Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1493/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Vəkillər X1 vəkili X2, Cavabdeh iştirakı ilə üzvlükdən xaric edilmə tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2141/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, X3 cavabdeh barəsində iddiaçıya şikayətlə müraciət etmişdir. Həmin şikayət araşdırılması üçün iddiaçının Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. P.Hüseynli şikayətini belə əsaslandırmışdır ki, onun etibarından sui-istifadə edərək cavabdeh ondan borc adı ilə 2014-cü ildə 33.000 manat məbləğdə pul almış, onunla xx.xx.2014-cü il tarixdə 15 saylı notariat kontorunda 3M-664 reyestr nömrəsi ilə qeydə alınmaqla ona faizsiz olaraq 33.000 manat pul borc verməyi barədə kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, cavabdeh xx.xx.2015-ci il tarixədək pulu ona qaytarmağı öhdəsinə götürsə də, indiyədək yalnız 4.000 manat qaytarmış və aldığı pulu qaytarmağın danışıqlarla həlli mümkün olmamışdır. Bütün cəhdlərinə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-15464/2017 saylı qətnaməsinin icrası üçün verilmiş icra vərəqəsinə əsasən icra məmurunun tələblərinə baxmayaraq, o, pulu ödəməkdən müxtəlif bəhanələrlə və vədlər verməklə imtina edir. Aydındır ki, cavabdeh ondan pulu borc adı ilə qaytarmamaq, ələ keçirmək məqsədilə almışdır. İcra məmuru tərəfindən cavabdehin fərdi fəaliyyət göstərən vəkil kimi gəlirlərinin müəyyən edilməsi məqsədilə vergi orqanına verilmiş sorğuya xx.xx.2018-ci il tarixli cavab məktubundan aydın olmuşdur ki, cavabdeh Vəkillər Kollegiyasına da yanlış məlumatlar təqdim edir. Belə ki, cavabdehin xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində gəliri müəyyən edilməmiş, 2015 və 2016-cı illər üçün bəyannamələr bəyan ediləcək məlumatlar olmadan təqdim edilmiş, 2017-ci il üçün isə bəyannamə təqdim olunmamışdır. Halbuki, onun 2015-2017-ci illər ərzində məhkəmələrə və hüquq mühafizə orqanlarına çoxsaylı ödənişli müqavilələr əsasında tərtib olunmuş orderlər təqdim etməsi ehtimal edilir. Məhkəməyə ərizə ilə müraciət edən cavabdeh mən vəkiləm deməsinə və özünə lazım olanda vəkil adından istifadə etməsinə baxmayaraq, bir vəkil kimi borcunun qaytarılması barədə məhkəmə qərarını icra etmir. P.Hüseynli şikayətində yuxarıda göstərilənlərin araşdırılmasını və cavabdehin ona olan borcunun qaytarılmasına köməklik olunmasını xahiş etmişdir. İntizam icraatı üzrə araşdırma aparılması məqsədilə cavabdeh Vəkillərin İntizam Komissiyasına dəvət edilsə də, o, gəlməmiş və gəlməməsinin səbəbləri barədə komissiyaya heç bir məlumat verməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, P.Hüseynli ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh P.Hüseynlidən 33.000 manat borc pul alaraq, xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli cavab məktubunda vergi orqanında olan uçot məlumatlarına əsasən cavabdeh ********** saylı VÖEN-lə xx.xx.2006-cı il tarixdə əsas fəaliyyət növü “Vəkillik fəaliyyəti” olmaqla qeydiyyata alınmış, vergi orqanının uçot-baza məlumatlarına görə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə fəaliyyət dövründə gəlir məbləği müəyyən olunmamış, 2015 və 2016-cı illər üçün bəyannamələr bəyan ediləcək məlumat olmadan təqdim edilmiş, 2017-ci il üçün isə bəyannamə təqdim edilməmişdir. Cavabdehin 2017-ci il ərzində göstərdiyi hüquqi yardım barədə iddiaçıya xx.xx.2018-ci il tarixdə təqdim etdiyi statistik hesabata əsasən 2017-ci il ərzində hesabat dövründə müqavilə əsasında göstərdiyi hüquqi yardıma görə cəmi 12.000 manat pul ödənilmişdir. İddiaçının Maliyyə və təchizat şöbəsinin rəhbəri E.Paşayev tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən cavabdeh tərəfindən 2016, 2017 və 2018-ci illər ərzində aylıq gəlirinin 2% üzrə Vəkillər Kollegiyasının sığorta hesabına vəsait ödənilməmişdir. İddiaçının xx.xx.2019-cu il tarixli iclasında Vəkillərin İntizam Komissiyasının xx.xx.2019-cu il tarixli rəyi nəzərə alınaraq, əvvəllər fərdi qaydada fəaliyyət göstərmiş, hazırda isə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili cavabdeh tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ, İİ hissələrinin, 18-ci maddəsinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci, 16.1.4-cü, 72.1, 72.2-ci və 152.1-ci maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.4, 2.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələbləri pozulduğundan, onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və həmin məsələ ilə əlaqədar məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, vəkillik fəaliyyətinin bərpa və təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmənin əsaslandığı “Vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinin 2-ci hissəsi onun üzvlükdən azad olunmağı kimi qərarın qəbul edilməsinə əsaslı hesab oluna bilməzdi. Onun borcunun olması və onu qaytara bilməməyi ayrıca götürülmüş qaydada vəkillik fəaliyyəti sərhədlərindən uzaq bir məsələdir və bu fəaliyyətin pozuntusu kimi qiymətləndirilməsinə təsir edə biləcək amil deyil. Belə ki, P.Hüseynli onun hüquqi yardım göstərdiyi və təmsil etdiyi şəxs olmamış, onunla hüquqi yardım hissəsində heç bir fəaliyyəti olmamışdır, P.Huseynlidən borc almağı və onu bir müddət qaytara bilməməyi “Vəkillik fəaliyyəti haqqında” Qanunun 16.2-ci maddəsi üzrə qanun pozuntusu deyil, vəkillik fəaliyyətindən kənar mulki münasibətlər çərçivəsində həll olunmalı məsələdir. Onun fəaliyyəti ilə əlaqədar vergi orqanına 2016 və 2017-ci illər üçün bəyannamə verməməyi də elə bir dəhşətli hadisə kimi qiymətləndirilə bilməzdi. Bəyannamələrin təqdim olunmaması bir müddət sənədinin (pinkodunun) itirilməsi ilə əlaqədar olmuşdur. Yenidən vergi orqanına ərizə verməklə vöen və pinkodu bərpa eləmiş, hərəkət pozuntusu olsa bəyannamənin vaxtında verilməməsinin gecikdirilməsi hissəsindədir. İddia tələbində göstərilir ki, cavabdeh müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısında məsuliyyətinə zəmanət vermək məqsədilə yaradılmış vəkilin sığorta bank hesabına 2016-2017-ci illər üçün gəlirindən 2 faiz pul ödəməmişdir. Qanunun həmin tələbindən göründüyü kimi, 2 faiz sığorta haqqı təmsil edilən şəxslər qarşısında məsuliyyətə zəmanət vermək məqsədilə yaradılır. Yəni, bu fonda pulun keçirilməli olması məcburi xarakter daşımır, həmin pulun keçirilməsi ona görə hazırkı mübahisə üzrə əhəmiyyət kəsb eləmir ki, təmsil etdiyi şəxslər qarşısında maddi məsuliyyəti olmamışdır, ola bilərsə belə, bunun icrası hissəsində həmin məbləğ hər bir halda ondan tutula bilər və ya könullü olaraq tərəfindən ödənilə bilər. 2 faiz sığorta pulunun 2017-ci illər üçün ödənilməməsi “Vəkillik fəaliyyəti haqqında” Qanunun 16 və 22-ci maddələri üzrə kollegiya üzvlüyündən azad etməyə əsas ola bilən qanun pozuntusu kimi qiymətləndirilə bilməzdi. Məhkəmə qərarının əsasını təşkil edən məsələnin biri də tərəfindən davranış qaydaları haqqında əsasnamənin 1.2 və 2.3-cü maddələrinin pozulmasına dair hissədir. Həmin maddələrdə qeyd olunur ki, vəkil öz vəzifələrini yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur, öz fəaliyyətində demokratik prinsipləri və yüksək davranış qaydalarını rəhbər tutmalıdır. Göründüyü kimi, əsasnamənin həmin maddələri üzrə qeyd olunan vəzifələr tövsiyə xarakterli müddəalardan ibarət olub, tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi faktını özündə təsdiq eləmir. Həmçinin, “Vəkilik fəaliyyəti haqqında” Qanun kollegiya üzvlüyündən xaric etmə ilə əlaqədar mübahisələrin məhkəmə qaydasında mubahisələndirilməli olmasını müəyyən edir. Lakin, qanunvericilik kollegiya üzvlüyündən azad etmə üzrə mübahisələrin inzibati prosessual qanunvericiliklə baxılmalı olmasını müəyyən etmir. Belə mübahisələr iddianın predmetindən, iddianın məzmunundan, iddia qaldırmış şəxsin və cavabdehin subyektiv statusundan asılı olaraq inzibati prosessual qaydada və ya mülki mübahisə icraatı qaydasında baxıla bilər. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Həmçinin, hazırkı iddia inzibati orqan olmayan subyektə, yəni fiziki şəxs olan vəkilə qarşı qaldırılsa da, mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı vəkillik təsisatı üzrə idarəetmə səlahiyyətlərinə malik yeganə qurumdur və onun Rəyasət Heyəti kollegiya üzvlüyündən xaric etmə səlahiyyətinin müstəsna daşıyıcısı olduğuna görə vəkilin kollegiya üzvlüyündən xaric edilməsinə dair məhkəməyə müraciət edilməsi və məhkəmə qərarının qanuni qüvvəyə minənədək onun fəaliyyətinin dayandırılması barədə qərarı ümumi (publik) hüquq sahəsinə aid olan və inzibati akt əhəmiyyəti kəsb edən hakimiyyət tədbiri kimi səciyyələndirilməlidir. Odur ki, mübahisənin predmeti və ona tətbiq olunan hüquq normaları ümumi (publik) hüquq sahəsinə aid olduğundan, bu növ iddialara inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. Məhkəmə təcrübəsi də bu qaydada formalaşmışdır. Adekvat hüquqi situasiya kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 10.4-cü bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ŞTM-in müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Mahiyyətcə isə şikayət əsassızdır. İşdən müəyyən edilir ki, P.Hüseynli ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış notarial təsdiqli kredit müqaviləsinə görə cavabdeh P.Hüseynlidən 33.000 manat borc pul alaraq xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində borclu cavabdehdən 29.000 manat borcun tələbkar P.Hüseynlinin xeyrinə tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-15464/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən icraata başlanmışdır. AR VN Bakı şəhəri X4 Departamentinin Binəqədi RİPŞ-ə ünvanlanmış xx.xx.2018ci il tarixli cavab məktubunda vergi orqanında olan uçot məlumatlarına əsasən cavabdeh ********** nömrəli VÖEN-lə xx.xx.2006-cı il tarixdə əsas fəaliyyət növü “Vəkillik fəaliyyəti” olmaqla qeydiyyata alınmış, vergi orqanının uçot-baza məlumatlarına görə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə fəaliyyət dövründə gəlir məbləği müəyyən olunmamış, 2015 və 2016-cı illər üçün bəyannamələr bəyan ediləcək məlumat olmadan təqdim edilmiş, 2017-ci il üçün isə bəyannamə təqdim edilməmişdir. Cavabdehin 2017-ci il ərzində fəaliyyəti barədə iddiaçıya xx.xx.2018-ci il tarixdə təqdim etdiyi statistik hesabata əsasən ona 2017-ci il ərzində hesabat dövründə müqavilə əsasında göstərdiyi hüquqi yardıma görə cəmi 12.000 manat pul ödənilmişdir. İddiaçının Maliyyə və təchizat şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayışa görə cavabdeh tərəfindən 2016, 2017 və 2018-ci illər ərzində aylıq gəlirinin 2%-i üzrə Vəkillər Kollegiyasının sığorta hesabına vəsait ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olumalıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun: 11-ci maddəsinin İİİ hissəsinə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillər haqqında intizam icraatı başlayır; 16-cı maddəsinin İİ hissəsinə əsasən, vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə, məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir; 18-ci maddəsinə görə, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir; 22-ci maddəsinin: İ. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir; İİ. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir; İV. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır; Vİİİ. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin: 1.2-ci bəndinə əsasən, hər bir vəkil qanunun aliliyi, insan hüquqlarını, demokratik prinsipləri və yüksək davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; 2.3-cü bəndinə görə, vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır; 2.4-cü bəndinə əsasən, vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını, habelə mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aiddir; 72-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir, bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər; 152.1-ci maddəsinə görə, vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür. Belə ki, cavabdehin 2015 və 2016-cı illər üçün vergi bəyannamələrini bəyan ediləcək məlumat olmadan təqdim etdiyi, 2017-ci il ərzində göstərdiyi hüquqi yardım barədə iddiaçıya təqdim etdiyi statistik hesabata əsasən hesabat dövründə müqavilə əsasında göstərdiyi hüquqi yardıma görə cəmi ödənişlərin 12.000 manat təşkil etməsinə baxmayaraq 2017-ci il üçün ümumiyyətlə bəyannamə təqdim etmədiyi və 2016, 2017, 2018-ci illər ərzində aylıq gəlirinin 2 faizini vəkillərin sığorta bank hesabına ödəmədiyi müəyyən edilmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2141/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1493/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1493/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver