Məhkəmə qərarları › İş №2-1(103)-1492/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1492/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1492/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X3 ürə Baş İdarəsinə qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “borcun silinməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6172/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı ərizə ilə müraciət edərək, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun silinməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6172/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mübahisəli qərarında iddianı təmin etməsinin əsası kimi vergi orqanı tərəfindən təqdim edilmiş 28.08.2618-ci il tarixli məktuba istinad edərək qeyd etmişdir ki, "X7" MMC 28.08.2018-ci il tarixə dövlət büdcəsinə borcu yoxdur. Məhkəmənin bu əsasının əksinə bildiririk ki, vergi orqanı tərəfindən təqdim edilmiş həmin məktub cavabdehin vergi borcu ilə əlaqədardır. Hazırda mübahisələndirilən borc isə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yaranmış borcla əlaqədardır. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan: İddiaçının 01.01.2015-ci il tarixdən 01.01.2017-ci il tarixədək hesablanmış məcburi dövlət sosial sığorta haqları (MDSS) və maliyyə sanksiyaları və inzibati cərimələrin dinamikası barədə məlumatdan görünür ki, iddiaçının 2015-ci və 2016- cı il üzrə 4257 manat MDSS, 1531,67 manat maliyyə sanksiyası olmaqla, cəmi 5789,17 manat borcu vardır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1074/2017 saylı, 08 fevral 2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 İdarəsi “X7" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01.04.2016-cı il tarixə 4699,28 (əsas borc-4257,50 manat, penya441,78 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin əmlakı hesabına iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan “X7" MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2036/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərardadı ilə qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1074/2017 saylı, 08 fevral 2017- ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Apellyasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, “iddiaçı məhkəmə qaydasında qanunun tələb etdiyi qaydada-ödəmə qabiliyyəti olmayan sığortaedənin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə borcun tutulması iddia qaldırmadan inzibati orqan olaraq pul tələbinin ödənilməsi ilə bağlı inzibati akt qəbul edə bilər və bundan sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2ci maddəsinin tələbinə uyğun olaraq tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçün aidiyyəti üzrə müvafiq rayon (şəhər) İcra şöbəsinə göndərə bilər.” 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2283/2018 saylı, 04 may 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 İdarəsi yenidən İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 iyul 2016-cı il tarixdən 01 iyul 2017-ci il tarixədək 5811,50 (əsas borc-4257,50 manat, penya- 1554,00 manat) manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilmişdir. Qərardan “X7" MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2433/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərarı ilə MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2283/2018 saylı, 04 may 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul olunmaqla iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. AR Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ-ci bəndinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur; İİİ bəndinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. AR İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, hazırki işin sadalanan faktiki hallarından aydındır ki, iddiaçı MMC-nin dövlət qeydiyyatından keçdiyi tarixdən heç bir fəaliyyətinin və işçisinin olmaması və buna uyğun olaraq da məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmaması faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq edilmişdir. Eyni zamanda, yuxarıda sadalanan məhkəmə qərarları üzrə mübahisələrdə tərəf olmuş cavabdeh (Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 İdarəsi) ilə hazırki iş üzrə cavabdehin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X3 ürə Baş İdarəsi) fərqli idarələr olmasına münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “... istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəf olmasa da, qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin iş üzrə tərəf olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 İdarəsinin səlahiyyəti müvafiq olaraq Bakı şəhəri X3 üzrə Baş İdarəsinə keçdiyindən o, aidiyyəti məsələlər üzrə həmin qurumun hüquqi varisi kimi qəbul edilməlidir.” AR MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Beləliklə, işin sadalanan hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edilmiş İddiaçı MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə hər hansı əsas və ya penya borcunun olmaması hazırki işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X3 ürə Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6172/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar