Məhkəmə qərarları › İş №2-1(103)-1489/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1489/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1489/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırılması barədə qərarın ləğv edilməsi və onun pensiya təminatının bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırılması barədə qərarın ləğv edilməsi və onun pensiya təminatının bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6703/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus 15.05.1973-cü il tarixli əmək kitabçasından görünür ki, o, əmək fəaliyyətinə 1973-cü ildə başlamış, 10.05.1973-cü ildən 20.05.1974-cü ilə qədər Lerik ATS-də fəhlə işləmiş, 01.09.1974-cü ildən 19.07.1975-ci ilə qədər 11 nömrəli Bakı şəhəri Texniki Peşə Məktəbində təhsil almış, 24.07.1975-ci ildən 17.10.1975-ci ilə qədər “Azneftkimyamontaj” trestinin 2 saylı Bakı Montaj idarəsində 3-cü dərəcəli quraşdırıcı çilingər işləmiş, 04.11.1975-ci ildən 11.11.1977-ci ilə qədər Sovet ordusunda xidmət etmiş, 28.12.1977-ci ildən 16.08.1979-cu ilə qədər “Azneftkimyamontaj” trestinin 2 saylı Bakı Montaj idarəsində 3-cü dərəcəli təmirçi çilingər işləmiş, 27.08.1979-cu ildən 17.03.2014-cü ilədək SSR Elektrotexnika Sənayesi Nazirliyi Eletrosentrolit zavodunda 9 nömrəli mexaniki təmir sexində 3-cü dərəcəli təmirçi çilingər, forma avadanlıqlarının təmir sahəsinə 3-cü dərəcəli təmirçi çilingər, 4-ce dərəcəli çilingər, 3 nömrəli əritmə-tökmə sexinə avadanlıqlarının təmiri üzrə usta, 1 nömrəli tökmə sexində rəis, 3 nömrəli əritmə-tökmə sexində mühəndis-texnoloq, 3-cü kateqoriyalı mühəndis texnoloq, 2-ci kateqoriyalı mühəndis-texnoloq, 10-cu dərəcəli mühəndis-texnoloq vəzifələrində işləmişdir. İddiaçı iddia ərizəsinə Bakı Elektriktökmə ASC-nin 24.04.2014-cü il tarixli araşdırıcı arayışını və 19.11.2021-ci il tarixli arayışını təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən iddiaçıya 21.09.2013-cü il tarixdən 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər 18.02.2021-ci ilə qədər həyata keçirilmiş, sonradan pensiya üzrə ödənişlər dayandırılmışdır. İddiaçı qeyd edilən halın aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 05.03.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 Nq-İİ siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.” Araşdırma zamanı məlum olmuşdur ki, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən 25.07.1985-31.11.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Əritmə tökmə sexində işlədiyi mühəndis-texnoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (1 il 9 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya 21.09.2013-cü il tarixindən Fondun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona 21.09.2013-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15803,43 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya 05.03.2021 -ci il tarixli **********3 nömrəli məktubla cavabdeh tərəfindən artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 2013-cü ilin sentyabr ayında 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Amma dekabr 2020-ci ildən pensiya təminatı dayandırılmış və 4 ay sonra 05/03/2021-ci il **********3 saylı məktubla ona pensiya ödənişinin dayandırılması haqqında məlumat verilmişdir. Bakı Mərkəzi elektrotökmə zavodunun əritmə tökmə sexində mühəndis-texnoloq işlədiyi (25/07/1985- 31/11/1998-ci illər) 13 il 4 ay müddəti nəzərə alınmamış və güzəştli iş stajı 12 il 6 aydan az olduğu bildirilir. İddiaçı qeyd edir ki, sözügedən sexdə işləmiş sex rəisindən tutmuş sexi yığışdıran fəhləyə kimi hər kəs güzəştli şərtlərlə əmək pensiyasına çıxmışlar. Əmək kitabçasından görünür ki, iddiaçının əksər əmək fəaliyyəti sağlamlıq üçün zərərli iş şəraitində olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası insan sağlamlığı üçün zərərli və xüsusi zərərli əmək şəraitində işləmiş işçilərə təyin olunur. İddiaçı da özünü belə işçilərin sırasında görür, belə ki, işlədiyi sexdə metal əritmə və metal tökmə fasiləsiz rejimdə olmuşdur. İddiaçının vəzifəsi də metal əritmə və metal tökməyə aid olan bütün texnoloji prosesləri (şixtə materiallarının uyğunluğu, tərkibi, çeşidi, hesablanması, soba və təknələrin təmiri materiallarınin uyğunluğu, təmir parametrləri, metalın kimyəvi tərkibi, temperaturu və s.) kontrolda saxlamaq və texnoloji prosesləri həyata keçirmək olmuşdur. İddiaçı vəzifəsinə düşən işləri ağır əmək şəraitli sexdə (zavod texnoloji şöbəsində yox) metaltökənlər, təmirçilər, ustalar, sex rəisi, sex rəisi müavinləri ilə bir yerdə görmüşdür. İddiaçı zərərli əmək şəraitində işlədiyi nəzərə alınaraq pensiya təminatının bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6703/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək pensiyanın dayandırılması barədə 18.02.2021-ci il tarixli qərarın ləğv edilməsi və pensiya təminatının bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 05.03.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 19.05.2021-ci il tarixdə müraciət etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tələbini dəqiqləşdirərək pensiya təminatının bərpa edilməsi ilə yanaşı, həm də pensiyasının dayandırılması barədə olan 18.02.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın İPM-nin tələblərinə uyğun şəkildə verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “onun pensiya təminatının bərpa edilməsi” barədə olmuşdur. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi pensiya işinin materiallarından müəyyən olundu ki, iddiaçının əmək pensiyasının dayandırılması barədə ona 05.03.2021-ci il tarixli məktub “əmək pensiyasının dayandırılması barədə” ayrıca olaraq qəbul edilmiş 18.02.2021-ci il tarixli qərar əsasında göndərilmişdir. Lakin iddiaçı hazırki iddiasında həmin qərarı mübahisələndirmədən pensiya təminatının bərpa olunmasını xahiş etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının pensiya təminatının bərpa olunmasını sözügedən 18.02.2021-ci il tarixli qərarın ləğv olunmadan mümkün olmadığını nəzərə almalı və ona iddia tələbini dəqiqləşdirməyi təklif etməli idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının hüquqi marağının pensiya təminatının bərpa olunması ilə yanaşı, həm də onun hüquqlarını pozan inzibati aktın ləğvindən ibarət olduğunu, həmin inzibati akt ləğv olunmadan pensiya təminatının bərpasının mümkün olmadığını nəzərə alaraq, ona “əmək pensiyasının dayandırılması haqqında” olan 18.02.2021-ci il tarixli qərarı mübahisələndirməyi, bu barədə tələbini dəqiqləşdirmək hüququnun olduğunu izah edərək hüquqi yardım etmişdir. Bununla bağlı iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, əvvəlki iddia tələbini müdafiə etməklə yanaşı, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının dayandırılması haqqında qəbul edilmiş **********2 saylı 18.02.2021-ci il tarixli qərarın ləğv edilməsini də tələb etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağının müəyyən edilmədən, pensiyasının dayandırılmasının nə ilə bağlı olduğunun, pensiyanın dayandırılması ilə bağlı iş materiallarında olan qərarın araşdırılmadan, belə qərarın mövcud olduğu halda iddiaçının məhz həmin qərarın mübahisələndirilməsi ilə bağlı iddia tələbini qoymaqla pensiyası təminatının bərpasına nail ola biləcəyini, bununla da daha uğurlu iddia növündən istifadə edə biləcəyini və istədiyi məqsədə daha tez çata biləcəyinin nəzərə alınmadığını prosessual pozuntu olaraq qəbul edir və zəruri araşdırma sonadək aparılmadığı üçün məhkəmə qərarının ləğv edilməsi qənaətinə gəlir. İddiaçının iddia tələblərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid 094760 saylı pensiya işinin materiallarından müəyyən olunur ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 21.09.2013-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin 05.03.2021-ci il tarixli (i.v.7-8) məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır və buna səbəb kimi aparılan araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Qeyd olunan məktubun məzmununa görə təyin edilmiş pensiyanın dayandırılma əsası kimi cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Departamenti tərəfindən aparılan araşdırmalara istinad etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 21.09.2013-cü il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və iddiaçının iştirakı təmin olunmadan onun ziyanına olan 18.02.2021-ci il tarixli qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya 21.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə iddiaçının iştirakı olmadan 18.02.2021-ci il tarixli inzibati aktı qəbul edərək, bu barədə iddiaçıya 05.03.2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair iddiaçının iştirakı ilə müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, iddiaçının iştirakı olmadan dayandırma barədə inzibati akt qəbul edilməklə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Kollegiya onu da qeyd edir ki, iddiaçıya ünvanlanmış “pensiya ödənişinin dayandırılması haqqında” 05.03.2021-ci il tarixli məktub 18.02.2021-ci il tarixli əmək pensiyasının dayandırılması haqqında qərarın icrası ilə bağlı verilmiş və əslində, iddiaçı barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Belə olan halda iddiaçı onun əmək pensiyasının dayandırılması haqqında 18.02.2021-ci il tarixli qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən 05.03.2021ci il tarixli məktubla iddiaçının pensiya ödənişinin dayandırılması nəzərə çatdırılmaqla yanaşı, həm də artıq ödənilmiş məbləğin geri qaytarılması tələb olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunan hər iki məsələnin iddiaçı barəsində qüvvədə olan əlverişli inzibati akta yönəlik məsələ olduğunu nəzərə alaraq hesab edir ki, hər iki məsələ barədə ayrıayrılıqda inzibati akt qəbul edilməli idi. Lakin göründüyü kimi, cavabdeh inzibati orqan yalnız əmək pensiyasının dayandırılması haqqında 18.02.2021-ci il tarixli qərarı qəbul etmiş, ikinci məsələ- artıq ödənilmiş məbləğin tələb olunması ilə bağlı ayrıca inzibati akt qəbul etməmiş və hər iki məsələ ilə bağlı iddiaçıya 05.03.2021-ci il tarixli məktub ünvanlamaqla kifayətlənmişdir ki, bu zaman da tələb olunan 15803.43 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən aparılan araşdırmanın (pensiya təyinin qanuniliyinin yoxlanılmasının) diskresion səlahiyyətlər çərçivəsində, yaxud qanundan irəli gələn hallarla əlaqəli həyata keçirilməsi məsələsini araşdırmamış, bu zaman isə diskresion səlahiyyət həddinin aşılıbaşılmamasına və ya qanunla nəzərdə tutulan əsasların mövcudluğuna qiymət vermədən iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın qanuniliyini yoxlamaq vəzifəsini üzərinə götürərək mahiyyəti üzrə araşdırma aparmışdır ki, bu da maddi hüquq normaları ilə yanaşı, prosessual hüquq normalarının da pozulması kimi qəbul edilir. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə iddianın təmin edilməsi qənaətinə gələrkən qərarın nəticə hissəsində iddiaçının pensiya təminatının bərpa olunmasını göstərməklə kifayətlənmiş, bununla da qeyri-müəyyənliyə yol verib məhkəmə qərarının icrasında problem yaranacağını nəzərə almamışdır. Odur ki, hazırki vəziyyətdə iddiaçının pensiyasının dayandırılması barədə olan 18.02.2021-ci il tarixli qərar ləğv edilməklə yanaşı, onun pensiya təminatının məhz həmin- 18.02.2021-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilərək, cavabdehin “əmək pensiyasının dayandırılması haqqında” **********2 saylı 18.02.2021-ci il tarixli qərarı ləğv edilməli və iddiaçının pensiya təminatını bərpa etmək- əmək pensiyasının ödənilməsinin 18.02.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6703/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “əmək pensiyasının dayandırılması haqqında” **********2 saylı 18.02.2021-ci il tarixli qərar ləğv edilsin. İddiaçı pensiya təminatı bərpa edilərək, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ödənilməsini 18.02.2021-ci il tarixdən bərpa etmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar