Məhkəmə qərarları › İş №2-1(103)-149/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-149/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-149/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “X3 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanması və iş stajına əlavə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2110/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 30 avqust - 02 sentyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibbi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, X3 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanması və iş stajına əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı ilədək X3 nümunəvi xidmət etmiş, onun ümumi xidməti 19 il 11 ay 18 gün olmuşdur. Bütün xidməti müddətində DİN-in Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsində Yol Polisi müfəttişi vəzifəsində çalışmışdır. Nümunəvi xidmətlərinə görə DİN rəhbərliyi tərəfindən dəfələrlə təltif olunmuşdur. Dövlət əhəmiyyətli tədbirlərdə, qeyri-iş və istirahət günlərində gücləndirilmiş iş rejimində xidmətdə olmuş. O, sabiq polis əməkdaşı kimi pensiyaya çıxmaq üçün bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin Nazirliyin Baş Kadrlar İdarəsi ona cavab olaraq bildirmişdir ki, "Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında Əsasnamə"nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Nədənsə, Daxili İşlər Nazirliyinin məsul şəxsləri onun X3 xidmətini hesablayarkən qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində etdiyi xidmətləri nəzərə almırlar. Bu isə mövcud qanunvericiliklə müəyyən edilmiş və qorunan hüquqlarının pozulmasına, DİO-da 20 ildən çox etdiyi nümunəvi və qüsursuz xidməti nəzərə alınmamasına səbəb olmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2110/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə işə baxan zamanı işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallarla uyğunluq təşkil etməmişdir. Digər tərəfdən məhkəmə öz qərarı ilə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. Beləliklə, o, bütün xidmət müddətində DİN-in Bakı şəhər Baş Polis İdarəsi X5 idarəsində müfəttiş vəzifəsində çalışmış, nümunəvi xidmətlərinə görə DİN rəhbərliyi tərəfindən dəfələrlə müxtəlif mükafatlarla təltif olunmuş, Dövlət əhəmiyyətli tədbirlərdə, qeyri-iş və istirahət günlərində gücləndirilmiş iş rejimində xidmətdə olmuş, «Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında» Əsasnamə»nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlara malikdir. İşə baxan birinci instansiya məhkəməyə sorğular versə belə, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmrlərinə əsasən onun xidməti 20 ildən yuxarı hesablanmış olur. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0xx-xx-57676S-3220 saylı imtina məktubundan görünür ki, “Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşların malik olması qeyd edilmişdir. İddiaçı xidmət müddətinin təqvimi hesablanma ilə 15 il, 07 ay, 17 gün təşkil etməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin X2 ünvanladığı xx.xx.2019-cu il tarixli, 0xx/xx-54578Ş-3219 saylı cavab məktubunun surətindən görünür ki, X1 arxiv şəxsi işinə baxış keçirilən zaman, onun döyüş bölgələrinə ezam edilməsi və travma alması barədə qeydiyyat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, DİN-in xx.xx.1991-ci il tarixli 311 nömrəli; DİN-in xx.xx.1991-ci il tarixli 2169ş/h nömrəli; DİN-in xx.xx.1991-ci il tarixli 2496ş/h nömrəli; DİN-in xx.xx.1991-ci il tarixli 3315ş/h nömrəli və xx.xx.1994-cü il tarixli 289ş/h nömrəli əmrləri ilə Dağlıq Qarabağ və ətraf rayonlarında gedən döyüş əməliyyatlarında iddiaçı iştirakına görə pulla mükafatlandırılmışdır. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilat-İnspeksiya İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli №002-1427- 1220 saylı məktubdan görünür ki, İddiaçı X3 xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan xidmət müddətində aldığı əmək haqqı barədə arayış göndərilmişdir. Arayışın son 2006-cı il tarixinə aylıq verilən əmək haqqısı 315,15 manat göstərilmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli №046-14271 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X3, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Silahlı Qüvvələrdə xidmət etmişdir. E.Səmədov Bakı şəhər BPİ DYPl-nin şəxsi heyət üzrə xx.xx.2006-cı il tarixli 52ş/h nömrəli əmri ilə X3 xidmətdən xaric edilmişdir. Xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 13 il, 07 ay, 17 gün, imtiyazlı hesablama ilə 19 il, 11 ay, 18 gün təşkil etmişdir. Sorğu əsasında arxiv sənədlər yenidən hesablanmış və E.Səmədovun X3 xidmət müddəti təqvimi hesablama ilə 15 il, 08 ay, 06 gün, imtiyazlı hesablama ilə 19 il, 09 ay, 14 gün təşkil etdiyi müəyyən edilmişdir. Onun X3 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətləri barədə heç bir məlumat yoxdur. xx.xx.2021-ci il tarixdə İddiaçı Bakı şəhər BPİ DYPl-nin Kadrlar bölməsinə dəvət olunmuş və qeyd olunanlar barədə ona ətraflı məlumatlar verilmişdir. İşdən görünür ki, iddiaçı X3 qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətlərinin düzgün hesablanması və iş stajına əlavə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. “Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən X3 xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Əsanamənin 8-ci maddəsinə X3 xidmət keçmə hər bir əməkdaşın şəxsi işində öz əksini tapır (şəxsi iş daxili işlər orqanlarının kadr xidmətləri tərəfindən hazırlanır, aparılır və saxlanılır). Daxili işlər orqanları əməkdaşının xidmət yeri dəyişdirildikdə onun şəxsi işi yeni xidmət yerinə göndərilir. Daxili işlər orqanları əməkdaşlarının şəxsi işlərinin aparılması və saxlanılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 73-cü maddəsinə əsasən daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir. Zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq olan müddətdə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq olan müddət xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir. İş üzrə araşdırma zamanı Məhkəmə tərəfindən aidiyyəti üzrə sorğular göndərilmiş, lakin iddiaçının iddia etdiyi kimi qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətləri barədə, həmçinin, bu xidmətlər üzrə əlavə ödənişlər barədə məlumat aşkar edilməmişdir. Belə olan halda, Məhkəmə hazırki iddianı əsaslı hesab etməmiş və cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına əsas vermədiyi bildirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə iddia ərizəsində göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçı apellyasiya şikayətində, eləcə də yazılı vəsatətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 270 saylı və xx.xx.2011-ci il tarixli 339 saylı əmrlərinə əsasən onun xidməti 20 ildən yuxarı hesablanmış olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfindən bununla bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərilərək, Nazirliyin müvafiq əmrləri tələb olunmuşdur. Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Nazirliyin xx.xx.2004-cü il tarixli 270 saylı və xx.xx.2011-ci il tarixli 339 saylı əmrlərində iddiaçının iddia etdiyi kimi qeyri-iş və istirahət günlərində, gücləndirilmiş iş rejimində xidmətləri barədə, həmçinin, bu xidmətlər üzrə əlavə ödənişlər barədə məlumat müəyyən edilməmişdir. Bundan başqa məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin sabiq əməkdaşı İddiaçı Bakı Şəhər BPİ DYPİ-nin şəxsi heyət üzrə xx.xx.1993-cü il tarixli 10ş/h nömrəli əmri ilə daxili işlər orqanlarına xidmətə qəbul edilmiş və həmin İdarənin xx.xx.2006-cı il tarixli 52 ş/h nömrəli əmri ilə X3 xidmətdən xaric edilmişdir. X3 işlədiyi müddət ərzində xidmət müddəti 13 il, 07 ay, 17 gün, sonradan təqdim etdiyi hərbi biletə əsasən Silahlı Qüvvələrdə xidmət müddəti xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 02 il, 02 ay, 18 gün təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində X3 xidmət müddəti” Qərarına əsasən xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək xidmət müddətinin hesablanması zamanı 1gün 2 gün sayılmaqla imtiyaz olaraq təqvimi xidmət müddətinə 04 il, 01 ay, 08 gün əlavə edilmişdir. Beləliklə, İddiaçı X3 xidmət müddəti təqvimi hesablama ilə 15 il, 10 ay, 05 gün, imtiyazlı hesablama ilə 19 il, 11 ay, 13 gün təşkil etmişdir. Həmçinin məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Bakı Şəhər Baş Polis idarəsinin X5 İdarəsinin xx.xx.1993-cü il tarixli, 10 ş/h nömrəli əmri ilə X3 xidmətə qəbul edilmiş, xx.xx.2006-cı il tarixli, 52 ş/h nömrəli əmri ilə xidmətdən xaric edilmiş və xidmət etdiyi müddət 13 il, 07 ay, 17 gün hesablanmış, sonradan təqdim etdiyi hərbi biletə əsasən Silahlı Qüvvələrdə xidmət müddəti xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 02 il, 02 ay, 18 gün təşkil etmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında suverenliyin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövründə X3 xidmət müddəti” barədə xx.xx.1997-ci il tarixli Qərarına əsasən xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək xidmət müddətinin hesablanması zamanı 1 gün 2 gün sayılmaqla imtiyaz olaraq təqvimi xidmət müddətinə 04 il, 01 ay, 08 gün əlavə edilmiş və İddiaçı xidmət müddəti ümumilikdə təqvimi hesablama ilə 15 il, 10 ay, 05 gün, imtiyazlı hesablama ilə 19 il, 11 ay, 13 gün təşkil etmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2110/2021 saylı 15 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar