Məhkəmə qərarları › İş №2-1(103)-1484/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1484/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1484/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9136/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh qurum əsassız olaraq imtina vermişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. xx.xx.1988-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər üzrə də iddiaçının işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Buna görə də xx.xx.1988- xx.xx.2000-ci il ve xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri iş stajına daxil etmək mümkün deyil. Hazırda iddiaçı qanunvericiliyin ona tanıdığı imkanlar nəticəsində yaranmış hüququndan istifadə edir. Eyni zamanda bütün zəruri sənədləri təqdim etməklə yanaşı mübahisələndirilən hüququ tam yaranmışdır. Belə ki, 13 iyul 1988-ci il tarixli AT-İİİ ******* nömrəli əmək kitabçasında xx.xx.1988-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "Bakiinjstroy" 33 saylı Tikinti İdarəsində və xx.xx.2000- xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində "İnşaatçi" firmasında işləməyi öz təsdiqini tapmışdır. Bundan başqa tərəfindən təqdim edilmiş arayışdan da görünür ki, o, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən "xxxx" MMC-də iş icraçısı vəzifəsində 03 oktyabr 2011-ci ildə 5 №-li əmrlə işə qəbul olmuş, 02 oktyabr 2017- ci ildə 58 №-li əmrlə işdən azad olunmuşdur. İddiaçı işlədiyi vəzifə üzrə sosial sığorta stajı 5 il 11 ay 29 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyəti, iş icraçısı kimi daim açıq havada işləməsi olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahının 29-cu bəndinə uyğundur. Hər kəsin sosial təminat hüququ vardır. Cavabdeh qurum imtinanı əsassız verməsi ilə yanaşı qanunvericiliyin tələblərinidə pozmuşdur. Onun güzəştli şərtlərlə pensiya hüququ olduğu halda cavabdeh qurum müxtəlif bəhanələr gətirməklə əsassız imtina etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9136/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

5. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hüququ yarandığı tarixədək mübahisəsiz ümumi iş stajı 25 ildən az xx.xx.2006-cı il tarixədək (xx.xx.1981-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər) və xx.xx.2006-cı il tarixdən sonra 13 il 01 ay sosial sığorta stajı olmaqla ümumilikdə 19 il 06 ay 04 gün təşkil edir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilmiş 13 iyul 1988-ci il tarixli AТ-İİİ ******* nömrəli əmək kitabçasında xx.xx.1988- xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində onun “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur. Həmin dövr Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən (qeyd olunan müəssisəyə münasibətdə arxiv sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur) tərəfimizdən mübahisələndirilmişdir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilmiş əmək kitabçasında onun xx.xx.2000-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında işlədiyi qeyd olunub. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Bu səbəbdən də xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Nəticədə xx.xx.2000xx.xx.2008-ci il tarixləri arasındakı dövrlərin iş stajına daxil edilməsi mümkün deyil. Tərəfimizdən verilmiş sorğuya cavab olaraq Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, dövlət reyestrində Bakı Mühəndis Tikinti Tresti 33 saylı Tikinti İdarəsinin xx.xx.1995-ci il tarixdə 434 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin İdarə adından inventarlaşmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Reyestrdə "xxxx" Firması adlı hüquqi şəxslərin sayı çox olduğundan sorğu etdiyiniz hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(102)-234/2021 nömrəli qərarının 33-cü bəndinə əsasən, “iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etdiyi halda həmin müəssisənin 2005-ci ildə VÖEN alması, iddiaçının 1998-2002-ci illərdə "xxxx" Şərikli Müəssisəsində işlədiyi müddətin mötəbərliyini şübhə altına alır”. Belə ki, hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Hazır ki, iş üzrə iddiaçının işlədiyi Bakı Mühəndis Tikinti Tresti 33 saylı Tikinti İdarəsinin xx.xx.1995-ci il tarixdə qeydiyyata alınması İddiaçı xx.xx.1988-xx.xx.2000-ci illərdə işlədiyi müddətin mötəbərliyini şübhə altına alır. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9136/2024 nömrəli Qərarının 35-ci bəndində iddiaçı ilə bərabər eyni vaxtlarda "Bakiinjstroy" 33 saylı Tikinti İdarəsində işləyən şəxslərə - X5, X3 və X1 mübahisələndirilən dövrlər nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə bərabərlik hüququ pozularaq fərqli rəftar olunduğu göstərilmişdir. Lakin qeyd olunan şəxslərə pensiya təyinatına dair sorğu verilməmiş və PAS-da olan məlumata əsasən həmin şəxslər pensiyaçı kateqoriyasına aid deyildir. İddiaçı hüququ yarandığı tarixədək mübahisəsiz güzəştli iş stajı isə 12 il 6 aydan az (xx.xx.2011-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) 5 il 2 ay 26 gün təşkil edir. İddiaçının Mərkəzi filiala təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışında İddiaçı işlədiyi vəzifə üzrə (xx.xx.2011-xx.xx.2017) 5 il 11 ay 29 gün güzəştli sosial sığorta stajının olduğu qeyd olunmuşdur. İddiaçı fərdi hesabının sığorta hissəsində 2015-ci ildə 1 ay, 2016-cı ildə 5 ay və 2017-ci ildə 3 ay məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalı öz əksini tapmadığından həmin ayların (ümumilikdə 9 ay) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən iddiaçının 5 il 2 ay 26 gün güzəştli iş stajı mövcuddur. İddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən başqa arayış təqdim edilməmişdir. Tərəflərin izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

İŞİN HALLARİ:

9. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək ali təhsil almış, xx.xx.1986-xx.xx.1988-ci il tarixlərdə hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə xx.xx.1981-ci il tarixdə başlamışdır.

10. Cavabdeh tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilərək ümumi iş stajının qanunvericiliklə müəyyən olunmuş müddətdən az 19 il 6 ay 4 gün (xx.xx.1981- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 13 il 1 ay), güzəştli iş stajının 5 il 2 ay 26 gün (xx.xx.2011-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017- xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi əsas gətirilmişdir

11. İş materiallarında olan - AT-İİİ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək "Bakiinjstroy" 33 saylı Tikinti İdarəsində iş icraçısı peşəsində, xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" firmasında baş mühəndis vəzifəsində işləmişdir.

12. Cavabdeh tərəfindən iddiaçının işlədiyi xx.xx.1988-xx.xx.2000-ci il tarixləri əhatə edən dövr – işlədiyi “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsinin Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arayışa əsasən arxiv sənədlərinin təhvil verilmədiyi müəyyən edildiyindən güzəştli iş stajına daxil edilməmişdir.

13. Cavabdeh eyni zamanda xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı və əsaslı şübhələr yarandığını əsas gətirərək iddiaçının xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək iş stajını ümumi iş stajına əlavə etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019- cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.

15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:

ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti.

Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

16. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: - 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; - 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; - 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

22. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

23. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi AT-İİİ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - "Mühəndis Tikinti Layihə” MMC-nin arayışı ilə təsdiqlənir. Nəticə etibarı ilə iddiaçının xx.xx.1988-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

24. Cavabdehin apelyasiya şikayətindən görünür ki, iddiaçının xx.xx.1988xx.xx.2000-ci il tarixləri arasındakı “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsində işlədiyi dövrlər Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən (qeyd olunan müəssisəyə münasibətdə arxiv sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur) mübahisələndirilmişdir.

25. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, İddiaçı tərəfindən mərkəzi filiala təqdim edilmiş əmək kitabçasında onun xx.xx.2000-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında işlədiyi qeyd olunub. Araşdırma zamanı xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Bu səbəbdən də xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır.

26. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apelyasiya şikayətinin qeyd edilən dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək "Bakiinjstroy" 33 saylı Tikinti İdarəsində iş icraçısı peşəsində, xx.xx.2000-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" firmasında baş mühəndis vəzifəsində işləmişdir. Kollegiya bildirir ki, iddiaçının işlədiyi idarənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi hazırki iddia üzrə iddiaçıya əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır.

27. Belə ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır.

28. Beləliklə, iddiaçının işlədiyi müəssisələr - “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsi və "xxxx" firması mövcud olmuş və onun həmin müəssisələrdə işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin imtinasını qanunsuz və əsassız hesab etmişdir.

29. Eyni zamanda Kollegiya qeyd edir ki, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmaması, iddiaçının xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində işləməməsinə dəlalət edə bilməz.

30. Belə ki, Kollegiya bir daha qeyd edir ki, vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır və mübahisələndirilən dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. xx.xx.2006xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmaması isə həmin dövrlərin nəzərə alınmaması üçün əsas hesab olunur.

31. İddiaçının güzəştli stajı ilə bağlı isə Kollegiya bildirir ki, yuxarda qeyd olunan hazırkı işə tətbiq edilən hüquq normalarına əsasən, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il umumi staj ilə yanaşı, 12 il 6 ay güzəştli stajın olması da zəruridir.

32. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək çalışdığı iş icraçısı vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.

33. Belə ki, "Mühəndis Tikinti Layihə” MMC-nin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən "xxxx" MMC-də iş icraçısı vəzifəsində 03 oktyabr 2011-ci ildə 5 nömrəli əmrlə işə qəbul olmuş, 02 oktyabr 2017-ci ildə 58 nömrəli əmrlə işdən azad olunmuşdur. İddiaçı işlədiyi vəzifə üzrə sosial sığorta stajı 5 il 2 ay 29 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyəti, iş icraçısı kimi daim açıq havada işləməsi olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahının 29-cu bəndinə uyğundur.

34. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının “Bakıinjstroy” 33 saylı Tikinti İdarəsində və "Mühəndis Tikinti Layihə” MMC-də işlədiyi iş icraçısı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısın”da 22900000 şifrəli “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində b) rəhbərlər və mütəxəssislər: 2290000b—24441 şifrə ilə göstərilmiş “iş icraçıları” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində b) mütəxəssislər: “iş icraçıları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

35. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9136/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar