Məhkəmə qərarları › İş №2-1(103)-1493/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1493/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1493/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 1971-1975, 1977-1997-ci ildən Ağcabədi rayonu Pravda kolxozunda işlədiyi illərə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 09 mart 2021-ci il tarixli, 46 nömrəli arxiv arayışına əsasən sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8583/2021 saylı, 15 dekabr 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19-22 aprel 2022ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1971-1975, 1977-1997-ci ildən Ağcabədi rayonu Pravda kolxozunda işlədiyi illərə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 09 mart 2021-ci il tarixli, 46 nömrəli arxiv arayışına əsasən sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1971-ci ildən başlayaraq Ağcabədi rayon Muğanlı kəndində Pravda adına kolxozda işləməyə başlamış, 1975-ci ilədək kolxozda fasiləsiz işləmiş, xx.xx.1975-ci ildə Ağcabədi rayonundan hərbi xidmətə göndərilmiş, xx.xx.1977-ci ildə hərbidən tərxis olunmuş və yaşadığı Muğanlı kəndinə qayıtmışdır. 1977-ci ilin iyun ayından həmin kolxozda işləməyə başlamış, fasiləsiz olaraq 1977-ci ildən 1997-ci ildə daxil olmaqla kolxozda traktorçu, sürücü və başqa işlərdə işləyərək əmək haqqı almışdır. Lakin qeyd edilən illərdə Pravda kolxozunda işləməyinə dair iddiaçıya əmək kitabçası yazılmamışdır. Hazırda kolxoz quruluşu ləğv edildiyindən əmək kitabçası əldə etmək mümkün olmamışdır. İddiaçının yuxarıda göstərilən kolxozda işləməyinə dair Ağcabədi rayon Dövlət arxivi tərəfindən xx.xx.2021-ci il tarixli, 46 nömrəli verilmiş arxiv arayışında bəzi illərdə yüksək əmək haqqı almağına dair qeydiyyat aparılmış və bütün illərdə adam günü də qeyd olunmuşdur. İddiaçı kolxozda işləyərkən həmişə yüksək əmək haqqı almışdır. Onun 1971-1975, 1977-1997-ci illərdə Ağcabədi rayonu Pravda kolxozunda işləməyini onunla birlikdə həmkəndliləri şahid kimi təsdiq edərlər. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilib hesablanmasından ötrü DSMF Ağcabədi rayon şöbəsinə rəsmi müraciət etmiş, lakin DSMF Ağcabədi rayon şöbəsi xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8583/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, ərizəçi yaşa görə əmək pensiya təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə Ağcabədi regional “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Ərizəçi müraciət zamanı sosial sığorta stajını təsdiq edən sənəd kimi hərbi xidmət haqqında arayış və arxiv arayışını əlavə etmişdir. Müraciətə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılmış və xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktub ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubuna istinadən təqdim olunan Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 46 nömrəli arayışında qeyd edilən əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmadığı üçün sığorta stajına daxil edilmir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. İddiaçının kolxozda işlədiyi illər 1970-1974-cü və 1977-1996-cı illəri əhatə edir. Onun kolxozdakı iş stajı isə aşağıdakı qaydada nəzərə alınmalıdır: “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçının 1970-1974-cü və 1977-1996-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü minimumuna uyğun tədqiq olunmalıdır. Kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Ağcabədi rayon Dövlət Arxivinin verdiyi xx.xx.2021-ci il tarixli 46 saylı arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, qeyd olunan illər üzrə minimum əmək iştirakı norması qeyd edilməmişdir. Tələb olunan illər üzrə əmək iştirakı normasının hər il üçün nə qədər olması arayışda dəqiq olaraq göstərilməmiş və bu hal arayışın mötəbər sübut olması faktını istisna etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun 1971-1975, 1977-1997-ci ildən Ağcabədi rayonu Pravda kolxozunda işlədiyi illərə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 09 mart 2021-ci il tarixli, 46 nömrəli arxiv arayışına əsasən sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçının 2021-ci ilin fevral ayında 65 yaşı tamam olmuş, onun kolxozda işlədiyi və həqiqi hərbi xidmətdə olan müddətləri nəzərə alınmaqla 25 ildən artıq sığorta stajı vardır. İddiaçının 25 ildən çox sığorta stajı iş materiallarında olan sənədlərlə - arxiv arayışları ilə təsdiq edilmişdir. İddiaçının pensiya kapitalı pensiya təminatına imkan verməməsinə baxmayaraq, onun 25 ildən çox sığorta stajı olması, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Cavabdeh iddia ərizəsinə təqdim etdiyi etirazında, arxiv idarəsinin sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti olmadığını bildirmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnaməyə əsasən, dövlət arxivlərində saxlanılan Milli arxiv fondu sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qanuni mənafelərini təmin etmək üçün istifadə edilir.(4.1) Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında idarə, təşkilat və müəssisələrə sənədlərin surətini və ya sənədlərdən çıxarışları, vətəndaşlara isə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud sənədlərdən çıxarışları verir. İddiaçının təqdim etdiyi arxiv arayışı mötəbər sənəd olmaqla onun kolxozda işlədiyi əmək stajını təsdiq edir. Cavabdeh tərəfindən həmin arxiv arayışının saxta olması, onda göstərilən məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsinə digər əsas kimi onun xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması göstərilmişdir. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 25 il sığorta stajının olması yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət olan şərtdir. Beləliklə birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası mövcud qanunvericiliyin normalarına uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1956-ci il təvəllüdlüdür. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin 2227 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən, 1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 29 noyabr 2021-ci il tarixli, 259 nömrəli arxiv arayışından gürünür ki, arxivdə saxlanılan Pravda k\z 1971-1996-cı il dövr arayış xarakterli arxiv sənədləri yoxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı həmin k\da işləməsi və əmək haqqı alması barədə aşağıdakı kimi qeydiyyatı var: 1971-ci il üzrə adam günü norması 240, adam günü 260, əmək haqqı 181; 1972-ci il üzrə adam günü norması 240, adam günü 261, əmək haqqı 1231; 1973-cü il üzrə adam günü norması 240, adam günü 255, əmək haqqı 921; 1974-cü il üzrə adam günü norması 240, adam günü 265, əmək haqqı 1658; 1975-ci il üzrə adam günü norması 240, adam günü 240, əmək haqqı 588; 1977-ci il üzrə adam günü norması 240, adam günü 140, əmək haqqı 696; 1978-ci il üzrə adam günü norması 240, adam günü 241, əmək haqqı 1763; 1979-cu il üzrə adam günü norması 240, adam günü 240, əmək haqqı 1884; 1980-ci il üzrə adam günü norması 240, adam günü 243, əmək haqqı 2005; 1981-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 2984; 1982-ci il üzrə adam günü norması 240, adam günü 240, əmək haqqı 1988; 1983-cü il üzrə adam günü norması 240, adam günü 261, əmək haqqı 2090; 1984-cü il üzrə adam günü norması 240, adam günü 270, əmək haqqı 967; 1985-ci il üzrə adam günü norması 240, adam günü 256, əmək haqqı 1300; 1986-cı il üzrə adam günü norması 240, adam günü 365, əmək haqqı 2092; 1987-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 2109; 1988-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 2742; 1989-cu il üzrə adam günü norması 240, adam günü 286, əmək haqqı 2902; 1990-cı il üzrə adam günü norması 240, adam günü 286, əmək haqqı 3863; 1991-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 4326; 1992-ci il üzrə adam günü norması 240, adam günü 310, əmək haqqı 22577; 1993-cü il üzrə adam günü norması 240, adam günü 284, əmək haqqı 290231; 1994-cü il üzrə adam günü norması 240, adam günü 295, əmək haqqı 134701; 1995-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 440438; 1996-cı il üzrə adam günü norması 240, adam günü 365, əmək haqqı 712838; 1997-ci il üzrə adam günü norması 240, adam günü 8 ay, əmək haqqı 15600. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 28 aprel 2021-ci il tarixli, **********2 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” haqqında məktubuna əsasən bildirilmişdir ki, iddiaçının təqdim etdiyi Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 46 saylı arayışında qeyd edilən əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. Eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq, fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 67-ci maddəsinə əsasən kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədikdə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1956-ci il təvəllüdlüdür. O, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur (1 il 11 ay 15 gün). Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 29 noyabr 2021-ci il tarixli, 259 nömrəli arxiv arayışına əsasən iddiaçının 1971-ci ildə faktiki adam günü 260 gün, 1972-ci ildə faktiki adam günü 261 gün, 1973-cü ildə faktiki adam günü 255 gün, 1974-cü ildə faktiki adam günü 265 gün, 1975-ci ildə faktiki adam günü 240 gün, 1977-ci ildə faktiki adam günü 140 gün, 1978-ci ildə faktiki adam günü 241 gün, 1979-cu ildə faktiki adam günü 240 gün, 1980-cı ildə faktiki adam günü 243 gün, 1981-ci ildə faktiki adam günü 312 gün, 1982-ci ildə faktiki adam günü 240 gün, 1983-cü ildə faktiki adam günü 261 gün, 1984cü ildə faktiki adam günü 270 gün, 1985-ci ildə faktiki adam günü 256 gün, 1986-cı ildə faktiki adam günü 365 gün, 1987-ci ildə faktiki adam günü 312 gün, 1988-ci ildə faktiki adam günü 312 gün, 1989-cu ildə faktiki adam günü 286 gün, 1990-cı ildə faktiki adam günü 286 gün, 1991-ci ildə faktiki adam günü 312 gün, 1992-ci ildə faktiki adam günü 310 gün, 1993-cü ildə faktiki adam günü 284 gün, 1994-cü ildə faktiki adam günü 295 gün, 1995-ci ildə faktiki adam günü 312 gün, 1996-cı ildə faktiki adam günü 365 gün, 1997-cü ildə 8 ay olmuşdur. İddiaçının 1971-1997-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Arxiv arayışından müəyyən edilir ki, iddiaçının kolxozda işlədiyi minimum əmək günü norması 240 gün götürülmüşdür. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1977-ci ilə münasibətdə tam yerinə yetirilməmişdir, yəni o, minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir ilə) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - 140 × 12 = 1680/240=7 ay. Göründüyü kimi iddiaçının hərbi xidmət illəri və arxiv arayışına əsasən, kolxozda işlədiyi illik normanın 240 adam günü olduğunu nəzərə alaraq (1 il 11 ay 15 gün (hərbidə olduğu müddət) + 24 il kolxozda işlədiyi tam əmək stajı + 1 il 3 ay kolxozda faktiki işlədiyi müddət (7+8)) = 27 il 2 ay 15 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının təqdim etdiyi Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 46 saylı arayışında qeyd edilən əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlərin sığorta stajına daxil edilmədiyi, eyni zamanda xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı göstərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun kolxozda işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin arxiv arayışı ilə də bir daha təsdiqlənmişdir. İddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Beləliklə, iddiaçının 1971-1997-ci illərdə Ağcabədi rayon Pravda kolxozunda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1971-1997-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 29 noyabr 2021-ci il tarixli, 259 nömrəli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə iddiaçı hərbi xidmət illəri və arxiv arayışına əsasən 27 il 2 ay 15 gün sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2021-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 65 ildir. İddiaçının xx.xx.1956-cı ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 65 yaşında, xx.xx.2021-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8583/2021 saylı 15 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar