Məhkəmə qərarları › İş №2-1(103)-1480/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1480/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1480/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının vəkili X2 iştirakı ilə İddiaçı Kamil qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1110/2020 saylı, 02.09.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Kamil qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçıya 52 yaşı tamam olduğu 16.10.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslarına görə xx.xx.1960-cı il təvəllüdlü iddiaçı 21.10.1978-05.11.1979-cu illərdə Qazax rayonu İ Şıxlı kənd Vidadi adına üzümçülük sovxozunda fəhlə, 10.04.1980- 06.11.1993-cü illərdə «Azərelektromaş» EİB-də dolaqçı, yığıcı, rəngsaz, anbardar, nəzarətçi, 01.12.1993-15.07.1996-cı illərdə Yenidənqurma və Əsaslı Təmir Testinin 130 Nli Təmir Tikinti Quraşdırma idarəsində şöbə rəisi, 06.08.1996-22.12.2005-ci illərdə 26 saylı Təmir Tikinti Trestinin 1 N-li sahəsinə iş icraçısı vəzifəsində işləmişdir. O, 52 yaşı tamam olduğu 16.10.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu 21.11.2019-cu il tarixli **********0 N-li cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Halbuki, 01.01.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən əmək kitabçasında qeyd olunan bütün dövrlə iş stajı kimi qəbul olunmalıdır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş və bunu onunla əssaslandırmışdır ki, idarəyə daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılarkən müəyyən edilmişdir ki, onun təqdim etdiyi 29 avqust 1978-ci il tarixli əmək kitabçasının 26-27-ci səhifələrində qeyd edilən 06.08.1996-22.12.2005-ci illərdə Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestinin 1 nömrəli sahəsində işlədiyi dövrdə əmək stajının dəqiqləşdirilməsi məqsədi ilə araşdırma aparılarkən həmin müəssisənin 19 oktyabr 2004cü il tarixində vergi orqanlarında qeydiyatdan keçərək VÖEN aldığı müəyyən edilmişdir. Ona görə də qeyd olunan məlumatların həqiqiliyinə və ümumilikdə, sübüt kimi həmin əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Bu səbəbdən də qeyd olunan ziddiyyətli faktları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1110/2020 saylı, 02.09.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən az (17 il 2 ay 11 gün) ümumi iş stajına malik olması, həmçinin 01.01.2006-cı il tarixədək 12 il 6 aydan az (2 il 7 ay 21 gün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam və obyektiv araşdırmamış, iddia tələbini rədd edərkən Bakı şəhəri 26 saylı Təmir Tikinti Trestinə 02.01.2004-cü ildə ********* nömərəli VÖEN ilə vergi orqanında uçota alınmasını və 19.10.2004-cü il tarixində inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilməsini əsas gətirərək onun 06.08.1996-cı ildən 22.12.2005-ci il tarixə qədər həmin Trestin 1 nömrəli sahəsində iş icraçısı vəzifəsində işlədiyi dövrü sosial sığorta stajı kimi qəbul etməmişdir. Məhkəmə müəssiəsnin mövcud olub-olmamasını və işlədiyi dövr ərzində maaş cədvəlini müəssisədən tələb etməməklə, qanunvericiliyin tələbini pozmuş və iddia tələbini rədd etməklə əsassız qərar qəbul etmişdir. Əmək pensiyaları haqqında Qanunda iş stajının təkcə əmək kitabçasına əsasən müəyyən edilməsi nəzərdə tutulmamışdır. Qaydaların 13 saylı əlavəsində tələb olunan sənədləin siyahısında şəxsiyyəti təsdiq edən sənəd və iş stajını təsdiq edən sənədin təqdim olunması nəzərdə tutulmuşdur. İddiaçı da həmin sənədəlri cavabdehə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1893/2020 saylı 10.11.2020-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş və iddiaçı X3 16.10.2012ci il tarixdən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdehin həmin qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-549/21 saylı 03 mart 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının yeraltı işlərdə çalışmasını təsdiqləyən hər hansı sübut yoxdur…İşdə iddiaçının çalışdığı peşələrin güzəştli şərtlərlə pensiya hüququ verdiyini təsdiqləyən mötəbər arayış yoxdur... Məhkəmə iddiaçının praktiki funksional səlahiyyətlərinin nədən ibarət olduğunu dəqiqləşdirərək araşdırmamış, onlara hüquqi qiymət verməmiş, nəticə etibarı ilə də iş üzrə yanlış məhkəmə qərarı qəbul etmişdir. İşə təkrar apellyasiya qadasında iştirak edən iddiaçının vəkili E.Abdullayev “iddiaçının "xxxx" ASC-də çalışdığı 1980-1985-ci və 26 saylı Təmir Tikinti Trestində çalışdığı 1996-2005-ci illərə dair güzəştli arayışı məhkəməyə təqdim edərək, 2006-cı ilə qədər iddiaçının 20 ildən çox ümumi stajının, 10 ildən çox isə xüsusi stajının olduğunu bildirərək, ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, eləcə də, məhkəməyə gəlmədiyi təqdirdə iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarından irəli gələn göstərişlər nəzərə alınmaqla, iş materiallarını təkrar araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Cavabdehin iddiaçya ünvanlanmış 21.11.2019-cu il tarixli imtina məktubundan və iddia ərizəsinə etirazından görünür ki, iddiaçının 06.08.1996-cı il tarixinədək olan dövr üzrə əmək kitabçamsının qeydləri üzrə iş stajı mübahisələndirilmir. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «b» bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə dəyişiklik edilərək 55 və 50 yaş həddləri 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmaqla 2000ci ilin avqust ayının 1-dən müvafiq olaraq 57 və 52 yaş həddlərinə çatdırılmışdır). 01.01.2006-cı il tarixinədək isə iddiaçının əmək kitabçasına əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur. 21.10.1978 - 05.11.1979: Qazax rayonu İ Şıxlı kənd Vidadi adına üzümçülük sovxozunda fəhlə - 1 il 14 gün; 10.04.1980 – 24.07.1980: Bakı Elektrik Maşınları Zavodunda (“BEMZ”) elektrik maşınlarının elementlərinin dolaqçı şagirdi – 3 ay 14 gün; 24.07.1980 – 06.10.1981 həmin zavodda dolaqçı – 1 il 2 ay 12 gün; 06.10.1981 - 19.03.1985 – həmin zavodda yığıcı, nişanlayıcı – 3 il 5 ay 13 gün; 19.03.1985 – 01.09.1986 – həmin zavodda həmin zavodda rəngsaz -1 il 5 ay 12 gün; 01.09.1986 - 06.11.1993 – həmin zavodda nəzarətçi – 7 il 2 ay 5 gün; 01.12.1993 – 15.07.1996 - « Yenidənqurma və Əsaslı Təmir Testinin 130 N-li Təmir Tikinti Quraşdırma idarəsində şöbə rəisi – 2 il 7 ay 14 gün. Əmək kitabçasının göstərilən qeydləri üzrə iddiaçının ümumilikdə 17 il 2 ay 10 gün iş stajı toplanır. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş "xxxx" ASC-nin 59-18/02 N-li 09.03. 2021-ci il tarixli izahlı arayışından görünür ki, iddiaçının Bakı Elektrik Maşınları Zavodunda (“BEMZ”) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən (2 N-li Siyahı üzrə “Elektrotexnika istehsalat və elektrotexniki avadanlıbın təmiri” (kod 2160000a- 15034) “Metal emalı: (kod 23200000 -13450) aşağıdakı peşələrdə çalışmışdır: 10.04.1980 – 24.07.1980: elektrik maşınlarının elementlərinin dolaqçı şagirdi – 3 ay 14 gün; 24.07.1980 – 06.10.1981 həmin zavodda dolaqçı – 1 il 2 ay 12 gün; 19.03.1981 – 01.09.1986 –həmin zavodda rəngsaz-1 il 6 ay 12 gün (ümumilikdə 3 il 8 gün.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri»nin 2 №-li Siyhısında: “2160000a; XV; Elektrotexnika istehsalat və elektrotexniki avadanlıbın təmiri” bölməsinin “2160000a— 15034” kodu üzrə “məftil və tros dolayanlar” “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qeyd olunan 13-cü maddəsinin “b” bəndinin tələbinə müvafiq olaraq güzəştli pensiya hüququ verən zərərli peşələr sırasına aid edilmişdir. Həmin kod üzrə isə iddiaçının zavodda elektrik maşınlarının elementlərinin dolaqçısı kimi 1 il 5 ay 26 gün (3 ay 14 gün+1 il 2 ay 12 gün) iş stajı vardır. İddiaçının həmin zavodda 1 il 5 ay 12 gün rəngsaz işləməsinə gəldikdə isə 2 saylı Siyahıda həmin sahəyə aid olan, yəni “Elektrotexnika istehsalat və elektrotexniki avadanlıbın təmiri” bölməsində belə peşə nəzərdə tutulmadığından, Siyahının “Metal emalı” bölməsi isə tamamilə baqa istehsala sahəsinə edildiyindən, rəngsaz işlədiyi dövr güzəştlə pensiya hüquq verən staj kimi nəzərə alınması istisna olunur. Bundan əlavə iddiaçının əmək kitabçasının qeydlərindən görünür ki, o, 06.08.1996 - 22.12.2005-ci illərdə ( 9 il 4ay 16 gün) Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestinin 1 nömrəli sahəsində iş icraçısı vəzifəsində çalışmışdır. Cavabdehin işdə olan iddiaçya ünvanlanmış 21.11.2019-cu il tarixli imtina məktubundan və iddia ərizəsinə etirazından görünür ki, mübahisələndirir ki, iddiaçının əmək kitabçasının 06.08.1996 - 22.12.2005-ci illərdə Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestinin 1 nömrəli sahəsində işlədiyi dövr sığorta stajı kimi qəbul olunmamış və bu onunla əsaslandırılmışdır ki, araşdırma zamanı həmin müəssisənin 19 oktyabr 2004-cü il tarixində vergi orqanlarında qeydiyatdan keçərək VÖEN aldığı müəyyən edilmiş və bu həmin məlumatın həqiqiliyinə və ümumilikdə sübüt kimi həmin əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yarandığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri həmin dövrün iddiaçının iş stajı kimi qəbul edilməməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinin (VÖEN**********) işə əlavə olunmuş 19 dekabr 2019-cu il tarixli arayışndan görünür ki, həmin Birliyin tabeliyində olan 26 saylı Təmir-tikinti tresti 14 aprel 1993-cü ildə yaradılmışdır (İş vərəq 13). Eyni zamanda, işə əlavə olunmuş Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışa əsasən də müəyyən olunur ki, Bakı şəhər 26 saylı Təmir-Tikinti Tresti 14.04.1993-cü il tarixdə (VÖEN **********) dövlət qeydiyyatına alınmışdır (İş vərəqi 91). Göründüyü kimi, Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinin qeyd olunan arayışında və Kommersiya qurumlarının dövlət reyestrində təsbit olunan məlumatlar biri-biri ilə üst-üstə düşür. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin işə əlavə olunmuş 04.03.2020-ci il tarixli məktubunda (İş vərəqi 40) həmin trestə 19.10.2004-cü il tarixdə vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi verildiyinin təsbit olunmasına gəldikdə isə birincisi, bu halda məlumat “Lokal Gəlirlər” idarəsininin 04.03.2020-ci il tarixli baza məlumatlarına əsaslanı və eyniləşdirmə nömərsinin verilməsindən danışılır. Trestin qeyd alındığı 14.04.1993-cü il tarixində vergi sistemində, ümumiyyətlə baza məlumatları mövcud olmamış, VÖEN sistemi hələ tam formalaşmamışdır. Konkret halda, məhkəmə kollegiyası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən aparılan kommersiya qürumlarını reyestrində Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestinin 14.04.1993-cü il tarixində təsbit olunan dövlət qeydiyyatına dair hər hansı bir reyestrə etiraz daxil olmayıb, həmin qeydiyyatın həqiqi və düzgün hesab edilməlidir. Qeyd olunanlar baxımdan, iddiaçının 06.08.1996 - 22.12.2005-ci illərdə ( 9 il 4ay 16 gün) Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestinin 1 nömrəli sahəsində iş icraçısı kimi çalışdığı dövrün cavabdeh tərəfindən iş stajı kimi qəbul edilməsindən imtina olunması əsassız hesab olunmalıdır. Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.8-ci maddəsinin tələbindən göründüyü kimi, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” X6 67-ci maddəsinin birinci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən ş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasının həmin dövrə aid qeydləri bütün qrafaları tam doldurulmuş, kadrlar şöbəsinin inspektorunun (M.Əliyeva) imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuş, yazılarda qaralama və düzəlişlər mövcud deyil, həmin vərəqin və onda təsbit olunan yazıların tamlığı pozulmamışdır. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestində iş icraçısı kimi çalışdığı 06.08.1996 - 22.12.2005-ci illərdə çalışdığı dövr ( 9 il 4ay 16 gün) onun iş stajı kimi nəzərə alınmalıdır. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş 26 saylı Təmir-Tikinti Trestinin 19 saylı 14 aprel 2021-ci il tarixli güzəştli arayışına əsasən müəyyən olunur ki, iddiaçının həmin həmin qürumda çalışdığı “iş icraçısı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş («Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri»nin) 2 №-li Siyhısında güzəştli pensiya hüququ verən peşə kimi təsbit olunmuşdur. Belə ki, 2 №-li Siyhının “22900000; XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı və təmiri” bölməsinin “2290000b—24441” - kodunda “iş icraçıları” güzəştli pensiya hüququ verən zərərli peşələr sırasına aid edilmişdir (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi) Beləliklə də iddiaçının 15.07.1996-cı il tarixinə qeydə alınan 17 il 2 ay 10 gün (+ 9 il 4 ay 16) iş stajı da nəzərə alınmaqla, onun 01.01.2006-cı ilə qədər 26 il 6 ay 26 gün ümumi iş stajı toplanır ki, həmin stajın da 10 ildən də çoxunu (Bakı elektrik maşınları zavodunda dolaqçı kimi 1 il 5 ay 14 gün + Bakı şəhər 26 saylı Təmir-Tikinti Trestində iş icraçısı kimi 9 il 4 ay 16 gün) o, güzəştli pensiya hüququ verən peşə və vəzifədə çalışmışdır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq iddiaçının 52 yaşından (16.10.2012-ci il tarixindən) pensiya hüququ yaranmış olur (Sumqayıt ŞPİ QŞVŞ tərəfindən 04.09.2012-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən 16.10.2060-cı tarixdə anadan olmuşdur). Göründüyü kimi, cavabdeh tərəfindən 1996-2005-ci illərdə 26 saylı Təmir-Tikinti Trestində işlədiyi dövrün iş stajı kimi nəzərə alınmaması və ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda, İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin tam araşdırılmadığını, əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli və “Əmək pensiyaları haqqında” Qanunun pensiyanın ödənilmə qaydasını müəyyən edən 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1110/2020 saylı, 02.09.2020-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya 52 yaşından güzətli şərtlərlə pensiya təyin edilməsi və pensiyanın müraciət etdiyi 29.07.2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni 29.07.2016-cı il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, qalan hissələrində iddia rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1110/2020 saylı, 02.09.2020-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı X3 52 yaşından güzətli şərtlərlə pensiya təyin edilsin və müraciət etdiyi 29.07.2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni 29.07.2016-cı il tarixdən, pensiyanın hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar