Məhkəmə qərarları › İş №2-1(103)-1486/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1486/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1486/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul kompensasiyasının ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5287/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmət dövründə hərbi qulluqçular üçün qanunvericiliklə nəzərdə tutulmuş təminat xərcliyinə daxil olan bir sıra maddi təminatlardan (1-ci məharət dərəcəsinə görə əlavələrin, 2014-cü il üçün 15 gün, 2015-ci il üçün 15 gün, 2016-cı il üçün 45 gün növbəti məzuniyyətə buraxılmadığına görə ödənilməli olan pul kompensasiyası, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri əhatə edən mənzilin müvəqqəti kirayəsi üçün və geyim təminatı əvəzinə ödənilməli olan pul kompensasiyası, 2015 və 2016-cı illərə görə birdəfəlik pul mükafatı, 2015 və 2016-cı illərə görə maddi yardım, 2015ci ildə qanunsuz tərxis edildikdən sonra Naxçıvan şəhərindən Bakı şəhərinə geri qayıdarkən qanunvedriciliklə nəzərdə tutulmuş yol xərci) qanuni əsas olmadan məhrum edildiyi üçün həmin təminatların hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5287/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının «həqiqi hərbi xidmətdən qanunsuz tərxis edilməsi ilə əlaqədar olaraq xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə ödənilməyən pul kompensasiyasının, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzinin, ilin yekununa görə ödənilməyən birdəfəlik pul mükafatının əvəzinin, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzinin, əşyageyim əvəzinə ödənilməyən pul kompensasiyasının, 2015-ci ilin iyul ayında Naxçıvan MRdan Bakı şəhərinə ailəsi ilə birlikdə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların köçürülməsi xərcinin əvəzinin və 2016-cı ildə ödənilməyən maddi yardım pulunun əvəzinin cavabdehdən (Müdafiə Nazirliyi) tutularaq ona ödənilməsi»nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1998-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və həmin məktəbi 2002-ci ildə motoatıcı ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsini almışdır. Azərbaycan Respublikasının müxtəlif bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə xidmət etmişdir. Xidmət etdiy zaman xidmətdə fərqləndiyinə görə ayrı-ayrı vaxtlarda müxtəlif medallarla, fəxri fərmanlarla və təşəkkürlərlə təltif edilmiş və nümunəvi xidmət etdiyinə görə yuxarı komandanlıq tərəfindən ona 1-ci məharət dərəcəsi, növbəti hərbi rütbələr verilmiş, həmçinin hərbi xidmət vəzifələrində irəli çəkilmişdir. Hərbi xidmət dövründə nizam-intizam pozuntusuna yol vermədiyi üçün rəis və komandanlıq tərəfindən intizam qaydasında cəzalandırılmamışdır. Naxçıvan Muxtar Respublikasında xidmət edərkən qanunvericiliklə nəzərdə tutulmuş bir sıra maddi təminatlardan (1-ci məharət dərəcəsinə görə əlavələri, 2014-cü il üçün 15 gün, 2015-ci il üçün 15 gün, 2016-cı il üçün 45 gün növbəti məzuniyyətə buraxılmadığına görə ödənilməli olan pul kompensasiyası, xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən mənzilin müvəqqəti kirayəsi əvəzinə və geyim təminatı əvəzinə ödənilməli olan pul kompensasiyası, 2015 və 2016-cı illərə görə birdəfəlik pul mükafatı, 2015 və 2016-cı illərə görə maddi yardım, 2015-ci ildə qanunsuz tərxis edildikdən sonra Naxçıvan şəhərindən Bakı şəhərinə geri qayıdarkən qanunvedriciliklə nəzərdə tutulmuş yol xərci) qanunsuz olaraq məhrum edilmişdir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələbinə görə təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyyata və ya istefaya buraxılarkən, sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-5287/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1-ci məharət dərəcəsinə əlavəyə görə pul kompensasiyası, istifadə etmədiyi məzuniyyətə görə ödənilməyən məzuniyyət pulunun əvəzi, mənzilin müvəqqəti kirayəsinə görə ödənilməyən kirayə pulunun əvəzi, əşya geyim (əmlak) əvəzi, 2015-ci ilin iyul ayında Naxçıvan MR-dan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərcinin (avia bilet xərci), əşyaların aparılması xərcinin əvəzi və 2016-cı il üçün maddi yardım pulunun əvəzinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2-1(112)-5287/2023 nömrəli qərarının ləğv edilməsini, yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “vurulmuş ziyana görə - xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ehtiyatda olduğundan ona əlavə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsini, İddiaçı iddia tələbinin kirayə və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsinə dair hissəsində mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2-1(112)-5287/2023 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2-1(112)-5287/2023 saylı qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə xidmətə bərpa olunmuşdur. Xidmətə bərpa olunduqdan sonra xidmət etdiyi N nömrəli hərbi hissə Naxçıvan Muxtar Respublikası ərazisində döyüş bölgəsində yerləşdiyindən ona ödənilməli olan pul təminatı ikiqat (və əlavə) hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli Qərarın 32.1-ci maddəsinə əsasən “Döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolağlarında döyüş tapşırıqlarını yerinə yetirən cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı an döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara xidmət dövrü üçün pul təminatının əmsallarla ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən döyüş şəraitində döyüş əməlliyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul ikiqat hesablanır. N nömrəli hərbi hissə 2015-2016-cı illərdə hərbi hissələrin siyahısına daxil edilmiş və orada xidmət edən hərbi qulluqçular ikiqat pul təminatı ilə təmin edilmişlər. İddiaçıya məhkəmə qərarına əsasən hərbi xidmətə bərpa olunduğuna görə xidmətdə olmadığı dövr üçün birqat pul təminatı hesablanaraq ödənilmiş, xidmətə başladığı gündən isə xidmət etdiyi hərbi hissənin təminatına uyğun olaraq ona ikiqat təminatı ödənilmişdir. Hərbi hissənin məlumatına əsasən iddiaçı döyüş əməliyyatlarının başlanaçağı an döyüş tapşırığını almamış və ona görə də ikiqat pul təminatı ödənilməmişdir. İddiaçı iddia ərizəsində xidmətdə olmadığı dövrdə ona ikiqat pul təminatının ödənilməsini tələb edir. Yuxarıda qeyd olunan maddənin tələblərindən də görünür ki, müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların pul təminatına əmsallar tətbiq olunur. İddiaçı 2015-ci ildə ehtiyata buraxıldıqdan hərbi xidmətə bərpa olunduğu günədək hərbi xidmətdə əmsalların tətbiq edilməsi mümkün olmamış, hərbi xidmətə bərpa olunduqdan sonra xidmətdə olmadığı aylar üçün pul təminatı birqat hesablanaraq ona ödənilmişdir. Azərbaycan Respublikası Silahlı X1 X4 29 avqust 2016-cı il tarixli 15 nömrəli əmrin 14.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi hissə tərəfindən verilmiş arayış əsasında kompensasiya verilməsi nəzərdə tutulmuş və həmin kompensasiyanın ödənilməsi üçün hərbi qulluqçu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində yaradılmış əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsinə dair komissiyaya müraciət etməlidir. Komissiya tərəfindən ehtiyatda olan hərbi qulluqçunun ərizəsinə əsasən müvafiq qərar qəbul edilir. Komissiya Bakı şəhərində yerləşir. Lakin komissiyanın məlumatına əsasən iddiaçı əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi üçün komissiyaya rəsmi olaraq müraciət etməmişdir. İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin məlumatına əsasən N iyul 2015-ci il tarixdən 12 yanvar 2017-ci il tarixədək kirayə pulu ödənilməmişdir, çünki hərbi qulluqçu kirayə pulu alınması üçün hərbi hissəyə kirayə qaldığı yerdən arayışlar təqdim edildiyi halda ödənilir. Lakin iddiaçı sözügedən arayışları hərbi hissəyə təqdim etmədiyindən ona kirayə pulu ödənilməmişdir. Müdafiə Nazirliyi Bakı İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, hesab edir ki, qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qərar ləğv olunmalı, yeni qərar qəbul edilməli, iddiaçının iddia tələbləri rədd olunmalıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş arayışlara və məhkəmə iclasında tədbiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticəyə gəlməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddiaçının iddia ərizəsini təmin edərək maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin səhv nəticəyə gəlməklə İnzibati-Prosessual Məcəllənin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsasdır. Qeyd edilənlərə əsasən inzibati işdən görünür ki, iddiaçıya inzibati orqan Müdafiə Nazirliyi kirayə və əşya əmlakın pul kompensasiyasının ödənilməsindən imtina etməmiş, yəni inzibati işdə inzibati akt mövcud deyil. Belə olan halda məhkəmə Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən iddianın kirayə və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsinə dair hissəsində mümkün sayılmaması barədə qərardad qəbul edə bilər. İnzibati işdə inzibati akt olmadığı halda Məhkəmə Müdafiə Nazirliyinin iddianın mümkün sayılmaması barədə ərizəsinə baxmamış, iddia ərizəsini təmin etmiş, nəticədə əsassız qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-351/16 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiasının qismən təmin edilməsi, İddiaçı hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0384 saylı əmrinin ləğv edilməsi, iddiaçının hərbi xidmətə bərpa olunması, iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2729 nömrəli məktubda qeyd edilir: Ehtiyatda olan mayor İddiaçı 2014-2016-cı illərdə pul təminatı aşağıda qeyd olunan qaydada ödənilmişdir: - 2014-cü ilin dekabr ayınadək 1-ci məharət dərəcəsinə görə əlavə; - xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək və xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək istifadə etmədiyi məzuniyyət günlərinə görə 518 manat məbləğində pul kompensasiyası; xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ona kirayə əvəzi pul kompensasiyası ödənilməyib; - əşya əmlak əvəzinə pul kompensasiyasının ödənilməsi X2 səlahiyyətləri xaricində olduğundan Müdafiə Nazirliyinə müraciət edilməsi tövsiyyə olunub; - 2015-ci ildə 548 manat məbləğində maddi yardım; - 2015-ci ildə ehtiyata buraxılarkən birdəfəlik pul mükafatını tam həcmdə almağa layiq görülüb; - xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ehtiyatda olduğundan ona hər hansı bir əlavə ödənilmə haqqında məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli 0384 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə iddiaçının hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli 0384 nömrəli əmri ləğv edilmiş və iddiaçı hərbi xidmətə bərpa olunmuşdur. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığı tarixdən hərbi xidmətə bərpa olunduğu tarixədək təminatları almamışdır. Bununla əlaqədar olaraq həmin qərarın icrası qaydasında iddiaçı hərbi xidmətə bərpa olunmaqla yanaşı xx.xx.2015-ci ildən başlayaraq hərbi xidmətə bərpa olunduğu tarixədək bütün təminatları almalıdır. Məhkəmə qərarının icrası isə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Belə ki, məhkəmə qərarının hər hansı formada icra olunmadığı halda iddiaçının məhkəmə qərarının icrasını tələb etmək hüququ vardır. Yəni iddiaçı hazırki iddia tələbi ilə əlaqədar icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) şikayət ərizəsi ilə müraciət etməli (o cümlədən icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət daxil olmaqla), məhkəmə qərarının icrasını tələb etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N-ci il tarixli qərarının 24-cü bəndinə əsasən “İcra haqqında” Qanunun 26-cı maddəsində icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində nəzarətin həyata keçirilməli olduğu təsbit edilmişdir. Bu normaya uyğun olaraq məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasına nail olmaq üçün icra orqanı qismində çıxış edən hakim icra vərəqəsi verməklə işini bitmiş hesab etməməli, icra məmuru tərəfindən başlanılmış icra icraatının gedişini də nəzarətdə saxlamalıdır. Bunun üçün icra məmurundan görülmüş işlər barədə mütəmadi məlumatlar almalı, işin xüsusiyyətlərindən çıxış etməklə icranın təmin edilməsinə yönəlmiş qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, qanunsuz əlverişsiz inzibati aktların ləğvi onların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vaxtilə digər inzibati məhkəmə icraatında mübahisələndiyi cavabdeh inzibati orqanın əmri əlverişsiz inzibati aktdır və onun ləğv edilməsi ləğv olunduğu vaxtdan deyil, qəbul olunduğu andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdehin əmrinin ləğv edilməsi onun hüquqi nəticələrini də aradan qaldırmış olur. Bu isə o deməkdir ki, cavabdehin həmin əmri iddiaçının xidmətə bərpa olunması anınadək ona bütün təminatların ödənilməsini də ehtiva edir. İddiaçının hərbi xidmətdən tərxis olunması barədə əmr müvafiq məhkəmə qərarı əsasında ləğv olunduğundan və sonradan onun barəsində ayrıca əmr (əlverişsiz inzibati akt) qəbul olunmadığından, xidmətə bərpasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz, ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5287/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar