Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1487/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3124/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və tələbinin “hərbi xidmətdə olduğu, 2 oktyabr 1993-cü il tarixdən 25 sentyabr 1995-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Virgin adalarının “X4 Ltd” Şirkətinin filialında işlədiyi dövrlərin əmək stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh ƏƏSMN tabeliyində DSMF PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, əsl cavabdeh DSMF PHŞ-in Sosial Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi “hərbi xidmətdə olduğu dövrün, 2 oktyabr 1993-cü il tarixdən 25 sentyabr 1995-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Virgin adalarının “X4 Ltd” Şirkətinin filialında işlədiyi dövrlərin əmək stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, əvvəllər ona təyin edilmiş əmək pensiyalarının bərpa edilməsini və ya yenidən hesablanmasını xahiş etmişdir. Ərizəsində ona pensiya təyin edilən zaman 26 manat pensiya hesablandığını, lakin bunun əvəzinə cəmi 8 manat ödəniş edilməsini qeyd etmişdir. Həmin vaxt baş vermiş xətanı aradan qaldırmağı, ödənilməmiş məbləğin bərpa edilməsini və bu barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. İddiaçıya cavab olaraq 01 yanvar 2006-cı il tarixindən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq ona həmin tarixdən 26.20 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilərək ödənildiyi bildirilmişdir. Həmçinin müraciəti ilə əlaqədar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək 01 yanvar 2021-ci il tarixdən 259.78 manat müəyyən edilməsi bildirilmişdir. X5 aparılan araşdırmaya əsasən "xxxx" Kiçik Müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından əmək kitabçasının surətində qeyd edilmiş 02 oktyabr 1993-cü il tarixindən 25 sentyabr 1995-ci il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulduğu səbəbindən iddiaçı məhkəməyə müraciət edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 439.7 maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri artmış və ya azalmışsa borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. MM-nin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Cavabdeh uzun müddət iddiaçının pulunu qanunsuz saxlamaqla iddiaçıya vurduğu zərərin əvəzini ödənilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etirazın əsaslarına görə iddiaçıya məxsus əmək kitabçasında qeyd edilən xx.xx.1993-xx.xx.1995-ci illərdə "xxxx" kiçik müəssisəsində işləməsinə dair qeydlərin yoxlanılması zərurəti yaranmışdır. Qarşılıqlı yoxlama zamanı həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni, əmək kitabçasında qeydə alınmış xx.xx.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3124/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" müstəqil kiçik müəssisəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı da həmçinin, apellyasiya şikayəti verərək həmin qərarın dəyişdirələrək, iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş hərtərəfli və obyektiv araşdırılmamış, qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İşin mübahisələndirilən halı İddiaçı xx.xx.1993 - xx.xx.1995-ci illər ərzində“X6”ndə işlədiyi dövrdür. Belə ki,“X6”nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlər sosial sığorta stajına daxil edilə bilməz və belə olan halda İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. İddiaçı isə apellyasiya şikayətində mübahisələndirmişdir ki, məhkəmə iddia tələbini qismən təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Səfərov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasdarında iştirak edən İddiaçı şikayətinin təmin olunmasını xahiş edərək izahatında bildirmişdir ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsində onun hərbi bileti və xidməti barədə məlumatların aşkar edilməmiş, o, 1964-cü ildə Tovuz rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş, bu barədə arayış verilmişdir. Rusiyada xidmət etmiş, lakin hərbi hissənin adını və yerini dəqiq bilmir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının xx.xx.1993-xx.xx.1995-ci illərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün, müəssisənin arxiv sənədlərinin saxlanılmadığına görə, əmək stajına daxil edilməsini mümkünsız sayır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasla iddiaçının xx.xx.1993-xx.xx.1995ci illərdə "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün onun sığort stajı kimi nəzərə alınmaması qanunsuzdur. Çünki, onun həmin qürumda işlədiyi dövrdə (2006-cı ilə qədər) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndi nəzərədə tuturdu ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eyni zamanda, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək pensiyası əmək kitabçasına əsasən təyin edilir, əmək kitabçası olmadıqda digər sənədlərə əsasən pensiya təyinatı aparılır. Konkret halda, iddiaçının pensiya işinə dair sənədlərlə birlikdə təqdim olunmuş əmək kitabçasının surətində (i.v.66) onun 1993-1995-ci illərdə işləməsi öz təsdiqini tapır. Lakin cavabdeh tərəfindən həmin qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir hal olmadığı halda, həmin qeydləri qəbul etmir və həmin müəssisənin arxiv sənədlərinin saxlanılmadığına istinadən həmin dövrün sığorta stajı kimi qəbul etmir. Halbuki, əmək kitabçasının həmin qeydlərində iddiaçının işə qəbulu, qürumun adı və işdən azad olunmasının tarixi, bununla bağlı əmrin nömərisi və tarixi vəs göstəricilər - səlist yazılarla, qarlamasız qeyd olunmuş və ikadrlar müfəttişinin imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuşdur. Həmin vərəqinin tamlığı pozulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Birinci instansiya məhkəməsi qərarında da, məhz, qeyd olunanlara əsaslanaraq tədqiq olunan dövrün cavabdeh tərəfindən iddiaçının sığorta stajı kimi nəzərə alınmamasını qanunsuz hessab etmişdir. İddiaçının apellyasiya şikayətinin iddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı narazılığına gəldikdə isə qeyd olunmalıdır ki, birincisi, onun pensiya işinə dair sənədlərdən görünür ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Virgin Adalarının “X2 Ltd” şirkətinin filialında işlədiyi dövr cavabdeh tərəfindən nəzərə alınmış və onun sığorta stajı 27 il 1 ay 23 gün müyyən edilməklə, ona yaşa görə əmək pensiyası hesablamışdır. Hərbi xidmətdə olduğu dövrün sığorta stajına daxil edilmədiyini mübahisələndirməsi ilə əlaqədar isə qeyd olunmalıdır ki, birincisi, onun əmək kitabçasında bununla bağlı müvafiq qeydlər mövcud deyildir. İkincisi, işə birinci instansiya məhkəməsində baxılarkən aidiyyəti qurumlara verilmiş sorğuya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən iddiaçının hərbi xidmət keçməsi barədə İdarənin arxiv uçot sənədlərində heç bir məlumat olmadığını bildirilərək aidiyyəti üzrə həmin Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə müraciət edilməsi göstərilmiş, sonuncu da müvafiq məlumatları məhkəməyə təqdim etməmişdir. Üçüncüsü, iddiaçının özü də Xidmətin Suraxan rayon idarəsində belə bir məlumatın, ümumiyyətlə hərbi biletinin olmadığını təsdiq edərək, xidmət etdiyi hərbi hissənin Rusiya Fderasiyasında harada yerləşdiyini və dəqiqliyi ilə hansı hərbi hissədə olduğunu, yeri və adı barədə məlumat verə bilməmişdir. Onun məhkəməyə təqdim etdiyi qeyd olunan Xidmətin Tovuz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 272 nömrəli arayışna gəldikdə isə həmin arayışda xx.xx.2064-cü il tarixdə Tovuz rayon həri komissarlığı tərəfindən hərbi xidmətə göndərildiyi təsbit olunsa da, onun müddətli həqiqi hərbi xidmət keçib-keçmədiyi barədə tam məlumat yoxdur. İPM-in 14.3-cü maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə də birinci instansiya məhkəməsinin qərarının işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun olduğu sübuta yetirilir. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3124/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3124/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1487/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1487/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver