Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1479/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə (əvvəlki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə (üçüncü şəxs X2 cəlb olunmaqla) QƏRARİ (Açar sözlər: “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X12 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-843/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 nömrəli qərarından görünür ki, X4 Şüvəlan massivində 190 saylı bağ tikinti kooperativinin tərkibindən bağ sahəsi ayrılmışdır.
2. Həmçinin Çöl-Şüvəlan bağlar sahəsindəki 190 saylı Bağ-Tikinti Kooperativinin b/s saylı orderindən görünür ki, X4 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/447 nömrəli qərarına əsasən Çöl-Şüvəlan bağlar sahəsində 190 saylı BTK-nın nəzdində 0,12 ha sahəsi olan 44E/17 saylı bağ sahəsi ayrılmışdır.
3. AZ-İİ seriyalı, 071828 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixində stenokardiyanın digər formaları səbəbindən ölmüşdür.
4. Ədliyyə Nazirliyinin Bakı şəhəri 24 saylı Notariat ofisinin 1088 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı oğlunun müraciəti əsasında xx.xx.2020-ci ildə vəfat etmiş X3 adına Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.
5. 01.09.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Çöl-Şüvəlan bağ massivi 44E/17 saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 0.12 ha, faktiki olaraq 0.1231 ha, 31 kv.m artıqdır, mühafizə çıxılandan sonra 793 kv.m sahə qalır. Bağ sahəsi qonşu bağla ümumi hasar daxilində yerləşir, ara sərhəd 2 sıra mişar daşı düzülərək ayrılmışdır. Qonşu bağa dair sənəd təqdim edilməmişdir. Tikili yoxdur. Kənarda göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Nümayəndənin iddiasına əsasən ümumi hasarlanmış ərazinin şərq hissəsində 0.12 ha sahə onların bağının yeridir. Bağ sahəsində mübahisə predmeti mövcuddur. Sözü gedən sahəyə digər fiziki şəxs 44D/16 saylı bağ sənədi ilə iddia edir. Yol tərəfdən bağ sahəsindən 0.3 – 1.0 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir – 110kV. Mühafizə çıxıldıqdan sonra 793 kv.m sahə qalır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan bağ massivində yerləşən “44E/17” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, inventarlaşdırma işləri aparılan zaman şərti göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən istifadə olunduğu məlum olmuşdur (torpaq sahəsi istifadəsində deyil). Bundan əlavə, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin qeyd edilən torpaq sahəsinə digər şəxsin müraciəti mövcuddur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ massivində yerləşən 44E/17 saylı toraq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 44E/17 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi Bakı şəhər Sovet İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı ilə X5 ayrılmışdır. X7 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bakı şəhəri 24 saylı Notariat Ofisində bu torpaqla bağlı vərəsəlik işi açılmışdır. Mərhum həyat yoldaşının adına ayrılmış torpaq sahəsinin harada yerləşdiyi ona məlumdur. Həmin bağa dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müvafiq sənədlərlə müraciət etmişdir. Lakin ona imtina verilmişdir. Cavabdehin imtinası qanunsuzdur, çünki o, qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir.
9. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, inventarlaşdırma işləri aparılan zaman şərti göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən istifadə olunduğu məlum olmuşdur və göstərilən torpaq sahəsinə digər fiziki şəxs (X8) tərəfindən müraciəti daxil olmuşdur. Bundan başqa, göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-843/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddiaçı ilə yanaşı üçüncü şəxs X2 müraciət etmiş, hüquqmüəyyənedici sənəd qismində Çöl- Şüvəlan bağlar sahəsindəki 190 saylı Bağ-Tikinti Kooperativi tərəfindən verilmiş b/s saylı orderi təqdim etmişdir.
12. Həmin orderdən görünür ki, X9 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/447 nömrəli qərarına əsasən ona Çöl-Şüvəlan bağlar sahəsində 190 saylı BTK-nın nəzdində 0,12 ha sahəsi olan 44D/16 saylı bağ sahəsi ayrılmışdır. İşdən görünür ki, cavabdeh G.Fətəliyevanın bu müraciətini təmin etməkdən imtina etmiş və bu zaman ona istinad etmişdir ki, şərti olaraq göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin yerinə uyğun gəlir.
13. Həmçinin işdə olan cavabdehin **********94 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilindədir. Ara sərhəd 2 sıra mişar daşı düzülərək ayrılmışdır. Faktiki sahəsi 0.1231 ha təşkil edir. Həmçinin yol tərəfdən torpaq sahəsindən 0.3-0.1 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir (Elektrik xəttinin mühafizəsindən çıxdıqdan sonra yerdə qalan sahə 793.0 kv.m təşkil edir). Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazi təqribi “44E” saylı bağ sahəsinin ərazisinə uyğun gəlir.
14. Göründüyü kimi, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı ilə yanaşı digər şəxsin müraciəti olsa da, cavabdeh həmin bağ sahəsinin 44D saylı deyil, 44E saylı bağ sahəsinə, yəni mərhum X.Ələkbərova ayrılmış bağ sahəsinə uyğun gəldiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı həmin torpaq sahəsinə hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-843/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inventarlaşdırma işləri aparılan zaman şərti göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən istifadə olunduğu məlum olmuşdur və göstərilən torpaq sahəsinə digər fiziki şəxs (X8) tərəfindən müraciəti daxil olmuşdur. Bundan başqa, göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin qeyd olunan digər şəxsin müraciəti ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair 2-1(112)-13884/2024 saylı məhkmə mübahisəsi mövcuddur, yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.
17. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə heç bir araşdırma aparılmadan, iddiaçının mənafeyini müdafiə edən qərar qəbul olunmuşdur. Çünki məhkəmə araşdırması aparılarkən sözügedən torpaq sahəsinə mütəxəssislər cəlb olunmamış, torpaq sahəsinin həqiqətən də iddia edilən torpaq sahəsi olması, onun sahəsinin müəyyən edilməsi məsələləri öz təsdiqini tapmamış, bununla bağlı rəy alınmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə yerləşdirərək, işə onun iştirakı olmadan baxılmasını və təkrar ekspertiza təyin olunması barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
23. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən:
6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi;
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır.
29. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
30. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır.
31. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir.
32. İşin istinad olunan hallarından məlum olur ki, X.Ələkbərova 190 saylı BTK tərkibində bağ sahəsinin ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənəd mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ərinə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur.
33. Belə ki, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iddiaçı ilə yanaşı üçüncü şəxs X2 müraciət etmiş, hüquqmüəyyənedici sənəd qismində Çöl-Şüvəlan bağlar sahəsindəki 190 saylı Bağ- Tikinti Kooperativi tərəfindən verilmiş b/s saylı orderi təqdim etmişdir.
34. Həmin orderdən görünür ki, X9 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/447 nömrəli qərarına əsasən ona Çöl-Şüvəlan bağlar sahəsində 190 saylı BTK-nın nəzdində 0,12 ha sahəsi olan 44D/16 saylı bağ sahəsi ayrılmışdır.
35. İşdən görünür ki, cavabdeh G.Fətəliyevanın bu müraciətini təmin etməkdən imtina etmiş və bu zaman ona istinad etmişdir ki, şərti olaraq göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin yerinə uyğun gəlir.
36. Həmçinin işdə olan cavabdehin **********94 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi qonşu bağlarla ümumi hasar daxilindədir. Ara sərhəd 2 sıra mişar daşı düzülərək ayrılmışdır. Faktiki sahəsi 0.1231 ha təşkil edir. Həmçinin yol tərəfdən torpaq sahəsindən 0.3-0.1 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir (Elektrik xəttinin mühafizəsindən çıxdıqdan sonra yerdə qalan sahə 793.0 kv.m təşkil edir). Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazi təqribi “44E” saylı bağ sahəsinin ərazisinə uyğun gəlir.
37. Göründüyü kimi, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı ilə yanaşı digər şəxsin müraciəti olsa da, cavabdeh həmin bağ sahəsinin 44D saylı deyil, 44E saylı bağ sahəsinə, yəni mərhum X.Ələkbərova ayrılmış bağ sahəsinə uyğun gəldiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı həmin torpaq sahəsinə hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.”
39. Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır
40. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. ( Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı)
42. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
43. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, iş üzrə heç bir araşdırma aparılmadan, iddiaçının mənafeyini müdafiə edən qərar qəbul olunmuşdur. Çünki məhkəmə araşdırması aparılarkən sözügedən torpaq sahəsinə mütəxəssislər cəlb olunmamış, torpaq sahəsinin həqiqətən də iddia edilən torpaq sahəsi olması, onun sahəsinin müəyyən edilməsi məsələləri öz təsdiqini tapmamış, bununla bağlı rəy alınmamışdır.
44. Apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(103)-1479/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək təxirə salınmışdır. 18 dekabr 2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2025-ci il tarixli, 10/3524 saylı Rəyi daxil olmuşdur.
45. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2025-ci il tarixli, 10/3524 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: -Bakı şəhər X13 İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı ilə X5 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 44E/17 saylı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X 429424 Y 4479197 -Bakı şəhər X13 İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı ilə X5 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 44E/17 saylı torpaq sahəsi, iş materialına əlavə edilmiş (səhifə 34) 190 saylı ВТК-ya ayrılmış torpaq sahələrinin ayrıc aktının hüdudları daxilində yerləşir. -3-cü şəxs X1 məxsus 44D saylı bağ sahəsinin naturada yeri və koordinatları müəyyən etmək mümkün olmamışdır. -Bakı şəhər X13 İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı ilə X5 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 44E/17 saylı torpaq sahəsi, iş materialına əlavə edilmiş (səhifə 38) bağların bölgü sxeminə əsasən 44D saylı bağ sahəsi ilə yanaşı yerləşir. -Qevd olunan hər iki torpaq sahələri başqa hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düsüb-düşməməsini müəyyən etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakm Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsə sorğu verilərək müəyyən edilə bilər.
46. Məhkəmə Kollegiyası hazırkı halda iş üzrə digər sübutlarla birgə qiymətləndirmə apararaq ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.
47. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
48. Azərbaycan Respublikası MPM-nin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
49. Beləliklə, müəyyən olunur ki, 3-cü şəxsin müraciəti olsa da, mübahisəli bağ sahəsi 44D saylı deyil, 44E saylı bağ sahəsinə, yəni mərhum X.Ələkbərova ayrılmış bağ sahəsinə uyğundur.Belə olan halda, məhkəmə Kollegiyası hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti də əsassızdır və təmin olunmamalıdır.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
51. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-843/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-843/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.