Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1484/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X15, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X14 iştirakları ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Bakı şəhər İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti, X16, X21, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi) qarşı reyestrdən çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 253/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı ildə Binəqədi Rayon Binəqədi bələdiyyəsi tərəfindən 521 nömrəli müqavilə ilə onun istifadəsinə verilmiş 1200 kv. metr bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ildə Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsi bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi barədə 521 nömrəli müqavilə ilə Binəqədi rayonu Goradil bağ massivində 1200 kv.metr torpaq sahəsi onun istifadəsinə verilmiş, həmin vaxtdan müvafiq bələdiyyə vergilərini ödəmiş, sahəni daş hasara almış, dəmir darvaza qoymuş, əlavə kiçik bir otaqlı örtülü sahə tikmiş, bu otaqdan müxtəlif əşyalarının saxlanılması üçün istifadə etmiş, bundan əlavə öz adına elektrik xəttini də sənədləşdirərək, sayğac qoydurmuşdur. Həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2019-cu ildə cavabdehə müraciət etmiş, ona bildirilmişdir ki, həmin bağ sahəsi digər şəxslərin adına qeydiyyata alınmış, əlavə olaraq ona bildirmişlər ki, onunla bağlanmış müvafiq icarə müqaviləsində bağ sahəsinin nömrəsi göstərilməmişdir. Şifahi olaraq bələdiyyədən bununla bağlı məlumat alarkən ona bildirilmişdir ki, onlar heç bir müqavilədə bağ sahəsinin nömrəsini qeyd etmirlər, həmçinin ona bildirmişlər ki, həmin müqavilə hazırda da qüvvədədir, lazım gələrsə bu barədə rəsmi məlumat da verilə bilər. Cavabdeh birinci instansiya məhkəməsinə yazılı etiraz ilə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən sahə Goradil bağ massividir, həmin ərazi digər şəxslərin (X9) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin ayrılması haqqında bələdiyyə qərarı sənədlər toplusuna əlavə edilməmiş, situasiya planında və torpaq sahəsinin bağ sahəsi kimi icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli 521 nömrəli müqavilədə bağ nömrəsi qeyd edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış, iddiaçıya bu barədə müvafiq məktub ünvanlanmışdır. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən sahə bələdiyyə üçün ayrılmış əraziyə aid deyildir. Əlavə olaraq göstərilmişdir ki, Binəqədi rayonu, Goradil kəndindəki 0,06 ha torpaq sahəsi olan 1696ğ nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X6 İnkişafı və İstismarı Birliyinin 38644 saylı, xx.xx.2006-cı il tarixli müqaviləsi əsasında X9 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sonuncu xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ sahəsini X4, bu fakt da xx.xx.2013-cü il tarixdə dövlət reyestrində qeydə alınmış, hazırda həmin şəxsin mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2020 saylı, xx xxxx 2020-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırma aparmadan bağ sahəsinin Binəqədi Bələdiyyəsinə aid olmadığına dair qərar qəbul etmişdir. İddiaçı tərəfindən 2006-cı ildən indiyədək hər il torpaq vergisi bələdiyyəyə ödənilmişdir. Həmin torpaq sahəsinin X12 aid olması barədə tərtib edilmiş aktı imzalayan şəxslərin şəxsiyyət vəsiqələrinin seriya nömrələri əlavə edilməmişdir. İddiaçı həmin sahədə tikinti işləri aparmışdır və həmin sahə iddiaçının faktiki istifadəsindədir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, torpaq sahəsinin 6 sot sahəsi digər şəxs tərəfindən zəbt edilmişdir. Ərazi iddiaçı tərəfindən hasarlanmış və illik torpaq vergiləri iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, qeyd olunan sahə dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olaraq, X10 balansında olmuşdur. Mübahisələndirilən torpaq sahəsi digər şəxsin adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, torpaq sahəsi Bələdiyyənin balansında olmuşdur. İddiaçıya 99 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin Bələdiyyəyə aid olması barədə təsdiq edilmiş xəritə və İcra Hakimiyyətinin sərəncamı mövcuddur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, X2 xx.xx.1976-cı ildə Ağcabədi rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Binəqədi rayonu X7 ərazisində olan torpaq sahəsini bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında 521 №li xx.xx.2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri N.Məmmədovla (“İcarəyəverən”) İddiaçı (“İcarəçi”) arasında həmin tarixdə Binəqədi rayonu Goradil bağ massivində yerləşən 1200 kv.metrlik torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin qüvvəsinin xx.xx.2006-cı il tarixdən xx.xx.2105-ci ilədək olması müəyyən edilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısı X6 inkişafı və istismarı birliyinin 38644 saylı, xx.xx.2006-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2006-cı il tarixli 274 saylı sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisindəki sahəsi 0,06 ha 1696 nömrəli bağ sahəsi X9 istifadəsinə verilmiş, müqavilənin qüvvədə olma müddəti xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək müəyyən edilmişdir. Bakı şəhəri 40 saylı dövlət notariat kontorunda bağlanmış AN-İ seriyalı ******* №li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X16 (“Satıcı”) Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1696 g saylı bağ sahəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsini xx.xx.2012-ci il tarixdə X3. Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1696 g saylı bağ sahəsi X17 adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə 333 nömrəli reyestr kitabının 31462 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2019-cu il tarixli müayinə aktının surətindən görünür ki, iddiaçı tərəfindən göstərilmiş sahə bələdiyyələr üçün ayrılmış torpaq sahələrinə aid deyildir, bağ sahələri üçün ayrılmış ərazi olmaqla elektron baza məlumatlarına əsasən həmin sahə digər şəxslərin adına dövlət qeydiyyatından keçirmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın **********30 №li xx.xx.2019-cu il tarixli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsilə daxil olmuş sənədlər surətdir, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən sahə Goradil bağ massivinə aiddir, həmin ərazi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. Bundan əlavə ərizəyə əlavə edilmiş sənədlərdə (bələdiyyə qərarı, situasiya planı və icarə müqaviləsində) bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Bu səbəblərdən də həmin ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın hazırki vəziyyətdə iddiaçıya imtina etməsi və imtinaya əsas kimi göstərdiyi hallar qanuni və əsaslı olmuşdur. İşə baxan məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb olunan torpaq sahəsinə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin istifadəsinə ayrılmış torpaq sahələrinə aid olmadığı və üçüncü bir şəxsin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı, hazırki iş üzrə iddiaçı tərəfindən həmin qeydəalınmanın mübahisələndirlmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakı hüquq normalarını qeyd edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Savalan» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 2-ci bəndinə görə, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır; 3-cü bəndinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir; 59-cu maddəsinin 2-ci bəndinə görə, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir; 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilmişdir ki, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, maddi hüquq normalarının tələbində göstərilən iddianın təmin edilərək müvafiq çıxarışın verilməsi üçün əsas olan sənədlər iddiaçı tərəfindən inzibati orqana və ya məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının çıxarış almaq hüququ yaranmamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi və iddia tələbinin təmin edilməsi üçün əsas təşkil etmir. Apellyasiya şikayətinin əsas dəlili kimi məhkəmənin həmin bağ sahəsinin Binəqədi bələdiyyəsinə aid olub-olmadığını yoxlanılmaması qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********61 saylı məktubunda göstərilmişdir ki, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 521 nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Goradil bağ massivində yerləşən 1200 kv. metrlik torpaq sahəsi ilə bağlı məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2019-cu il tarixli 09/3-132 №li məktubuna əsasən Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya 0,12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli 521 saylı müqavilə X13 aşkar edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********29 №li məktubuna əsasən mövcud baza məlumatlarında iddiaçının adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab olunaraq dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-253/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1484/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1484/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver