Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1492/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) “hərəkətin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-1598/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin ona “əlilliyin bərpa edilməsi, həmin məlumatların Tibbi Sosial Ekspertiza və X5 daxil edilməsi“ barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 4110003AAC77 nömrəli 12.08.2018-ci il tarixli göndəriş əsasında təyin edilmiş 3-cü dərəcəli əlilliyin etibarsız hesab edildiyi, yəni 01.07.2019-cu il tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19.10.2020-ci il tarixli qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən 12.02.2018-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışa əsasən əlilliyin səbəbi “ümumi xəstəlik-gözdən əlil” kimi qeyd olunmuş və əlillik müddətsiz təyin edilmişdir. Müayinənin nəticələrində göstərilmişdir ki, 12.02.2018-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin olunmuş və 4110003AAC77 nömrəli “Forma 88” sənədi tərtib olunmuşdur. TSEK iddiaçıya gözündə “tor qişa qatlarının ayrılması” diaqnozu qoymuş və Akademik Z.Əliyeva adına MOM-un 727 nömrəli rəyinə əsaslanmışdır. Həmin rəydə də xəstəliyinin səbəbi kimi “OS-Mürəkkəb seroz karioretinopatiya, OU-sadə hipermetropik astiqmatizm” göstərilmişdir. Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışda əlilliyin müəyyən olunması meyarı “üçüncü dərəcəli əlillik-bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)” kimi göstərilmişdir. Üçüncü dərəcəli əlil kimi 12.02.2018-ci il tarixindən təyin olunmuş sosial müavinəti 20.06.2019-cu il tarixinədək almışdır. Lakin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən göndərilmiş **********9 saylı, 20 iyun 2019- cu il tarixli məktubla ona bildirilmişdir ki, əlilliyi Tibbi Sosial Ekspertiza və X2 etibarsız hesab edildiyi üçün 12.02.2018-ci il tarixindən 01.07.2019-cu il tarixinədək almış olduğu 8489,23 manat məbləğində sosial müavinəti Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin hesabına geri qaytarmalıdır. “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qeyd etdiklərini və iddiaçıya təyin olunmuş əlillik dərəcəsinin hansı əsasla Tibbi Sosial Ekspertiza və X2 etibarsız hesab edildiyini aydınlaşdırmaq məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə əvvəlcə şifahi olaraq müraciət etmişdir. Şöbədən ona bildirmişlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Şöbəsi tərəfindən onlara 029-1354- 1219 saylı, 22 may 2019-cu il tarixli məktub daxil olub, həmin məktuba əsasən əlilliyinin etibarsız hesab edilməsi və yuxarıda göstərilən məbləğin ondan alınaraq geri qaytarılması qərara alınıb. Lakin həmin şöbədə əlilliyinin hansı səbəbdən etibarsız hesab edilməsi barədə ona məlumat verilməmiş və bildirilmişdir ki, bu barədə məlumatın verilməsi onların səlahiyyətinə aid deyildir. Ona görə də 08 iyul 2019-cu il tarixində sifarişli poçt vasitəsilə ərizə ilə müraciət edərək, nazirliyin əlilliyinin etibarsız hesab edilməsi barədə qərarın və yaxud əlilliyinin etibarsız hesab edilməsinin səbəbləri barədə məlumatın verilməsini xahiş etmişdir. Dəfələrlə Nazirliyə şifahi müraciətləri olmuş, məsələnin araşdırıldığı və həll olunacağı ona bildirilmişdir. Lakin bu günə kimi heç bir vasitə ilə ərizəsinə və müraciətlərinə cavab ala bilməmişdir. Bununla bağlı cavabdeh 17 iyul 2020-ci il tarixli **********8 saylı cavabında göstərmişdir ki, iddiçının əlilik vəziyyəti səhiyyə müəssisinin 0284003AAJDB saylı göndərişi əsasında 20 mart 2020-ci il tarixdə qiymətləndirilib və göndərişin natamam doldurulması barədə qərar verilib. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Həmin cavabı 18 avqust 2020-ci ildə almışdır. Hesab edir ki, əlilliyinin etibarsız hesab edilməsi barədə 20 mart 2020-ci il tarixli qərar qanunsuz və əsassızdır. Ona görə də ona təyin edilmiş əlillik bərpa olunmalı və 01 iyul 2019-cu il tarixindən qanunsuz olaraq saxlanılmış, ona ödənilməmiş əlilliyinə görə sosial müavinət ödənilməlidir. Məhkəmənin 19.10.2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 08.01.2021-ci il tarixli iddiaya etirazda bildirilmişdir ki, İddiaçı tələbi qanunsuz və əsassızdır. Belə ki, 16 yanvar 2020-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid 4110003AAC77 saylı göndərişi 12.02.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, “ümumi xəstəlik => gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2017-ci ilin ikinci yarım ili və 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu tərəfindən araşdırılmışdır. ƏƏSMN-yi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə müraciət olunaraq, DİN-in Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 378 nəfərə aparılmış əlilik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının nəzərdən keçirilməsi və nəticəsi barədə məlumatın təqdim olunması xahiş edilmişdir. DİN-in Tibb idarəsi tərəfindən 22.05.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubla ƏƏSMN-nə müraciət edilmişdir. Müraciətdə 378 nəfərin DİN-nə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilərək, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Göndərişləri etibarsız edilmiş şəxslərin siyahısında 21-ci sırada İddiaçı soyadı, adı, atasının adı qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız edilmişdir. Yəni əlilliyin təyininə əsas verən göndəriş əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-1598/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 22.02.2018-ci il tarixdə qiymətləndirilmiş əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. İddianın faktiki olaraq mübahisələndirmə və məcburetmə haqqında iddialara aid olmasına baxmayaraq, məhkəmə tələbi səhv olaraq öhdəliyin icrası kimi qiymətləndirərək, maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid 4110003AAG77 saylı göndərişi 12.02.2018-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilərək, “ümumi xəstəlik => gözdən əlil” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2017-ci ilin ikinci yarım ili və 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu tərəfindən araşdırılmışdır, ƏƏSMN-yi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə müraciət olunaraq, DİN-in Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 378 nəfərə aparılmış əlilik təyinatlarının araşdırılması məqsədilə həmin şəxslər barəsində rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının nəzərdən keçirilməsi və nəticəsi barədə məlumatın təqdim olunması xahiş edilmişdir. DİN-in Tibb idarəsi tərəfindən 22.05.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubla ƏƏSMN-nə müraciət edilmişdir. Müraciətdə 378 nəfərin DİN-nə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilərək, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Göndərişləri etibarsız edilmiş şəxslərin siyahısında 21-ci sırada iddiaçının soyadı, adı atasının adı qeyd edildiyindən “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Yəni əlilliyin təyininə əsas verən göndəriş əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız hesab edilmişdir. Burada hər hansı öhdəlik icrasından söhbət gedə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 saylı göndərişi əsasında 12.02.2018-ci il tarixdə qiymətləndirilmiş və “gözdən əlil” ümumi xəstəlik səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 27.11.2020-ci il tarixli məktubda bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X3 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və X5 daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində DİN-in poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində göndərişlər tərtib etdikləri üçün daxili işlər orqanlarında xidmətdən xaric edilmişlər. Bu səbəbdən daxili işlər orqanlarında xidmət etməyən və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmayan vətəndaşlar barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin 19 mart 2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin 20.02.2008ci il tarixli, **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə birdəfə DİN-in poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmış, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 nömrəli poliklinikasında 15.03.2007-ci il tarixdən qeydiyyatda olmuş, onun adına 1012 nömrəli tibbi kitabça açılmışdır. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 22.12.2020-ci il tarixli məktubla bildirmişdir ki, vətəndaş İddiaçı 2001-ci il tarixdən hazıradək DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalında stasionar müalicədə olmamış, 26.08.2020-ci il tarixdə DİN-in 1 saylı poliklinikasına müraciət edərək öz xahişi ilə tibbi kitabçasını götürmüşdür. Bu səbəbdən vət. İddiaçı digər tibb müəssisələrinə müraciət edib-etməməsi barədə məlumat vermək imkan xaricindədir. İş materiallarına əlavə edilmiş İddiaçı adına Azərbaycan Respublikası DİN-nin 1 saylı poliklinikasında 15.03.07-ci ildə açılmış 1012 saylı tibbi kitabçadan görünür ki, o mütəmadi olaraq, həmin poliklinikada müayinələrdən keçmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin X3 və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı yalnız əyani müyinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. Lakin işin faktiki hallarına əsasən iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini X1 etibarsız etmişdir. İddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və haqlı olaraq hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X2 etibarsız edilməsi qanunsuz hesab edilərək həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-1598/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1492/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1492/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver