Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1482/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X15 1 Saylı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 860 kv.m-lik hissəsinin xx.xx.2030-cu ilədək iddiaçıya icarəyə verilməsinə dair Keşlə bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 23/60 ünvanına dair "xxxx" MMC-nin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3130/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X15 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 23/60 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 23/60 ünvanında uzun illərdir ki, yaşamış, orada müxtəlif tikililər tikərək sahiblik və istifadə etmişdir. O, həmin əraziyə Keşlə bələdiyyəsi ilə arasında bağlanmış olan 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi əsasında sahiblənmiş, orada tikinti işləri aparmış və həmin tikinti işləri üçün müvafiq dövlət qurumlarından rəsmi icazə almışdır. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlı şirkət hansı yolla baş verdiyini anlamadığı üsulla həmin ünvana dair RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış almışdır. Lakin həmin çıxarış alınan zaman iddiaçı, oğlu və digər başqa şəxslər həmin ünvanda pasport qeydiyyatında olmuşlar. Buna baxmayaraq onların razılığı olmadan həmin ərazi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çıxarış verilmişdir. Çıxarış alındıqdan sonra işlərinə qanuni don geyindirmək üçün iddiaçını təhdid edərək, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilən ərizə ilə o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsindən çıxarılmağı üçün həmin şirkətin direktoru X4 tərəfindən 250000 manat kompensasiyanın ödənilməsi qarşılığında gələcəkdə bununla bağlı heç bir tələb irəli sürməyəcəyini qeyd etmişdir. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin ərizəyə əsaslanaraq inzibati məhkəməyə müraciət edərək iddiaçının və həmin ünvanda qeydiyyatda olan oğlunun ünvan 2 pasport qeydiyyatından çıxarılmasını tələb edir. İddiaçı oğlu ilə həmin əraziyə məhkəmə qətnamələri ilə qeydiyyata düşərək istifadə hüquqları tanınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına olan çıxarışda isə kompleksin ünvanı ünvan 3 bağlı zidiyyətə baxmayaraq şirkət onların Oqtay Vəliyev küçəsi 23/60 ünvanından çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin ünvanın sonradan dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçıya olunmuş silahlı təhdid ilə bağlı Bakı şəhəri Nizami rayon Prokurorluğuna etmiş olduğu şikayətlə bağlı 20 sentyabr 2023-cü il tarixdə Nizami rayon Prokurorluğunun müstəntiqi Fərid Hüseynov tərəfindən göndərilmiş məktubda bildirilmişdir ki, edilmiş müraciət 860-C-23 nömrəli materiala əlavə edilərək araşdırma haqqında əlavə məlumat veriləcəkdir. Göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 23/60 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış qanunsuz əsaslarla verilmişdir. Çünki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin ünvana dair çıxarış alarkən iddiaçı, oğlu X5 və digər şəxslər orada pasport qeydiyyatında olmuşlar. Buna baxmayaraq onlardan razılıq ərizəsi alınmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əlində yalnız həmin əraziyə çıxarış aldıqdan 9 ay sonra iddiaçının xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində rəsmiləşdirilən ərizəsi vardır. Həmin ərazidə mövcud olan tikililər hamısı iddiaçı tərəfindən tikilmiş olsa da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hansı yolla həmin əraziyə çıxarış alması anlaşılan deyildir. İnzibati orqan həmin ərazidə pasport qeydiyyatında olan şəxslərin ərizəsi, razılığı olmadan qanunsuz olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çıxarış vermişdir. Sonradan iddiaçı tələbini dəyişdirmiş və iddiaçının nümayəndəsi və vəkilinin sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 23/60 ünvanında yerləşən torpaq sahəsinin 860 kv.m-lik hissəsinin xx.xx.2030-cu ilədək iddiaçıya icarəyə verilməsinə dair Keşlə bələdiyyəsi ilə bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 23/60 ünvanına dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına RX seriyalı, №1246594 saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddianın dəyişdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı sonradan cavabdeh orqana təkrarən müraciət edərək Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, ev 23/60 ünvanında yerləşən 860 kv.m-lik hissənin xx.xx.2030-cu ilədək ona icarəyə verilməsinə dair Keşlə Bələdiyyəsi ilə aralarında bağlanmış olan xx.xx.2005-ci il tarixli icarə müqaviləsi üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli cavabı ilə hüquqların qeydiyyata alınmasından imtina edilmişdir. İmtina əsası kimi bələdiyyə qərarının mövcud olmaması bildirilmişdir. Keşlə Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş 18 mart 2024-cü il tarixli, 34-k №-li məktubla, Keşlə Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 11 nömrəli qərarı və Keşlə Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış olan xx.xx.2005-ci il tarixli, 43 nömrəli icarə müqaviləsi təqdim olunmuşdur. Yuxarıda qeyd edilən hallar, iddia ərziəsinin dəqiqləşdirilməsi zərurəti yaratmışdır Birinci instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı xx.xx.2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət etmiş və ona **********81 saylı, xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bakı şəhəri, Nizami rayonu, Oktay Vəliyev küçəsi, 22F ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Bakı Şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il, 14/643 nömrəli Qərarı və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli, 04 nömrəli “Tikinti Obyektinin İstismara İcazə” sənədi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3130/2024 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Keşlə Bələdiyyəsi arasında 2030-cu ilədək icarə müqaviləsinin bağlanması, iddiaçının 2017-ci ilədək icarə haqqını ödəməsi, iddiaçının həmin ünvanda qeydiyyatda olması işin mübahisəsiz halıdır. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmə qeyd olunan maddəyə istinad edərək guya tərəflər arasında müqaviləyə xitam veirlməsini əsaslandırmağa çalışmışdır. Lakin müqaviləyə xitam forması, bu formaya əməl edilibedilməməsi, ümumiyyətlə hansı tarixdən, hansı əsasla müqaviləyə necə xitam verilməsi aşkar deyildir. Belə ki, Keşlə Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 67-k nömrəli məktubda bildirilmişdir ki, “Keşlə qəsəbəsi, O.Vəliyev küçəsi, 23/60 ünvandakı 860 kv.m. torpaq sahəsi İddiaçı istifadəsində olduğu üçün onun ərizəsi əsasında həmin sahənin torpaq vergisinə cəlb olunması məqsədilə xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Bakı şəhəri Nizami RİH-in xx.xx.2007-ci il tarixli, S-5 saylı məktubuna, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1866 saylı qətnaməsinə, Keşlə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli məktubuna əsasən həmin sahənin eskiz layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə razılaşdırılmış və İddiaçı ilə bağlanılmış icarə müqaviləsi öz qüvvəsini itirmişdir. Bələdiyyənin vermiş olduğu bu cavabın absurd olması açıq-aşkardır. Təbii ki, müqaviləyə durduq yerə xitam verilə bilməzdi. Belə olduğu təqdirdə nəyə görə, nə əsasa, nə vaxt, kim tərəfindən, hansı vəziyyətdə, hansı formada müqaviləyə xitam verildiyi sualları açıq qalmışdır. Məhkəmə isə bu sualların cavabını axtarmadan, araşdırma aparmadan tələsik qərar çıxarmışdır. Məhkəmənin iddianı rədd edərkən istinad etdiyi məqam iddiaçı tərəfindən torpaq sahəsinin ayrılmasına dair qərarın cavabdeh orqana təqdim edilməməsidir. Sənədlərdəki hər hansı bir çatışmazlıq vətəndaşın əleyhinə şərh olunmamalıdır. Faktiki olaraq Bələdiyyə icarə müqaviləsinin mövcud olması və həqiqiliyini təsdiq etmişdir. Belə olduğu təqdirdə vətəndaşdan asılı olmayan hər hansı sənədləşmə işinin natamamlığı onun hüquqlarının pozulması üçün əsas ola bilməzdi. Çünki həmin sənədin saxlanması, rəsmiləşdirilməsi Bələdiyyənin vəzifəsidir. “İnzibati icraat” haqqında Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Normanın mənasından yola çıxaraq hazırki işdə icarə müqaviləsinin mötəbərliyi şübhə altına alınmır. Belə olduğu təqdirdə vətəndaşın səhvi ucbatından baş verməyən hər hansı çatışmazlığın onun əleyhinə tətbiq edilməsi əsassızdır. Bakı İnzibati məhkəməsi məhkəmənin yardım etmək vəzifəsindən bəhs edən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsi xatırladılsa da, hakim professional vəkillə təmsil olunan tərəfə yardım etmək vəzifəsinin olmadığını bildirmişdir. Lakin maddəyə baxdıqda görünür ki, qanunverici orada bu cür istisna müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.2-ci maddəsinə görə, məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinin pozulması faktı ilə bağlıdır. Çünki bir vəkilin bütün sahələr üzrə ixtisaslaşması mümkün deyil. O da inzibati işlər üzrə ixtisaslaşmayıb və yardıma ehtiyacı olsa da, bu hakim tərəfindən kobud formada qarşılanmışdır. İşin hallarına gəldikdə birinci məsələ 2018-ci ilin mart ayında verilmiş çıxarışın ləğvi barədədir, digər məsələ isə iddiaçı ilə Keşlə bələdiyyəsi arasında bağlanmış olan 2005-ci il tarixli icarə müqaviləsinə münasibətdədir. Hafiz və Namiq adlı şəxslər 871 kv.m. əraziyə malik olan daşınmaz əmlak kompleksi inşa edən iddiaçının ərazisinə “göz qoyurlar” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərifə adlı şəxsdən istifadə edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki direktorundan payları rəsmi olaraq alınmışdır. Çıxarış alındıqdan sonra məsələnin ört-basdır edilməsi üçün iddiaçı 2018-ci ilin mart ayında milyonluq dəyəri olan əraziyə 250000 manat kompensasiyanın ödənilməsinə təhdid edilərək razı salınmışdır. Əlavə olaraq iddiaçıya 6 sot torpaq sahəsi və 50000 manat məbləğində pul vəsaitinin veriləcəyi bildirilmişdir. 2021-ci ilədək iddiaçı ona qeyd etdiyim şəkildə torpaq sahəsi və pul məbləğinin veriləcəyini gözləmişdir. 2021-ci ildə Bakı İnzibati Məhkəməsi tərəfindən qeydiyyatdan çıxarılma tələbi üzrə mübahisəyə baxılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, sözügedən ərazini icarəyə götürdüyü zaman ora boş bir sahə idi. İddiaçı oranı 2005-2007ci illər ərzində inşa etmişdir. İddiaçının həmin ərazidə 850 kvadrat metrlik tikili vardır. Övladlarının Moskva şəhərində işləyib qazandıqları pulu da o, həmin tikiliyə xərcləmişdir. 800000 manat məbləğində dəyərə malik olan tikiliyə 250000 manat məbləğində kompensasiya ödəyiblər. Onu davamlı olaraq təhdidlərə məruz qoydular. Daxili İşlər Nazirliyinə bu barədə müraciət etmişdir. Hətta nəvələrini oğurlayacaqları barədə onu təhdid ediblər. İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cavabdeh inzibati orqan tərəfindən iddiaçının dəqiqləşdirilmiş tələbinə dair müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair Keşlə bələdiyyəsinin qərarı təqdim edilməmişdir. - xx.xx.2018-ci il tarixdə verilmiş, reyestr nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 871,7 kv.m. sahəsi oln əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Müəssisənin yerləşdiyi 0,10137 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 12-da qeydiyyatdadır. - İcarəyə verən Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsi ilə icarəçi İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 43 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Nizami rayon Keşlə Bələdiyyəsinin 05 fevral 2001-ci il tarixli, 11 saylı Qərarı əsasında Keşlə qəsəbəsi, O.Vəliyev küçəsində yerləşən ümumi sahəsi 860 kv.m. olan torpaq sahəsi xx.xx.2005-ci il tarixdən xx.xx.2030- cu ilədək müddətli istifadəyə verilmişdir. Keşlə Bələdiyyəsi tərəfindən Oqtay Vəliyev küçəsində İddiaçı adına rəsmiləşdirilməsi nəzərdə tutulan 860 kv.m. torpaq sahəsinin şərti ölçülü cizgisi tərtib edilmiş və bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1866/05 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nizami RPİ ŞVQ şöbəsinə qarşı iddiası təmin edilmiş və onun Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi 23/60 saylı evə yaşayış hüququnun tanınması qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubda bildirilmişdir ki, “Nizami Rayon İcra Hakimiyyətinə, Keşlə qəsəbəsi, O.Vəliyev küçəsi, 23/60 saylı evdə yaşayan, vətəndaş İddiaçı ərizə ilə müraciət, edərək tikintisi yarımçıq qalmış, fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məlum edilmişdir ki, göstərilən fərdi yaşayış evi 1998-99-cu ilərdə inşa edilmişdir. Vətəndaş İddiaçı həmin evə Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1866/05 saylı qərarı ilə pasport qeydiyyatına düşmüş və halhazırda da ailəsi ilə orada yaşayır. Yarımçıq qalmış evin tikintisini başa çatdırmaq niyyəti ilə, İddiaçı «Bakımənzilkommunlayihə» institutunda eskiz layihəsi hazırlatmış, onun təsdiq olunmasında və tikintinin aparılmasına icazə verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Nizami Rayon İcra Hakimiyyəti, göstərilən evin, əlavə edilən eskiz layihəsinə uyğun olaraq inşa edilməsinə etiraz etmir və Sizdən həmin layihəyə qanuna müvafiq qaydada baxılmasına göstəriş verməyinizi xahiş edir”. - "xxxx" Firmasının təsisçi-direktoru tərəfindən Keşlə bələdiyyəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubda bildirilmişdir ki, “Mənim Keşlə qəsəbəsi, O. Vəliyev küçəsi, 2360 məhəllə ünvanda yerləşən "xxxx" müəssisənin qarşısında 900 m 2 boş sahə var. Həmin torpaq sahəsi Bakı şəhər X8 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli qərarı ilə mənə məxsus olan "xxxx" firmasına yaşıllıq sahəsi kimi ayrılmışdır. Vaxtımın olmaması və digər səbəblərdən mən həmin sahəyə qulluq edə bilmirəm. Onun üçün də həmin torpaq sahəsinin İddiaçı Keşlə Bələdiyyəsi tərəfindən uzun müddətli icarəyə verilməsinə etiraz etmirəm”. - ünvan 9 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin arxiv qovluğunda saxlanılan Bakı şəhər X8 İcraiyyə Komitəsinin 14/643 saylı, 23 oktyabr 1991-ci il tarixli qərarının surətindən görünür ki, Nizami rayon sovetinin xahişi təmin edilərək Nizami rayonu, Sosialist küçəsi, 2360-cı məhəllədə "xxxx" Kiçik Müəssisəsinə istehsalat məntəqəsinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır. - Keşlə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 90 nömrəli arayışından görünür ki, İddiaçı Keşlə qəsəbəsi, O.Vəliyev küçəsi, 23/60 ünvanında istifadəsində olan torpaq sahəsinə görə torpaq vergisini 2017-ci il tarixə qədər ödəmişdir. - Dövlət Arxivinin Bakı filialından verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan bildirilmişdir ki, Keşlə bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2001ci il tarixli, 11 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Keşlə Bələdiyyəsi tərəfindən təqdim edilmiş həmin bələdiyyənin xx.xx.2001-ci il tarixli ümumi iclasının 11 saylı protokolunun surətindən görünür ki, bələdiyyə torpaqlarında yerləşən obyektlərin icarə qiymətlərinin təsdiqi məsələsi gündəliyə çıxarılmış və həmin torpaqların icarəyə verilməsi zamanı 600 (altı yüz) manat 1,5-3,0 arası zona əmsalı miqdarında icarə haqqı təyin edilməsi qərara alınmışdır. Sorğunun cavabına həmçinin yuxarıda istinad olunan xx.xx.2005-ci il tarixli, 43 nömrəli müqavilənin və ayrılması nəzərdə tutulan 860 kv.m torpaq sahəsinin şərti ölçülü cizgisi əlavə edilmişdir. - Keşlə Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 67-k nömrəli məktubda bildirilmişdir ki, “Keşlə qəsəbəsi, O.Vəliyev küçəsi, 23/60 ünvandakı 860 kv.m. torpaq sahəsi İddiaçı istifadəsində olduğu üçün onun ərizəsi əsasında həmin sahənin torpaq vergisinə cəlb olunması məqsədilə xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Bakı şəhəri Nizami RİH-in xx.xx.2007-ci il tarixli S-5 saylı məktubuna, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1866 saylı qətnaməsinə, Keşlə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli məktubuna əsasən həmin sahənin eskiz layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə razılaşdırılmış və İddiaçı ilə bağlanılmış icarə müqaviləsi öz qüvvəsini itirmişdir”. – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin birinci instansiyası məhkəməsinin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 10 ünvanında yerləşən qeyriyaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı zaman Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq ünvan 11 ünvanı təyin edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş birinci instansiyası məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, verilmiş koordinatlara əsasən qeyd olunan torpaq sahəsi hazırda "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmış **********78-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasportunun baş planında göstərilmiş 2985.5 kv.m torpaq sahəsinin bir hissəsi olmaqla dövlət mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə müvafiq olaraq, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə müvafiq olaraq, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə müvafiq olaraq, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən (28 oktyabr 2008-ci il tarixədək qüvvədə olan redaksiya), torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 6.9-cu maddəsinə görə, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Birinci instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Lakin hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, iddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Keşlə bələdiyyəsi ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləni təqdim etmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, müvafiq qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə verilməsini həm bələdiyyənin qərarı, həm də tərəflər arasında bağlanmış müqavilə ilə şərtləndirmişdi. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbləri baxımından torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd kimi bələdiyyənin qərarı çıxış edə bilər. Lakin işin araşdırılan halları ilə iddiaçıya Nizami rayonu, O.Vəliyev keçəsindən 860 kv.m torpaq sahəsi ayrılmasına dair inzibati aktın mövcudluğu müəyyən edilməmiş, iddiaçı tərəfindən də əksini təsbit edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Keşlə bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 43 nömrəli icarə müqaviləsində istinad olunan xx.xx.2001-ci il tarixli, 11 nömrəli qərar iddiaçıya torpaq sahəsinin ayrılmasına dair deyil, bələdiyyə torpaqlarının icarə qiymətlərinin müəyyən edilməsi ilə bağlı keçirilmiş iclasın protokoludur. Bundan başqa, iş materiallarında olan Keşlə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi, iddiaçı ilə Keşlə Bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi öz qüvvəsini itirmişdir. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya şikayətində qeyd olunan və məhkəmə iclasında vəkil tərəfindən əsas arqument olaraq səsləndirilən birinci instansiyası məhkəməsi tərəfindən yardımın göstərilməməsi barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı birinci instansiyası məhkəməsində iki vəkillə təmsil edilmiş, iddiaçının tələbi proses gedişatında dəyişdirilmiş iddiaçının hüquqi marağı ifadə edilmiş, məhkəmə tərəfindən vəkillərin prosessual fəaliyyətinə hər hansı maneə yaradılmamışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. İnzibati məhkəmə icraatı insan hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynayır. Bu sahədə məhkəmənin yardım etmək vəzifəsi, xüsusilə də vəkilin iştirakı şəraitində hansı həddə qədər genişlənə biləcəyi müzakirə doğuran məsələdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi bu vəzifənin hüquqi əsasını təşkil edir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə: - formal xətaların aradan qaldırılmasında; - iddia tələblərinin dəqiqləşdirilməsində; - yanlış iddia növünün düzgünü ilə əvəz olunmasında; - faktiki məlumatların tamamlanmasında; - əhəmiyyətli halların izahında proses iştirakçılarına yardım etməyə borcludur. Göründüyü kimi, qeyd olunan maddənin kontekstində yardım hüquqi məsləhət vermək və ya prosessual sənəd hazırlamaq demək deyil. Yardım, daha çox prosesin ədalətli və aydın aparılmasına yönəlmiş texniki dəstəkdir. Bu, əsasən məhkəmə prosesinə vəkilsiz iştirak edən şəxslərə yönəlmiş bir köməkdir. Vəkilin isə məhz özünün seçdiyi və vətəndaşa yüksək keyfiyyətli hüquqi yardım göstərə biləcəyi sahə üzrə işi icraatına götürməsi peşəkar öhdəlikdir. Vəkil bilmədiyi sahə üzrə işə daxil olursa və hüquqi mövqe formalaşdırmaqda çətinlik çəkirsə, məhkəmənin yardım etmək vəzifəsinin belə halların kompensasiya edilməsi üçün istifadə edilməsi hakimin neytrallığının pozulması, tərəflər arasında balansın itməsinə səbəb ola bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 birinci instansiyası məhkəməsi tərəfindən ona İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada yardım etməməsi barədə dəlili iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamaqla yanaşı, özü-özlüyündə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3130/2024 saylı qərarının ləğv edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Digər dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsində yerləşən 860 kv.m. torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilmədiyindən, eyni zamanda O.Vəliyev küçəsi 22F ünvanında yerləşən əmlak kompleksinə dair "xxxx" MMC-nin adına aparılmış qeydiyyatın qanunsuz aparılmasına dəlalət edən hər hansı sübut təqdim edilmədiyindən, o cümlədən, konkret halda sözügedən əmlak kompeksi üzərində "xxxx" MMC-nin adına qeydiyyat hərəkətlərinin aparılması üçün həmin ünvanda qeydiyyatda olan şəxslərin razılığının olması qanunla tələb olunmadığından cavabdehin hərəkətləri və imtinası qanunazidd olmamışdır. Həmçinin məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə yazdığı aşağıdakı məzmunlu ərizəsi mövcuddur: “... Yazıb bildirirəm ki, pasport qeydiyyatında olduğum ünvan 12 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılmağım üçün "xxxx" MMC-nin direktoru X4 tərəfindən mənə 250 000 (iki yüz əlli min) manat kompensasiya ödənildi. Yuxarıda yerləşən qeyri-yaşayış sahəsinə dair heç bir iddiam yoxdur və gələcəkdə də olmayacaq”. Qeyd olunan ərizənin yazılması və 250000 manat məbləğində pulun alınması iddiaçı tərəfindən inkar olunmur və bildirilir ki, bunu təhdidlər altında olaraq edib və bu müddət ərzində aidiyyəti qurumalara şikayət yazmaqla əmlakını qaytarmağa çalışıb. Bununla yanaşı “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, ilkin olaraq məhkəməyə xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müraciət etmiş və İddiaçı, X5, X1, X9, X11, X12, X13, X6, X7 və X2 Kaspi-İ MMC-yə məxsus ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2-1(112)-979/2024 saylı qərardadı ilə həmin inzibati iş üzrə icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 14 ünvanına dair "xxxx" MMC-nin adına RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş qeydin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2(112)-3130/2024 nömrəli işi üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri iş materiallarında olan sənədlərlə təkzib edilir və hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3130/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3130/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1482/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1482/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver