Məhkəmə qərarları › İş №2-1(103)-1488/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1488/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1488/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1971-ci il tarixdə Qutqaşen ray., Bum kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2001/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən, inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 05.10.2020-ci il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, X11, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 277 nömrəli, 16 aprel 2004-cü il tarixli “Ticarət fəaliyyəti üçün köşkün daşdan tikilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən (bundan sonra sərəncam) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, ev 27 saylı binanın qarşısındakı sahədə yerləşən və onun istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Bundan əlavə, sözügedən obyektin xarici görünüşünə xüsusi diqqət verilməsi və ətraf sahələrin abadlaşdırılması ona həvalə edilmişdir. Bundan əvvəl sözügedən ərazidə yerləşən sahədə ticarət mağazasının tikilməsi üçün eskiz layihə hazırlanmış həmin sərəncama uyğun olaraq tikili inşa edilmişdir. Suraxanı rayonu Layihə-smeta bürosu tərəfindən verilmiş olan bu eskiz layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq, Şəhərsalma Baş İdarəsi tərəfindən “Sərəncama” uyğun olaraq 18/03-8/1986/ saylı razılaşdırılma ştampına əsasən təsdiq edilmişdir. Həmin tikiliyə dair bütün vergilər və dövlət rüsumları tərəfindən ödənilmişdir və uçota alınması barədə vergi orqanına aid arayışı iddia ərizəsinə əlavə etmişdir. Həmin daşınmaz əmlakla bağlı bütün hüquqlarının həyata keçirilməsi üçün vətəndaş X2 həvalə etmişdir. X4 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 23 iyul 2020-ci il tarixdə sözügedən daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatı üçün müraciət etmişdir. İdarə tərəfindən etmiş olduğu müraciət əsasında “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad edilmiş və eyni zamanda inventarlaşmanın və istismara qəbul edilmə aktı olmaması bildirilmişdir. 23.02.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, X11, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2001/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, X11, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh 14.04.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) təqdim edilməmişdir və özbaşına tikilidir. Bundan əlavə, müvafiq qeyri-yaşayış binası yaşıllıq sahəsində yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X2 ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli, **********65 saylı məktubda qeyd edilmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və istismara qəbul aktı sənədlər toplusuna əlavə olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında № **********17 saylı Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən verilmiş arayışdan görünür ki, X5 ********** saylı VÖEN verilmiş ondan ötrü ki, o, ünvan 3 ünvanı ərazisində 25.06.2004-cü il tarixdən ərzaq mağazası işlədir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 26 oktyabr 2020-ci il tarixli, 803 nömrəli cavab məktubunda Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 16 aprel 2004-cü il tarixli, №277 saylı sərəncamının və eskiz lahiyyəsinin təsdiq edilmiş surətləri göndərilmişdir. Sərəncamın surətindən görünür ki, X11 “Q” yaşayış sahəsi 27 saylı binanın qarşısındakı sahədə vətəndaş İddiaçı istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iş üzrə araşdırma zamanı müəyyən olundu ki, iddiaçı qeyd edilən daşınmaz əmlakdan istifadə edir, həmin daşınmaz əmlakın ticarət fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 16 aprel 2004-cü il tarixli №277 saylı sərəncamı ilə eskiz layihədəki ölçülərdə daşdan tikilməsinə icazə verilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, çıxarışın verilməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X9 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, X11, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, istismara qəbul aktı) iş materiallarında mövcud deyildir və eyni zamanda hazırkı mərhələdə də iddiaçı tərəfindən bununla bağlı sənəd və sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş istismara qəbul aktını cavabdeh inzibati orqana, işin məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim etməmişdir. Belə ki, qanunvericilik normalarının tələblərindən göründüyü kimi qeyri-yaşayış sahəsinin tikintisi üçün istismara qəbul edilməsi haqda aktı iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən verilmiş **********17 №-li arayışında hazırkı iş üzrə İddiaçı deyil, X3 təsərrüfat subyekti olması qeyd edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsi ilə bağlı şəxsən öz adına VÖEN-ə malik olması “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə” reyestr məlumatlarında və iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 16 aprel 2004-cü il tarixli №277 saylı Sərəncamının surətinin arxa vərəqində olan qeydə əsasən 34 saylı notariat kontoru tərəfindən verilmiş, 07.08.2007-ci il tarixli, 11-4411 №-li etibarnaməyə əsasən X6 25 il müddətinə etibar edilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2001/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, X11, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar