Məhkəmə qərarları › İş №2-1(103)-1489/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1489/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1489/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğvi və məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11246/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin may ayından təyin edilmiş ünvanlı dövlət sosial yardımın bərpa olunmasını və növbəti 01 (bir) il müddətinə təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvanlı dövlət sosial yardımın dayandırılması barədə xx.xx.2024-cü il tarixli qərarın ləğvi və ünvanlı dövlət sosial yardımın alınmasına qoyulmuş 1 illik məhdudiyyətin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayından 4 uşağa görə İddiaçı 1 il müddətinə 755 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Növbəti il üçün alacağı ünvanlı dövlət sosial yardımla əlaqədar hansı sənədlərin və nə vaxt təqdim olunması məqsədilə 2024-cü ilin aprel ayında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət etmişdir. DOST Mərkəzində ona bildirilmişdir ki, adına nəqliyyat vasitəsi olduğuna görə ona təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsi dayandırılmışdır. O da Mərkəzin əməkdaşlarına bildirmişdir ki, onun heç vaxt avtomobili olmamışdır və hal-hazırda da yoxdur. Onlar ondan bu barədə arayış tələb etmişlər. İddiaçı DİN-nin Baş X6 İdarəsinə müraciət edərək, adına hər hansı bir nəqliyyat vasitəsinin olmaması barədə arayış əldə etmiş və arayışı DOST Mərkəzinə təqdim etmişdir. Lakin buna baxmayaraq, 2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları onun adına nəqliyyat vasitəsinin olmasını bəhanə gətirərək, ona təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsini əsassız, qanunsuz olaraq dayandırmışlar. O da pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-11246/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı münasibətdə ünvanlı dövlət sosial yardımın dayandırılması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ünvanlı dövlət sosial yardımın alınmasına qoyulmuş 1 illik məhdudiyyətin aradan qaldırılması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı sosial yardımın bərpa edilməsi və növbəti 1 il üçün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən məlum olur ki, 2023-cü ilin may ayından ünvanlı sosial yardım alan İddiaçı adına nəqliyyat vasitəsi olması əsası ilə dayandırılmış sosial yardımın bərpa edilməsini tələb edir. Daha sonra iddiaçının dəqiqləşdirmə ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024cü il tarixli qərardadı ilə iddia tələbi ünvanlı dövlət sosial yardımın dayandırılması barədə xx.xx.2024-cü il tarixli qərarın ləğvi və ünvanlı dövlət sosial yardımın alınmasına qoyulmuş 1 illik məhdudiyyətin aradan qaldırılması kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qərarı işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması, iş üzrə əldə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməməsi nəticəsində qəbul edilmişdir. Buna görə də sözügedən qərar üzrə məhkəmənin gəldiyi hüquqi nəticə qanuni və əsaslı olmadığından, qərar ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi üçün VEMTAS vasitəsilə xx.xx.2023-cü il tarixli **********12703 nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə baxılmış və Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 755,97 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Təyinatda olan işlər üzrə ailə üzvlərinin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin olması səbəbilə yarana biləcək artıq ödəmə hallarının qarşısının alınması məqsədilə inzibati orqan tərəfindən mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə (BDYPİ) müvafiq sorğular göndərilir. BDYPİ-dən Mərkəzi Filiala daxil olmuş xx.xx.2024-cü il tarixli sorğunun cavabında sosial yardım alan ailənin üzvü - X1 xx.xx.2015-ci il tarixindən “VAZ 21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətində olması müəyyən edilmiş və müvafiq tədbirlərin görülməsi məqsədilə xx.xx.2024-cü il tarixli xidməti məktub ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məlumat təqdim edilmişdir. Bununla əlaqədar olaraq sosial yardım işi xx.xx.2024-cü il tarixdə DOST tərəfindən dayandırılmış və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Məhkəmənin hazırda mübahisələndirilən qərarı işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi nəticəsində qəbul edilmişdir. Məhkəmənin hazırki iş üzrə ümumi hüquqi mövqeyinə görə gəlidiyi nəticə bundan ibarətdir ki, iddiaçının ailə üzvü olan (arvadı) X1 xx.xx.2015-ci il tarixdən mülkiyyətində olan “VAZ 21074” markalı **-BM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ailəyə xx.xx.2023-cü il tarixli ünvanlı dövlət sosial yardım təyin edilməsi zamanı deyil, inzibati orqan tərəfindən yarana biləcək artıq ödəmə hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq aparılan araşdırma nəticəsində xx.xx.2024-cü il tarixdə müəyyən edilməsi və bu əsasla xx.xx.2024-cü il tarixdə sosial yardımın dayandırılması iddiaçının qanunla qorunan etimad hüququnu pozur. İddiaçının müraciəti zamanı ailə üzvü olan arvadı B.Dadaşovanın soyadı “Dadaşova” olduğu halda, nəqliyyat vasitəsinin mülkiyyətinə keçdiyi xx.xx.2015-ci il tarixdə soyadı “Məmmədəliyeva” olmuşdur. Bu səbəbdən qeyd olunan əsas ilə bağlı məlumatın müraciət edildiyi zaman məhkəmənin qeyd etdiyi informasiya ehtiyatları vasitəsilə müəyyən edilə bilməməsi mümkün olduğundan hesab edilir ki, hazırkı iş üzrə dayandırılma barədə qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamış, icraatla bağlı hüquq pozuntularına yol verilməmişdir. Məhkəmənin iddiaçının etimad hüququnun pozulmasına dair mövqeyinə münasibətdə bildirilir ki, etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü bəndində ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmasının nəzərdə tutulması faktiki istifadəni deyil, məhz əşya hüququ baxımından, hüquq müəyyənedici sənədə istinad olunmaqla əmlak hüquqlarının mövcud olub-olmamasını nəzərdə tutur. İşin hallarından da müəyyən olunur ki, sözügedən nəqliyyat vasitəsi əvvəllər müvafiq etibarnamə ilə başqasının istidafəsinə verilsə də, müraciət edildiyi tarixdə və müraciət edilən tarixədək ailə üzvünün (arvadı) mülkiyyətində olmuşdur. Eləcə də ailənin müraciəti zamanı və sosial yardım aldığı müddətdə mülkiyyətində olan nəqliyyat vasitəsi barədə məlumatın verilməməsi, həmin nəqliyyat vasitəsindən istidafə nəticəsində və ya başqasının istifadəsinə verilməsi nəticəsində əldə olunan və ya əldə oluna biləcək gəlirlər barədə məlumat verilməməsi kimi qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Sizin sosial yardımın təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində xx.xx.2023-cü il tarixli **********12703 nömrəli müraciətiniz qeydə alınmışdır. Həmin müraciətinizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq VEMTAS tərəfindən ailənizə xx.xx.2023-cü il tarixindən 755.97 AZN (yeddi yüz əlli beş manat, doxsan yeddi qəpik) məbləğində sosial yardımın təyin olunması barədə qərar çıxarılmışdır. Ailənizə təyin olunmuş sosial yardımın ödənişi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən “Ailənin mülkiyyətində nəqliyyat vasitəsinin olması” səbəbi göstərilməklə xx.xx.2024-cü il tarixindən VEMTAS tərəfindən dayandırılmış və 1 (bir) il müddətinə sosial yardım almaq hüququnuzu itirmisiniz. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0-cı maddəsinə əsasən bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd; 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra - sosial yardım) - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımı. 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 10.1-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 10.2-ci maddəsinə əsasə sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.3-cü maddəsinə əsasən bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.9. Sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi üçün VEMTAS vasitəsilə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, həmin müraciətə əsasən Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi məişət şəraitinin müayinəsi nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək 755,97 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. İddiaçının ailəsinə təyin olunmuş sosial yardımın ödənişi “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən “Ailənin mülkiyyətində nəqliyyat vasitəsinin olması” səbəbi göstərilməklə xx.xx.2024-cü il tarixindən VEMTAS tərəfindən dayandırılmış və iddiaçı 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirmişdir. Sadalanan qanunvericilik normalarından görünür ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən təqdim edilmiş çıxarışlara əsasən iddiaçının ailə üzvü olan (arvadı) X1 mülkiyyətində xx.xx.2015-ci il tarixdən “VAZ 21074” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur. İddiaçının müraciəti zamanı ailə üzvü olan arvadı B.Dadaşovanın soyadı “Dadaşova” olduğu halda, nəqliyyat vasitəsinin mülkiyyətinə keçdiyi xx.xx.2015-ci il tarixdə soyadı “Məmmədəliyeva” olmuşdur və Baş X6 İdarəsi tərəfindən təqdim edilmiş çıxarışlarda da avtomobilin mülkiyyətçisi kimi X2 göstərilmişdir. Lakin qeyd olunanlarla əlaqədar iddiaçı tərəfindən cavabdehə hər hansı məlumat verilməmişdir. Bu hal cavabdeh tərəfindən ailəyə xx.xx.2023-cü il tarixli ünvanlı dövlət sosial yardım təyin edilməsi zamanı deyil, aparılan araşdırma nəticəsində müəyyən edilmiş və bu əsasla xx.xx.2024-cü il tarixdə iddiaçı və ailəsinə təyin edilmiş ünvanlı sosial yardım dayandırılmış və ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11246/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar