Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-149/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə (hazırki Fondun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialına) qarşı “ona şəhid ailəsi kimi əmək pensiyasına almadığı əlavənin hesablanaraq birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə (hazırki Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına) qarşı “ona şəhid ailəsi kimi əmək pensiyasına almadığı əlavənin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-2835/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 1974-cü il təvəllüdlü oğlu Əliyev Rövşən Arif oğlu xx.xx.1992-ci ildə Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən şəhid olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6129/2018 saylı xx xxx 2018-ci il tarixli qərarı ilə Əliyev Rövşən Arif oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon Şöbəsi tərəfindən oğlunun şəhid olması haqqında arayış verilərkən adı şəhid ailələrinin siyahısına əlavə edilmiş və bundan sonra onun əmək pensiyasına 94 manat əlavə edilməklə ödənilməyə başlanılmışdır. Hesab edir ki, həmin 94 manat əlavə ona əmək pensiyasının təyin edildiyi xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək almadığı müddət üçün hesablanaraq birdəfəlik ödənilməlidir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, onun oğluna şəhidlik statusu Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən verilmişdir. Həmin tarixdən etibarən ona şəhid ailə üzvü üçün nəzərdə tutulan əmək pensiyasının baza hissəsinə 93.5 manat, əmək pensiyasının üzərinə əlavə olaraq 357.25 manat məbləğində vəsait hesabına köçürülmüşdür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə ərizə ilə müraciət edərək oğlu Əliyev Rövşənə görə müavinətin ona əmək pensiyası təyin edildiyi tarixdən hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən həmin əlavənin ona xx.xx.2018-ci il tarixindən hesablanmağa başlanıldığı bildirilmişdir. Hesab edir ki, həmin məbləğ ona əmək pensiyasına çıxdığı tarixdən etibarən hesablanıb birdəfəlik ödənilməlidir. O, hesab edir ki, müavinətin ona “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qəbul edildiyi gündən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6129/2018 saylı xx xxx 2018-ci il tarixli qərarı verilən günədək birdəfəlik verilməsi daha ədalətli olar. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı oğlu Rövşənə şəhidlik statusu məhkəmə qərarına əsasən verilmişdir. xx.xx.2018-ci il tarixdən etibarən iddiaçıya şəhid ailə üzvü üçün nəzərdə tutulan əmək pensiyasının baza hissəsinə (baza hissəsi 110.0 manat x 85%) 93.5 manat, əmək pensiyasının üzərinə əlavə olaraq (S/H-256.07+93.5+Y/H-7.6) 357.25 manat məbləğində vəsait hesabına köçürülmüşdür . Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2835/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək almadığı əlavənin hesablanaraq birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, vətəndaş şəhid ailələri üçün müəyyən olunmuş pensiya əlavəsinə hüququnun ona pensiya təyin edildiyi tarixdən yaranmış olduğunu iddia etmişdir. Lakin iş materiallarına əsasən vətəndaşın da təsdiq etdiyi kimi onun şəhid ailəsi statusu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Vətəndaş ona pensiya təyin edilərkən şəhid ailəsi üçün nəzərdə tutulmuş əlavənin ödənilməsini iddia edərkən “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsaslanmışdır. Həmin maddənin tələbinə görə şəhidlərin ailə üzvlərinin pensiyasının sığorta hissəsinə 93.5 manat məbləğində əlavə hesablanır. Həmin əlavəyə hüququn yaranması şəhidin ailə üzvü statusuna sahib olmaqla şərtləndirilmişdir. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini yerinə yetirərkən həlak olması faktı xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə təqdiqlənmiş və xx.xx.2018-ci ildə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon Şöbəsi tərəfindən şəhid statusu ilə bağlı arayış verilmişdir. Şəxsin şəhid ailə üzvü kimi statusu ölüm faktı barədə məhkəmə qətnaməsinin çıxarıldığı andan yaranmış və həmin andan şəhid ailə üzvü kimi pensiyasına əlavə təyin olunmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6129/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı 1974-cü il təvəllüdlü oğlu Əliyev Rövşən Arif oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazisində xidməti vəzifələrini icra edərkən ölməsi faktı müəyyən edilmişdir. Bundan sonra məhkəmə qərarının icrası ilə bağlı iddiaçıya şəhid ailəsi statusu verilmiş və buna görə iddiaçıya xx.xx.2013-cü il tarixdə yaşa görə təyin edilmiş əmək pensiyasına xx.xx.2018-ci il tarixdən (pensiya işinin materiallarına əsasən) 93,50 manat əlavə hesablanaraq ödənilməyə başlanılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin əvvəlki redaksiyasında əmək pensiyasının sığorta hissəsinə şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində əlavənin hesablandığı nəzərdə tutulurdu. Sonradan xx.xx.2017-ci il tarixdə həmin maddəyə dəyişiklik edilərək, şəhidlərin ailə üzvlərinin (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) əmək pensiyasının baza hissəsinin üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablandığı müəyyən olunmuşdu. Hazırda iddiaçı ona şəhid ailəsi kimi müavinətin onun əmək pensiyasına çıxdığı xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanaraq birdəfəlik ödənilməli olduğunu hesab etmiş, buna görə də həmin tələblə xx.xx.2019-cu il tarixdə inzibati orqana müraciət etmişdir, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən onun iddiası təmin edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması, oğlu Rövşən Əliyevin xx.xx.1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib şəhid olması, bu faktın xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə təsdiq olunması, bundan sonra iddiaçıya şəhid ailəsi kimi hər ay pensiyasına müvafiq məbləğdə əlavənin verilməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı onunla bağlıdır ki, iddiaçı onun oğlunun şəhid ailəsi olması ilə bağlı qanunla müəyyən edilmiş əlavənin ona yaşa görə pensiyanın təyin edildiyi, yəni xx.xx.2013-cü il tarixdən hesablanıb verilməli olduğuna, cavabdeh inzibati orqan isə həmin əlavənin iddiaçıya məhkəmə qərarına əsasən verildiyinə, yəni iddiaçının şəhid ailə üzvü kimi statusunun oğlunun ölüm faktı barədə xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinin çıxarıldığı andan yarandığına və həmin andan şəhid ailə üzvü kimi pensiyasına əlavə təyin olunduğu üçün əvvəlki tarixlərə belə əlavənin hesablanıb verilməsinin qeyrimümkünlüyünə istinad edir. Bu barədə qeyd olunmalıdır ki, iddiaçıya şəhid ailəsi statusu xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsindən sonra verilsə də, onun oğlu Rövşən Əliyev xidməti vəzifələrini icra edərkən xx.xx.1993-cü il tarixdə şəhid olmuşdur. Buna görə də iddiaçı şəhid ailəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki redaksiyasında olan 19.1.1-ci maddəsində nəzərdə tutulmuş pensiyaya əlavəni onun pensiya hüququ yarandığı vaxtdan almaq hüququna malikdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin bənd “şəhid və şəhid ailəsi statusunun verilməsi” ilə bağlı olub, şəxsin bu statusundan irəli gələn hüquqlarını qazandığı tarixin, anın müəyyən edilməsi ilə bağlı deyildir. Belə ki, həmin bənddə nəzərdə tutulmuşdu ki, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının oğlunun xx.xx.1993-cü il tarixdə xidməti vəzifələrini icra edərkən şəhid olması faktının məhkəmə qətnaməsi ilə təsdiq olunduğu xx.xx.2018-ci il tarix həm də iddiaçının şəhid ailəsi kimi qanunla müəyyən edilmiş əlavəni almaq hüququnu qazandığı tarix kimi götürülə bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının şəhid ailəsi kimi pensiyasına əlavə almaq hüququnun oğlu Rövşən Əliyevin şəhid olduğu xx.xx.1993-cü il tarixdən qazandığı barədə gəldiyi nəticə ilə razılaşır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının şəhid ailəsi kimi ona verilməli olan əlavənin əmək pensiyasına çıxdığı xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək hesablanaraq birdəfəlik ödənilməsi barədə gəldiyi nəticə ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Həmin qərardadın 107-ci bəndinə görə müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə uyğun olaraq qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının şəhid ailəsi kimi əmək pensiyasına əlavəni almaq hüququnu oğlunun şəhid olduğu 1993-cü il tarixdən qazandığını, lakin onun şəhid ailəsi kimi qanunla müəyyən edilmiş əlavəni xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən aldığını, yaşa görə əmək pensiyasının ona xx.xx.2013-cü il tarixdən təyin olunduğunu, keçən müddət üzrə əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana xx.xx.2019-cu il tarixdə müraciət etdiyini, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə verilməmiş əlavə iddiaçıya onun inzibati orqana müraciət etdiyi xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üzrə, yəni xx.xx.2016-cı il tarixdən başlayaraq, lakin məhkəmə qətnaməsinə əsasən ona əlavənin verildiyi, ərizələrində özünün qeyd etdiyi xx.xx.2018-ci il tarix (pensiya işində bu tarix xx.xx.2018-ci il kimi qeyd olunub) nəzərə alınmaqla hesablanaraq ödənilməlidir. Buna görə də iddia tələbi qeyd olunan hissədə əsaslı olduğu üçün onun təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək iddiaçının almadığı əlavənin hesablanaraq birdəfəlik ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün həmin tələbin təmin olunduğu hissədə məhkəmə qərarı ləğv edilməli və tələb rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək almadığı əlavənin hesablanaraq birdəfəlik ödənilməsi barədə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, buna görə də cavabdeh inzibati orqan apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2835/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qismən, “iddiaçının şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək almadığı əlavənin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qərar qalan- iddiaçıya əmək pensiyasına xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək almadığı əlavənin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2835/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qismən, “İddiaçı şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək almadığı əlavənin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Qərar qalan, İddiaçı şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək almadığı əlavənin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-149/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-149/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver