Məhkəmə qərarları › İş №2-1(103)-1492/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1492/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1492/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5518/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini “60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşdirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. xx.xx.1981-ci il tarixdən əmək fəaliyətinə başlamış və müxtəlif təşkilatlarda işləmişdir. İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi “X4 LTD” şirkətində quraşdırıcı; xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixə kimi Bakı Dərin özəllər zavodunda; xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi Metalkonstruksiyaların Quraşdırılması üzrə quraşdırıcı peşəsində; xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək; xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC şirkətində montajçı peşəsində çalışmışdır. İddiaçının işlədiyi pəşələr güzəştli şərtlərlə pensiyaya çıxmağına əsaslar verir və iddiaçı bu barədə arayışlar almışdır. Lakin “X4 LTD“ şirkətinin arxivə təqdim etdikləri sənədlər natamam olduğuna görə həmin idarədən arayış ala bilməmişdir. İddiaçının güzəştli şərtlərlə iş stajı faktiki olaraq 13 ildən artıq olsa da, təqdim etdiyi arayışlar üzrə 11 il 3 ay olması səbəbindən güşəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir, iddiaçının ilkin işlədiyi müəssisədə işlədiyi illər pensiya stajına daxil edilmir. İddiaçı hesab edir ki, qeyd edilən hal onun təqsiri deyildir. İddiaçının çalışdığı iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin siyahısına” tamamilə uyğundur və iddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim edilmiş "xxxx" MMC-nin 22 sentyabr 2023-cü il tarixli AES-2023/076 nömrəli arayışında xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə montajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyi dövrlərdə gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat qeyd edilməyib. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay 5 gün (xx.xx.2006xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5518/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə qərarı əsaslandırarkən Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba istinad etmişdir. Bununla bağlı qeyd etmək istəyirlər ki, sözügedən Qaydalara 2 nömrəli əlavənin tələbinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməyə dair iş yerinin arayışı iddiaçı tərəfindən təqdim edilməli sənəddir. Lakin inzibati orqana müraciəti zamanı iddiaçı tərəfindən “X5 LTD” şirkətində işləməsinə dair güzəştli iş stajını təsdiq edən arayış təqdim edilməmişdir.Əlavə olaraq müəssisənin dövlət qeydiyyatına alınması iddiaçının müəssisədə işləməsi faktını sübut etmir. Əlavə olaraq, Dövlət Vergi Xidmətinin cavabında müəssisənin əsas fəaliyyət istiqamətinin “Bazar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi” olduğu bildirilmiş, güzəştli işlərlə bağlı heç bir məlumat aşkarlanmamışdır. Göstərilən səbəblərdən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5518/2024 nömrəli qərarında güzəştli iş stajını təsdiq edən sübut kimi istinad edilmiş Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktub və mötəbər sübut hesab edilməməlidir. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" MMC-nin 22 sentyabr 2023-cü il tarixli AES-2023/076 nömrəli arayışında xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə montajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyi dövrlərdə gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə hər hansı məlumat qeyd edilməyib. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (9 il 11 ay 5 gün (xx.xx.2006-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2012xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı, - azı 25 il sığorta stajı olmalı - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçıov Əlihəsən oğlu xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı tarixədək “X5 LTD” şirkətinin Azərbaycan Nümayəndəliyində quraşdırıcı vəzifəsində; xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Bakı Dərin Özüllər zavodunda 5-ci dərəcəli quraşdırıcı vəzifəsində; xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" MMC-də quraşdırıcı peşəsində; xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı Dərin Özüllər zavodunda 5-ci dərəcəli polad və səmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində; xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də metal konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində; xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də quraşdırıcı çilingər vəzifəsində; xx.xx.2019-xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də montajçı vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, aşağıda qeyd olunan dövrlər İddiaçı münasibətdə güzəştli iş stajı kimi nəzərə alınmamışdır: 1) xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlədiyi dövr (müvafiq müəssisədə işlədiyi təsdiq edən arayış təqdim olunmadığı üçün) 2) xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr (müəssisə tərəfindən verilmiş arayışda montajçı vəzifəsində işlədiyi qeyd olunsa da, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu, işin konkret halları barədə hər hansı məlumat əks olunmadığı üçün) Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan SOCAR tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair Arayışda qeyd olunmuşdur ki, İddiaçı (FİN:xxxxxxx) Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən quraşdırıcı peşəsində: Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Özüllərin dənizdə quraşdırılması və Üst tikililərin yığılması və quraşdırılması sexlərində xx.xx.2006cı il tarixindən (xx.xx.2006-cı il tarixli 99/k saylı əmrlər) xx.xx.2010-cu il tarixinədək (xx.xx.2010-cu il tarixli 450/k saylı əmr); Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Üst tikililərin yığılması və quraşdırılması sexində xx.xx.2012-ci il tarixindən (xx.xx.2012-ci il tarixli 204/k saylı əmrlər) xx.xx.2012-ci il tarixinədək (xx.xx.2012-ci il tarixli 1056/k saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı: 05 il 01 ay 07 gün İşlədiyi peşənin xüsusiyyətləri: Mürəkkəb metalkonstruksiya Qovşaqlarının qaynaq edilməsi, müxtəlif vəziyyətlərdə və müxtəlif hündürlüklərdə yığılması, ayrı-ayrı elementlərdən və düyünlərdən ibarət dərinlik özüllərinin və qurğu konstruksiyalarının yığılmasında xüsusi mürəkkəb quraşdırma islərindən ibarətdir. Süleymanov X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “a” yarımbəndində göstərilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi üzrə iş stajı 05 il 01 ay 07 gün (beş il bir ay yeddi gün) təşkil edir. Bos Şelf MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Güzəştli Arayışda qeyd edilmişdir ki, İddiaçı BOS Şelf MMC-də xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Metalkonstruksiyaların Quraşdırılması üzrə Quraşdırıcı peşəsində işləmiş, Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilmişdir (xx.xx.2017 tarixli, 1059/17 ir saylı Əmr). BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə, öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 5 il təşkil edir. Yuxarıda qeyd edilən dövrlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2019-cü il tarixədək xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də montajçı vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında Arayışda qeyd olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər və xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər "Atlas ES ” MMC şirkətində montajçı peşəsində çalışmışdır. Onun çalışdığı iş yeri AR Nazirlər kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı Qərarın 29cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri“ başlığı altında nəzərdə tutulmuş "Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” və Sənayə dəmir-beton boruların boruçəkənləri” bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İddiaçı "Atlas ES “MMC şirkətində güzəştli iş stajı 1 il 2 ay 17 gündür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş “montajçı” vəzifə təlimatında qeyd olunmuşdur ki, Montajçının vəzifə borcu: 2.1. Metalkonstruksiyaların elementlərinin yığılması; 2.2. Yığılacaq hissələrin nişanlanması, onların konduktorlarda bolt-qayka, xamut və ya xüsusi sıxıcılarda sıxılaraq qaynaq prosesinə hazırlanmasını. 2.3. Müxtəlif konstruksiyalı pres-qayçılarda qalınlığı 100 mm artıq olan isti və soyuq hallda olan metal profillərin kəsilməsini. 2.4. Hissələrin çizgilərə uyğun xətkeş, bucaqlıq, pərgar, lekal, şablon və digər ölçü nəzarət alətlərindən istifadə olunmaqla nişanlanması. 2.5.Sifarişçinin və konstruktor sənədlərinin (cizgilərinin) tələblərinə uyğun olaraq konstruksiyaların yığılması və məmulatın hazırlanması. 2.6. Hazır həcmli konstruksiya qovşaqlarının, hissələrin quraşdırılması və yerdəyişməsi üçün ilmələnməsini. 2.12. Müxtəlif poladdan, əlvan metal və ərintilərdən olan materialların alovla kəsməsini. 2.13. Qazla kəsim üçün avadanlıqların, tərtibatların düzgün istismarı və istifadəsinə riayət edir. 2.14. Elektrik-qaz qaynaq, qazma və əllə qaz kəsmə işlərini yerinə yetirir. 2.15. Qazla kəsmə növləri üzrə işlərin yerinə yetrilməsini həyata keçirir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, "xxxx" MMC şirkəti 2003-cü ildən fəaliyyət göstərir, şirkət fəaliyyəti dövründə AR-in Neft-qaz sənayesi və tikinti bazarlarında qumlama və boya işləri, isti və soyuq izolyasiya işləri, iskələ (taxtabənd) quraşdırma işləri, dənizdə və quruda metal konstruksiyaların montajı üzrə xidmətlər də daxil olmaqla, gəmi təmiri, dağ-mədən yerüstü qazma işləri üzrə xidmətlər göstərir. İddiaçı şirkətimizdə işlədiyi dövrlərdə müddətli əmək müqavilələri bağlanaraq montajçı vəzifəsində çalışıb. Əmək funksiyaları təsdiq edilmiş montajçının vəzifə təlimatı ilə əlavədə tanış ola bilərsiz. İddiaçı çalışdığı dövrlərdə Zaqatala şəhərində X6 Tikintisi layihəsində metal konstruksiyaların montajı işlərini icra edən işçi briqadasdında çalışıb. Odur ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı və zərərli əmək şəraiti işəgötürən tərəfindən təsdiq edilmişdir. İddiaçı “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlədiyi dövrün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına daxil edilməsinə münasibətdə məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən edən X1 izahatında bildirmişdir ki, 2003-2006-cı illər ərzində “X5 LTD” Şirkətində işləmişdir, İddiaçı ilə “X5 LTD” Şirkətində tanış olmuşdur. Belə ki, İddiaçı da həmin dövrdə “X5 LTD” Şirkətində montajçı işləmişdir, işi dəmir konstruksiyalarının ilmələnməsi olmuşdur. Əlavə olaraq bildirdi ki, X1 3 ildir güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən edən X7 izahatında bildirmişdir ki, 2004-2006-cı illər ərzində “X5 LTD” Şirkətində montajçı işləmişdir, İddiaçı ilə “X5 LTD” Şirkətində tanış olmuşdur. Belə ki, İddiaçı da həmin dövrdə “X5 LTD” Şirkətində montajçı işləmişdir. X8 Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN **********) xx.xx.2000-ci il tarixdə 621 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi, əsas fəaliyyətinin “Bazar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi” və hüquqi ünvanının AZ1095, ünvan 1ddur. Nümayəndəliyi yaradan xarici hüquqi şəxsin qərarına əsasən Nümayəndəlik xx.xx.2016-cı il tarixdə ləğv olunaraq dövlət reyestrindən çıxarılmışdır. Odur ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində “montajçı” vəzifəsində (dəmir konstruksiyaların ilmələnməsi) işləməsi məhkəmədə şübhə yaratmır. Belə ki, “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mövcudluğu Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda əks olunmuş, iddiaçının həmin müəssisədə “montajçı” vəzifəsində işlədiyi isə əmək kitabçasındakı qeydlə və şahidləri ifadələri ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası iddiaçının işlədiyi “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən güzəştli arayışın və ya arxiv arayışının təqdim edilməməsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi Nümayəndəlik xx.xx.2016-cı il tarixdə ləğv olunaraq dövlət reyestrindən çıxarılmışdır. Həmçinin, arxiv sənədlərinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən 2.10. İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Göründüyü kimi qanunvericiliyə əsasən istər dövlət, istərsə də, qeyri dövlət təşkilatlarının arxivlərinin mühafizəsi müvafiq müəssisələr tərəfindən həyata keçirilməlidir (təhvil verilənədək). Müvafiq sənədlərin arxivə təhvil verilməməsi və arxivdə aşkar edilməməsi ümumiyyətlə həmin sənədlərin mövcud olmamasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasından göründüyü kimi də iddiaçı müxtəlif yerlərdə mütəmadi olaraq montajçı (quraşdırıcı) peşələrində çalışmış, bununla bağlı Socar, BOS Şelf MMC, həmçinin "xxxx" MMC tərəfindən də həmin peşənin güzəştli peşə sayılmasına dair arayışlar təqdim edilmişdir. Odur ki, iddiaçının vaxtilə çalışdığı artıq ləğv edilmiş və arxiv sənədləri saxlanılmamış “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindəki dövrlər üzrə güzəştli arayışın tələbinə lüzum yoxdur. Beləliklə, iddiaçının qeyd edilən (mübahisələndirilən) qurumlarda zərərli əmək şəraiti gördüyü işin xarakteri ilə bağlı işəgötürən tərəfindən verilmiş (təlimlər keçməsinə dair) çoxsaylı sertifikatlar, şahid ifadələri və vəzifə təlimatları ilə təsdiq olunur. Odur ki, iddiaçının cavabdeh tərəfindən güzəştli stajı mübahisələndirilən xx.xx.2004cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlədiyi dövr və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı:

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Beləliklə, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 10 ay 23 gün stajı mövcuddur. Odur ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən güzəştli sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5518/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar