Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1493/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7132/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik təyinatının aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. İddiaçıya Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirdiyinə görə leytenant hərbi rütbəsini Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təqdim edilmişdir. xx.xx.1998-ci ildən xx.xx.2021-ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə xidmət etmişdir. Xidmətin çox hissəsi Xüsusi Təyinatlı və düşmənlə təmas şəraitində olan hərbi hissələrdə keçirmişdir. Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. xx.xx.2021-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən Müharibəsi zamanı Ali Baş Komandan tərəfindən “X5”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. İddiaçı qeyd edir ki, Vətən Müharibəsində aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilmiş, lakin faiz dərəcəsi göstərilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin etmiş, lakin faiz dərəcəsi göstərilməməsi ilə razı deyildir, belə ki, səhhətində olan xəstəliklərə əsasən iddiaçıya 61-80 faiz əlillik təyin edilməlidir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022ci ildə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik təyinatı aparılmalıdır. İddiaçının əlillik müddətinin dəyişdirilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki iddiaçı tibb müəssisəsinin göndərişinə əsasən 2022-ci ildə qiymətləndirilmiş və bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin 61-80 faiz əlillik təyinatı aparılmadığı üçün iddiaçı hal-hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli əlillik təyinatına imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarın qanunsuz sayılması və əlillik alt sistemdə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli əlillik təyinatına imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarın ləğv olunması və əlillik alt sistemdə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı şəhər 2 nömrəli X1 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Yüngül koqnitiv pozuntu. Nevrasteniya Gərginlik tipli baş ağrısı. Baş beynin ocaqlı travması. Baş beynin silkələnməsi. Kəllədaxili travmaların nəticələri; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7132/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, əlillik alt sistemində İddiaçı xx.xx.2023-cü il tarixdə təyin edilmiş müddətsiz əlilliyinin əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsasında silinməsi qanunsuz hesab edilmiş və İddiaçı xx.xx.2023-cü il tarixdə təyin edilmiş müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı məlumat sırf texniki qüsur səbəbi ilə olmuşdur, e-sosial platformasında əlillik təyinatı ilə bağlı imtina alan vətəndaşların şəxsi kabinetlərində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydinin düşməsi sistemdə mövcud olan texniki qüsur səbəbi ilə əks olunmaqda idi və vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin sistemdən çıxarıldığı dövr qeyd edilmiş problemin davam etdiyi müddəti əhatə etmişdir. Belə ki, bu problem daha öncədən aşkarlanmış və aradan qaldırılmışdır. İddiaçı hazırkı apellyasiya icraatı zamanı apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7132/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7132/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşin apellyasiya qaydasında icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizəsinə əsasən iddiaçı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan qiymətləndirilir. Müəyyən olunmuşdur ki, iddiaçı müraciəti əsasında xx.xx.2023-cü il tarixdə həkim-ekspertlər tərəfindən Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq xx.xx.2022-ci il tarixdən müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, iddiaçı dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. - iddiaçıya üzvi mənşəli şəxsiyyət pozuntusu, postkontuzion sindrom, üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, yüngül koqnitiv pozuntu, nevrasteniya gərginlik tipli baş ağrısı, baş beynin ocaqlı travması, baş beynin silkələnməsi, kəllədaxili travmaların nəticələri diaqnozu ilə (təyin edilmə tarixi xx.xx.2023) müddətsiz əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında xx.xx.2023-cü il tarixli (saat 04:31:22) arayışda qeyd olunmuşdur ki, İddiaçı (FİN: xxxxxxx) üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Yüngül koqnitiv pozuntu. Nevrasteniya gərginlik tipli baş ağrısı. Baş beynin ocaqlı travması. Baş beyin silkələnməsi. Kəllədaxili travmaların nəticələri diaqnozu ilə müddətsiz əlillik təyin edilməsi etibarsız hesab edilmişdir (arayışda əlillik səbəbi, əlilliyin təyin edilmə tarixi, əlilliyin qrupu qeyd olunmamışdır). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında xx.xx.2023-cü il tarixli (saat 04:47:30) arayışda qeyd olunmuşdur ki, İddiaçı (FİN: xxxxxxx) üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Yüngül koqnitiv pozuntu. Nevrasteniya gərginlik tipli baş ağrısı. Baş beynin ocaqlı travması. Baş beyin silkələnməsi. Kəllədaxili travmaların nəticələri diaqnozu ilə müddətsiz əlillik təyin edilmişdir (arayışda əlillik səbəbi, əlilliyin təyin edilmə tarixi, əlilliyin qrupu qeyd olunmamışdır). - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubda qeyd olunmuşdur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı 2 saylı X1 J00049614NFD nömrəli göndərişi və müraciəti əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, müalicə potensialı tükənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Qeyd edilmişdir ki, esosial platformasında əlillik təyinatı ilə bağlı imtina alan vətəndaşların şəxsi kabinetlərində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydinin düşməsi sistemdə mövcud olan texniki qüsur səbəbi ilə əks olunmaqda idi və vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin sistemdən çıxarıldığı dövr qeyd edilmiş problemin davam etdiyi müddəti əhatə etmişdir. Belə ki, bu problem daha öncədən aşkarlanmış və aradan qaldırılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti, həmçinin E-sosial.az və “Əlillik” altsistemindən cari tarix üzrə əldə edilmiş arayışlar məhkəməyə təqdim olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 12560 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, ifadə olunmuş yaddaş zəifliyi və psixotik qoşulmalarla. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin sefalgik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 6 (altı) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol gözün miopiyası 0,75D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Öd daşı xəstəliyi. Xroniki kalkulvoz xolesistit. Nevrosirkulyator asteniya qarısıq tip. İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-33. İkincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8956/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (baş-beyin kontuziyası) şəxsiyyət pozuntusu, ifadə olunmuş yaddas pozuntuları və psixotik pozuntularla (hallusinozlar)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 8760 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, ifadə olunmuş yaddas zəifliyi və psixotik qoşulmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, qulaqlarında küydən, zəif eşitmədən, baş ağrısından, baş gicəllənmədən, yuxu pozulmasından, yaddaş zəifləməsindən, əsəbilikdən şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Komissiya qərara almışdır ki, əlilliyin qiymətləndirilməsi nəticəsinə dair vətəndaşlar barədə aşağıdakı qərar qəbul edilmişdir: 1.19. İddiaçı – diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyin təyin olunmasından imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı ziddiyyətlidir (bir tərəfdən əlavə müalicəyə ehtiyacın olması, digər tərəfdən diaqnozun əlillik təyin edilməməsi bildirilir). Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan şəxsin etimadın qorunmasına olan hüququnu nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş prosedur qaydalar və tələblər bir tərəfdən dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında izahatını vermiş həkim-mütəxəssis (iddiaçının müalicə həkimi) X7 iş üzrə bildirmişdir ki, İddiaçı impulsif şəxsdir. Yəni, ətraf qıcıqlara həssas, reaksiyası çox emosionaldır. Bir mövzu barəsində çox danışır və həmin mövzudan kənara çıxa bilmir. Aqressiv olduğu vaxtlar olur. Növbə gözləyə bilmir çox səbrsizdir. Münaqişəyə çox meyillidir. Ailə üzvlərinə və ətrafına zərər verir. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-288/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. İddiaçı üzvü mənşəli (İİ Qarabağ müharibəsi zamanı almış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, psixotik daxilolmalarla F07.0 (üzvi mənşəli şəxsiyyət pozuntusu) diaqnozu qoyulmuşdur. Həkim-mütəxəssisin məhkəmə iclasında qeyd etdikləri məhkəmə tərəfindən 43 nömrəli Şəhər Poliklinikasından tələb olunmuş iddiaçının ambulator tibbi kitabçada qeyd olunanlarla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 kod altında qeyd olunmuşdur. Qeyd olunmalıdır ki, inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etdikdən sonra inzibati icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraatın sonunda müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin təyin olunmasından imtina edilməsi əlilliklə bağlı qanunvericiliyin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd hesab olunur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqi marağı onun əlilliyinin bərpa edilməsi deyil, ona əlilliyin təyin olunmasıdır. Buna görə də birinci instansiya məhkəməsinin qərarı iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7132/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7132/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1493/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1493/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver