Məhkəmə qərarları › İş №2-1(103)-1491/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1491/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1491/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseynov Azər Soltanhəmid oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş vəsaitin cavabdehdən alınması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-3555/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə artıq ödənilmiş 2100,73 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-3555/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim F.Mədətli). Həmin qərardaddan iddaçı apelyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, vətəndaş Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən 15 iyun 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azəbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən cavabdehin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 735,00 manat və qulluq stajına görə əlavəsi 180,66 manat olmaqla orta aylıq əmək haqqı 915,66 manat təşkil etmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 15 il 11 ay 10 gün qulluq stajına uyğun olaraq əmək pensiyasının orta aylıq əmək haqqının (915,66 manat) 80 faizi-732,53 manat məbləğində müəyyən edilmişdir. Lakin 15.06.2014- 28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 764,40 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 1419,28 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 15 il 11 ay 10 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 52,75 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 810,00 manat və qulluq stajına görə əlavə 199,10 manat olmaqla orta aylıq əmək haqqı 1009,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (915,66 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1009,10 manat) arasındakı fərq məbləğinin (93,44 manat) 52,75 faizi-49,29 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (732,53 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 781,82 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 815,59 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 607,86 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən cavabdehə vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 1215,00 manat və qulluq stajına görə əlavə 298,65 manat olmaqla orta aylıq əmək haqqı 1513,65 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1009,10 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1513,65 manat) arasındakı fərq məbləğinin (504,55 manat) 52,75 faizi-266,15 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyanın (781,82 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 1047,97 manat müəyyən edilmişdir. Lakin 01.09.2019-31.07.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1054,66 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 73,59 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə 01.12.2013-31.08.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2100,73 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəfimizdən 06.10.2020-ci il tarixli **********3 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Nümayəndə İd Bakı İnzibati Məhkəməsinin 2021-ci il 04 mart tarixli, 2-1(112)-3555/2021 nömrəli qərardadını ləğv edib, iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsi dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 30.1-ci madəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən aparılır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi hesab olunur. Göründüyü kimi, inzibati orqanların icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul edib təqdim etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. Birinci instansiuya məhkəməsi qeyd etmişdir ki,iddiaçı mübahisə edilən 01.12.2013cü il tarixdən 31.08.2020-ci il tarixə qədər ödənilmiş 2100,73 manat məbləğində pensiya ödənişinin Cavabdeh tərəfindən ödənilməsinə razılığının olmamasına dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin,qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış mübahisə predmeti olan məbləğin könüllü ödənilməsinə dair 06.10.2020-ci il tarixli **********3 nömrəli məktubun cavabdehə çatdırılması iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əmək pensiyaları üzrə müəyyən olunmuş qaydada həyata keçirildiyindən və bu barədə idarəetmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyindən, mübahisə edilən artıq ödənilmiş pensiyanın hesablanması və ödənilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əmək pensiyaları üzrə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1- ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib- etmədiyi yoxlanılmalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda bəhs edilən normalarına əməl etmədiyindən iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq haqlı olmuşdur, ona görə iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-3555/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar