olmaqla dəqiqləşdirilmiş hesabatlar AR ƏƏSMN yanında DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsinə göndərilmişdir. Poçt qəbzindən də görünür ki, sözügedən hesabatlar 20.11.2018ci il tarixdə cavabdeh AR ƏƏSMN yanında DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən heç bir əsas olmadan qəbul edilməmiş və imtinanı əsaslandıran heç bir məktub iddiaçıya göndərilməmişdir. ‘‘Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 9-l.l-ci maddəsinə əsasən, Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Bu Qanun 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minir. Qanun 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minsə də, tərəfindən cavabdeh AR ƏƏSMN yanında DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsinə müraciət məktubu qanunun qüvvəyə minməsindən xeyli əvvəl, yəni 19.11.2018-ci il tarixdə göndərilmişdir. Bununla da, hazırki iddia üzrə “Sosial sığorta haqqında” Qanunda dəyişikliklər tətbiq edilməməli olduğu halda, 1-ci instansiyası məhkəməsi yanlış olaraq həmin dəyişiklikləri tətbiq etmişdir. Bununla belə, sadalanan səlahiyyətlər vergi orqanına ötürüldüyündən, iş üzrə lazımi sənədləri əldə etməkdə cavabdeh vergi orqanı üçün hər hansı maneə mövcud deyildir. Belə olan halda, yenidən iddiaçı tərəfindən illik hesabatların tələb edilməsi tamamilə əsassız və qanunsuzdur. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. 04.05.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı tələbi “01.10.2018-ci il tarixə qədər hesablanmış cəmi 252712,26 manat (əsas borc – 249065,67 manat və 3646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun iddiaçının şəxsi hesablarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən 01.01.2012-ci ildən 01.10.2018-ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların cavabdeh tərəfindən qəbul edilməməsindən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı tərəfindən 01.01.2012-ci ildən 01.10.2018ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclaslarının təxirə salınması üçün tərəflərin qarşılıqlı razılığa gəlmək niyyətlərində olmaları göstərsə də, yekunda belə razılığa gəlmək niyyətlərinin həqiqətən də olması barədə hər hansı bir dəlilin məhkəməyə təqdim edilməməsinə, bununla da iddiaçının iş üzrə təyin edilmiş çoxlu sayda iclaslarda işə mahiyyəti üzrə baxılmasından müxtəlif bəhanələrlə boyun qaçırmaqla inzibati məhkəmə icraatında iştirakdan yayınmasının təsdiq edilməsinə istinad edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbini geri götürülmüş saymaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni, məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Hazırki işdə isə məhkəmə iddianın geri götürülmüş sayılması və inzibati icraatın xitam olunması barədə qərardad çıxararkən bunun üçün qanunla müvafiq əsasların müəyyən edildiyini nəzərə almamışdır. Belə ki, iş materiallarında olan (i.v. 22-23) məhkəmə iclasının 22.12.2021-ci il tarixə təyin edilməsi barədə 22 oktyabr 2021-ci il tarixli məhkəmə bildirişinin iddiaçı tərəfindən alınmasını müəyyən etmək mümkün olmamışdır. O ki qaldı 22.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə iddiaçının telefon nömrəsinə SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin SMS xəbərdarlıq “iddianın geri götürülmüş sayılması ilə bağlı olan qanunvericiliyin nəzərdə tutduğu xəbərdarlıq” kimi qəbul edilə bilməz. Belə ki, həmin SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə olan bildirişin məzmununda İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsində müəyyən edilmiş qaydada icraatın xitam olunacağına dair məlumat öz əksini tapmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə icraatından yayınması işin materiallarından müəyyən edilmədiyindən, hazırki iddianın geri götürülmüş sayılması üçün Azərbaycan Respublikası İPM-in 55.3-cü maddəsində nəzərdə tutulmuş prosessual əsaslar olmamışdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-911/2021 saylı 22 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-1479/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1479/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver