Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1486/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********211000 №-li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın və xx.xx.2021-ci il tarixli **********143580 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir (İPM m.32). İddia onunla əsaslandırmışlar ki, cəmiyyətin elektron kabinetinə gəlmiş məktub nəticəsində bəlli olmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********748100 №li qərarına əsasən iddiaçıda iyul 2017-iyun 2020 hesabat dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Daha sonra cavabdeh vergi orqanının qərarına əsasən yoxlamaya ekspert dəvət edilmişdir. Yoxlamanın bundan sonrakı gedişatı haqqında cəmiyyətə heç bir məlumat verilməmişdir. Bununla bağlı cavabdeh vergi orqanına xx.xx.2020-ci il tarixdə yazılı müraciət olunsa da, həmin müraciətə cavab verilməmişdir. Daha sonra elektron kabinetə daxil olmuş məktuba əsasən aydın olmuşdur ki, cəmiyyətin iştirakı olmadan keçirilən səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixli **********13943 №li aktla rəsmiləşdirilmiş və həmin akt əsasında xx.xx.2021-ci il tarixli **********143580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Aktı və qərar yalnız cəmiyyət tərəfindən müraciət olunduqdan sonra təqdim olunmuş, bundan başqa, cəmiyyətə 2017-2019-cu illərin ekspert rəyi əsasında mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Bu zaman ekspert X1 malların bir vahidinin qiymətini tətbiq etmişdir. Halbuki elektron qaimə fakturada bir neçədə və fəqli qiymətdə olan malların siyahısı öz əksini tapmışdır. Bundan başqa vergi orqanı cəmiyyətin mənfəət vergisində sənədlərdə təsdiqini tapmayan xərcləri silmiş və yalnız sənədi olan xərcləri qəbul edərək, ona müvafiq hesablama aparmış və bu zaman Nazirlər Kabinetinin 55 saylı qərarı nəzərə alınmamışdır. İddiaçı dondurulmuş toyuq əti məhsullarının idxalı və satışı ilə məşğuldur. Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinin 2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən quş ətinin satışı ƏDV-dən azaddır. Lakin buna baxmayaraq cavabdeh vergi oranı toyuq ətinin satışını ƏDV-yə cəlb edərək, cəmiyyətdə ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Eyni zamanda, 2019-cu ilin vergisi üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********211000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən cəmiyyətə 1.147.179,59 manat mənfəət vergisi heasblanmışdır. Daha sonra 2019-cu il üzrə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsində həmin kameral hesablama qüvvədə saxlanılaraq əlavə olaraq 172.799,51 manat vergi hesablanmışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, kameral və səyyar vergi yoxlamasının nəticələrinə dair qərarların əsaslı olduğunda israrlı olaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək aşağıdakılar qərara alınmışdır: - cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********211000 №li Qərarı; -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********143580 №li Qərarı-2017-2019-cu illər üzrə büdcəyə əlavə olaraq 3.080.048,88 manat mənfəət vergisinin hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 1.540.024,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi və -2018-2020-ci illər üzrə büdcəyə əlavə olaraq 442.199,32 manat məbləğində ƏDV hesablanması və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 1.231.614,28 manat məbləğinin 50 faizi miqdarında 615.807,14 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissələrində ləğv olunsun. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı MMC-dən 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün..» Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın qismən, təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətində cavabdeh məhkəmənin qərarı ilə razılaşmadığını qeyd edərək bunu aşağıdakılarla əsaslandırmışdır: «…İşin faktiki halları məhkəmə və ekspert tərəfindən təhrif olunmuşdur. İddiaçıya hesablanmış vergi məbləğləri ləğv edilmişdir. İddiaçı idxal etdiyi quş əti məhsullarının satışı həyata keçirilmişdir. Müəssisə tərəfindən yoxlamaya bəyan edilmiş gəlir və xərcləri təsdiq edən sənədlər təqdim olunmamışdır. Buna görə də yoxlama iddiaçının bəyannamələri, idxal məlumatları, elektron qaimələr və vergi hesab fakturaları əsasında aparılmış və müəyyən edilmişdir ki, quş əti məhsullarının çox kiçik hissəsi elektron qaimələr əsasında satılmış, qalan hissəsinin satışı ilə bağlı yoxlamaya hər hansı bir sənəd təqdim edilməmişdir. Satış üzrə məhsulların miqdarı idxal edilmiş və dövrün əvvəlinə olan mallara əsasən müəyyən edilmiş,eyni zamanda, müəssisənin dövrün sonuna mal qalığı da nəzərə alınmışdır. Yoxlama zamanı satış sənədləri təqdim edilməmiş quş əti məhsullarının hər bir çeşidi üzrə təqdim etdiyi elektron qaimələrdəki orta satış qiymətləri müəyyən edilmiş və satış sənədi təqdim olunmayan quş əti məhsullarının hər çeşidi üzrə illər üzrə orta satış qiymətləri tətbiq edilməklə, müəssisəsnin ümumi gəlir məbləğləri müəyyən edilmişdir. Məsələn, 2017-ci il üzrə müəsisəsinin təqdim etdiyi qaimə fakturalara əsasən toyuq budunun 1 kq orta satış qiyməti 2,45 manat, toyuq filesinin 1 kq orta satış qiməti 4,48 manat və toyuq ətinin 1 kq orta satış qiyməti 3,14 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən satış sənədi təqdim olunmayan hissəyə qeyd olunan orta satış qiymətləri tətbiq edilməklə gizlədilmiş ümumi gəlir məbləği müəyyən edilmişdir. Müəssisənin illər üzrə xərc məbləği isə idxal məlumatları əsasında müəyyən edilmişdir. Beləliklə yoxlama ilə: 2017-ci il üzrə ümumi gəlirləri 14124756,19 manat, xərci 9440298,14 manat müəyyən edilməklə 932.403,56 manat mənfəət vergisi; 2018-ci il üzrə ümumi gədirləri 33829077,14 manat, xərci 23537980,18 manat müəyyən edilməklə 1974845,81 manat mənffət vergisi; 201cu il üzrə ümumi gəlirləri 45318817,23 manat,xərci 38008937,04 manat müəyyən edilmiş, eyni zamanda kameral yoxlama ilə xx.xx.2020-ci il tarixdə 1.147179,59 manat mənffət mənfəət vergism hesablandığı nəzərə alınaraq hazırkı yoxlama ilə 172799,51 manat əlavə mənfəət vergisi hesablanmışdır. ƏDV üzrə müəssisənin 36 aylıq ƏDV bəyannamələri üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur: Quş ətinin satışı ƏDV-dən azadolan əməliyyat hesab edildiyi halda vergi ödəyicisi tərəfindən bəzi hesabat aylarında quş ətinin ƏDV tutulan əməliyyatlara cəlbedildiyi və buna müvafiq olaraq bəzi hallarda mal alanlara tətbiq edilməklə qaiməfakturalar təqdim etdiyi, eyni zamanda, alınmış mallara görə əldə etdiyi VHF və YGB üzrə ƏDV məbləğini əvəzləşdirməyi müəyyən edilmişdir Vergi Məcəlləsinin 159.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ƏDV tətbiq etməklə (qaimə-fakturalarda göstərilən) aparılan əməliyyatlar ƏDV tutulan əməliyyatlara,qalan mallar mənfəət vergisinin 1 nömrəli əlavəsində göstərilən mal qalığı nəzərə alınmaqla ƏDV-dən azad olan əməliyyatlara aid edilmişdir. Yoxlanılan dövr üzrə əvəzləşdirilmiş ƏDV məbləği isə xüsusi çəki əsasında müəyyən edilmişdir. Satış sənədi təqdim edilməyən mallar üzrə dövriyyə məbləğləri isə qanunvericiliyə əsasən ƏDV-dən azad olunan dövriyyəyə aid edilmiş, həmin dövriyyə üzrə müəssisənin etdiyi ƏDV əvəzləşmələri ləğv edilmişdir. Beləliklə yoxlama ilə: vergiyə cəlb edilən dövriyyə 12652074,50 manat, azad olunan dövriyyə - 91831655,81 manat, 2.277.373,41 manat, əvəzləşdirilən ƏDV 1.991736,01 manat olmaqla, 442.199,32 manat əlavə vergi hesablanmışdır. ÖMV üzrə yoxlama zamanı müəssisə tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1.959,2 kv.m olan anbarın aylıq icarə haqqı 500 manat olmaqla xx.xx.2017ci il tarixdə icarə müqaviləsi əsasında icarəyə götürüldüyü müəyyən edilmiş, ümumilikdə 6 rübüzrə 8990 manat icarə haqqı bəyan edilməli olsada müəssisə tərəfindən 4.200 manat göstərilmişdir. Beləliklə yoxlama ilə 670,60 manat əlavə ÖMV hesablanmışdır. Məhkəmənin Vergi Məcəlləsinin 37-ci maddəsinə istinadən xx.xx.2020-ci il tarixli qara üzrə gəlir və xərclə bağlı sənədlər mövcud olduğu və buna əsasən vergi orqanı tərəfindən vergilərin düzgün hesablanmadığının vurğulanması əsassızdır. Görünür məhkəmə yoxlama materialları araşdırılmadan bu yanlış qənaətə gəlmişdir. Çünki, Vergi orqanı tərəfindən Məhkəmənin 2019-cu il üçün hesablanmış mənfəət vergisi ilə bağlı dəlili əsassızdır. Səyyar vergi yoxlaması zamanı kameral yoxlama zamanı hesablanmış vergi nəzərə alınmışdır. Yoxlama üçün zərur olan sənədlər iddiaçı tərəfindən təqdim olunmamış, bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Məhsulların bir hissəsinin satışı elektron qaimələr, qalan hissəsi ilə bağlı yoxlamaya sənədlər təqdim edilməmişdir. Hesablanmış vergilər satış sənədi təqdim edilməyən mallarla bağlıdır Həmin məhsullar üçün elektron qaimələrdəki satış orta satış qiyməti tətbiq edilərək vergilər hesablanmışdır. Müəssisə real gəlirini gizlətmək üçün yoxlamaya hər hansı gəlir və xərc sənədi təqdim etməmişdir. İddiaçıya vergilər məhz Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlara, yəni iddiaçının təqdim etdiyi bəyannamələr, idxal məlumatları, təqdim etdiyi elektron qaimələr və vergi hesab fakturaları əsasında hesablanmışdır. İddiaçının təqdim etdiyi sənədlər (NKA) gəlir və xərclə bağlı sənədlər hesab edilmir. Çünki, iddiaçının vergi ödəyicilərinə münasibətdə əməliyyatları qaimə faktura ilə rəsmiləşdirilməlidir. Ekspertin dəlilləri işin hallarına və vergi Məcəlləsinin tələblərinə ziddir. Məhkəmə tərəfindən ekspert rəyi qiymətləndirilməmiş, iş üçün əhəmiyyətli hallar araşıdırılmamış, işin hallarına uyğun maddi hüquq normaları tətbiq edilməmişdir... ” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazını bildirərək, iddiaçı tərəfindən satılan məhsulların vergi qanunvericiliyinə uyğun sənədlərələ satışının həyata keçirildiyini və vergidən gizləmə hallarına yol verilmədiyini, cavabdeh tərəfindən isə real satış sənədlərinə məhəl qoyulmadan orta illik satış qiymətləri ilə iddiaçıya əlavə vergilər hesablanmasının qanunsuz olduğunu bilirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, mübahisələndirilən səyyar vergi yoxlamaları ilə iddiaçıya hesablanmış, ödəmə mənbəyində tutulan (“ÖMV”) 670,0 manat məbləğində əlavə vergi məbləği istisna olmaqla, qalan hissədə cavabdehin səyyar vergi yoxlamsnının nəticələrinə görə qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********143580 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı, eləcə də, kameral yoxlama üzrə 2019-cu ilin mənfəət vergisi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********211000 №-li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı tam ləğv edilmişdir. Konkret halda, cavabdeh tərəfindən məhkəmənin qərarı iddianın təmin edilməyən hissəsində mübahisələndirilərək, həmin hissədə qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərarı çıxarılması xahiş olunur. İPM-in 82-ci maddəsinin tələbələrini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin şikayəti həddində baxılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən isə göründüyü kimi, iddiaçı vergi ödəyicisində 2017-2019-cu illər üzrə səyyar vergi yoxlaması aparılarkən iddiaçıdan tələb olunmuş gəlir və xərc sənədləri təqdim olunmadığı əsas gətirilərək, ona Vergi Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq, əlaqəli məlumatlara əsasən əlavə vergilər hesablanmışdır. O cümlədən, təqdim etdiyi bəyannamələr, idxal məlumatları, elektron qaimələr (və vergi hesab fakturaları) əsasında, onun idxal etdiyi quş əti məhsullarının yoxlamaya satış sənədləri təqdim etməyən hisəssinə, təqdim edilən satış sənədlərində (elektron qaimələrdə) təsbit olunan illik orta satış qiymətləri çıxarılıb tətbiq olunmaqla, iddiaçıya aşağıdakı əlavə vergilər hesablanmışdır: - mənfəət vergisi üzrə 2017-ci il üçün 932.403,56 manat; 2018-ci il üçün 1.974.845,81 manat, 2019-cu il üçün, kameral vergi yoxlaması ilə xx.xx.2020-ci il tarixdə ona hesablanmış 1.147179,59 manat vergi nəzərə alınmala, 172799,51 manat; - ƏDV üzrə satış sənədi təqdim edilməyən mallar üzrə 442.199,32 manat əlavə vergi hesablanmışdır. İş materialları araşdırıldıqda müəyyən olunur ki, vergi orqanı tərəfindən satış sənədləri təqdim edilməyən məhsullar dedikdə, vergi orqanının özündə qeydiyyat keçən nəzarət kassa aparatları (NKA) vasitəsilə 2017-2019-cu illərdə satışı həyata keçirilən məhsulları nəzərdə tutulur. Mübahisənin mahiyyəti də məhz ondan ibarətdir ki, cavabdeh NKA vasitəsilə həyata keçirilən satışların rəsmiləşdirildiyi çatış çeklərini satış sənədləri kimi qəbul etmir, həmin kassa çeklərinin araşdırılmasında heç maraqlı da deyildir. Belə ki, iddiaçıya əlavə vergilər hesablayarkən əlaqəli məlumatlar kimi bəyannamə, elektron qaimə və fakturaları nəzərə aldığı halda, vergi orqanı onun özü tərəfindən qeydiyyata alınan NKA vasitəsilə rəsmiləşdirilən satışları üzrə kassa çeklərini nəzərə almır, həmin çeklərin ehtiva etdiyi məhsulları satış sənədi olmayan məhsullar kimi qiymətləndirir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsi isə nəzərədə tutur ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Digər tərəfdən, ən azından, Vergi Məcəlləsinin 2017-ci ildən 71-1-ci maddəsinin müddəaları qüvvədə olsa da, iddiaçının topdan satış fəaliyyətilə yanaşı onun pərakəndə satış fəaliyyəti ilə də məşğul olmaq hüququna malik olmuşdur. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən mübahisələndirilən dövrdə məhsullar vergi orqanında uçotda olan nəzarət-kassa aparatı vasitəsilə alıcılara təqdim edildiyi halda, həmin məhsulların kassa aparatı vasitəsilə pərakəndə satışının həyata keçirildiyini bilirdi və ya, ən azından, bilməli idi. Ümumiyyətlə, vergi qanunvericiliyində malların topdansatışı ilə yanaşı pərakəndə satışını qadağan edən norma da mövcud deyil. Mübahisələndirən dövrə münasibətdə vergi qanunvericiliyi malların “topdansatış” və “pərakəndə satış” konkret həcmlərini birbirindən fərqləndirən (ayıran) normaları da mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrində nəzərdə tutulan fərqləndirci əlamətlərə gəldikdə isə, qanunverici burada pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. O cümlədən, Məcəllənin : 13.2.63-cü maddəsinə əsasən “pərakəndə satış” – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 13.2.63-cü maddəsinə əsasən isə “topdansatış” – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətdir. Göründüyü kimi, topdansatışı pərakəndə satışdan fərqləndirələn əlamət satışın hansı məqsədlə həyata keçirilməsi ilə əlaqəlidir. Daha konkret, ikinci halda malların satışı sahibkarlıq məqsədlərini ehtiva edir. Konkret halda isə cavabdeh orqan tərəfindən bu istiqamətdə araşdırma aparılmamış, mübahisələndirilən dövrdə təqdim edilən malların sahibkarlıq məqsədi ilə alınmasını və realizə olunub-olunmasına aydınlıq gətirilməmiş, iddiaçının nəzarət-kassa aparatı çekləri ilə satıdığı məhsullara dair kassa çekləri araşdırılmamış, buna əhəmiyyət verilməmiş, həmin hissədə məhsulların satışını satış sənədləri olmayan məhsullar kimi qiyəmtələndirilməklə iddiaçıya əlavə vergilər hesablanmışdır. Bu zaman cavabdeh səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun gəlməyən, özünəməxsus hesablamalardan, o cümlədən, satış sənədi təqdim edilməyən məhsullara, yəni NKA vasitəsilə satışı həyata keçirilən məhsulların satış qiymətini – topdansatış üzrə vergi orqanına təqdim edilən elektron qaimələrdə (VHF-larda) təsbit olunan satış qiymətlərindən orta illik satış qiymətindən istifadə olunmuşdur. Halbuki, qeyd edildiyi kimi, vergi orqanı bilirdi ki, vergi ödəyicisində satışın konkret qiymətlərini əks etdirən NKA çekləri mövcuddur. Belə olan halda, vergi orqanı iddiaçının vergiləri ödəməkdən gizləndiyini mübahisələndirən dəlillərinin hüquqi əsası ola bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisələndirilən qərarıları ilə iddiaçıya hesablanmış əlavə vergilərinə əsaslılığının müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3793 №li xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü, həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları (ƏDV, mənfəət) arasında fərq olmadığı üçün hazırki ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergilərin az hesablanması müəyyən edilməmişdir (Ekspertiza ilə 670,60 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən edilmişdir). Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlar baxımından, ekspertin gəldiyi həmin nəticəyə inandırıcı yanaşır. Beləliklə qeyd olunanlardan göründüyü kimi, 2017-2019-cu illərdə sahibkarılıq fəaliyyəti zamanı iddiaçı tərəfindən mənfəət və ƏDV vergilərindən yayınması faktı müəyyən olunmur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə iəsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Göstərilənlər onu deməyə əsas verir ki, vergi orqanının mübahisələndirilən qərarları ilə iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergisinin hesablanması və ona maliyyə sanksiyalarının tətbiq olunması əsassızdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiaysı birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, həmin qərarın yoxlanılan hissədə əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-594/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1486/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1486/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver