Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1481/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı nümayəndəsi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(82)-4317/2017 saylı qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iddia ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 25.02.2014-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4317/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qərarına əsasən iddia təmin edilərək, İddiaçı 25.02.2014-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-290/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4317/2017 saylı iş üzrə qəbul etdiyi 27 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 1019/2019 saylı, 12 iyun 2018-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 290/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4317/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qərarı 25 iyul 2018-ci il tarixli məktubla icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə göndərilmişdir. 24 iyul 2020-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının məcburi icraya yönəldilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4317/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qərarı üzrə qəbul edilmiş icra vərəqəsi 05 avqust 2020-ci il tarixdə icra olunması üçün Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 06 oktyabr 2020-ci il tarixdə Xətai rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə icraata başlamaq haqqında məlumat daxil olmuşdur. 01.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi bildirir ki, vətəndaş İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.02.2014-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbini irəli sürmüşdür. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 27.09.2017-ci il tarixli 2-1 (82)- 4317/2017-ci il nömrəli qərarı ilə iddiası təmin edilmişdir. Ərizəçi hesab edir ki, İnzibati Prosessual Məcəllənin Xİİ fəslinin tələblərinə uyğun olaraq iş üzrə icraat təzələnməli, məhkəmənin qərarı ləğv edilərək iddia rədd edilməlidir. İşin halları ilə bağlı ərizəçi aşağıdakıları qeyd edir: Pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Biləv kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1957-ci il təvəllüdlü İddiaçı adından yazıldığı ehtimal olunan, imzası fərqli, 31.05.2017-ci il tarixli ərizəsi qeydiyyatda olduğu ərazi üzrə Fondun Bakı şəhəri Xətai rayon şöbəsində qeydiyyata alınmış, həmin şöbənin Pensiya üzrə komissiyasının tarixi qeyd edilməyən 1474 №-li qərarı ilə Qanunun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan sosial sığorta stajı olmadığı əsas göstərilməklə İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bu barədə vətəndaşa rəsmi məlumat verildiyini bildirən tarixi qeyd olunmayan, şöbə müdirinin imzası olmayan və şöbənin möhürü vurulmayan məktub pensiya işinə tikilmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 27.09.2017-ci il tarixli (İş № 2-1(82)-4317/2017) pensiya işinə tikilmiş qərarında qeyd olunanlara əsasən məlum olmuşdur ki, İddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciətində şöbənin imtinasının əsassız olduğunu, əmək kitabçasına əsasən 28 il 7 ay 11 gün ümumi, 23 il 4 gün güzəştli iş stajının qazandığını bildirmiş, Qanunun 9.1 və 21.1-ci maddələrinə və Azərbaycan Respublikası İPM-nin 9-cu və 2.2.2-ci maddələrinə istinad edərək ona 25.02.2014-cü ildən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 25.02.2014-cü ildən yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi şöbənin imtinası ilə razılaşmamış, imtinanı qanunsuz və əsassız, iddiaçının hüquqlarının pozulmasına səbəb hesab etmiş və 27.09.2017-ci il tarixli (iş № 2-1(82)-4317/2017) qəbul etdiyi qərarı ilə iddianı təmin etmiş, İddiaçı 25.02.2014-cü ildən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və 25.02.2014-cü ildən yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı xeyrinə qəbul edilmiş 27.09.2017-ci il tarixli qərarına qarşı apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.02.2018-ci il tarixli qərarı (İş № 2-1(103)-290/2018) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12.06.2018-ci il tarixli qərarı ilə (İş № 2-1(102)-1019/2018) şöbənin şikayəti təmin olunmamışdır. “09.10.1973” qeyd olunmuş əmək kitabçasının notarial qaydada 19.07.2018-ci il tarixdə təsdiq olunan surətində qeyd olunanlara əsasən İddiaçı “Azərbaycannəqliyyattikinti” (Azerbaydjantransstroy) Trestinin Avtobazasında 09.10.1973-15.04.1975-ci il dövr ərzində fəhlə, 01.06.1977-04.04.1978-ci il dövr ərzində avtomobil çilingəri, 04.04.1978- 24.10.1997-ci il dövr ərzində elektromexanika sexində akkumulyatorçu, 09.11.1997- 23.04.2001-ci il dövr ərzində Azərbaycan Respublikası “Xalik” Rayonlararası Təmir Tikinti Baş İdarəsinin 14 №-li Təmir-Tikinti Trestinin Sumqayıt şəhərində yerləşən 142 №-li Təmir Tikinti idarəsində elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. Pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş hərbi biletin surətinə əsasən İddiaçı 02.05.1975-ci il tarixdən 28.04.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Qeyd olunanlardan əlavə, Nazirliyin “Məşğulluq” altsistemində mövcud olan məlumatlardan müəyyən edilmişdir ki, İddiaçı “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01.05.2010-cu il tarixdən “müddətsiz” qüvvədə olan komendant vəzifəsi üzrə əmək müqaviləsi mövcuddur. Həmçinin onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 01,07.2020-ci il tarixdən 27.08.2020-ci il tarixədək “bina gözətçisi” vəzifəsi üzrə əmək müqaviləsi qüvvədə olmuşdur. Bundan əlavə, Nazirliyin “Pensiya” altsistemində 01.01.2012-01.08.2020-ci illər üzrə fərdi hesabında cəmi 52 ay ərzində toplanmış pensiya kapitalının mövcudluğu müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı adına “Məşğulluq” altsistemində qeydə alınmış əmək müqavilələrin onun əmək kitabçasında qeyd olunmaması surəti notarial qaydada təsdiq edilmiş əmək kitabçasının saxtalaşdırıldığına, onun başqa bir əmək kitabçasının mövcudluğuna əsaslı şübhələr yaradır. Əlavə olaraq bildiririk ki, altsistemdə əmək müqaviləsinin qüvvədə olmasına baxmayaraq İddiaçı “X7” MMC-də 01.05.2010-cu ildən 25.11.2014-cü ilədək komendant vəzifəsində işləməsi həmin müəssisənin direktoru A.Quliyevin imzası və möhürü ilə təsdiqlənərək 23.07.2018-ci il tarixli arayış tərtib edilmiş, həmin arayış pensiya işinə tikilmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı pensiya işinə tikilmiş əmək kitabçası və hərbi biletindəki qeydlərə əsasən ümumi iş stajının 27 il 4 ay 11 gün təşkil etməsinə baxmayaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciətində vətəndaş ümumi iş stajınınin 28 il 7 ay 11 gün olduğunu qeyd etmiş, lakin bu hal heç bir məhkəmə instansiyasında araşdırılmamışdır. Həmçinin, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarında qeyd olunanlara baxılarkən məlum olmuşdur ki, məhkəmə vətəndaşın 01.06.1977-ci il tarixli 77-i saylı əmrlə avtobazaya avto-çilingər peşəsinə qəbul edildiyini, 24.10.1997-ci il tarixli 94 saylı əmrlə işdən azad edildiyini qeyd etsə də ona bilavasitə güzəştli şərtlərlə pensiya hüququ verən və mübahisə predmeti olan akkumulyatorçu peşəsi üzrə işləməsi faktı barədə heç bir şərh qeyd etməmiş, Azərbaycan Respublikası İPM-nin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq İddiaçı iddiasını təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsində birinci instansiya tərəfindən buraxılmış çatışmazlıq aradan qaldırılmışdır. Belə ki, “İşin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ATSC-nin Avtomobil Bazasının 05/13 nömrəli 12.11.2014cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı 04.04.1978-ci il tarixdən 24.10.1997-ci il tarixədək “Azərnəqliyyattikinti” X1 akkumulyatorçu vəzifəsində işləmiş, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.1993-cü il tarixli 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və istehsalatların Siyahısına daxildir (siyahı İİ. Kod 23200000-10047). SSRİ Nəqliyyat Tikinti Nazirliyinin 120-OR saylı 19.08.1988-ci il tarixli əmri ilə “Azərnəqliyyattikinti” Tresti ləğv edilmiş və onun bazasında "xxxx" Layihə Sənaye Tikinti Birliyi (LSTB) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20.05.1993-cü il tarixli 614 saylı sərəncamı ilə "xxxx" LSTB "xxxx" Dövlət Şirkətinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 saylı 16.07.1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir.” Eyni xüsusatlar Ali Məhkəmənin qərarında da qeyd edilməklə əsaslandırma aparılaraq şöbənin kassasiya şikayəti təmin edilməmişdir. Bununla belə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2014-cü il tarixli arayışın azı 3 il əvvəl hansı məqsədlə iş yerindən alınması əsaslı şübhələr yaradır. Xüsusilə qeyd olunmalıdır ki, İddiaçı 142 №-li Təmir Tikinti idarəsinə elektrik qaz qaynaqçısı peşəsinə işə qəbul olunduğu gün - 09.11.1997-ci il tarixi həftənin bazar (istirahət) gününə təsadüf etdiyindən və 1997-2001-ci il dövrü bilavasitə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaratdığından yalnız yerində ilkin sənədlərlə qarşılıqlı yoxlanılması təmin edildikdən və işləmiş olduğu dövrdə qazandığı əmək haqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi təsdiq olunduqdan sonra qeyd olunan dövr sosial sığorta stajına daxil edilə bilər. Lakin şöbə tərəfindən vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini, o cümlədən akkumulyatorçu işlədiyi illərdə çalışdığı peşənin ağır və zərərli istehsalatlar və peşələrə aid olmasını və həmin peşə üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmasını təsdiq edən zəruri izahedici (güzəştli) arayışın alınması bu işdə maddi maraqları olan şəxslərin təsiri ilə təmin edilməmişdir. Qeyd olunan hallar İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi istiqamətində müvafiq dövrün nəzərə alınaraq sosial sığorta stajına daxil edilməsi qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunanlara əsasən “İşin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ATSCnin Avtomobil Bazasının 05/13 nömrəli 12.11.2014-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı 04.04.1978-ci il tarixdən 24.10.1997-ci il tarixədək “Azərnəqliyyattikinti” X1 akkumulyatorçu vəzifəsində işləmişdir". Həmin qeydi nəzərə alaraq şöbə, vətəndaş tərəfindən həmin arayışın əldə olunması mənbəyini vətəndaşın köməyilə axtarıb tapmaqla həmin dövr üzrə hüquqi faktı müəyyən edə bilərdi. Bunlardan əlavə, hər 3 məhkəmə instansiyasında vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Məhkəmələr tərəfindən Azərbaycan Respublikası İPM-nin 12- ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi”nin pozulması ehtimal olunur. Həmin maddədə nəzərdə tutulmuşdur ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmçinin, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutlar toplamağa da borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məcəllənin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Müddəaların tələblərinə görə məhkəmə iş üzrə araşdırma apardıqda işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda göstərilmiş prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi cavabdeh inzibati orqanda mövcud olan sənədləri-inzibati aktı, onun qəbul edilməsi üçün əsas olmuş sənədləri tələb etməklə göstərilmiş məsələləri əlavə araşdırmalıdır. Məcəllənin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 4 il əvvəl, yəni 2014-cü ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Məhkəmə qərarları nəzərə alınmadan qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı müəyyən edilmişdir. Onun sosial ödənişlər almaq hüququ qanunvericiliyə müvafiq olaraq 25.02.2022-ci il il tarixində yaranır. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda şöbə tərəfindən məhkəmə qərarları əsasında İddiaçı əmək pensiyasının təyin edilməsi və 01,02.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 12265,41 manat (8828,49+3436,92) təşkil etmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Qeyd olunanların nəzərə alınaraq, ərizəçi İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 27.09.2017-cı il tarixli 2-1(82)-4317/2017 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraaatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(82)-4317/2017 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan ərizə ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir Həmin Məcəllənin 106-cı (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin qanunvericiliyin tərəfin təqsiri ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Hazırkı mübahisəyə münasibətdə də qeyd edilən qaydalar nəzərə alınmalı və tətbiq olunmalıdır. Hazırkı mübahisəyə dair iş materiallarından görünür ki, cavabdeh yeni açılmış hallarla bağlı ərizəni Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə 01.06.2021-ci il tarixdə vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4317/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qərarı yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilməsi üçün 25.07.2018-ci il tarixdə cavabdehə göndərilmişdir. Sözügedən məhkəmə qərarı qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir Ərizəçinin məhkəməyə təqdim etmiş olduğu yeni açılmış hallara dair 01 iyun 2021-ci il tarixli ərizəsində 01.02.2020-ci il tarixədək vətəndaşın aylıq pensiya məbləğinin köçürüldüyü qeyd edilmişdir. Beləliklə ərizənin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan artıq 01.02.2020-ci il tarixdə sözügedən hallarla bağlı məlumatlı olsa da, lakin yeni açılmış hallarla bağlı ərizə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə, 01 il 4 ay sonra, 01.06.2021-ci il tarixdə verilmişdir Ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Nəzərə alınmalıdır ki, müddətin buraxılması da ərizəçinin məsuliyyət sferasına aiddir. Müddət məhdudiyyəti ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin mümkün hesab olunmaması barədə qərardad qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(82)-4317/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1481/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1481/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver