Məhkəmə qərarları › İş №2-1(103)-1480/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1480/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1480/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11648/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 06 iyul 2022-ci il tarixli, 091 gm saylı əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək cavabdehdən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı onun barəsində qəbul edilmiş əmri əsassız hesab edir və qanunvericiliyin tələblərinə zidd olaraq qəbul etdiyini bildirir. İddiaçı qeyd edir ki, onun əməllərində cinayət əlamətləri olmadığından cinayət işinin başlanılmasından rədd olunmuşdur ki, bu da öz növbəsində onun həmin əsas ilə ehtiyata buraxılması faktının aradan qaldırır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11648/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, şərəf məhkəməsində, eyni zaman ondan alınan izahatlarda da tutduğu əməldən peşman olduğunu dəfələrlə qeyd etmişdir. Hərbidə qüsursuz işlədiyinə görə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 089t nömrəli, xx.xx.2020-ci il tarixli “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Ona məxsus avtomobildə olan 310 (üç yüz on) manatlıq ət müsadirə olunaraq, götürülməsinə baxmayaraq, nə ət, nə də onun pul dəyəri ona geri qaytarılmamışdır. Götürdüyü südün dəyərindən 150 dəfədən çox ona ziyan vurulmuşdur. Qeyd edilənləri məhkəmə prosesi zamanı hakimə bildirsə də, bunların heç birini hakim nəzərə almamış, qərarla iddianı rədd etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərarının qanunsuz və əsassız olduğunu bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 091 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin yuxarda qeyd edilən əmrini mübahisələndirərək, ləğv edilməsini və əvvəlki iş yerinə bərpa edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, onun əməllərində cinayət əlamətləri olmadığından cinayət işinin başlanılması rədd olunmuşdur ki, bu da öz növbəsində onun həmin əsas ilə ehtiyata buraxılması faktı aradan qaldırır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə qərarını əsaslandırarkən qeyd etmişdir ki, “........ Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi qullqçusu, gizir İddiaçı məktəbin kursant yeməkxanasından 26,5 kq ət oğurlanması faktı təsdiqini tapmamış, həmin yeməkxanadan “Pal süd” markalı 2 qutu bir litrlik süd məhsulunu oğurlanması faktı müəyyən olunsa da, həmin əməlində cinayət tərkibi olmamışdır. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, ət oğurlanması faktı öz təsdiqini tapmasa da, iddiaçının digər ərzaq məhsulunun götürülməsi öz təsdiqini tapdığından, onun həmin əsas ilə ehtiyata buraxılması əsaslı olmuşdur”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Hərbi xidmət keçmə haqqında əsasnamənin :

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); İş materiallarında olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin gizir hərbi qulluqçularının şərəf məhkəməsinin qərarından görünür ki, İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşmış, ərzaqların ilkin emalına zəif nəzərat etmiş, ilkin emal olunmuş ərzaqların saxlanılmasına və yeməkxanada sanitar-gigiyenik qaydalara zəif nəzarat etmiş, həmçinin ərzaq məmulatları oğurlayaraq hərbi qulluqçusunun şərəf və ləyaqətinə ləkə və xələl gətirəcək Azərbaycan Ordusunun hərbi qulluqçusuna yaraşmayan bir hərəkətlərə yol verildiyi də qeyd olunmuşdur. Həmçinin iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi qullqçusu, gizir İddiaçı məktəbin kursant yeməkxanasından 26,5 kq ət oğurlanması faktı təsdiqini tapmamış, həmin yeməkxanadan “Pal süd” markalı 2 qutu bir litrlik süd məhsulunu oğurlanması faktı müəyyən olunsa da, həmin əməlində cinayət tərkibi olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən yeməkxanadan “Pal süd” markalı 2 qutu bir litrlik süd məhsulunu oğurlanması faktı öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqanda hərbi qulluqçunun şərəf və ləyaqətinə ləkə və xələl gətirəcək Azərbaycan Ordusunun hərbi qulluqçusuna yaraşmayan hərəkətlərə yol verməsini əsas götürərək, öz diskression səlahiyyətlərini düzgün həyata keçirlmişdir. Kollegiya qeyd edir ki, hərbi qulluqçunun xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməlidir. İddiaçı tərəfindən isə qeyd edilən prinsiplərə zidd olan hərəkətlərin törədilməsi öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının ehtiyyata buraxılmasının səbəblərindən biri də ərzaqların ilkin emalına və ilkin emal olunmuş ərzaqların saxlanılmasına və yeməkxanada sanitargigiyenik qaydalara zəif nəzərat etmiş olması ilə bağlıdır. İnzibati Prosessual Məcəlləsinin : 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçının xidmətindən irəli gələn nəzarət funksiyasının keyfiyyətinin müəyyən edilməsi xüsusi bilik tələb edən sahədir. İnzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıdığından və onun bu səlahiyyətlərinin düzgün icra etməməsi sübuta yetirilmədiyindən, mübahisələndirilən inzibati aktın əsasında duran həmin hal əsaslı hesab olunur. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin halları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, qeyd edilənləri nəzərə alan Kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11648/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar