Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1486/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə əmək pensiyasına əlavələrin prokurorluq orqanlarında qulluğun son 24 ayı (xx.xx.2019-cu il-xx.xx.2021-ci il) ərzindəki əmək haqqının orta aylıq məbləğini, tutduğu vəzifələr üzrə (15 ay Baş Prokurorluğun idarə rəisi, 9 ay Baş prokurorun böyük köməkçisi) əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması, bununla bağlı ödənilməli və ödənilmiş pensiya məbləğləri arasında yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə müraciətinə rədd cavabı vermişdir. Məktubun məzmunundan görünür ki, cavabdehin yeganə “rədd arqumenti” belədir: “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz”. Məktubda dəqiqləşdirilmişdir ki, “prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə işləyən pensiyaçı kimi ona ödənilmiş əmək pensiyasının müəyyən edilməsi üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının hesablanması zamanı əsas götürülən dövr ərzində (xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) ona ödənilməyib”; “sözügedən əlavənin xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə hesablanmış pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”; “prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar 17 may 2021-ci il tarixindən əmək pensiyasının yenidən hesablanması zamanı vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı müəyyən edilərkən yuxarıda qeyd olunan 1 aylıq vəzifə maaşı miqdarında pul təminatı qulluq keçdiyi son 24 ayın 9 ayı ərzində ona ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilib”. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazirki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni aldığından, onun əmək pensiyası yenidən hesablanarkən nəzərə alınmışdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən, bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; (xx.xx.2022-dək qüvvədə olan redaksiya) 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir; 21.2-1-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli, 253 nömrəli qərarı ilə, Azərbaycan Respublikasının prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə müəyyən edilmiş və Qərar 2020-ci il avqustun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, prokurorluq işçilərinin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdən prokurorluq orqanlarında qulluğuna xitam verilməsi ilə əlaqədar cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanmışdır. Prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə vaxtilə işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı müəyyən edilərkən son 24 ayın 9 ayı ərzində iddiaçıya ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilmişdir. Sözügedən əlavənin 9 ay ərzində iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı hazırda həmin əlavənin əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilməklə, prokurorluq orqanlarında qulluğun son 24 ayı (xx.xx.2019-xx.xx.2021-ci il) ərzindəki əmək haqqının orta aylıq məbləği hesablanarkən 9/24 nisbətində (faktiki alınan 9 aya münasibətdə) deyil, 24 ay üzrə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbini irəli sürür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının prokurorluq orqanlarında qulluğun son 24 ayı (xx.xx.2019-xx.xx.2021-ci il) ərzindəki əmək haqqının orta aylıq məbləği müəyyən edilərkən, prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin həmin 24 ayın 9 ayı ərzində iddiaçıya ödənildiyindən həmin ayların sayına mütənasib olaraq əmək pensiyasına tətbiq edilmişdir. Həmin əlavənin “əmək haqqındakı sonrakı artım” anlayışına daxil olub-olmaması və hansı həcmdə əmək pensiyasına nəzərə alınması ilə bağlı aşağıdakılarında nəzərdən keçirilməsi zəruridir. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə kollügiyası müvafiq qərarın nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı prokurorluq orqanlarının işçilərinə 1 avqust 2020-ci il tarixindən ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni aldığından, onun əmək pensiyası yenidən hesablanarkən nəzərə alınmışdır. Həmçinin sözügedən əlavə iddiaçının qeyd etdiyi kimi əmək haqqındakı “sonrakı artım” deyil, qulluğun son 24 ayında əmək haqqına sonradan daxil olan yeni növ ödəncdir. Bunu Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan qərarından da aydın görmək mümkündür. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 1.0.19-cu maddə əlavə edilmişdir ki, həmin maddəyə əsasən, əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar – əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Yəni, şəxs pensiyaya çıxdıqdan sonra, əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdə artım olarsa (məsələn hazırkı iş üzrə 1 vəzfiə maaşı qədər verilən həmin əlavə 2 vəzifə maaşı qədər əlavə olarsa) bu “sonrakı artım” kimi həmin ödənci almış pensiyaçılara şamil ediləcəkdir. Lakin hər bir halda hazırkı iş üzrə iddiaçıya 9/24 nisbətində tətbiq edilməlidir. İddiaçı həmin əlavəni əsas götürülən son 24 ayın cəmi 9 ayında almış və sosial sığorta haqqı ödənmişdir. İddiaçının həmin əlavənin 24 ayın hamısı üçün, tam həcmdə (24/24) nəzərə alınması barədə dəlilləri əsassızdır. Əks yanaşma son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinin müəyyən edilməsi barədə müddəanı əhəmiyyətsiz edər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1486/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1486/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver