Məhkəmə qərarları › İş №2-1(103)-1494/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1494/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1494/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-887/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, onu hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar tərxis olunmuş keçmiş hərbi qulluqçu kimi mənzil almaq növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-2005-ci illərdə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseyi bitirmişdir. 2005-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. 2009-2010-cu illərdə Təlim-Tədris Mərkəzinin dinləyicisi olmuşdur. 2010-2016-ci illərdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində zabit kimi xidmət etmişdir. 2016- cı ildə onda böyrək çatışmamazlığı aşkar olunmuşdur. Müalicə olunmasına baxmayaraq böyrəyinin sıradan çıxmasına görə xidmət mümkün olmamış, ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyası tərəfindən xəstəliyi şəhadətləndirilmişdir. Nəticədə TSEK tərəfindən ona 2-ci qrup hərbi əlil statusu verilmişdir. Hələ hərbi xidmətdə olarkən mənzil növbəsinə götürülmüşdür. Lakin xəstəliyi ilə əlaqədar təxris olunduğu üçün Müdafiə Nazirliyindən mənzil növbəsindən çıxarılmışdır. Hərbi xidmətdən xəstəliyi ilə əlaqədar təxris olunduqdan sonra qeydiyyatda olduğu yer üzrə Cavabdehnə mövcud qanunvericiliyə və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli 5/S-69-068 saylı məktubla ona imtina verilmişdir. Cavabdeh imtinasını «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların, müddətdən artı həqiqi hərbi xidmət hərbi qulluqçularının yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyədən pulsuz torpaq sahəsi almaq hüququ olması, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili olmadığından sözügedən qanunun ona şamil olunmadığı ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh ona verdiyi imtinasını «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndi ilə əsaslandırmışdır ki, bunun da ona heç bir aidiyyəti yoxdur. Çünki o, hərbi xidmətdən öz ərizəsi ilə təxris olunmamışdır. 7 il xidmət etdikdən sonra hərbi xidmət zamanı alınmış xəstəliklə əlaqədar xidmətdən buraxılmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasında tam aydın göstərilib ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yerli icra hakimiyyəti başçıları mənzillə, mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edilirlər. Həm də müddətdən artıq hərbi qulluqçular göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin olunurlar ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Göründüyü kimi cavabdehin imtinası yalnız müddətdən artıq həqiqi hərbi qulluqçulara aiddir. O isə zabit olmuş, 7 il xidmət etmiş və hərbi xidmət zamanı aldığı xəstəliyə görə təxris olunmuşdur. Cavabdehin məntiqinə görə o və onun kimi xidmət zamanı xəstəlik və travma alan hərbi xidmətçilər əgər 15 təqvim ili xidmət etməyibsə onlar mənzil növbəsinə götürülə bilməzlər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında göstərilir ki, hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi arayışlardan da görünür ki, onun və həyat yoldaşı X2 adına hər hansı daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. İddia ərizəsinə əlavə etdiyi Nəsimi Bələdiyyəsi tərəfindən verilmiş arayışdan da görünür ki, ona hər hansı torpaq sahəsi ayrılmamışdır. İddia ərizəsinə əlavə etdiyi kirayə müqaviləsindən görünür ki, o, hal-hazırda kirayədə yaşayır. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır, iddia təmin edilməli, məhkəmə, cavabdehin imtinasının əsassız hesab edilməsi, onu hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar tərxis olunmuş keçmiş hərbi qulluqçu kimi mənzil almaq növbəsinə götürmək vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-887/2020 saylı, xx xxxx 2020-ci il tarixliqərarı ilə iddianın təmin edilməsi, cavabdeh Bakı şəhəri Cavabdeh imtinasının əsassız hesab edilərək, İddiaçı mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsiqərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən Cavabdeh məhkəmə kollegiyasının keçirilən iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafıq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı iddia ərizəinə uyğun uyğun izahat verərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-887/2020 saylı, xx xxxx 2020-ci il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, xəstəlik haqqında 1002 saylı, xx xxxx 2016-cı il tarixli «Şəhadətnamə»dən görünür ki, İddiaçı hərbi-həkim komissiyası tərəfindən «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi şəhadətləndirilmiş, HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisasi üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: «Xəstəlik cədvəli»nin 72b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi X1 sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar əlillik kimi göstərilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********79 saylı daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Seydiov X10 Azərbaycan Respublikası üzrə adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv fondunda məlumat yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********78 saylı daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X3 Azərbaycan Respublikası üzrə adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv fondunda məlumat yoxdur. İş materiallarında olan, kirayəyə verən X9 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli «Kirayə müqaviləsi»ndən görünür ki, kirayəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev, mənzil 94 (Yeni qaydalarla: AZ1111, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,1 kv.metr olan mənzili xx.xx.2023-cü il tarixədək kirayəçiyə kirayəyə vermişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 70 saylı arayışdan görünür ki, Seydiov X13 xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixənədək Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli 0520 nömrəli əmri və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. xx.xx.2016-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan, Bakı şəhəri Nəsimi rayonu Nəsimi Bələdiyyəsinin 50 saylı, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı Nəsimi rayon bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilərək, İddiaçı adına daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə məlumatın təqdim olunması tələb olunmuş və məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********61 saylı məktubla göstərilmişdir ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarından həmçinin görünür ki, məhkəmə tərəfindən iddiaçının hərbi xidmət illəri və hərbi xidmətdən ehtiyata buraxılmasının əsasları barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmiş və məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1/S-3789 saylı məktubla bildirilmişdir ki, ehtiyatda olan baş leytenant İddiaçı Mirnəsir oğlu xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin dinləyicisi, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissədə bölmə rəisinin köməkçisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli müvafiq əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin sorğuya cavab məktubuna əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 859 saylı Hərbi Hissə tərəfindən verilmiş 93 saylı, xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu baş leytenant İddiaçı Mirnəsir oğlunun adına xidmət mənzil və ya torpaq sahəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçının müraciətinə cavab olaraq, cavabdeh Bakı şəhəri Cavabdehtərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, 5/S-69-068 saylı imtina məktubunda biolirilmişdir ki, iddiaçının ehtiyatda olan hərbçi kimi mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsi barədə müraciətinə baxılmış, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə istinad olunaraq, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət illərinin 15 təqvim ili olmadığından sözügedən Qanunun ona şamil edilmədiyi, ona görə də xahişini təmin etmənin mümkün olmadığı bildirilmişdir. Beləliklə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırılması zamanı işdə olan sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2009cu il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyindən hərbi xidmətdə olmuş, lakin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli müvafiq əmrinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və ona ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının xidmət illərinin 15 təqvim ilə olmadığını əsas gətirərək, sözügedən Qanunun ona şamil edilmədiyini əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan halları və istinad olunan hüquq normalarını nəzərə almaqla birinci instansiya məhkəməsinin qənaəti ilə qazılaşır ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndi ilə müəyyən edilən norma xəstəliyə görə istefaya buraxılmış zabitlərin mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır və həmin kateqoriyadan olan şəxslərin yerli icra hakimiyyəti orqanı tərəfindən mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilə təmin edilmələrini xidmət illərinin 15 təqvim ilindən çox olması ilə şərtləndirmir. 15 təqvim ili və daha çox xidmət illərinin olmasımüddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilir. İş materiallarında olan sənədlər əsasında isə, iddiaçının zabit qismində xidmət etdiyi və xəstəliyə görə Silahlı qüvvələrdən ehtiyata buraxıldığı müəyyən edildiyindən, cavabdehin «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə istinad edərək, iddiaçıya göstərilən səbəblə imtina etməsi əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə ilə əlaqədar düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilərkən «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsi düzgün tətbiq edilməmiş, ona görə də iddia əsaslı oldğundan təmin edilməli, cavabdehin imtinası əsassız hesab edilərək, iddiaçıya hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar tərxis olunmuş keçmiş hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi hazırki mübahisə ilə əlaqədar düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-887/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar