Məhkəmə qərarları › İş №2-1(103)-1485/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1485/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1485/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1994-cü il tarixində Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi ray., 4-cü mkr, 20 Yanvar küç., ev 23A, mənzil 82 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında X10 Agentliyinə qarşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1434/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xarici ali təhsil üzrə ixtisasının tanınması ilə bağlı bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü il sentyabr ayının 27-də Bakı şəhərində doğulmuş, orta məktəbi bitirdikdən sonra 2012-ci ildə X5 daxil olmuş, orada ona Hüquqşünaslıq və Beynəlxalq Əlaqələr fakültəsinin xx xxxx 2017-ci il tarixli 16 saylı qərarı ilə Beynəlxalq Əlaqələr üzrə Sosial Elmlərin Bakalavr dərəcəsi verilmişdir. Təhsil aldığı müddətdə bilik və bacaracağı hər bir fənn üzrə balla müsbət qiymətləndirilmişdir. Aldığı xarici ali təhsil üzrə ixtisasının tanınması məqsədi ilə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən X7 tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli BD 004725 №-li diplomun ölkə ərazisində tanınmasından imtina olunmuşdur. Aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması belə X7 tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli BD 004725 № li diplomun ölkə ərazisində tanınmasından imtina olunması əsaslı sayıla bilməz, ona görə ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 №li Qərarında belə bir əsas nəzərdə tutulmamışdır. Cavabdehin imtinası əsassız olduğundan qanunsuz hesab edilməli və xarici ali təhsil üzrə ixtisasların tanınması ilə bağlı bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə buraxılmağı vəzifəsi cavabdehə həvalə edilməlidir. Hazırkı məsələ ilə bağlı cavabdehin Akkreditasiya və Nostrifikasiya idarəsinə yazılı surətdə 2017-ci il avqustun 29-da müraciət etmiş, lakin müraciətə yazılı surətdə 2019- cu il iyulun 10-da Z-451/03-ANJ №-li məktubla cavab verilmiş və əsassız olaraq bundan imtina etməklə qanunla qorunan hüquqlarını pozmuşdur. Sonradan xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında X10 Agentliyinə xarici dövlətin ali təhsil sahəsində, yəni X3 aldığı ixtisasın tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1434/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadları ilə (hakim N.Abıyev) iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh X12 Agentliyi ilə əvəz edilərək, Azərbaycan Respublkası Təhsil Nazirlyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi və iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1434/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1434/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunmaqla xarici dövlətin ali təhsil sahəsində, yəni X7 tərəfindən adına verilmiş xx xxxx 2017-ci il tarixli, BD 004725 №-li diplom üzrə ixtisasın tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia təmin olunmaqla yeni qərar qəbul edilməlidir. Tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması cavabdehə xarici dövlətin ali təhsil sahəsində, yəni X3 aldığı ixtisasının tanınması, ekvivalentliyin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsindən imtina üçün əsas olmadığı kimi, məhkəmənin iddianı rədd etməsi üçün də əsas ola bilməz, bu tamamilə qanunsuz və yanlış bir nəticədir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosu) izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - X14 Təşkilatı X7 tərəfindən xx xxx 2017-ci ildə verilmiş BD seriyalı 004725 nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Hüquqşunaslıq və Beynəlxalq Əlaqələr fakultəsinin 16 saylı xx xxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı Beynəlxalq Əlaqələr üzrə Sosial Elmlərin ixtisası üzrə bakalavr dərəcəsini almışdır. - X14 Təşkilatı X7 tərəfindən xx xxx 2017-ci ildə verilmiş 004725 nömrəli diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı X14 Təşkilatı X3 oxuduğu müddət ərzində “beynəlxalq münasibətlər” ixtisası üzrə 45 fəndən kafi, yaxşı və məqbul qiymətləri almışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış, 23-04-204/ANİ saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edildiyi qeyd edilmişdir. - BD No. 004725 Diplom əlavəsinin təsdiq edilmiş surətinə əsasən ixtisas sahibi ad, soyad -İddiaçı ; doğum tarixi – xx.xx.1994; tələbə identifikasiya nömrəsi və kodu- P5165948; ixtisasın adı – Beynəlxalq münasibətlərdə Sosial Elmlər üzrə Bakalavr dərəcəsi; ixtisas- Beynəlxalq münasibətlər; təltif edən müəssisənin adı – X7, Gürcüstan qanunvericiliyinə uyğun olaraq dövlət universiteti kimi tanınmışdır; təhsil verən müəssisənin adı -2.3-dən fərqli deyil; tədris dili – Rus dili; ixtisas səviyyəsi – Ali elmi təhsilin ilk dərəcəsi, bakalvr, proqramın rəsmi müddəti – 4 il, 240 AKTS kredit; qəbul qaydaları – tam orta təhsil haqqında şəhadətnamə; təhsil forması - əyani qeyd edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin hallarından göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən, onun xarici ali təhsil üzrə ixtisasının tanınması ilə bağlı bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi təqdim etmiş və cavabdeh qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında X10 Agentliyini göstərərək, xarici dövlətin ali təhsil sahəsində, yəni X3 aldığı ixtisasın tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh X12 Agentliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İPM-nin 62.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh X12 Agentliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edildikdən sonra məhkəmə tərəfindən əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında X12 Agentliyinə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 1434/2020 saylı qərardadı göndərilmiş, cavabdeh tərəfindən həmin bildiriş xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. (ştrix kod – SP004934153AZ) İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyələri nəzərə alınaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təyin olunmuş məhkəmə iclaslarının keçirilmədiyi qeyd edilmişdir. Yalnız sonuncu xx.xx.2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və üçüncü şəxsə ünvanlanmış məhkəmə bildirişi iş materiallarına əlavə edilsə də, həmin bildirişin cavabdeh tərəfindən alınması barədə hər hansı sənəd-sübut iş materiallarında mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında X12 Agentliyinin məhkəmə iclasları barədə məlumatı olmamış, məhkəmə qərarı cavabdeh orqanın hazırkı iddia tələbi ilə bağlı hər hansı yazılı və ya şifahi münasibəti alınmadan qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin yenidən birinci instansiya icraatı zamanı cavabdeh orqanın nümayəndəsinin məhkəmə iclaslarında iştirakı təmin edilməli və hazırkı iddia tələbi ilə bağlı münasibəti təqdim edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin birinci instansiya məhkəməsi icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim etməməsinə baxmayaraq, işin faktiki hallarını və iş üçün əhəmiyyət kəsb edən sübutlarıimtinanın əsasını təşkil edən iddiaçının dil biliyi səviyyəsinin qənaətbəxş olmadığını təsdiq edən sənədləri (müsahibənin audio-video diski və s.) araşdırmadan işin mahiyyəti üzrə qərar qəbul edərək, əsassız olaraq cavabdehin imtinasını qanuni hesab etmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə işin müəyyən olunan halları onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə cavabdeh inzibati orqanın və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədən, cavabdeh tərəfindən verilmiş imtinanın əsasını təşkil edən inzibati icraat materiallarını araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili ilə qismən razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-1434/2020 nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1434/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında X2rşı xarici dövlətin ali təhsil sahəsində, yəni X3 aldığı ixtisasın tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi barədə iddia tələbi üzrə inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar