Məhkəmə qərarları › İş №2-1(103)-1493/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1493/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1493/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)-3029/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)-3029/2020 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim F.Mədətli) Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1493/2021 saylı 07.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)-3029/2020 saylı qərarından verilmiş apellyasiya şikayəti üzrə buraxılmış müddət bərpa edilmiş, apelyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Həmçinin, 07.07.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyi ilə əvəz edilmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixə kimi işlədiyi 10 illik əmək stajının yenidən hesablanması və hesablanmış pensiyanın 15.10.2018-ci il tarixdən ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 10 oktyabr 1954-cü ildə anadan olmuşdur. 21 sentyabr 1972-ci ildə əmək fəaliyyətinə başlamış və Bakı şəhəri 4 saylı Tikinti Trestində dülgər vəzifəsinə işə girmişdir. 26.04.1973-cü ildə hərbi xidmətə göndərilmiş və üç il hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən 4 sayl Tikinti Trestində əmək fəaliyyətini davam etdirmişdir. 01.06.1987-ci ildə Keşlə Maşınqayırma zavoduna keçirilmiş və orada işləmişdir. 07.01.1991-ci ildə X3 tərkibində yaradılan "xxxx" Kiçik Müəssisəsinə keçirilmə yolu ilə işdən azad edilmiş və 08.01.1991-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsinə növbə rəisi vəzifəsinə işə götürülmüşdür. 01.12.1991-ci il tarixdə "xxxx" KM-də Mexanik vəzifəsinə keçirilmişdir. 05.05.1993-cü ildə "xxxx" KM-nin Keşlə Maşınqayırma zavoduna birləşməsi ilə əlaqədar 11 №-li sexdə 1-ci kateqoriyalı mühəndis konstruktor vəziəsinə qəbul edilmişdir. 02.01.2001-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsindən işdən azad edilmişdir.04.10.2001-ci ildə İ. Allahverdiyev adına Gəmiqayırma zavodunda 3-cü dərəcəli mühəndis-çilingər vəzifəsinə qəbul edilmişdir. 04.07.2003-cü il tarixdə həmin zavoddan işdən azad edilmişdir. 07.07.2003-cü il tarixində "xxxx" QSC-nin X1 Qaradağ kompressor üzrə operator vəzifəsinə qəbul edilmiş, 24.04.2018-ci il tarixdə işdən azad edilmişdir.Ümumi əmək stajı 46 ilə bərabər olmuşdur. 15 oktyabr 2018-ci il tarixdə yaşının 63 yaş yarım olması ilə bağlı ona əmək pensiyası təyin edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, ona əmək pensiyası təyin edilərkən 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixinə kimi X3 tərkibində yaradılan "xxxx" Kiçik Müəssisəsində işədiyi əmək stajı hesablanmamışdır.O, ərizə ilə DSMF-nun Binəqədi rayon şöbəsinə müraciət edərək, 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixə kimi işlədiyi 10 illik əmək stajının yenidən hesablanması və hesablanmış pensiyasının 15.10.2019-cu il tarixdən hesablanıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin DSMF-nun Binəqədi rayon şöbəsi ona imtina məktubu verərək bildirmişdir ki, əmək kitabçasında 11.08.1991-ci il tarixdən 02.01.2001-ci il tarixədək işlədiyi iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin dövrün sığorta stajına hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə ziddir. Buna görə də o, məhkəməyə müraciət edir.Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən iddiaçının izahatı: Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında 10.10.1954-cü ildə anadan olduğunu, 21.09.1972-ci ildə əmək fəaliyyətinə başladığını, 26.04.1973-cü ildən üç il hərbi xidmətdə olduğunu, hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirdiyini, 01.06.1987-ci ildən Keşlə Maşınqayırma zavodunda işlədiyini, 07.01.1991-ci ildə X3 tərkibində yaradılan "xxxx" Kiçik Müəssisəsinə keçirilmə yolu ilə işdən azad edildiyini və 08.01.1991-ci il tarixdən "xxxx" Kiçik Müəssisəsinə növbə rəisi vəzifəsində, 01.12.1991-ci il tarixdən "xxxx" KM-də Mexanik vəzifəsində işlədiyini, 05.05.1993-cü ildə "xxxx" KM-nin Keşlə Maşınqayırma zavoduna birləşməsi ilə əlaqədar 11 №-li sexdə 1-ci kateqoriyalı mühəndis konstruktor vəzifəsinə qəbul edildiyini, 02.01.2001-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsindən işdən azad edildiyini, 04.10.2001-ci ildə İ.Allahverdiyev adına Gəmiqayırma zavodunda 3cü dərəcəli mühəndis-çilingər vəzifəsinə qəbul edildiyini, 04.07.2003-cü il tarixdə həmin zavoddan işdən azad edildiyini, 07.07.2003-cü il tarixində "xxxx" QSC-nin X1 Qaradağ kompressor üzrə operator vəzifəsinə qəbul edildiyini, 24.04.2018-ci il tarixdə işdən azad edildiyini bildirmişdir. Ümumi əmək stajı 46 ilə bərabər olmuşdur. 15.10.2018-ci il tarixdə yaşının 63 yaş yarım olması ilə bağlı ona əmək pensiyası təyin edilmiş, lakin sonradan ona məlum olmuşdur ki, ona əmək pensiyası təyin edilərkən 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixinə kimi X3 tərkibində yaradılan "xxxx" Kiçik Müəssisəsində işədiyi əmək stajı hesablanmamışdır. O, ərizə ilə DSMF-nun Binəqədi rayon şöbəsinə müraciət edərək, 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixə kimi işlədiyi 10 illik əmək stajının yenidən hesablanmasını xahiş etsə də, ona imtina edilmiş və belə əsaslandırılmışdır ki, əmək kitabçasında 11.08.1991-ci il tarixdən 02.01.2001-ci il tarixədək işlədiyi iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin dövrün sığorta stajına hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə ziddir. İddiaçı imtinanı əsassız hesab edir. Məhkəmə iddianı təmin etməyərək haqlı olmamışdır. Hesab edir ki, "xxxx" k/m sığorta edən kimi uçota alınmaması onun təqsiri deyildir. Daha sonra araşdırma aparan məhkəmə qeyd edir ki, "xxxx" k/m 1990-ci ildən qeydə alınsa, 1998-ci ildən vergi ödəyicisi olmuşdur. Bu hala istinad edilməsi onun iş stajını hesablamamaq ədalətsizlik, qanunsuzluq və qərəzlilikdir. Cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İşdə olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində müxətlif vəzifələrdə işləmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 27.01.2020-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış və nəzərinə çatdırılmışdır ki, sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə zəruri hesab olunan hallarda sənədlərin yerindı qarşılıqlı yoxlanılması göstərilmişdir. Onun şöbəyə təqdim etdiyi əmək kitabçasında 01.08.1991-ci il tarixdən 02.01.2001-ci il tarixədək işlədiyi iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin dövrün sığorta stajına hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə ziddir. İddiaçının 01.08.1991-ci il tarixdən 02.01.2001-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində mexanik və mühəndis konstruktor vəzifəsində işləyib-işləməməsi, işlədiyi təqdirdə buna dair əmək haqqı ödənişləri barədə müvafiq sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli, 5/695 saylı məktubdan görünür ki, "xxxx" kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bundan əlavə, "xxxx" Kiçik Müəssisəsinin fəaliyyəti barədə məlumatın məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 12.06.2020-ci il tarixli, **********315500 saylı məktubdan görünür ki, 12.06.2020-ci il tarixə olan uçot məlumatlarında dövlət reyestrində 30.11.1990-cı il tarixdə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Kiçik Müəssisəsinin (köhnə VÖEN: 1********) 22.04.1998-ci il tarixdə vergi uçotuna dayanması barədə məlumat mövcuddur. Müəssisə 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 01/66 saylı, 04 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, Nazilər Kabinetinin 60 saylı 01 aprel 2009-cu il tarixli qərarı ilə "xxxx" TASC-nin "xxxx" ASC-yə qoşularaq yenidən təşkil olunması zamanı "xxxx" TASC tərəfindən təhvil verilmiş sənədlər arasında həmin zavodun tərkibində yaradılan "xxxx" kiçik müəssisəsinə aid heç bir sənəd yoxdur. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti cavabdehdən tələb edilmiş, həmin pensiya işinin surəti məhkəməyə təqdim edilərək, tədqiq edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 943 saylı, 04 iyun 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı 15 aprel 2018-ci il tarixdə yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçıdır. Ona 15.04.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin əmək pensiyası təyin edilərkən 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixinə kimi X3 tərkibində yaradılan "xxxx" Kiçik Müəssisəsində işlədiyi müddət əmək stajına hesablanmamışdır. İddiaçı həmin müddətin onun sosial sığorta stajına daxil edilərək, pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə istinad olunaraq, həmin dövrün sığorta stajına hesablanmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixə kimi "xxxx" Kiçik Müəssisəsində işləməsi iş materiallarına əlavə olunmuş əmək kitabçasında öz əksini tapsa da, lakin məhkəmə araşdırması nəticəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş məktub əsasında müəyyən edildi ki, "xxxx" Kiçik Müəssisəsi 30.11.1990-cı il tarixdə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qeydiyyatına alınsa da, lakin 22.04.1998-ci il tarixdə VÖEN: ********* nömrəsi ilə vergi uçotuna dayanmışdır. Göründüyü kimi "xxxx" Kiçik Müəssisəsi 30.11.1990-cı il tarixdə dövlət qeydiyyatına alınsa da, lakin 22.04.1998-ci il tarixdən vergi ödəyicisi olmuşdur. Belə olan halda iddiaçının 08.01.1991-ci il tarixdən 22.04.1998-ci il tarixədək olan dövrdə həmin müəssisədə işlədiyi dövr üzrə sosial sığorta haqlarının ödənilməsi mümkün deyildir. Digər tərəfdən iddiaçının "xxxx" Kiçik Müəssisəsində işlədiyi dövr üzrə ümumiyyətlə məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilməsi müəyyən edilməmişdir. Belə olan halda iddiaçının işlədiyi həmin dövrün ümumi iş stajına daxil edilərək, pensiyası yenidən hesablanması üçün əsas yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PASa daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər - məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdə sosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlər nəzərə alınır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. İddiaçının 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixə kimi işlədiyi "xxxx" Kiçik Müəssisəsinin sığortaedən kimi uçota alınması ümumiyyətlə müəyyən edilməmişdir. Belə olan halda müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməsi mümkün deyildir. Əmək pensiyasının yenidən hesablanması zamanı əmək haqqı və dövlət məvacibinə münasibətdə sosial sığorta haqqı ödənildiyi halda həmin vəsaitlər nəzərə alındığından, hazırkı halda isə həmin müəssisə tərəfindən sosial sığorta haqqı ödənilməsi müəyyən edilmədiyindən, iddiaçının 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixə kimi "xxxx" Kiçik Müəssisəsində işlədiyi dövr üzrə əmək stajının yenidən hesablanması və hesablanmış pensiyanın 15.10.2018-ci il tarixdən ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsassızdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan AR DSMF-nun Binəqədi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 04.06.2018-ci il tarixli, 943 saylı qərarından görünür ki, X2 yaşa görə 63,6 yaşından 15.04.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İnzibati orqan tərəfindən pensiya hesablanarkən (i.v.28) 01.01.2006-cı ilə qədər İddiaçı əmək kitabçasında qeyd edilən işlədiyi dövr, hərbi xidmət illəri, həmçinin 08.01.1991-01.01.1992-ci illər ("xxxx" kiçik müəssisəsində işlədiyi müddət) də göstərilməklə, cəmi 23 il 02 ay 25 gün ümumi sığorta stajı hesablanıb. Göründüyü kimi, inzibati orqan iddiaçının "xxxx" kiçik müəssisəsində işlədiyi dövrü qismən qəbul etmiş, digər 01.01.1992-02.01.2001-ci dövrü qəbul etməmişdir. Cavabdeh inzibati orqan iddiaçının məhkəməyə qədər etdiyi müraciətini o əsasla təmin etməkdən imtina etmişdir ki, iddiaçının 01.08.1991 – 02.01.2001-cü il tarixlədək işlədiyi dövr üzrə iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi inzibati orqanın həmin dövrün staj kimi qəbul edilməməsi dəlili ilə razılaşmış və əmək kitabçasında göstərilən dövrü sosial sığorta stajı kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd edir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə kollegiyası kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən 08.01.1991-02.01.2001-ci illər nəzərə alınmalı, belə olan halda iddiaçının 01.01.2006-cı il tarixə 33 ildən artıq ümumi stajın olduğu müəyyən olunur. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, e-2-1(112)-3029/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli, e-2-1(112)-3029/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin və iddia tələbi təmin edilsin. İddiaçı 08.01.1991-ci il tarixdən 02.01.2001-ci il tarixə kimi işlədiyi əmək stajının yenidən hesablanması və hesablanmış pensiyanın 15.04.2018-ci il tarixdən ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar