Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1487/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinə qarşı “sərhədkeçməyə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7461/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarı olmadan barəsində qoyulmuş- dövlət sərhədini keçmək məhdudiyyətinin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 avqust 2011-ci il tarixdə kredit müqaviləsi əsasında Azərbaycan Beynəlxalq Bankı ASC-dən 8535 ABŞ dolları məbləğində kredit götürmüşdür. 09 avqust 2013-cü il tarixdə isə götürdüyü kredit müqaviləsinin vaxtı bitmişdir. 18 may 2013-cü il tarixdə Lənkəran rayon Notariat Kontorunun verdiyi etibarnamə əsasında “Bütün əmlak və hüquqlarını”, o cümlədən mülkiyyətində olan “VAZ 21144” minik markalı ** LZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili, banka olan qalıq 6575,57 ABŞ dolları borcunu ödəmək üçün Azərbaycan Beynəlxalq Bankının əməkdaşı X1 vermişdir. X5 avtomobilin ona verilməsinə baxmayaraq həmin maşını mənimsəmiş, ipoteka predmeti kimi hərracda satıb pulunu banka verməmişdir. Fevral 2020-ci il tarixdə İran İslam Respublikasına keçmək istəyərkən barəsində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin (DİNnin BƏSİİ) sərhəd məhdudiyyətinin olmasından xəbər tutmuşdur. İşi, gəliri və Beynəlxalq Banka olan borcunu ancaq xaricə gedib qoşqulu ağır tonajlı yük maşınlarında sürücü işləməklə qazandığı pul vəsaiti hesabına ödəyə bilər. Məhkəmə qərarı olmadan DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin sərhəd məhdudiyyəti tətbiq etməsi onun konstitutsion hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7461/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadı (hakim S.Salahova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın mümkün sayılmamasının səbəbi kimi sözügedən məhdudiyyətin hazırda istintaq olunan cinayət işi üzrə qoyulması və buna görə məsələnin Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun aidiyyatı məhkəmədə həll edilməli olduğuna istinad etmişdir. Məhkəmə qərardadında bu əsaslandırma cavabdeh təşkilatın 04 noyabr 2021-ci il tarixli məktubunda göstərilənlərə əsasən aparılmışdır.Həmin məktubda qeyd edilir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitinin fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı DİN-in BMCMİ-nin İstintaq və təhqiqat idarəsində istintaqı aparılan cinayət işi üzrə yaradılmış birgə istintaq qrupunun tərkibinə daxil olan Bakı şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin müstəntiqləri tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 10 avqust 2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC-yə 6895 ABŞ dolları əsas, 1673 ABŞ dolları faiz olmaqla ümumilikdə 8568 ABŞ dolları kredit borcu ödənilməmişdir. Hazırda istintaq davam etdirilir. Bununla bağlı qeyd edir ki, sözügedən kredit borcu üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin № 2(010)-5406/2015 saylı 03 avqust 2015-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə məndən 6575,57 $ (Altı min beş yüz yetmiş beş ABŞ dolları 57 sent.) ABŞ dolları ödəniş aparılan tarixə Azərbaycan manatının məzənnəsi ilə borclu və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutma girov predmetinə yönəldilməklə, İddiaçı məxsus “VAZ 21144” minik markalı ** LZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil açıq hərracda satılması və cavabdeh İddiaçı "xxxx" ASC- nə olan kredit borcu həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti cavabdeh İddiaçı qaytarılması qət edilmişdir. Barəsində mövcud olmayan cinayət işi üzrə ölkədən çıxışına məhdudiyyətin qoyulması cavabdeh təşkilatın cinayət-prosessual fəaliyyəti ilə bağlı deyil, məhz onun inzibati orqan kimi faktiki xarakterli hərəkətləri ilə əlaqədardır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı iddia ərizəsinə, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. İnzibati işdən müəyyən olunur ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən iddiaçının sərhədkeçməsinə məhdudiyyət tətbiq edilmişdir. İddiaçı hazırda ona barəsində tətbiq edilən bu məhdudiyyətin aradan qaldırılmasını xahiş edir. Birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsi 04 noyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda pul vəsaitinin fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə yaradılmış birgə istintaq qrupunun tərkibinə daxil olan Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqləri tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 10 avqust 2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Səbail" filialına 6.895 ABŞ dolları əsas, 1.673 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 8.568 ABŞ dolları kredit borcu ödənilməmişdir. Hazırda istintaq davam etdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq (publik hüquq) sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyət onunla inzibati orqan arasında yaranmış hər hansı inzibati hüquq sahəsinə aid münasibətlə bağlı deyil, başlanmış cinayət işi ilə bağlı olmuşdur. Belə olan halda, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: -122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. -122.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə. -449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. -449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avqust 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, “ilk əvvəl nəzərə alınmalıdır ki, CPM-in 9-cu maddəsinə uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir. Bu Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 122.1 və 449.2-ci maddələri ilə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ olan şəxslərin ümumi dairəsi müəyyən edilmiş, habelə məhkəməyə şikayət vermək hüququnun subyektləri dairəsinə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər aid olunmuşdur. Odur ki, CPM-in 449.2.3-cü maddəsində məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququnun subyektləri sırasına aid olunan «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər»in müəyyənləşdirilməsi məsələsində həm bu Məcəllənin 122.1-ci maddəsinin, həm «Cinayət prosesinin iştirakçıları»na aid olan şəxslərin kimdən ibarət olmasından bəhs edən (CPM-in ikinci bölməsinin) müddəaları, həm də 95.6.12-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, CPM-in 449.2-ci maddəsində göstərilən şəxslər hər bir halda bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş məsələlərlə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd edir ki, Qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar”. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçının hazırkı tələbi cinayət prosesini həyata keçirən orqanın bilavasitə həyata keçirdiyi cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan cinayət prosesini həyata keçirən orqanın onun hüquqlarına və qanuni maraqlarına toxunduğunu iddia etdiyi qərar və hərəkətlərindən CPM-nin 67.3, 122.2 və 449-cu maddələrinin tələblərinə əsasən müvafiq qaydada cinayət prosesini həyata keçirən orqanlara şikayət etmək və ya ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7461/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1487/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1487/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver