Məhkəmə qərarları › İş №2-1(103)-1489/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1489/2024

17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1489/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12198/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli **********617100 saylı qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfındən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********617100 saylı qərara əsasən İddiaçı riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd etmək istəyirlər ki, qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndin əsasən vergi ödəyicisi riskli hesab olunur. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) yuxarıda göstərilənlər barəsində tərəflərindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması xahiş edilmişdir. Qeyd etmək istəyirlər ki, 2022-ci il ərzində 4 sifarişçi ilə çalışmışdır. Əlavə olunmuş fayla nəzər yetirdikdə 2022-ci ilin bank çıxarışında hamısı qeyd olunub. Təqdim etdikləri malları yalnız elektron qaimə ilə təqdim etmiş və ödənişləri yalnız bank vasitəsi ilə qəbul etmişdir. 265 saylı 28 iyul 2020-ci il tarixli qərarın meyarlarını təmin etmək üçün tərəflərindən anbar icarəyə götürülmüşdür. Əlavə olaraq qeyd etmək istəyir ki, alınan mallar kənd əsərüfat malları olduğuna görə alış sənədlərini təqdim edə bilmir. Alınan mallar keyfiyyətinə və qiymətinə əsasən müxtəlif insanlardan alınır və hər gün bu insanlar fərqli olur. Heç kəs öz şəxsiyyət vəsiqəsini bölüşmək istəmədiyinə görə alış aktı belə ala bilmir. Belə ki, o, İddiaçı müxtəlif sifarişçilərdən gələn sifariş əsasında şəhərlərində mövcud olan kənd təsərufat bazarlarından məyvə tərəvəz alır. Sifarişlər tez xarab olan, çox çeşidli lakin, az miqdarda olduğu üçün həmin gün sifarişçiyə çatdırır. 1. Anbar tələbi - tez xarab olan və günlük sifarişlər olduğu səbəbdən bu malların saxlanılmasına ehtiyacı olmadığına görə anbar saxlamağına ehtiyacı yoxdur. Alınan mallar bir - iki saat ərzində sifarişçiyə çatdırılır. 2. Alınan mallar kənd təsərüfat malları olduğuna görə alış sənədlərini təqdim edə bilmir. Alınan mallar keyfiyyətinə və qiymətinə əsasən müxtəlif insanlardan alınır və hər gün bu insanlar fərqli olur. Heç kəs öz şəxsiyyət vəsiqəsini bölüşmək istəmədiyinə görə alış aktı belə ala bilmir. Təqdim etdiyi bütün mallar üzrə sifariçilərə qaimə təqdim edir və sonradan elektron qaimə göndərir. Bütün ödənişlərini Bank vasitəsi ilə daxil olur. Alınan malları rəsmi qaimə ilə ala bilsə idi ödədiyi vergiləri belə azalda bilərdi. Bu səbəbdən vergi öhdəliyi də, artıq olur. Qərarında fəaliyyəti düzgün təhlil edilməmiş və nəticədə onu və himayəsində olan ailə üzvülərini işsiz və günlük məvacibsiz qoymuşdur. Bildirir ki, eyni məzmunlu məktublar bir neçə dəfə tərəflərindən vergi orqanına ünvanlanmışdır. Vergi orqanı tərəfindən göstərilənlər nəzərə alınmamış və riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə məktub onlara ünvanlanmışdır. Hesab edirlər ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olduğundan ləğv edilməli və riskli vergi ödəyiciləri siyahısından çıxarılmam təmin edilməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12198/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarına əsasən iddiaçının fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisinin əsas fəaliyyət növü obyektin olmasını tələb etsə də, təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata alınmadığı müəyyən edilmişdir. İddiaçının fəaliyyət növü “meyvə və tərəvəzin topdan satışı”ndan ibarətdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2022-ci il tarixli **********460800 nömrəli “Fəaliyyət növü təsərrüfat subyektinin (obyektinin) olmasını tələb edən vergi ödəyiciləri barədə” və xx.xx.2022-ci il tarixli **********873800 nömrəli “Təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması haqqında” bildiriş-xəbərdarlıqlar göndərilmiş, təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması üçün vergi orqanına müraciət etməsi bildirilmişdir. Lakin iddiaçı qeyd olunan xəbərdarlıqlara baxmayaraq, hər hansı təsərrüfat subyektini qeydiyyata aldırmamışdır. Nəticədə onun barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********617100 nömrəli qərar qəbul edilmişdir və yalnız qeyd olunan qərar iddiaçının fəaliyyətinə müəyyən məhdudiyyətlər yaratdıqdan sonra xx.xx.2022-ci il tarixdə təsərrüfat subyektinin qeydiyyata alınması ilə əlaqədar vergi orqanına müraciət edilmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ünvanında yerləşən 12 kv.m ölçüsündə qeyri-yaşayış sahəsini icarəyə götürməsinə dair ərizə və icarə müqaviləsini vergi orqanına təqdim etmişdir. İddia ərizəsində meyvə-tərəvəz satışını səyyar qaydada həyata keçirdiyini, yəni malları aldığı gün satdığını qeyd edən və bu səbəbdən adına hər hansı obyekt icarəyə götürməyə ehtiyac duymadığını bildirən iddiaçı barəsində müvafiq qərar qəbul edildikdən qısa müddət sonra obyekt qeydiyyatını təmin etmiş və bu yolla həmin qərarın ləğvinə nail olacağını düşünmüşdür. Lakin vergi orqanı tərəfindən aparılmış geniş araşdırma çərçivəsində xx.xx.2022-ci il tarixdə cəmi 116.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Quzu budu, Quzu budu, Portağal və s." satışda qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi aşkar olunmuşdur. Göründüyü kimi, iddiaçının fəaliyyətində riskli əməliyyatların müəyyən olunması ilə onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmmaışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə adına qeyri-yaşayış sahəsi qeydiyyata aldırmasına baxmayaraq, qısa müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə həmin obyektin ləğvinə dair vergi orqanına müraciət etmiş və həmin tarixdə təsərrüfat subyektinin ləğvi həyata keçirilmişdir. İddiaçı xx.xx.2023cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və həmin vaxtdan məhkəmə qərarı qəbul edilənədək onun adına qeydiyyatda olan obyekt mövcud olmamışdır, bu halda iddianın təmin edilməsinə əsas olan, məhkəmənin qeyd etdiyi riskli vəziyyəti aradan qaldıran hər hansı haldan söhbət gedə bilməz. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********617100 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Bundan sonra iddiaçı ilə "xxxx" ASC arasında 12 dekabr 2022-ci il tarixli 05/22 nömrəli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən 12 dekabr 2023-cü il tarixədək 1 (bir) il müddətinə "xxxx" ASC-yə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ünvanında yerləşən ümumi sahəsi 12 (on iki) kv.m olan qeyriyaşayış sahəsini (anbarı) icarəyə götürmüş, xx.xx.2022-ci il tarixdə vergi oqanında adına qeydiyyata aldırmışdır. Lakin, iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmayaraq iddiaçıya bildirilmişdir ki, 2022-ci ilin müvafiq dövrü üzrə təqdim edilmiş müvafiq vergi bəyannamələrində göstərilmiş dövriyyə məbləğlərinin NKA-nın onlayn dövriyyə məbləğləri ilə bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə əks etdirilmədiyi və ya ümumiyyətlə bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Göründüyü kimi, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz.” İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli **********617100 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının meyarların 2.1.3-cü bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək Meyarların 2.1.3-cü bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı bu qərarla razılaşmış və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətində anbar sahəsi icarəyə götürərək xx.xx.2022-ci il tarixdə vergi oqanında adına qeydiyyata aldırmışdır. Lakin cavabdeh tərəfindən iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılma tələbi təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixli **********617100 nömrəli qərarla iddiaçı riskli vergi ödəyici olaraq müəyyən edildikdən sonra, həmin qərarın qəbul edilməsinə əsas olan hallar iddiaçı tərəfindən aradan qaldırılmışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının xx.xx.2022-ci il tarixdə cəmi 116.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Quzu budu, Quzu budu, Portağal və s." satışda qeyd olunduğu, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi aşkar olunduğunu bildirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli **********617100 saylı qərarda iddiaçının riskli vergi ödəyicisi hesab olunmasına əsas vergi ödəyicisinin qeydiyyatda olan anbarının və ya digər təsərrüfat subyektinin olmaması göstərilmiş və bu səbəbdən qeyd edilən qərar qəbul edilmişdir. Yuxarda da qeyd edildiyi kimi, iddiaçı tərəfindən həmin hal aradan qaldırılaraq xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətində anbar sahəsi icarəyə götürərək xx.xx.2022-ci il tarixdə vergi oqanında adına qeydiyyata aldırılmış, lakin iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmamışdır. Uçot baza məlumatları üzrə kənarlaşmaların olmasına gəldikdə isə, bu hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Kollegiya onuda qeyd edir ki, əgər cavabdeh həmin əsaslarda iddiaçının apardığı əməliyyatı riskli əməliyyatlara aid edirsə və iddiaçının hazırda anbarının olmamasına yenidən istinad edirsə, bununla bağlı yenidən inzibati icraat apararaq yeni qərar qəbul etməli idi. Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya qeyd edir ki, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi olma barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv edilməsini tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə onu mübahisələndirsin. Lakin bir daha qeyd edilməlidir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, **********617100 saylı qərarın qanunsuz olduğundan deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə həmin hallar aradan qaldırıldığından ləğv edilməsini xahiş etmişdir. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2-1(112)-12198/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12198/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar