Məhkəmə qərarları › İş №2-1(103)-1484/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1484/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1484/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-3558/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh artıq ödənilmiş 4146,68 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən 21 iyun 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 305,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi- 91,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 130,69 manat olmaqla orta aylıq əmək haqqının 582,19 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 20.11.3cü maddəsinə əsasən 16 il 8 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (582,19 manat) 80 faizi - 465,75 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.12.2013- 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 526,22 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 3083,97 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 16 il 8 ay dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün cavabdehə vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 55,00 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən cavabdehə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 335,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi-100,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 143,54 manat olmaqla orta aylıq əmək haqqı 634,04 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (582,19 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (634,04 manat) arasındakı fərq məbləğinin (51,85 manat) 55,00 faizi-28,52 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyasının (465,75 manat) üzərinə əlavə olunmaqla əmək pensiyansının məbləği 494,27 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019- cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 553,70 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1069,74 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşının 505,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi-151,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi 216,39 manat olmaqla orta aylıq əmək haqqı 927,89 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək cavabdehə vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (634,04 manat) ilə 1 sentyabr 2019- cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (927,89 manat) arasındakı fərq məbləğinin (293,85 manat) 55,00 faizi-161,62 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyanın (494,27 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 655,89 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.05.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 729,42 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 661,77 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya 01.12.2013-31.05.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4815,48 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar 01.06.2020-31.10.2020-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyasından (655,89 manat) hər ay 133,76 (cəmi: 668,80 manat) tutulmuşdur. Məlumat üçün bildirmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin iyun ayından etibarən əmək pensiyası 655,89 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə iddiaçıya tərəflərindən 03.11.2020-ci il tarixli, **********8 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçının ona qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddiası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar” nın 1.3-cü bəndinə 2017-ci il iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Qaydaların həmin bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149- cu maddəsinin Vİİ hissəsinə əsasən ona, 2012-ci ildə təyin edilmiş əmək pensiyası 2017- ci ilin 1 iyulundan sonra qüvvəyə minmiş norma əsasında yenidən hesablana bilməz. Ona 2012-ci ildə təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.3-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olmalıdır. Həmin maddəyə görə dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-3558/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın icraata götürülərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 mart 2021ci il tarixli, 2-1(112)-3558/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehə 01.12.2013-31.05.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4815,48 manat artıq pul vəsaitinin ödənildiyini əsas gətirərək həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə 03.11.2020-ci il tarixli, **********8 nömrəli məktubla müraciət etmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82, 6.1.8-ci maddələrinə istinad edərək iddianı mümkünsüz hesab etmiş və qərardadını belə əsaslandırmışdır ki, artıq ödənilmiş əmək pensiyasını alan şəxslər tərəfindən vəsaitin dövlət büdcəsinə alınması məqsədilə əmək pensiyasını təyin edən orqan tərəfindən qaldırılan iddialar həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi prosesinin müddətini lüzumsuz olaraq uzatdığından, bu qəbildən olan borcların tutulması məqsədilə əmək pensiyasını təyin edən orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinin və “İcra haqqında” Qanunun 6.1.8-cı maddəsinin tələblərinə uyğun olaraq icra orqanına icra sənədinin verilməsi daha məqbuldur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qanunvericiliyin tələbinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı olduğu təqdirdə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutula bilər, əks halda həmin məbləğin məhkəmə qaydasında tutulması göstərilmişdir. İşin hallarından göründüyü kimi inzibati orqan artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı razılığın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin həmin məbləğin qaytarılması ilə bağlı razılığı olmamışdır. Həmçinin, cavabdehin razılığının olmaması birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə yazılı etiraz və məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. Birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, əmək pensiyasını təyin edən orqanın icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul edib təqdim etmək səlahiyyəti vardır və əmək pensiyasını təyin edən orqan müəyyən müddət davam edən məhkəmə prosesləri olmadan da birbaşa olaraq “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinin və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq eyni məzmunlu icra sənədi verməklə artıq ödənilmiş əmək pensiyasını dövlət büdcəsinə vaxtında ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə qaydasında artıq ödənilmiş əmək pensiyasının dövlət büdcəsinə ödənilməsi üçün iddia qaldırmağa lüzum qalmır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında tutula bilər, hazırkı halda isə belə razılıq olmadığından inzibati orqan həmin məbləğin məhkəmə qaydasında tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, birinci instansiya məsəhkəməsi istinad etdiyi hallarla bağlı iddia tələbini mümkün saymamaqda haqlı olmamışdır. Hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(112)-3558/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar