Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1491/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9784/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı və onun nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona yəni, xx.xx.1962ci il təvəllüdlü İddiaçı pensiya hüququ yarandığı yəni, 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh onun əmək stajını düz hesablamamışdır. O, xx.xx.1992- xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də çalışmışdır. Əgər müəssisə sosial sığorta üçün tutmaları həyata keçirməmişdirsə bu onun günahı deyil. "xxxx" ASC-dən əmək stajı haqda arayışı var. O, faktiki olaraq əmək stajına malikdir, o cümlədən zərərli işlərdə çalışdığı müddət ona güzəştli pensiya təyin olunması üçün kifayət edir. Lakin ona imtina edilmişdir. Cavabdehin bu imtina cavabı onun hüquqlarını pozur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçı xx.xx.1992- xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işləmişdir. Qeyd edilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitoring) proqram təminatı üzrə araşdırma aparılarkən həmin müəssisənin DSMF-də sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) edilən dövr iddiaçının iş stajına daxil etmək mümkün deyil və məhz bu səbəbdən onun ümumi iş stajı 25 ildən azdır. Həmçinin iddiaçının güzəştli iş stajı da qanunvericilikdə nəzərdə tutulmuş (06 il 06 ay 18) gündən azdır. Həmçinin iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48720,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 11087,71 manatdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9784/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdilmiş l/İT-l ******* nömrəli əmək kitabçsında onun xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd edilən dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (13 il 10 ay 10 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər və 2017- 2021-ci illər üzrə cəmi 2 il, 7 ay)) təşkil edir. Eyni zamanda iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 6 ay 18 gün (xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48720,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11087,71 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili “Elektron Məhkəmə informasiya” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, Şirvan Apellyasiya Məhkəməsində təyin olunmuş məhkəmə prosesində iştirak edəcəyini bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3- cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığına qiymət vermək üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; - 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; - 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunvericilik normalarından göründüyü kimi, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İddiaçının xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2019-cu il tarixdə tamamlamışdır. İşin mübahisəli halı ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən, xüsusi iş stajının 12 il 06 aydan az olması və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması ilə bağlıdır. Belə ki, cavabdehin pensiya təyin edilməsindən imtinasının və apellyasiya şikayətinin dəlillərindən aydın görünür ki, iddiaçının 13 il 10 ay 10 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, 2017-2021-ci il tarixləri arasındakı dövrlər) ümumi iş stajı və 6 il 6 ay 18 gün (xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı mübahisələndirilmir. Mübahisələndirilən dövr iddiaçının xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasında Bakı Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında işlədiyi dövrlərdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, ilk növbədə, iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: - İddiaçıya məxsus Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 5234 №-li attestatın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildə Azərbaycan SSR Xaçmaz rayon 97 №-li kənd texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1980-ci ildə təhsil müddəti bir il olan həmin məktəbi traktorçu maşınçı peşəsi üzrə bitirmişdir. - İddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının görünür ki: xx.xx.1980-xx.xx.1981-ci illərdə Xaçmaz rayonu “Bakı” sovxozunun 2 №-li təsərrüfat briqadasına fəhlə vəzifəsində çalışmış, xx.xx.1981-ci ildə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir; xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur; xx.xx.1983-cü ildə 1 №-li “Azkəndtikinti” trestinin 10 №li təmir tikinti trestinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə işdən azad edilmişdir xx.xx.1984-cü ildə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə bərpa edilmişdir, xx.xx.1985-ci ildə işdən azad edilmişdir; xx.xx.1985-ci ildə Bakı Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında armatur sexinə 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2005-ci il “Açıq söz” qəzeti redaksiyasında kuryer vəzifəsinə işə qəbul edilmişdir, xx.xx.2010-cu ildə işdən azad edilmişdir; xx.xx.2017-ci ildə gözətçi vəzifəsinə təyin olunmuşdur, xx.xx.2019-cu ildə işdən azad olunmuşdur; xx.xx.2020-ci ildə “Xətai 5” məhdud məsliyyətli müştərək cəmiyyətində fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci ildə işdən azad edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********30 №-li xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 263 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş X1 Birliyinin 1 nömrəli Evtikmə kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixində tam başa çatdırılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli **********751900 №-li məktubu ilə məhkəməyə təqdim olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid xx.xx.2008-ci il tarixdə **********707700 nömrə ilə verilmiş reyestdən çıxarışdan müəyyən olunur ki, "xxxx" ASC xx.xx.2003-cü ildə (əvvəlki qeydiyyat nömrəsi D-3525) VÖEN ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, hüquqi ünvanı ünvan 2ışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin g) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). İşin araşdırılmış hallarından görünür ki, cavabdeh iddiaçının Bakı Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında işlədiyi xx.xx.1985-xx.xx.2004-cü ilədək olan dövrlərdən xx.xx.1992-ci ilədək olan dövrünü mübahisələndirmir, yalnız xx.xx.1992-ci ildən xx.xx.2004-cü il tarixədək olan dövrünü mübahisələndirmişdir. Bunu da onunla əsaslandırmışdır ki, qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi müəyyən edilmişdir. Halbuki, iddiaçı həmin Kombinatda fasiləsiz olaraq işləmiş, özəlləşmə nəticəsində Evtikmə kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Göründüyü kimi, mübahisəli dövrlərdə Bakı Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatının mövcudluğu, fəaliyyətinin olması öz təsdiqini tapdığından, həmin dövrlərdə sözügedən Kombinatda işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan və əmək kitabçasının mötəbərliyi şübhə doğurmadığından həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməli olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bununla belə oxşar işlər üzrə məhkəmə praktikasından da bəllidir ki, xx.xx.2006-cı il tarixədək ümumiyyətlə məcburi dövlət sosial sığorta haqları ödənilməsinin tələb edilməsi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş “Açıq söz” qəzeti redaksiyasında kuryer vəzifəsində işlədiyi xx.xx.2005-xx.xx.2006cı il tarixədək olan dövrlər də cavabdeh tərəfindən qəbul edilməmişdir. Əmək kitabçasına diqqət edildikdə aydın olur ki, əmək kitabçasının mötəbərliyi şübhə doğurmasa da, sıralamada 12-ci sıradan sonra 12 a və 12b sırası qeyd edilmiş, həmin hissədə “Açıq söz” qəzeti redaksiyasında kuryer vəzifəsinə işə qəbul edildiyi, işdən azad edildiyi qeydi aparılmışdır. “Açıq söz” qəzeti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışla da iddiaçının kuryer işlədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası belə bir qənaətə gəlir ki, hətta “Açıq söz” qəzeti redaksiyasında kuryer vəzifəsində işlədiyi mübahisələndirilən dövr nəzərə alınmasa belə, iddiaçının təhsil dövrü- xx.xx.1979-xx.xx.1980-cı ilədək yəni, işə qəbul olduğu xx.xx.1980-ci il tarixədək 9 ay, hərbi xidmət dövrü- 2 il daxil olmaqla, xx.xx.1980-xx.xx.1981-ci ilədək 10 ay 20 gün, xx.xx.1983-xx.xx.1984-cü ilədək 11 ay 04 gün, xx.xx.1984- xx.xx.1985-ci ilədək 11 ay, xx.xx.1985-xx.xx.2004-cü ilədək 19 il 06 ay 17 gün olmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (25 il 11 gün) artıqdır. Məhkəmə kollegiyası iddiaçının xüsusi iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının xüsusi iş stajı dövrü elə cavabdeh tərəfindən mübahisələndirilən ümumi iş stajı dövrü ilə üst-üstə düşür və mübahisələndirilmə əsasları eynidir. Hansı ki, yuxarıda həmin əsaslara məhkəmə kollegiyası qiymət vermişdir. Həmçinin, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/02 №-li, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, X5 Bakı Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında 13 iyun 1985-ci il tarixindən armatur sexinə 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı kimi işə qəbul edilmişdir (Əmr № 423, xx.xx.1985 il ). 01 aprel 1988-ci il tarixindən armatur sexində 4-cü dərəcəli əl ilə elektrik qaynaqçısı keçirilmişdir (Əmr № 215, xx.xx.1988 il); 01 noyabr 1990-cı il tarixindən armatur sexində 5ci dərəcəli əl ilə elektrik qaynaqçısı keçirilmişdir (Əmr № 801,xx.xx.1990 4); 30 dekabr 2004-cü il tarixdən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin b) bəndinə əsasən işdən azad edilmişdir (Əmr № 66/ k, xx.xx.2004 il); Göstərilən dövrdə İddiaçı armatur sexində əl ilə elektrik qaynaqçısı işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş 2 saylı güzəştli siyahının 232000000-19906 indeksi üzrə öz əksini tapmışdır. Əsas: T-2 şəxsi kartoçkası. 1 saylı Evtikmə kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, arayışda istinad olunan 23200000—19906 nömrəli kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərədə tutulan 23200000 XXXİİİ. Ümumi peşələr üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçılarına uyğun gəlir, müəssisənin istinad etdiyi həmin kod əsaslıdır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının, o cümlədən 12 il 06 aydan çox güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Cavabdehin mövqeyi ilə razılaşmayan Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və iddia edir ki, xx.xx.2006- cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və tələb olunan şərtləri tam yerinə yetirmişdir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərt tələb olunmurdu. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9784/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9784/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1491/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1491/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver