Məhkəmə qərarları › İş №2-1(103)-1484/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1484/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1484/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiyanın hesablanaraq ona ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, “baş serjant” rütbəsində pensiyada olan keçmiş polis əməkdaşıdır. 1991-2005ci illər ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət keçmiş, o cümlədən 1992-1994-cü illər ərzində vətən torpaqlarının azadlığı və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etmişdir. Polis orqanlarında xidməti güzəştli əsaslarla 21 (iyirmi bir il) 6 (altı) ay olmuşdur. 2005-ci ilin mart ayında polis orqanlarından tərxis olunarkən xidmət etdiyi Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsi tərəfindən iddiaçıya bildirilmişdir ki, “iddiaçının xidməti azdır və pensiya düşmür”. İddiaçı 2020-ci ilin may ayında təkrarən Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etmiş və ona bildirilmişdir ki, “iddiaçıya pensiya düşür”. Onun xidmət illəri hesablanaraq pensiya vərəqəsi Dövlət Sosial Müdafiə Fonduna (DSMF) göndərilmiş, həmin ilin avqust ayından o, pensiya alır. Ona pensiya təyin olunan zaman Dövlət Sosial Müdafiə Fondunda ona sonuncu 3 (üç) ilin pensiyasının ödəniləcəyi bildirilmiş və “əvvəlki illərə görə pensiyanın təyin olunmaması onların günahı deyil və xidmət edilən quruma müraciət edilsin” deyə bildirilmişdir. 11 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinə və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) rəsmi şəkildə müraciət edərək keçmiş dövr üçün almadığı pensiyanın hesablanaraq ödənilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, cavabdeh qurumlardan bu günədək heç bir cavab almamışdır. İddiaçı pensiyaya 2005-ci ilin mart ayında çıxmışdır. Xidmət etdiyi Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinin Kadrlar şöbəsindən ona bildirilmişdir ki, “iddiaçının stajı az olduğu üçün ona pensiya düşmür”. 2020-ci ilin may ayında xidmət yoldaşlarından öyrənmişdir ki, iddiaçı ilə xidmət etmiş və iş stajı onunla eyni olan şəxslərə xidmətdən buraxıldıqları vaxtdan, yəni 2005-ci ildən pensiya təyin olunmuşdur. 2005-ci ilin mart ayında xidmətdən buraxılan gündən onun pensiya hüququ yaranmışdır. Lakin cavabdeh orqanların səhlənkarlığı ucbatından ona həmin zaman pensiya təyin olunmamış və o, 15 (on beş) il 5 (beş) ay ərzində pensiya almamışdır. Bu da onun və ailəsinin maddi çətinliklərlə üzləşməsinə səbəb olaraq ailəsinə külli miqdarda ziyan vurmuşdur. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-6406/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsindəki ilkin icraat : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1991-cı ildən 2005-ci il tarixinə kimi Daxili işlər orqanlarında xidmət etmiş,1992-1994-çü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında döyüş əməlyyatlarında iştirak etmiş, 2005-ci il tarixində Polis orqanlarından təxris edilmiş və xidməti ili ilə əlaqədar xidmət etdiyi orqana əmək pensiyasının təyin olunması ilə əlaqədar dəfələrlə müraciət etsə də heç bir müsbət qərar qəbul edilməmişdi. Xidmət etdiyi Səbail rayon polis idarəsinin kadrlar şöbəsi tərəfindən xidməti ili az olduğu üçün onun əmək pensiyası almaq hüququnun olmadığını bildirilmişdir. 2020-ci ilin may ayında onunla eyni zamanda xidmətə daxil olmuş xidməti yoldaşları və eyni iş stajı olan sabiq əməkdaşların əmək pensiyasına çıxmaları barədə məlumat əldə etdikdən sonra yenidən xidmət etdiyi Səbail rayon polis idarəsinin kadırlar şöbəsinə yaxınlaşaraq onun xidməti vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filala göndərilməsini xahiş etmiş, 25.07. 2020-ci il tarixində göndərilmiş və hesablama ilə onun Daxili İşlər orqanlarında xidməti ilinin 15 il,11 ay 20 gün imtiyazlı hesablama ilə 21 il, 6 ay, təşkil etmişdir ki, bu da onun artıq 2005-ci il tarixində Daxili işlər orqanlarından təxris edildiyi zaman pensiya hüququnun yaranması olmuşdur. Lakin məlum qrum tərəfindən onun əmək və konstitusiya hüququ pozularaq 15 il müddətində ona ödəniləcək əmək pensiyasının ödənilməməsinə səbəb olmuşdur ki, bu da həmin illərdə onun heç bir yerdə işləməməsi və ailəsinin maddi çətinliklərlə üzləşməsinə səbəb olmuşdur. Lakin buna baxmayaraq yenidən etdiyi müraciətinə baxlıaraq ona xidməti ilinə görə 2020-ci ildə əmək pensiyası təyin edilmiş və qanunvericilikdə keçmiş dövr üzrə üç il üçün hesablanaraq hər ay üçün müvafiq kart hesabına köçürülür. Məhkəmə iddianın rədd edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, pensiya təyin edilməsi üçün 2005-ci ilin mart ayından 2020-ci ilin iyul ayına kimi dövr ərzində cavabdehlərə rəsmi müraciətlər olmamışdır. Xidmətdən təxris edilmiş əməkdaşın şəxsi işləri və onun hesabat vərəqəsi Daxili işlər nazirliyinin maliyyə idarəsində saxlanılır. Əməkdaşın xidmətdən təxris edilməsi zamanı dövlətə aid bütün verilmiş təminatlar təhvil verilir və əməkdaşın xidmət ili hesablanaraq aidiyyatı üzrə onun əmək pensiyası hüququnun olub-olmaması xidmət etdiyi orqanın üzərinə düşür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2- 1(103)-1399/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)- 6406/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsindəki icraat : Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının pensiya almaq hüququ 2005ci il tarixdə Daxili işlər orqanlarından tərxis edildiyi zaman yaranmışdır. İddiaçı pensiya təyin edilməsi üçün xidmət etdiyi Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etsə də, ona bildirilmişdir ki, xidmət müddəti kifayət etmədiyindən ona pensiya düşmür. 2020-ci ilin may ayında təkrarən Səbail rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə müraciət etdiyi zaman isə ona pensiya düşdüyünü bildirmişlər. Nəticədə iddiaçının pensiya almaq hüququ 2005-ci il tarixdə yaransa da, o 15 il ərzində pensiya almaq hüququndan məhrum olunmuşdur. Bununla da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2111/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1399/2022 nömrəli iş üzrə 15 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin izahatları : Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kassasiya instansiya məhkəməsi apelyasiya instansiya məhkəməsinin qərarını ləğv edərkən qeyd etmişdir ki, “iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 13 aprel 2021-ci il tarixdə Səbail rayon Polis İdarəsində qəbul zamanı, 2005-ci ildə xidmətdən xaric olunarkən qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna əsasən pensiya hüququnun olmadığı üçün həmin vaxt iddiaçıya pensiya təyin olunmasının mümkün olmadığı barədə ətraflı izahların verilməsi nəzərə alınaraq müraciəti əsasında toplanmış sənədlər işə alınmışdır. 30. Qeyd edilən məktubun məzmunundan göründüyü kimi iddiaçının məhz həmin dövrdə müraciəti əsasında toplanmış sənədlər işə alınmışdır. Beləliklə məktubdan anlaşılır ki, iddiaçının pensiya təyin edilməsi ilə bağlı 1 iyul 2017-ci il tarixinədək müraciəti olmuşdur. Odur ki, qeyd edilən müraciətin mövcudluğu bir daha araşdırılmalıdır”. İş materiallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və keçmiş üç il müddət üçün ona pensiya hesablanıb ödənilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ötən dövrlər üçün xx.xx.2017-ci il tarixdən 31 iyul 2020-ci tarixədək əmək pensiyası yenidən hesablanmışdır (15041,28:36=417,81 manat, xx.xx.2020-ci il tarixdən 480,70 manat ). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7.-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, o, 2005-ci il tarixində Polis orqanlarından təxris edilmiş və xidməti ili ilə əlaqədar xidmət etdiyi orqana əmək pensiyasının təyin olunması ilə əlaqədar dəfələrlə müraciət etsə də heç bir müsbət qərar qəbul edilməmişdir. Bu səbəbdəndə “2005-ci ilin mart ayından 2020-ci ilin avqust ayına kimi ödənilməmiş pensiya hesablanaraq ona ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 13 aprel 2021-ci il tarixli məktubundan iddiaçının 2005-ci ildə xidmətdən xaric olunduqdan sonra pensiya təyinatı ilə bağlı orqana rəsmi müraciətinin olub-olmaması həmin məktubun məzmunundan tam aydın olmadığı üçün Kollegiya tərəfindən işin obyektiv araşdırılması məqsədi ilə Səbail RPİ-nə 26 aprel 2023-cü il tarixdə yenidən sorğu verilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq verilmiş 03 may 2023cü il tarixli, 3-13-47/2-12458/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı şəxsi işinə və arxiv sənədlərinə baxılarkən 2005-ci ildən 2020-ci ilədək ona pensiyanın təyin olunması ilə bağlı rəsmi müraciət daxil olmadığı müəyyən edilmişdir. 2020-ci ildə İddiaçı müraciəti əsasında ona DİO-da xidmət illəri ilə bağlı müvafiq arayış təqdim olunmaqla, 11 iyun 2020-ci il tarixdə rəsmi cavab verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının izahatından da müəyyən edilmişdir ki, sonuncunun pensiya təyinatı ilə bağlı cavabdeh orqana 2020-ci ilədək hər hansı rəsmi müraciəti olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında göstərilmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İşin apellyasiya baxışı zamanı sözügedən Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında sərgilənən hüquqi mövqeyə uyğun olaraq, iddiaçının pensiya almaq hüququnun 2005-ci il tarixdən yaransa da, onun ötən dövr ərzində, yəni 2020-ci il tarixədək ona pensiya təyin olunması barədə cavabdeh inzibati orqana yazılı müraciət etməsi və ya müraciət etməməsinin üzrlü səbəblərdən mümkün olmadığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2021 nömrəli iş üzrə qəbul etdiyi 28 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar