Məhkəmə qərarları › İş №2-1(103)-1493/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1493/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1493/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin edilməsi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8797/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi qulluqçu kimi təxirə salınmadan mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, ehtiyatda olan baş çavuş İddiaçı xx xxxx 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildən 1992-ci ilə qədər SSRİ Müdafiə nazirliyinin tərkibində, 1992-ci il mart ayının 25-dən həmin ilin aprel ayının 13-ə qədər isə Azərbaycan Respublikası Madafiə nazirliyinin Suraxanı rayon Hərbi Komissarlığında hərbi xidmətini davam etdirmişdir. 13 aprel 1992-ci ildən 1996-cı ilin may ayının 5-ə qədər döyüş bölgəsində dislokasiya olunmuş N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. N saylı hərbi hissənin tərkibində xidmət edərkən erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə 1996-cı ilin may ayında Ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Xidmət etdiyi dövrdə mənzil sahəsi ilə təmin edilməmişdir. Bu səbəbdən Ordu sıralarından ehtiyata tərxis olunduqdan sonra mənzilə ehtiyacı olduğundan, "Hərbi qulluqçularının statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsaslanaraq, hüquqverici sənədləri əlavə etməklə mənzil növbəsinə götürülmək üçün qeydiyyatda olduğu və faktiki yaşadığı Cavabdehnə müraciət etmişdir. Cavabdeh başçısının 05 iyul 2013-cü il tarixli 344 nömrəli Sərəncamı ilə mənzil növbəsinə qəbul edilmişdir. Mənzil növbəsinə götürülən zaman hərbi qulluqçu olduğu nəzərə alınmadığından bir neçə dəfə müraciətdən və şikayətlərdən sonra hərbi qulluqçu olduğu nəzərə alınaraq, yenə də Cavabdeh başçısının 09 iyul 2014-cü il tarixli 393 saylı Sərəncamı ilə mənzil növbəsi ehtiyatda olan zabitlərin siyahısına keçirildi. Beləliklə, 10 ildən çoxdur ki, mənzil növbəsindədir. Mənzillə təmin olunmağı üçün dəfələrlə Cavabdehnə müraciətlər etmişdir. Lakin müraciətlərinə mənfi cavab alır. İcra hakimiyyəti imtinanın səbəblərini onunla izah edir ki, guya Cavabdehnə mənzil sahəsi ayrılmadığından xahişinin təmin edilməsi imkan xaricindədir. Verilmiş cavab tamamilə əsassız olmaqla yanaşı, mənzil hüquqlarının gerçəkləşdirilməsi istiqamətində etdiyi qanuni hərəkətlərin məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 10-cu bəndinə görə, hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Beləliklə, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun yuxarıda göstərdiyi normalarının tələblərinə görə, Sabunçu rayon İH-ti Ordu sıralarından ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə alındığı vaxtdan 6 ay müddətində iddiaçını mənzillə təmin etməli idi ki, etməmişdir. Bununla da Cavabdeh "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin normaları ilə iddiaçıya verilmiş hüquqları pozmuşdur. Odur ki, mənzil növbəsində olan hərbi qulluqçu kimi iddiaçının mənzillə təmin edilməsi bir öhdəlik kimi Cavabdeh üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8797/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim G.Sevdimaliyeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8797/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsi, işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 05 iyul 2013-cü ildən (təqribən 12 ildir) Cavabdehndə mənzil növbəsindədir. İddiaçı 1954-cü il təvəllüdlüdür və onun təqribən 71 yaşı vardır. 12 ildir ki, mənzil növbəsində dayanmış 71 yaşlı tək qadın barədə məhkəmə “əlverişsiz vəziyyətdə deyildir” bəhanəsi ilə iddia tələbini mümkünsüz hesab etməklə hüquqi müəyyənlik prinsipini pozmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi, verilmiş iddia tələbi perspektivli iddia olmaqla yanaşı, iddiaçının qanunda nəzərdə tutulmuş mənzil hüququnun təmin edilməsinə xidmət etmişdir. Məhkəmənin isə müxtəlif bəhanələrlə iddia tələbini mümkünsüz hesab etməsi, İddiaçı əlverişsiz vəziyyətə salmış, qanunla ona verilmiş hüquqlarının gerçəkləşdirilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək imkanlarını aradan qaldırmışdır. Hüquqi cəhətdən qanuni, əsaslı və iddiaçının maraqlarına uyğun olan iddia tələbinin mümkünsüz hesab edilməsi sonda şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi ilə təminat altına alınmış hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı iddia ərizəsi öhdəliyin icrası haqqında iddialara aiddir. Belə bir iddianın verilməsi və məhkəmə qaydasında baxılması hüquqi cəhətdən mümkündür və onun pozulmuş hüquqlarının bərpasına xidmət edir. Məhkəmənin iddianın mümkünsüzlüyünə dair gətirdiyi digər dəlillər də: dövlət mənzil fondunda məcburi köçkünlərin yaşaması (bənd 14), mənzillə təmin olunmanın kütləvi xarakter daşıma hallarının aşkar edilməməsi (bənd 16), boş mənzil olmadığına görə, iddia təmin olunduğu halda məhkəmə qərarının icrasının mümkün olmaması (bənd 17) tamamilə əsassızdır və iddianın mümkünsüzlüyü ilə heç bir hüquqi bağlılığı yoxdur. Gətirilmiş dəlillər qətnamənin (qərarın) icra mərhələsində həll ediləcək məsələdir ki, həmin hallara əvvəlcədən və yaxud ümumiyyətlə qiymət verilməsi məhkəmənin səlahiyyətləri xaricindədir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8797/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-in; - Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı halda iddiaçının tələbi hərbi qulluqçu kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir və İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin faktiki hallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Silahlı Qüvvələrdə hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqaüdçüsüdür. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 344 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına əsasən İddiaçı 1 nəfər ailə üzvü ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olmuşdur. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 393 nömrəli xx.xx.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı mənzil növbəsi növbəyə götürülmə tarixi 05 iyul 2013cü ildən saxlanılmaqla ailə tərkibi 1 nəfər (özü) olmaqla “ehtiyatda olan zabit”lərin siyahıya keçirilmişdir. İddiaçı müraciətinə əsasən Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin Başçısının İ müavininin xx.xx.2024-cü il tarixli məktubu ilə cavab verilərək qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 344 saylı sərəncamı ilə ailə tərkibi 1 nəfər olmaqla (özü) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. Sabunçu RİH-nin 393 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamı ilə mənzil növbəsi “Ehtiyatda olan hərbi qulluqçu”ların siyahısına keçirilmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında vətəndaşların mənzillə təmin edilməsi üçün Cavabdehnə mənzil sahəsi ayrılmadığından xahişinin təmin edilməsi imkan xaricindədir. Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə Sabunçu rayon MKTB-nin xidməti ərazisində dövlət mənzil fonduna aid mənzillərdə məcburi köçkünlərin məskunlaşması və məskunlaşmış məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi barədə məlumat göndərilmişdir. Məlumatda məskunlaşmış şəxslərin adları və ünvanları qeyd edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Hazırki işin hallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 344 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına əsasən İddiaçı mənzil növbəsinə qəbul edilmişdir. Hazırda icra hakimiyyətinin balansında boş mənzilin olması, boş mənzillərlə iddiaçıdan fərqli olaraq digər şəxslərin təmin olunma halı aşkar edilmədiyindən cavabdeh tərəfindən iddiaçıya münasibətdə öhdəliklərinin icrası ilə bağlı hər hansı hərəkətsizlik edilməsi, növbəyə qəbul edilmiş şəxslərə münasibətdə iddiaçı ilə fərqli rəftar edilməsi, hüquqlarının və qanuni mənafelərinin cavabdeh tərəfindən pozulması halı müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı mənzillə təmin edilənə qədər kompensasiya kimi kirayə haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8797/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar