Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1491/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X16 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(112)-6395/2023 nömrəli qərarından üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilərək, mənzilində formal qeydiyyatda olan üçüncü şəxslər X16, X4, X7 yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X12 birlikdə qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsindəki 107 saylı evin, ümumi sahəsi 40 kv.metr olan 5 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ DƏDRX-də qeydə alınmış və onun adına mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. Mənzilində qeydiyyatda olanlar qohumları olsa da, bir gün də olsun həmin mənzildə yaşamamışlar. Ümumiyyətlə, mənzildə yaşayan yoxdur. Onların özlərinə aid ünvan 1 ünvanda 4 otaqlı mənzilləri də vardır və daimi olaraq həmin ünvanda yaşayırlar. Həmin mənzil üçüncü şəxslərin atası və Bəsti Danilovanın əri Ekman Yakubovun adınadır. Onun mənzilində üçüncü şəxslərə məxsus hər hansı bir əşya yoxdur. Üçüncü şəxslər onun ailə üzvləri deyillər. Formal olaraq mənzilində qeydiyyatda qalmaqdadırlar. Nəticədə onun mülkiyyət hüququ pozulur və əmlakı üzərində konstitusion hüquqlarını realizə edə bilmir. O, mənzilində formal olaraq qeydiyyatda qalmış üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılmalarını yazılı ərizə ilə Nəsimi RPİ-dən xahiş etmiş, lakin cavabdeh inzibati orqan onun əsaslı xahişini nəzərə almadan mülkiyyətçi səlahiyyətindən irəli gələn hüquqlarının pozulması ilə nəticələnən xx.xx.2023-cü il tarixli imtina məktubu vermişdir. Üçüncü şəxslərin mənzilində formal qeydiyyatda qalmış, ərizədə göstərdiyi üçüncü şəxslərin yaşayış yeri üzrə formal qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Nəsimi RPİ-nə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X16, X4, X15, X11 və X17 (bundan sonra - üçüncü şəxslər) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(112)-6395/2023 saylı qərarı ilə (hakim S.Salahova) iddia təmin edilərək üçüncü şəxslər xx.xx.2002-ci il təvəllüdlü X13, xx.xx.1984-cü il təvəllüdlü X1, xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X14 ünvan 2 ünvanında yerləşən 5 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X15 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(112)-6395/2023 saylı qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər kimi nə o, nə qardaşları, nə də ki, anası inzibati məhkəmə işindən xəbərləri olmamış, ümumiyyətlə məhkəmə iclasları ilə bağlı lazımi qaydada məlumatlandırılmamışlar. Məhkəmə qərarından təsadüfən xəbər tutmuşdur. Şəxsiyyət vəsiqəsi xəbəri olmadan deaktiv edilmişdir. Məhkəmə qərarının surətini Bakı İnzibati Məhkəməsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə təhvil almışdır. İddiaçı məhkəmə aidiyyəti ilə bağlı da hüquq normasını pozmuşdur. Belə ki, onlar mənzilə istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi məsələsi müvafiq rayon məhkəməsində iddiaçı tərəfindən mübahisələndirilə bilərdi. ünvan 3 ünvanında yerləşən 5 saylı mənzil onların baba mülküdür. Mənzil əvvəl babası Manaşir Yakubovun adına olmuşdur. Atanın razılığı olmadan əmisi həmin mənzili babasının ölümündən sonra öz adına keçirmişdir. O, və ailə üzvləri uzun müddətdir ki, bəziləri doğulduqları vaxtdan həmin ünvanda qeydiyyatdadırlar. Hətta atası Ekman Yakubovun atasından qalan miras əmlak kimi həmin əmlakın üzərində mirasdan məcburi pay hüququ vardır. Mənzil hal-hazırda yaşayış üçün təmirli olmadığına görə onlar orada yaşamırlar. Heç iddiaçının özü də həmin ünvanda yaşamır. Onun və digər ailə üzvlərinin mənzilə istifadə hüquqları var. Həmin hüquqa ümumi məhkəmədə xitam verilmədən mənzildən qeydiyyatdan çıxarıla bilməzdi. Buna görə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli nömrəli qərarı əsassız olduğundan ləğv olunmalıdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məktubla məhkəməyə müraciət edərək iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və vəkilini dinləyib, işin materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən göründüyü kimi apellyasiya şikayəti üçüncü şəxslərdən yalnız X15 tərəfindən verilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı yalnız ona münasibətdə yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 5 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzildə digər şəxslərlə yanaşı xx.xx.2002-ci il təvəllüdlü X16, xx.xx.1984-cü il təvəllüdlü X4, xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X17 də qeydiyyatdadırlar. - İddiaçı ərizə ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X16, X4, X15, X11 və X14 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Ona məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya MH, 060894 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə X2 xüsusi mülkiyyət hüququ xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən xx.xx.2004-cü il tarixində təsdiq edilən və reyestrdə 2V/14 nömrəsi ilə qeyd olunan Vəsiyyətnaməyə əsasən xx.xx.2009-cu il tarixdə ölmüş X2 vərəsəsi X3 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə X5 verilmiş 30N31855 qeydəalma nömrəsi ilə 272 nömrəli kitabın 39297-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40 kv. metr olan 2 otaqlı mənzildən ibarətdir. - xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzil X6 mülkiyyətində olmuşdur. - ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 51/2-9635/23 nömrəli məktubuna əsasən Nəsimi rayonu, Vəkil küçəsi, ev 107, mənzil 5 ünvanına sorğuda adları qeyd olunan şəxslər, X16 xx.xx.2007-ci il, X4 xx.xx.2007-ci il, X15 və X17 xx.xx.2017-ci il, X11 isə xx.xx.2017-ci il tarixlərdə qeydiyyata alınmışlar. - Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 48 saylı MKİS-nin 18 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 5 saylı mənzildə uzun müddətdir ki, yaşayış yoxdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, üçüncü şəxslərin mübahisəli ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər həmin mənzilin keçmiş mülkiyyətçisi X2 mülkiyyətində olduğu dövrdə həmin mənzilə qeydiyyata alınmışlar və hal-hazırda həmin mənzildə yaşamırlar. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, üçüncü şəxslər mübahisəli mənzilin keçmiş mülkiyyətçisi Manaşir Yakubovun oğlu və nəvələri olmaqla onun ailə üzvləri olmuş, 2007-ci ildən sonra həmin mənzilə qeydiyyata alınmışlar. M.Yakubov 2004-cü ildə həmin mənzili digər oğlu İrmiya Yakubova vəsiyyət etmiş, onun vəfatından sonra yaşayış sahəsinə mülkiyyət hüququ həmin şəxsə, 2022-ci ildə isə iddiaçıya keçmişdir. İş materialları ilə həmin şəxslərin hazırda mübahisəli mənzildə yaşamaması və mənzilə qeydiyyatdan keçmiş hər hansı bir hüququnun olmaması tam təsdiq olunur. Belə olan halda müəyyən olunur ki, üçüncü şəxslərin 5 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcud olmuş, lakin cavabdeh əsassız olaraq iddiaçıya imtina cavabı vermişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyasın qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Konstitusiya Məhkəməsinin bu qərarına əsasən mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, müəyyən olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxs X7 apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
Üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(112)-6395/2023 saylı qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev