Məhkəmə qərarları › İş №2-1(103)-148/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-148/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-148/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə (üçüncü şəxs Dövlət Gömrük Komitəsi) qarşı iş üzrə (Açar sözlər: gömrük ödənişlərinin silinməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə (üçüncü şəxs Dövlət Gömrük Komitəsi) qarşı “gömrük ödənişlərinin silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(112)-340/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı Güzdək Ferma” MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişlərinin silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək idxal gömrük rüsumu olaraq 9.978,62 manat gömrük ödənişinin silinməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

3. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının 9.978,62 manat gömrük borcunun olmadığının müəyyən edilməklə həmin məbləğin tələb edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı üzrə fəaliyyət göstərir. Bununla əlaqədar qabaqcıl texniki avadanlıqlar iddiaçı tərəfindən idxal edilməkdədir. Həmin istiqamət üzrə də kənd təsərrüfatına aid bəzi malların ölkəyə alışını iddiaçı həyata keçirmişdir. Lakin cavabdehin səlahiyyətləri şəxsləri tərəfindən idxal olunan malların kənd təsərrüfatına aid olması ilə bağlı şübhə olduğu bildirilmiş, ekspertiza təyin edilmişdir. Ekspert rəylərinə əsasən XİF MN üzrə kodun düzgün bəyan edilməməsinin müəyyən edilmədiyi göstərilmişdir. İddiaçı 4 gömrük bəyannaməsi üzrə 53.964,84 manat məbləğində əlavə gömrük ödənişlərinin ödənilməli olduğunu bildirmişdir. Ekspert rəyləri ilə iddiaçı razı deyildir. Məbləğlər məhz Dövlət Gömrük Komitəsinin Ekspertiza Mərkəzi tərəfindən müəyyən edilmişdir. Halbuki, 4 gömrük bəyannaməsi üzrə gətirilmiş mallar kənd təsərrüfatı təyinatlı, yəni heyvandarlıq sahəsinə aid mal olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş cavab məktubunda da mövqesi təsdiq edilmişdir. Bu səbəbdən də əlavə gömrük ödənişlərinin hesablanması qanunsuz və əsassızdır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, 4 gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün müəyyən edilməməsi ilə əlaqədar şübhə yaranmış, ekspertiza rəyinin verilməsi üçün müraciət edilmişdir. Ekspert rəylərinə əsasən bəzi mal mövqeləri üzrə XİF MN üzrə təsnifat kodunun bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmiş, ümumilikdə 53964,84 manat idxal gömrük rüsumu və ƏDV-nin ödənilməli olması müəyyən edilmişdir. Daha sonra isə malların ƏDV-dən azad edildiyi müəyyən edilərək əlavə ödəniləcək məbləğin 9978,62 manat təşkil etdiyi müəyyən edilmişdir. İXM-nin müvafiq maddəsi ilə də həmin ödənişlərin ödənilməməsi ilə əlaqədar iddiaçı təqsirli bilinmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(112)-340/2024 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən biri də AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış 20 iyun 2022-ci il tarixli 02/0622 saylı müraciətdə Cəmiyyət tərəfindən idxal edilən malların bilavasitə kənd təsərrüfatı təyinatlı olub-olmaması haqqında, o cümlədən həmin malların bilavasitə kənd təsərrüfatı təyinatlı olub-olmaması ilə bərabər Cəmiyyətin öz təsərrüfatında həmin malların, texnikaların və avadanlıqların tam şəkildə bilavasitə kənd təsərrüfatında istifadə olunmasının nəzərə alınaraq həmin mallardan idxal gömrük rüsumunun və X7 tutulub-tutulmaması haqqında rəy verilməsi istənilmişdir, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilən 06 iyul 2022-ci il tarixli 111HO/122-2- 2022-2285 saylı cavab məktubunda İddiaçı MMC tərəfindən təqdim edilən sənəd və məlumatlara əsasən müraciətdə qeyd edilən predmetlərin bilavasitə heyvandarlıq təsərrüfatında istifadəsi üçün nəzərdə tutulmuş texnika və aqreqatlar olduğu müəyyən edildiyi, Cəmiyyətin müraciətində qeyd edilən bir sıra kənd təsərrüfatı təyinatlı texnikaların alınması dövlət dəstəyi ilə güzəştli şərtlərlə maliyyələşdirildiyi, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 26 aprel 2019-cu il tarixli Q-08- 19 saylı qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı”na uyğun olaraq heyvandarlıq təsərrüfatlarında istifadəyə olunan süd sağım avadanlıqları, aqreqatları, qırxım aqreqatları, qışqama fırçası, üzvi gübrə separatorları, fermaları üzvi tullantılardan təmizləyən avadanlıqlar, iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanması üçün qurğu və avadanlıqlar, həmçinin sözügedən texnikanın istifadəsi ilə bağlı olan köməkçi texnoloji avadanlıqlar, samanqarışdıran texnika, yemləmə sistemində istifadə olunan qarışdırıcı və paylayıcı texnikalar, güzəşt tətbiq edilən kənd təsərrüfatı təyinatlı texnikalar siyahısına aid edildiyi bildirilmişdir. Həmin məktubda, İddiaçı MMC tərəfindən təqdim olunmuş sənədlər əsasında heyvanların saxlanması üçün qurğular, yem kilid dastarı, yem paylayıcı, yem hazırlayan avadanlıqlar, yem qarışdıran və paylayan aqreqatlar, süd sağım avadanlıqları, süd soyutma çənləri, heyvanlara qulluq üçün fırçalar, gübrə separatorlarının yuxarıda qeyd edilən qaydalara uyğun olaraq Agentlik tərəfindən güzəştli şərtlərlə maliyyələşdirildiyi qeyd olunmuşdur (həmin sənədin surəti iş materiallarında mövcuddur). Qeyd olunanlardan da göründüyü kimi güzəştli şərtlərlə dövlət qurumunun maliyyələşdirdiyi bir layihə gömrük orqanının əsassız və qanunsuz hesablaması nəticəsində İddiaçı MMC-ni sahibkarlıq subyekti olaraq çətin vəziyyətdə qoymuşdur.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Bağırlı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. Bildirişdə qeyd edilmişdir ki, 4 gömrük bəyannaməsinə əsasən idxal olunan mallara dair idxal vergisi üzrə və ƏDV üzrə ümumilikdə 53964,84 manat məbləğində əlavə gömrük ödənişi həyata keçirilməlidir.

14. Aqrar Kredit və İnkişaf Agentliyinin məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənəd və məlumatlara əsasən müraciətinizdə qeyd edilən predmetlərin bilavasitə heyvandarlıq təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş texnika və aqreqatlar olduğu müəyyən edilmişdir.

15. Nazirliyin məktubunda qeyd edilmişdir ki, siyahıda təqdim edilən mal və avadanlıqlar heyvandarlıq təsərrüfatlarında və südçülükdə istifadə məqsədi ilə istehsal edilməklə kənd təsərrüfatı təyinatlıdır.

16. Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, idxal olunan bir qisim malların iddiaçının qeyd etdiyi kimi kənd təsərrüfatı təyinatlı olması müəyyən edilsə də, əlavə idxal gömrük rüsumunun hesablanmasına əsas olan digər malların kənd təsərrüfatı təyinatlı olub-olmaması müəyyən etmək mümkün olmamışdır.

17. Əməliyyat-İstintaq Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, faktla bağlı başlanılmış cinayət işinə xitam verilmiş, az miqdarda 9978,62 manat idxal gömrük rüsumlarının ödənilməməsi faktı ilə əlaqədar İXM-nin 505-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün müvafiq sənədlər cinayət işindən ayrılaraq Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir.

18. Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 noyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir.

19. 12 oktyabr 2022 -ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla İddiaçı MMC barəsində Azərbaycan Respbulikası CM-nin 209.1 -ci maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respbulikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi,İddiaçı MMC-nin əməlində az miqdarda gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə bağlı İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan, müvafiq sənədlərin surətləri ayrılaraq inzibati tənbeh tətbiq edilməsi üçün aidiyyəti üzrə təhqiqat orqanına- BBGİ-nin Əməliyyat və Təhqiqat idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.

20. X3 İdarəsindən verilmiş 2200- 013/003- 25/005423 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş ekspertiza rəyində **********0258 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 1-ci mal mövqeyində qeyd olunan “X5“ (avtomatik peyin sıyırıcı qurğu), 2200- 013/003- 25/005422 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş ekspertiza rəyində **********0991 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 7-ci mal mövqeyində qeyd olunan “Yem Karma ve Dağıtma Römorku 12M Y-A” (“İzelmak” markalı traktora qoşula bilən yem qarışdırım və paylayıcı qoşqu), 2200-017/003- 25/005462 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş ekspertiza rəyində **********6892 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 1 -ci mal mövqeyində qeyd olunan "X9 Sistemi” (“Markim” markalı avtomatik süd sağım sistemi) və **********6924 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 4- cü mal mövqeyində qeyd olunan “X8 Gübre Karıştırma makınesinin” (“Markim" markalı traktora qoşula bilən gübrə qarışdıran qurğunun) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164-cü bəndinin 164.1.34-cü yarımbəndinə aid olduqları yəni, əlavə dəyər vergisindən (ƏDV-dən) azad olduqları qeyd olunmuşdur. Geri qalan malların isə kənd təsərrüfatı təyinatlı olmadıqları göstərilmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 İdarəsinin əməkdaşı Əli Abbasov izahat və ifadələrində idxal olunmuş malların kənd təsərrüfatı təyinatlı olduqları yaxud kənd təsərrüfatı təyinatlı olmadıqlarını həmin malların həm kənd təsərrüfatında həm də digər sahədə istifadə edilə bilməsi ehtimalı əsasında yuxarıda göstərilən qaydada arayış verdiyini bildirmişdir.

21. X3 idarəsi tərəfindən verilmiş arayışlarda qeyd olunan mal və avadanlıqların bir hissəsinin kənd təsərrüfatı təyinatlı olduqları, qalan hissəsinin isə kənd təsərrüfatı təyinatlı olmadıqları göstərilmişdir. X3 İdarəsinin arayışlarını tərtib etmiş və müvafiq rəy vermiş əməkdaşı Əli Abbasov izahat və ifadələrində idxal olunmuş malların kənd təsərrüfatı təyinatlı olduqları yaxud kənd təsərrüfatı təyinatlı olmadıqlarını həmin malların həm kənd təsərrüfatında həm də digər sahədə istifadə edilə bilməsi ehtimalı əsasında yuxarıda göstərilən qaydada arayış verdiyini bildirmişdir. Lakin istintaq zamanı idxal olunmuş sözügedən mal və avadanlıqların digər sahədə istifadəsi yaxud satış məqsədilə gətirilməsi öz təsdiqini tapmamış, bilavasitə kənd təsərrüaftında istifadə məqsədilə fermada quraşdırıldığı və istifadə olunduğu müəyyən edilmişdir.

22. Məhkəmə barəsində protokol tərtib olunan şəxsin nümayəndəsinin izahatını iş materiallarında olan ekspert rəyləri və protokollarla təkzib olunduğundan əsaslı və inandırıcı hesab etmir. Bundan başqa məhkəmədə barəsində protokol tərtib olunan şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeydinə əsasən gəlir vergisinin ödənilməsi təklif olunmuşdur.

23. Məhkəmənin qərarı ilə İddiaçı MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək gəlir vergisinin 70 faizi məbləğində, yəni 6985,04 (altı min doqquz yüz səksən beş manat dörd qəpik) manat məbləğində cərimə cəzası təyin edilmişdir.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3, 40.2, 65.1,102.1,104,121.1,146.1,146.2,148.3,152.3,153.4,157.1-cu maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nı nəzərə alaraq qeyd edir ki, hazırkı inzibati mübahisə gömrük bəyannamələri üzrə iddiaçıya hesablanmış 9,978,62 manat idxal gömrük rüsumunun ödənilməli olubolmaması, tələb edilməsinin qanuni olub-olmamağı ilə əlaqədardır. İddiaçı hesab edir ki, idxal olunan mallar kənd təsərrüfatı təyinatlı olduğundan həmin ödənişlərin ondan tələb edilməsi qanunsuzdur. Cavabdeh isə müvafiq ekspert rəylərinə istinad etməklə həmin ödənişin tələb edilməsinin qanuni olduğunu və bu barədə istintaq və məhkəmə orqanlarının qərarının mövcudluğuna istinad edir.

29. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən konkret faktiki şərtlərin mövcudluğunu sübut etmək cavabdehin vəzifəsidir. Məhkəmə də hesab edir ki, həmin sübutetmə cavabdeh tərəfindən realizə edilmiş, iddiaçının həqiqətən də idxal gömrük rüsumu üzrə borcun mövcud olması, həmin borc məbləğinə münasibətdə cinayət işinin yox, inzibati xəta üzrə icraatın aparılmalı olması müəyyən edilmiş və adıçəkilən borcun 70 faizi məbləğində iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cərimənin ödənilməsi də qərara alınmışdır ki, məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı, eləcə də qüvvədə olan cinayət işi üzrə icraata xitam verilmə barədə qərar nəzərə alınmaqla borcun mövcudluğuna və tələb edilməsinin qanuniliyinə dair məhkəmə və istintaq araşdırmasının predmeti olmuş halla bağlı borcun mövcudluğu təsdiqini tapmışdır.

30. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçı barəsində 12 oktyabr 2022ci il tarixli qərara əsasn CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi də nəzərə alınmaqla xitam verilmişdir. Həmin qərarda iddiaçının 9978,62 manat idxal gömrük rüsumunun ödənilməməsi halı da müəyyən edilərək AR İXM-nin 505-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərin görülməsi üçün materiallar Bakı Baş Gömrük İdarəsinə göndərilmişdir.

31. Qeyd olunmalıdır ki, AR CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.

32. Hazırkı mübahisə üzrə də tətbiq edilməsi istisna edilməyən həmin normanın tələbindən də müəyyən edildiyi kimi cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən qərarları məcburi qüvvəyə malik qərardır. Hazırkı iş üzrə cinayət prosesini həyata keçirən orqan iddiaçı barəsində cinayət təqibini istisna edən qərar qəbul etmiş, qanuni qüvvəyə minmiş həmin qərarla 9978,62 manat idxal gömrük rüsumunun ödənilməli olması ilə bağlı hal müəyyən edilərək materiallar AR İXM-nin 505-ci maddəsinə əsasən aidiyyəti üzrə göndərilmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəf həmin qərardan şikayət verməmiş, nəticədə qərar qüvvəyə minmişdir.

33. Həmçinin Abşeron Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarlarından görünür ki, AR İXM-nin 505-ci maddəsinə əsasən iddiaçı təqsirli bilinmişdir.

34. Həmin maddənin tələbinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin tələbindən də müəyyən edildiyi kimi gömrük ödənişindən yayınma halının mövcudluğu ödənilməli olan gömrük ödənişinin məbləğinin 70 faizindən 150 faizinədək cərimə məbləğinin ödənilməsi əsası qismində çıxış edir ki, məhkəmə də məhz hazırda mübahisələndirilən 9978,62 manat gömrük ödənişinin mövcud olduğunu müəyyən edərək həmin məbləğin 70 faizi nisbətində cərimə təyin edilmiş, qərarda həmin məbləğin mövcudluğu ilə əlaqədar iş materiallarında mövcud olan sənədlər, eləcə də ekspert rəyləri əsas götürülmüşdür.

35. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcudluğu nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, inzibati xəta icraatı qaydasında da olsa hazırda mübahisələndirilən borcun mövcud olub-olmaması mübahisə predmeti olmuş, məhkəmənin qüvvəyə minmiş qərarı ilə borcun mövcud olması öz təsdiqini tapmış, həmin məhkəmə qərarlarında əksini tapan hallar, eləcə də hazırkı iş materialları ilə də məhkəmə hesab edir ki, cavabdehin idxal gömrük rüsumlarının tələb edilməsi ilə bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur.

36. Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli ekspert rəyindən də görünür ki, idxal olunan bir qisim malların iddiaçının qeyd etdiyi kimi kənd təsərrüfatı təyinatlı olması müəyyən edilsə də, əlavə idxal gömrük rüsumunun hesablanmasına əsas olan digər malların kənd təsərrüfatı təyinatlı olub-olmaması müəyyən etmək mümkün olmamışdır. Həmin rəy də nəzərə alınmaqla cinayət işi üzrə icraat aparan orqan, eləcə də inzibati xəta icraatı üzrə icraat aparan məhkəmələr tərəfindən cavabdehin ilkin tələbi kimi 53964,84 manat ədv və idxal gömrük rüsumunun ödənilməli olması ilə bağlı tələbindən fərqli olaraq cavabdehin məhz idxal gömrük rüsumu kimi 9978,62 manatın tələb etməsi əsaslı hesab edilmişdir.

37. Məhkəmə kollegiyası hazırda iş materiallarında olan digər sənədlərlə nəzərə alınmaqla adıçəkilən borcun mövcudluğunu istisna edən hər hansı halın mövcud olmadığı qənaətinə gəlməklə hesab edir ki, iddianın təminini istisna edən hallar cavabdeh tərəfindən sübuta yetirilmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

40. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

41. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(112)-340/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar