Məhkəmə qərarları › İş №2-1(103)-1486/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1486/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1486/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1497/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovun 23 yanvar 2020-ci il tarixli İddiaçı işdən xaric edilməsinə dair 20 nömrəli əmrin ləğv edilməsi, sonuncunun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 noyabr 2008-ci ildən 23 yanvar 2020-ci il tarixədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi - Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur (işləmişdir). Həqiqi hərbi xidmətə qəbul edilənədək əmək stajı olmamışdır. O, Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 14 noyabr 2008-ci il tarixli, 108 nömrəli əmri ilə həqiqi hərbi xidmətə qəbul olunmuş, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 23 yanvar 2020-ci il tarixli, 20 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Xarici Kəşfiyyat Xidmətində işlədiyi dövr ərzində müxtəlif vəzifələrdə çalışmış və vəzifələrini tam və layiqincə yerinə yetirmişdir. Onun barəsində hər-hansı irad, xəbərdarlıq və s. kimi tədbirlər görülməmişdir. İddiaçı məzuniyyət dövrü ərzində xarici ölkələrə səfərləri tənzimləyən mövcud hüquqi aktların tələblərinə riayət edərək əvvəlcədən icazə almışdır. Lakin səfər zamanı yaranmış zərurətlə əlaqədar o, heç bir məlumat verə bilmədən 3-cü ölkəyə germək məcburiyyətində qalmışdır. O, ölkəyə qayıtdıqdan sonra icazəsiz 3-cü ölkəyə getdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır, yəni işdən çıxarılmışdır. O, işdən çıxarılması ilə bağlı əmrin surətini istəmiş, lakin əmrin surəti və ya əmrdən çıxarış ona təqdim olunmamışdır. İddiaçı 2008-ci ildən ehtiyyata buraxıldığı dövrə qədər (23 yanvar 2020-ci il tarixədək) vəzifələrini layiqincə yerinə yetirmiş və heç bir nizam-intizam qaydalarına və ya işi ilə bağlı hər hansı məsuliyyətsizliyə yol verməmişdir. Məzuniyyətdə olduğu dövr ərzində isə onun 3-cü ölkəyə təcili keçməsinə zəruri ehtiyac yaranmışdır və bununla bağlı məlumat verə bilməmişdir. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi X4 Quliyevanın 3-cü ölkəyə keçməsinin səbəblərini, 3-cü ölkəyə keçmə ilə bağlı yaranmış zərurətin nə olmasını araşdırmadan, onun çalışdığı dövrdə vəzifəsini layincə yerinə yetirməsini, çalışdığı dövr ərzində heç bir nizam-intizam qaydalarına və ya işi ilə bağlı hər hansı məsuliyyətsizliyə yol verməməsini, Azərbaycan Respubikası Xarici Kəşfiyyat Xidmətinin 27 mart 2019-cu il tarixli 069 nömrəli əmri ilə ona “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919- 2019)” yubley medalı və Azərbaycan Respubikası Xarici Kəşfiyyat Xidmətinin 25 iyun 2019-cu il tarixli, 0151 nömrəli əmri ilə ona verilmiş “Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal ilə təltif olunması, vətəni və və millətinə daim sədaqətli olmasını nəzərə almadan, Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmasına dair 23 yanvar 2020-ci il tarixli, 20 nömrəli əmri qəbul edərək işçiyə verilə bilcək ən ağır cəzanı tətbiq etməklə işdən azad etmişdir. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti İddiaçı işdən azad edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Ona 3-cü ölkəyə icazəsiz çıxdığına görə heç bir intizam tədbirləri, yəni xəbərdarlıq, töhmət və s. verilməmiş, o, həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır, yəni işdən azad olunmuşdur. Onun təqsiri bu qədər ağır cəza ilə nəticələnməməli idi. Eyni zamanda iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz, həmçinin prosessual müddətin buraxılması ilə bağlı vəsatət təqdim etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 2-1(112)- 6039/2020 nömrəli iş üzrə İddiaçı barədə verilmiş Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin (XKX) mübahisələndirilən əmrindən “İşdən xaric edilmə barəsində əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi haqqında” iddianın qaldırılmasının prosessual müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 22-ci maddəsinə əsasən müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmçinin müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) ilə müəyyən edilmiş qaydalar tətbiq olunur. Eyni zamanda, İPM-in 38-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin MPM-in 130-cu maddəsində göstərilir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır, işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. İddiaçı XKX-nin 2020-ci il 23 yanvar tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İstinad olunan maddəyə müvafiq olaraq, hərbi qulluqçuların buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, o cümlədən XKX-nin, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. İddiaçı barəsində aparılmış müvafiq araşdırmanın nəticəsinə görə hərbi xidmətdən buraxılmağa təqdim olunması barədə XKX-nin əmri ilə 23 yanvar 2020-ci il tarixdə müvafiq imza atmaqla tanış olmuşdur. Həqiqi hərbi xidmətdən ehitiyata buraxılarkən əlavə olaraq ona şifahi məlumat verilmiş, eləcə də icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün ona hərbi xidmətdən azad edilmə vərəqi təqdim olunmuşdur. Sözügedən sənəddə aidiyyəti struktur bölmələrlə keçirilən təhvil-təslimin nəticəsi barədə qeydlər aparılmışdır. Həmçinin hərbi xidmətdən azad edilərkən İddiaçı 25 yanvar 2020-ci il tarixdə ******* nömrəli əmək kitabçası təqdim edilmişdir. Beləliklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə əmr İddiaçı “Hərbi xidmətkeçmə haqqına Əsasnamə”nin 165-ci maddəsinə əsasən 23 yanvar 2020-ci il tarixində elan olunmuşdur. Əmrin elan olunduğu vaxtdan iddianın qaldırılması müddəti buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1497/2021 saylı qərardadı ilə İddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia müddətinin bərpa edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-cı maddəsində nəzərdə tutulmuş “mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan” şikayət verilməsi hüququ, yəni ddiaçıya aktın rəsmi təqdim olunmasını gözləmədən əvvəlcədən şikayət vermək hüququ verdiyi halda, məhkəmə bunu iddiaçının əleyhinə tövsif edərək, inzibati aktın elan olunduğu halda, rəsmi təqdim olunmasının zəruri olmaması qənaətinə gəlimişdir. Bu isə Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyinin əsas tələblərinə-yəni inzibati aktın rəsmi təqdim edilməsi zərurətinə zidd olmaqla, qanunvericiliyin əsas tələblərinin məhkəmə tərəfindən kobud pozulması və düzgün tövsif edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə birtərəfli qaydada Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində “elan olunma” ifadəsini izah etməyə alışaraq, lakin həmin maddədə birmənalı şəkildə göstərilmiş “şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, “ şikayət verilə biləcəyini nəzərə almamışdır. Məlum olduğu kimi xidmətdən azad edilməsinə dair əmr yalnız elan edilmişdir. Lakin əmrin təsdiq edilmiş sürəti ona təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsindən göründüyü kimi şəxs inzibati akt təqdim olunduğu vaxtdan 30 gün müddətində şikayət verə bilər. İddiaçı əmrlə tanış olsa belə, əmrdə göstərilən bütün hallara münasibət bildirməklə şikayət verməyi üçün əmrin surətinin ona təqdim edilməsi Zəruridir. Lakin göründüyü kimi Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti anunvericiliyin tələblərini pozaraq əmrin surətini rəsmi təqdim etmədiyi üçün şikayət vermək hüququndan məhrum olmuşdur. Bundan başqa məhkəmə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlərin buraxılan hərbi ulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunması əsas gətirək əmrin surətinin təqdim edilməsinin zəruri olmaması qənaətinə gəlir. Lakin nəzərə alınmalıdır ki, “Hərbi Xidmət keçmə haqqında Əsasnamə” bilavasitə hərbi xidmətlə bağiı məsələləri tənzimləyir. İnzibati aktlardan şikayət verilməsi və bu məsələlərin tənzimlənməsi inzibati prosessual qanunvericiliyin tənzimləmə predmetinə aiddir. Hər bir halda məhkəmə “Hərbi xidmət keçmə haqqında Əsasnamədə əks olunmuş “elan olunma” ifadəsini əsas tutaraq, onu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində göstərilən aktın təqdim olunması” tələbindən üstün hesab edirsə, nəzərə alınmalıdır ki, “Normativ üquqi aktlar haqqında” Azərbaycan Respublikası Konsititusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Göründüyü kimi bu halda inzibatı icraatla bağlı məsələ, o cümlədən aktdan şikayət verilməsi məsələsi bilavasitə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tənzimləmə predmetinə aid olduğu üçün, məcəllənin tələbləri əsas götürülməli və İddiaçı inzibati aktın surəti təqdim olunmalı idi. Məhkəmə ədalətli və qərəzsiz olmaq, proses iştirakçılarına yardım etmək kimi vəzifələri olsada, bu halda işə baxarkən qərəzli şəkildə inzibati orqanın tərəfindən çıxış edərək, cavabdeh tərəfin gətirdiyi dəlillərindən kənara çıxaraq, “Azərbaycan Respublikasının İnzibati Prosessuai Məcəlləsinin 38-ci maddəsini birtərəfli qayda səhv tövsif edərək, İddiaçı ədalətli məhkəmə baxışı hüququmdan məhrum etmişdir. İnzibati akt İddiaçı rəsmi təqdim edilməmişdir. İddiaçı şikayət vermək üçün inzibati aktın təqdim edilməsini gözləmişdir. Hesab etmişdir ki, ən azı poçt vasitəsi ilə həmin akt ona təqdim olunacaqdır. Digər hal isə məlum olduğu kimi 2020-ci ilin əvvəlində ölkədə koronovirus infeksiyasının tüğyan etməsi ilə əlaqədar dəfələrlə məhkəmə işlərin baxılmasının təxirə salınması, yalnız cinayət işlərinə baxılacağı kimi kütləvi informasiya vasitələrində Məhkəmə Hüquq Şurasına istinad edilməklə məlumatlar yayılmışdır. Bu isə digər vətəndaşlar kimi onda da hüquqlarının müdafiəsi istiqamətində müəyyən çaşqınlıq yaratmışdır. Belə ki, əgər İddiaçı kütləvi informasiya vasitələrdə məhkəmələrin müəyyən növ işlərə baxılmasını təxirə salması ilə bağlı informasiyalara rast gəldiyi halda, bir müddətdən sonra gözləyirdi ki, aidiyyəti qurumlar işlərə artıq baxılmasının adi qaydada davam ediləcəyinə dair də məlumat yayımlayacaqlar. Lakin İddiaçı kütləvi informasiya vasitələrində bu barədə məlumata rast gəlməmişdir İnzibati aktın İddiaçı təqdim olunmaması ilə yanaşı, göstərilən hallar şikayətin vaxtında verilməməsinin obyektiv səbəbi kimi məhkəmə tərəfindən nəzərə alınmalı olsada nəzərə alınmamışdır. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı XKX-nin 2020-ci il 23 yanvar tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunan əmr elə həmin tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə uyğun olaraq İddiaçı elan edilmişdir. Belə ki, İddiaçı sözügedən əmrlə 2020-ci il 23 yanvar tarixində müvafiq imza atmaqla tanış olmuş, həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən əlavə olaraq ona şifahi məlumat verilmiş, eləcə də icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün ona hərbi xidmətdən azad edilmə vərəqi təqdim olunmuşdur. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin 2020-ci il 23 yanvar tarixində İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada elan olunması faktı birinci instansiya məhkəməsində inzibati iş üzrə icraat zamanı təqdim edilmiş və işə baxan hakim tərəfindən tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İddiaçı müvafiq əmrin 2020-ci il 23 yanvar tarixində ona elan edilməsinə baxmayaraq, həmin əmrin mübahisələndirilməsinə dair iddia ərizəsi ilə yalnız 2020-ci ilin 25 avqust tarixində məhkəməyə müraciət etmişdir. Bununla da, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Belə ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 22-ci maddəsinə əsasən, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM) ilə müəyyən edilmiş qaydalar tətbiq olunur. Eyni zamanda, İPM-in 38.1 -ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan əlavə, MPM-in 128.3-cü maddəsində qeyd olunur ki, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmçinin MPM-in 130.1-ci maddəsində göstərilir ki, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı apellyasiya şikayətində məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin buraxılmasına üzrlü səbəb kimi iki halı qeyd etmişdir: 1) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı əmrin surətinin iddiaçıya təqdim olunmaması; 2) “COVİD-19” infeksiyasının ölkə ərazisində yayılması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər. İddiaçı tərəfindən irəli sürülən birinci məsələ ilə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin sonuncu iş günü işçiyə verilməli olması tələbi müəyyən edilsə də, 6-cı maddədə sözügedən məcəllənin hərbi qulluqçulara şamil edilmədiyi vurğulanmışdır. Bu səbəbdən, hazırki iş üzrə həmin məcəlləyə istinad oluna bilməz. XKX-də xidməti fəaliyyətlə bağlı münasibətlər hərbi qanunvericilik, o cümlədən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də isə ehtiyata buraxılma barədə əmrin surətinin buraxılan hərbi qulluqçuya təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, sözügedən Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata buraxılma barədə əmr hərbi qulluqçuya hərbi hissə komandiri (rəis) tərəfindən elan olunur. Həmçinin istinad olunan maddəyə müvafiq olaraq, hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, o cümlədən XKX-nin, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi ikinci məsələyə münasibətdə bildiririk ki, ilk növbədə, koronavirus epidemiyasının Azərbaycan Respublikası ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Respublikası Prezidentinin 1861 nömrəli Fərmanı əsasında 2020-ci il 27 fevral tarixində yaradılmışdır. Ölkəmizdə “COVİD-19” infeksiyası ilə əlaqədar xüsusi karantin rejimi isə 2020-ci ilin mart ayının ikinci yarısında elan edilmiş və müəyyən məhdudiyyətlər tətbiq olunmağa başlanmışdır. Halbuki, İddiaçı tərəfindən müvafiq əmrin mübahisələndirilməsinə dair məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddət 2020-ci il fevral ayının 23-də (2020-ci il 23 yanvar tarixindən 30 gün hesablamaqla) başa çatmışdır. Başqa sözlə, İddiaçı 2020-ci ilin yanvar ayının 23-dən fevral ayının 23-dək olan müddət ərzində məhkəmədə iddia qaldırmaq hüququna və bunun üçün real imkana malik olmuşdur. Digər tərəfdən, “COVİD-19” virusunun yayılması ilə əlaqədar məhkəmələrin fəaliyyətində məhdudiyyətlər ilk dəfə “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 19 mart tarixli 05 nömrəli Qərarı əsasında tətbiq olunmuşdur. Həmin qərara müvafiq olaraq, məhkəmələrə müəyyən kateqoriya işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması tövsiyə olunsa da, iddia ərizələrinin icraata qəbul edilməsinə heç bir məhdudiyyət tətbiq olunmamışdır. Əksinə, fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir (məcburi tələb olaraq müəyyən olunmamışdır). Göründüyü kimi, İddiaçı bu müddət ərzində müvafiq iddia ərizəsini məhkəməyə şəxsən təqdim etmək, yaxud poçt vasitəsilə və ya elektron şəkildə göndərmək imkanına malik olmuşdur. Bu baxımdan, hesab edirik ki, İddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülən ikinci arqument də buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb sayıla bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1497/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddiaçı məxsus EZ ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı 14.11.2008-ci il tarixdə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 23.01.2020-ci ildə Azərbaycan Respublikası XKX-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı məxsus ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı 14.11.2008ci il tarixli, 108 №-li əmrə əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində işə qəbul edilmiş, 23.01.2020-ci il tarixli, 20 №-li əmrə əsasən Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən azad edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş 1 saylı, 17.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı özünün hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması barədə XKX-nin 2020-ci il 22 yanvar tarixli əmri ilə 2020-ci ilin 23 yanvar tarixində imza atmaqla tanış olmuşdur. Eyni zamanda, icraatında olan işlərin və digər maddi əmlakın təhvil-təslimi üçün 2020-ci il 23 yanvar tarixində İddiaçı “Hərbi xidmətdən (işdən) azad edilmə vərəqi” təqdim olunmuşdur. Sözügedən vərəqə onun özü tərəfindən imzalanması üçün aidiyyəti struktur bölmələrə təqdim olunmuş və aparılan təhvil-təslimin nəticəsi vərəqədə qeyd edilmişdir. (Arayışda qeyd olunan sənədlərə hakim tərəfindən baxış keçirilmiş və həqiqiliyi təsdiqini tapmışdır). Qeyd edilməlidir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati-Prosessual Məcəllədə müəyyət müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İstinad olunan İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 20 №-li əmri 23.01.2020-ci il tarixə aiddir. İddiaçı barəsində qəbul edilmiş 23 yanvar 2020-ci il tarixli əmr – hərbi quluqçunun ehtiyatı buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq müddət ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hərbi qulluqçu İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması barədə əmr ilə 23 yanvar 2020-ci il tarixdə imza etməklə tanış olduğundan, mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddət həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir (iddia ərizəsi məhkəməyə 25.08.2020-ci il tarixdə daxil olmuşdur). İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası cavabdehin etirazının dəlilləri ilə razılaşaraq iddiaçının ərizədə müddətin buraxılmasının üzürlü qəbul edilməsi üçün qeyd etdiyi halları əsaslı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etsə də, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən, habelə müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəni təmin etməyərək müddətin ötürülməsi səbəbindən iddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-1497/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar