Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1483/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı və onun vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv edilməsi və yeni qərarın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4549/2020 saylı qərardadından iddiaçı tərəfındən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işəp Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasmda məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 8388/2019-003 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir Məmmədovun hərəkətlərini qanunsuz hesab edərək xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında Qərarını ləğv etməklə, icra vərəqəsi üzrə yeni icraata başlamaq haqqında qərar qəbul edilməsi və icraata başlamaq haqqında qərarın və bildirişin könüllü icra üçün verilməsi vəzifəsinin cavabdeh Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4549/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4549/2020 saylı qərardadının ləğv etməklə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8388/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(003)- 55/18 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, X3 ilə X6 arasında xx xxxx 2016-cı il tarixdə bağlanmış, AN-İ seriyalı, ******* №, Bakı şəhəri 9 saylı notariat kontorunda 4Ə/396 nömrə ilə reyestr qeydiyyatına alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələr – X2 adına aparılmış reyestr qeydi, X6 ilə İddiaçı arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış, AN-İ seriyalı, ******* №, Bakı şəhəri 10 saylı notariat kontorunda 4Ə/110 nömrə ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin; Bakı şəhər, Xəzər rayon, Buzovna qəsəbəsi Rasim İmanov küçəsində yerləşən 2A saylı evin 17 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı adına aparılmış reyestr qeydi və RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın; İddiaçı ilə X4 arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış 4 saylı Bakı “ASAN xidmət” mərkəzində reyestrdə 4Ə/1117 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin; Bakı şəhər, Xəzər rayon, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 2A saylı evin 17 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən X1 adına aparılmış reyestr qeydin və RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020- ci il tarixli, 1309 №-li tələbin könüllü icrası haqqında bildirişdən və eyni tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılması, borclu İddiaçı, X2, X1 10 gün müddətidə icranı könülü olaraq təmin edilməsinin təklif olunması qərara alınmışdır. İddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, mülki icraat qaydasında baxılan iş üzrə verilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8388/2019-003 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icra edilməsi üçün cavabdeh orqanına göndərilmiş və sonuncu tərəfindən həmin icra sənədi çərçivəsində icra hərəkətləri həyata keçirilmişdir. İcra sənədi üzrə borclu olan iddiaçının iddia ərizəsindən göründüyü kimi, o, hazırki iddia ərizəsi ilə Xəzər rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarınının ləğvini tələb edir. İddiaçı icra məmuru tərəfindən qəbul edilən qərarın qanunazidd olduğuna əsaslanır. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən verilmiş və cavabdeh orqanın icraatında olan icra sənədləri üzrə icra məmuru tərəfindən qəbul edilən qərarının ləğvi və həmin icra vərəqəsi üzrə yeni icraata başlamaq haqqında qərarın qəbul edilməsi ilə bağlıdır. Belə ki, İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranması təşkil edir. Konkret halda isə həmin şərt ödənilmədiyindən iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Yəni, mülki icraat qaydasında baxılan iş üzrə verilmiş icra sənədi ilə başlanmış icra icraat zamanı həmin icraatın iştirakçıları tərəfindən qaldırılan hər bir məsələyə inzibati icraat çərçivəsində baxılması mümkün sayıla bilməz. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı icra məmuru tərəfindən qəbul edilən icraata başlamaq haqqında qərardan şikayət etsə də, son olaraq, həmin icra məmurunun verilmiş icra sənədi üzrə həyata keçirdiyi hərəkətləri qərəzli hesab edir. Məhz, “Homsbi” Yunanıstana qarşı işdə (xx xxxx 1997 40-cı bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir”. Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə, icra sənədlərinin icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri ilə yanaşı həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Məhkəmə kollegiya qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir, qanuni qüvvəsini almış məhkəmə qərarının (qərardadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımından, icra orqanına qarşı onun hərəkət və hərəkətsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilməlidir. Bu səbəbdən Məhkəmə bildirir ki, yalnız icra orqanı tərəfindən icra icraatından kənara çıxarılmaqla yol verilən, icraatdan kənar şəxslərin hüquq və azadlıqlarının pozulduğu hallarda, həmin şəxslərin icra orqanının hərəkət və hərəkətsizliyindən və ya qərarlarından verdiyi şikayətlərin ümumi (publik) hüquq sahəsinə aid edilməsi və bu qəbildən olan mübahisələrə inzibati məhkəmələrə aid edilərək inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. Qeyd edilənlərin hazırki işə tətbiqi baxımından Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən hərəkəti icra sənədinin birbaşa icrasına yönəlmiş hərəkət olmuşdur. Ona görə də, həmin hərəkətin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş idida müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4549/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1483/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1483/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver