Məhkəmə qərarları › İş №2-1(103)-1489/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1489/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1489/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X2 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-725/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildən iyun 1983-cü ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2017-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə, yəni xx.xx.2017-ci il tarixdən sonra tamam olduğundan, ona “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu. İddiaçı isə həmin tarixədək müvafiq güzəştli iş stajına malik olmamışdır. İddiaçının hesab etdiyi güzəştli iş stajı aşağıdakı kimidir: xx.xx.1984-xx.xx.1986-Elektrik sexində növbətçi elektrik montyoru; xx.xx.1986-xx.xx.1989 - Elektrik sexində böyük növbətçi elektrik montyoru, xx.xx.1989-xx.xx.1993 - Elektrik sexində növbə rəisi; xx.xx.1993hazıradək - elektrik stansiyasında növbə rəisi. Nə iddiaçının özü tərəfindən, nə də iddiaçının təqdim etdiyi arayışda məhz hansı illər arasında işləmiş olduğu hansı peşəsinin siyahı üzrə hansı peşəyə uyğun gəlməsi barədə məlumat yoxdur. İddiaçının təqdim etdiyi güzəştli arayışda ümumilikdə istismar sahəsinin fəaliyyət sahələri göstərilsə də, məhz iddiaçının tutmuş olduğu peşələrin mahiyyəti açıqlanmamış, iddiaçının tutmuş olduğu peşələrlə müvafiq siyahılardakı peşələr arasında heç bir uyğunlaşdırma aparılmamış, iddiaçının fəaliyyətinin güzəştli şərtlərlə pensiya hüququ verən fəaliyyətlər sırasına daxil olması heç bir şəkildə sübut edilməmişdir. Məhkəmə tərəfindən heç bir hesablama və uyğunlaşdırma aparılmadan müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 21 il 10 ay 28 gün güzəştli iş stajı vardır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı və onun vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərinin ödənildiyi irəli sürülərək yarandığı güman olunan əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” Qanunun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququnun realizə edilməsi mümkündür. İşdə olan, Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiqli surətinə görə iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. KB 018055 nömrəli diplomun notarial təsdiqli surətinə əsasən iddiaçı 1978-ci ildən iyun 1983-cü ilədək M.Əzizbəyov adına X8 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, ona mühəndis-elektrik ixtisası verilmişdir. 0051019 nömrəli əmək kitabçasına görə iddiaçı xx.xx.1983-cü ildə əmək fəaliyyətinə başlamışdır, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “xxxxxxxxxxxxxxx” MMC-nin Elektrik sexində növbətçi elektrik montyoru, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək həmin sexdə V qrup növbətçi elektrik montyoru, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək həmin sexdə böyük növbətçi elektrik montyoru, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək həmin sexdə növbə rəisi, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək stansiyanın növbə rəisi vəzifələrində işləmişdir, xx.xx.2003-cü ildən hal-hazıradək idarə aparatında elektrik stansiyasının növbə rəisi işləyir. “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 205-60 nömrəli “İstehsalat fəaliyyəti haqqında” Arayışda qeyd oluumuşdur ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Elektrik sexində (öyrənən) V qrup növbətçi elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə tutduğu vəzifə üzrə müstəqil işə buraxılmışdır. xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək V qrup növbətçi elektrik montyoru vəzifəsində, xx.xx.1986-cı il tarixdən 01,02.1989-cu il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək sexin növbə rəisi vəzifəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən hal-hazıradək elektrik stansiyasının növbə rəisi vəzifəsində işləyir. İstismar sahəsi bilavasitə aşağıdakı sex və sahələrin elektrik avadanlıqlarının istismarı ilə məşğul olur:

1. 1 və 2 nömrəli Qazan-Turbin sexində (QTS-1,2) yerləşən əsas və köməkçi elektrik avadanlıqları, o cümlədən Turbogeneratorun, blok transformatorlarının, işçi və ehtiyat, xüsusi sərfiyyat transformatorlarının, təsirlənmə sistemləri, paylayıcı qurğuları və sair avadanlıqlar;

2. Yanacaq-Nəqliyyat sexinin mazut nasosxanası və digər sahələrdə yerləşən elektrik avadanlıqları;

3. 330-500 kv-luq X4 yerləşən yüksək gərginlikli elektrik avadanlıqları, o cümlədən hava açarları, kompressor qurğuları, hava xətləri 330/500/35 kv-luq Reaktor və sair avadanlıqlar. İstismar heyəti elektrik avadanlıqlarının fasiləsiz və etibarlı işləməsini təmin edir və onların iş yeri 1 və 2 nömrəli Qazan-Turbin sexinin, 330/500 kv X4 yerləşir. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əlavə 12%, xx.xx.1993-cü il tarixdən hal-hazıradək əlavə 8% əmək haqqı ödənilmişdir. İddiaçının xx.xx.1984-cü il hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a”, ”b” bəndlərinə uyğundur. “xxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 0713 nömrəli “Əmək funksiyaları barədə” Arayışında göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli məktuba cavab olaraq bildirilir ki, iddiaçının xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilə qədər tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-il tarixli 12 nömrəli qərarının 24cü bölməsinin “a” bəndində qeyd edilən “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan)” və “qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” yarımbəndlərinə və xx.xx.1989-cu il tarixdən hal-hazıradək tutduğu vəzifələr həmin qərarın 24-cü bölməsinin “b” bəndində qeyd edilən “qazanxana, turbin (buxar-qaz turbini), qazan turbintozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri” yarımbəndinə uyğundur. İstismar sahəsi bilavasitə aşağıdakı sex və sahələrin elektrik avadanlıqlarının istismarı ilə məşğul olur:

1. 1 və 2 nömrəli Qazan-Turbin sexində (QTS-1,2) yerləşən əsas və köməkçi elektrik avadanlıqları, o cümlədən Turbogeneratorun, blok transformatorlarının, işçi və ehtiyat, xüsusi sərfiyyat transformatorlarının, təsirlənmə sistemləri, paylayıcı qurğuları və sair avadanlıqlar;

2. Yanacaq-Nəqliyyat sexinin mazut nasosxanası və digər sahələrdə yerləşən elektrik avadanlıqları;

3. 330-500 kv-luq X4 yerləşən yüksək gərginlikli elektrik avadanlıqları, o cümlədən hava açarları, kompressor qurğuları, hava xətləri 330/500/35 kv-luq Reaktor və sair avadanlıqlar. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və əlavə 12-8% əmək haqqı ilə təmin edilir. İddiaçı hazırkı tələblə cavabdehə ərizə ilə müraciət etmiş, sonuncunun xx.xx.2019cu il tarixli **********2 nömrəli imtina məktubunda göstərilmişdir ki, işlədiyi sahələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmamışdır. Bundan başqa, xx.xx.2006-cı il tarixə ümumi stajı 25 ildən az təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 12 il 6 ay olmalı, ümumi iş stajı minimum 25 il olmalı;; 2) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 3) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Göstərilən şərtlərə iş üzrə əməl olunur. Belə ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Elektrik sexində (öyrənən) V qrup növbətçi elektrik montyoru ( xx.xx.1984-cü il tarixdə tutduğu vəzifə üzrə müstəqil işə buraxılmışdır), xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək V qrup növbətçi elektrik montyoru, xx.xx.1986-cı il tarixdən 01,02.1989-cu il tarixədək həmin sexdə böyük növbətçi elektrik montyoru, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək sexin növbə rəisi, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək elektrik stansiyasının növbə rəisi işlədiyi vəzifələr (2140000. Xİİİ. “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı”. 2140000a - a) fəhlələr: 2140000a-19834 - gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); 2140000a-19859 - qazanxana qurğusunun, turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları və 2140000b - b) rəhbərlər və mütəxəssislər: 2140000b - 24043 - qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri) cəmi 12 il yarımdan çox olmaqla, 2 nömrəli Siyahı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Bununla da, iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və ali təhsil haqqında diplomdan müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixə, 4 il 10 ay ali təhsil müddəti də daxil olmaqla, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası bu mənada cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-725/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar