Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1494/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İdidaçının vəkili Vəkil oğlu, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9160/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun 57 yaşı tamam olduğu tarixdən, yəni 10.06.2016-cı ildən güzəştli şrətlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyini üçün cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 ilin pensiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9160/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18619,98 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə qərarında isə pensiyanın 2016-cı il tarixdən təyin edilməsi qeyd edilir. Həmin müddət iddiaçının müraciət etdiyi tarixdən əvvəlki 3 ildən çox müddəti əhatə edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 26.10.1978-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 24.11.1980-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur - 533 nömrəli, 24.07.1978-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 01.09.1977-ci ildən 20.07.1978-cı ilədək Sumqayıt şəhər 7 №-li Texniki peşə məktəbində quraşdırıcı çilingər ixtisası üzrə təhsil almışdır. - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 15.08.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı 09.08.1978-ci ildə (əmr № 201, 08.08.1978-ci il) Baş Quraşdırma İdarəsi xüsusi qurğuların quraşdırılması Azərbaycan TQİ “Stalkonstruksiyası” (polad konstruksiya) 1 saylı sahəyə sənaye binalarının və qurğularının tikintisinə polad və dəmir/beton konstruksiyaların quraşdırılması üzrə 3-cü dərəcəli montajçı (quraşdırıcı) vəzifəsinə qəbul edilmiş, 19.11.1978-ci ildə (əmr № 274, 20.10.1978 ci il) işdən azad edilmişdir. 21.01.1981-ci ildə (əmr № 8 k, 20.01.1981-ci il) Azərbaycan SSR xüsusi qurğuların quraşdırılması Azərbaycan TQİ “Stalkonstruksiyası” (polad konstruksiya) sənaye binalarının və qurğularının tikintisinə polad və dəmir/beton konstruksiyaların quraşdırılması üzrə 3-cü dərəcə üzrə montajçı (quraşdırıcı) vəzifəsinə qəbul edilmiş, 08.12.1981-ci ildə (əmr № 167 k, 09.12.1981-ci il) polad və dəmir/beton konstruksiyaların quraşdırılması üzrə 4-cü dərəcə təyin edilmiş, 01.02.1988-ci ildə (əmr № 23 k, 01.02.1988-ci il) polad və dəmir/beton konstruksiyaların quraşdırılması üzrə 3-cü dərəcə təyin edilmiş, 01.02.1992-ci ildə (əmr № 29 k, 01.02.1992-ci il) 4-cü dərəcəli montajçı təyin edilmiş, 01.12.1995-ci ildə 5-ci dərəcəli montajçı vəzifəsinə keçirilmiş, 26.01.2004-cü ildə (əmr № 4, 26.01.2004-cü il) öz xahişi ilə işdən azad edilmişdir. 03.01.2005-ci ildə (əmr № 01 k, 03.01.2005-ci il) “Bakı mexanizasiya nəqliyyat” ATSC-də Dəmir kəsici işinə qəbul edilmiş, 28.12.2007-ci ildə (əmr № 03 k, 28.12.2007-ci il) öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 05.01.2008-ci ildə (əmr № 62 k, 05.01.2008-ci il) "xxxx" MMC-də Cəmiyyətin sexinə quraşdırıcı çilingər işinə qəbul edilmiş, 17.02.2021-ci ildə (əmr № 31 k, 17.02.2021-ci il) işdən azad edilmişdir. - "xxxx" ASC-nin 25.08.2021-ci il tarixli, 42 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı işlədiyi vəzifənin kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 saylı qərarına 2 №-li əlavədə göstərilmişdir: 2290000a14612 - polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılarıdır. Əmək kitabçasına əsasən işə qəbul və işdən çıxma vaxtları: işə qəbul və çıxma: 09.08.1978 - 26.10.1978, işə qəbul və çıxma: 21.01.1981 - 26.01.2004; ödənişsiz məzuniyyət vaxtları: 01.09.1998 - 31.05.2002-ci illər, 01.06.2003 - 31.10.2003-cü illər. Əlavə əmək məzuniyyəti və əmək haqqına əlavə olmamışdır. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-də 09.08.1978- 19.11.1978, 21.01.1981- 01.09.1998, 01.06.2002-01.06.2003, 01.11.2003-26.01.2004-cü il tarixlərdə tam iş günü, Polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı işləmişdir. 01.09.1998-31.05.2002, 01.06.2003-31.10.2003-cü il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 2 saylı əlavəsinin XXVİİ bəndinin 2290000а-14612 şifrinə əsasən Polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılara güzəştli şərtlərlə pensiya təmin etmək hüququ verir. Həmin məktuba əlavə edilmiş "xxxx" ASC-nin arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən “Poladkonstruksiya” TQİ-də 09.08.1978 (əmr 201, 08.08.78)-19.11.1978-ci il tarixlərdə polad və dəmir beton konstruksiyaların Quraşdırılması üzrə 3 dərəcəli quraşdırıcı işləmişdir. 20.10.1978-ci il tarixli 274 saylı əmrə əsasən işdən azad olunmuşdur. 21.01.1981 (əmr 8k, 20.01.1981)-08.12.1981-ci il tarixlərdə 3 dərəcəli quraşdırıcı, 08.12.1981 (əmr 167k, 09.12.81)-01.02.1988-ci il tarixlərdə 4 dərəcəli quraşdırıcı, 01.02.1988 (əmr 23k, 01.02.88)-01.02.1992-ci il tarixlərdə 3 dərəcəli quraşdırıcı, 01.02.1992 (əmr 29k, 01.02.92)-01.12.1995-ci il tarixlərdə 4 dərəcəli quraşdırıcı, 01.12.1995 (əmr 117, 01.12.95)-26.01.2004-cü il tarixlərdə 5 dərəcəli quraşdırıcı işləmişdir. 26.01.2004-cü il tarixli 04 saylı əmrə əsasən işdən azad olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən 27.10.2021-ci il tarixli, **********5 nömrəli məktubla Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “Statistika” bölümündə 2006-2021-ci illər üzrə sığortaolunan, İddiaçı (SSN: **********411) ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını özündə əks etdirən məlumatlar təqdim edilmişdir. Həmin məlumatlardan görünür ki, İddiaçı "xxxx" ASC-də 01.01.2006- 01.01.2008-ci illərdə hesablanmış əmək haqqı 1680,00 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqları 420,00 manat ödənilmişdir. "xxxx" MMC-də 01.07.2009- 01.10.2009, 01.01.2020- 01.04.2020, 01.07.2020-01.03.2021-ci illərdə hesablanmış əmək haqqı 2910,56 manat, məcburi dövlət sosial sığorta haqları 611,05 manat ödənilmişdir. Sığorta edən İddiaçı 01.02.2017-01.04.2017, 01.07.2017- 01.07.2018-ci il tarixdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları 307,44 manat ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 01.04.2021-ci il tarixli, **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 36600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18619,98 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, iddiaçı ona 57 yaşının tamam olduğu 10.06.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. Birinci instansiya məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək toplanmalı olan 25 il staj tələbi ödənmədiyindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci ilədək qüvvədə olmuş redasiyasına əsasən, 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilikdən də göründüyü kimi, iddiaçının 57 yaşının tamam olduğu 11.06.2016-cı il tarixdən əmək pensiyası hüququ yaranmışdır. Ona həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün isə 2 şərt ödənilməlidir: 11.06.2016-cı il tarixə azı 25 il iş stajı toplanmış olmalı və həmin müddətin 12 il 06 ayını zərərli işlərdə çalışmış olmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq bildirir ki, iddiaçının stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövrər üçün qüvvədə olmuş normaların tələblərinə uyğun hesablanmalıdır. Belə ki, 01.01.2006-cı il qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda, iş materiallarında olan "xxxx" ASC-nin 42 nömrəli məktubundan görünür ki, iddiaçı 01.09.1998 - 31.05.2002 və 01.06.2003 - 31.10.2003-cü illərdə ödənişsz məzuniyyət olmuşdur. Müvafiq dövrün iş stajının nəzərə alınmasına dair yuxarıda qeyd edilən normalarında isə ödənişsiz məzuniyyət dövrününün sosial sığorta stajı kimi nəzərə alınması təsbit olunmamışdır. İş materiallarından müəyyən edilir ki, 01.01.2006-cı il tarixə İddiaçı təhsil dövrü (20.07.1978 - 01.09.1977 = 10 ay 19 gün) və hərbi xidmət illəri (24.11.1980 - 26.10.1978 = 2 il 28 gün) də daxil olmaqla, 23 il 01 ay 05 gün iş stajı toplanmışdır. (26.10.1978 - 09.08.1978 = 02 ay 17 gün) + (01.09.1998 – 21.01.1981= 17 il 07 ay 10 gün) + (01.06.2003 – 31.05.2002 = 1 il) + (26.01.2004 – 31.10.2003 = 02 ay 25 gün) + (01.01.2006 – 03.01.2005 = 11 ay 28 gün) 01.01.2006-cı ildən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının tələblərinə əsasən, hazırki iş üzrə iddiaçının 01.01.2006-cı ildən 57 yaşının tamam olduğu 10.06.2016-cı il tarixə qədərki sosial sığorta stajı hesablanarkən əmək fəaliyyəti dövrünün məcburi sosial sığorta haqları ödənilən dövrü nəzərə alınmalıdır. İş materiallarında olan, sığortaolunanın hesabı haqqında məlumata əsasən S.A.A: İddiaçı, dövr: yanvar 2006-mart 2021-ci il, cəmi gəlir: 6298,56, cəmi hesablanmış: 1455,08, cəmi ödənilmiş 1360,05 manat olmuşdur. Sığortaolunanın ödənişləri cədvəlinə əsasən yanvar 2006-dekabr 2006, yanvar 2007-dekabr 2007, iyul, avqust və sentyabr 2009, fevral 2017-dekabr 2017, yanvar 2018-iyun 2018, yanvar 2020-dekabr 2020, yanvar-fevral 2021-ci illərdə sığorta ödənişləri olmuşdur. Göründüyü kimi, iddiaçının fərdi şəxsi hesabı haqqında məlumatlardan müəyyən edilir ki, 01.01.2006-cı il tarixdən 10.06.2016-cı ilə qədər sosial sığorta haqlarının ödənildiyi staj müddəti 2 il 03 ay təşkil edir. (01.01.2008 – 01.01.2006 = 2 il) + (01.10.2009 – 01.07.2009 = 03 ay) Göründüyü kimi, 01.01.2006-cı ilə qədər 23 il 01 ay 05 gün və 01.01.2006-cı ildən 11.06.2016-cı ilə qədər 2 il 03 ay olmaqla, İddiaçı 57 yaşının tamam olduğu 11.06.2016-cı ilə qədər 25 il 04 ay 05 gün iş stajının toplandığı müəyyən edilir. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Təqdim olunmuş iş yerindən güzəştli arayışa əsasən 09.08.1978 - 26.10.1978 və 21.01.1981 - 26.01.2004-cü illərdə Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-də Polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarının 2 saylı əlavəsinin XXVİİ bəndinin 2290000а-14612 şifrinə əsasən Polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılara güzəştli şərtlərlə pensiya təmin etmək hüququ verir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a—14612 şifrinə əsasən polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar, həmçinin, 01.07.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə baxıldığını nəzərə alsaq belə həmin dövrdə qəbul olunmuş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri böməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşələrinə uyğun gəldiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapır. Sadalananlardan da göründüyü kimi, iddiaçıya 57 yaşının tamam olduğu 11.06.2016cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan (azı 25 il ümumi iş stajı və azı 12 il 06 ay güzəştli staj) şərtlər ödənildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apelyasiya şikayətindəki iddiaçının pensiya kapitalının yetərsiz oması mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən tənzimləndiyindən, pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi) və yaş (57 yaş). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi qeyd edilən normanın tələbini nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə pensiyanın müraciət ediyi tarixdən əvvəlki 3 il üçün ödənilməsi qənaətinə gəlsə də, hansı tarixdən ödənilməli olmasını qeyd etməmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair cavabdeh orqana 23.02.2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, iddiaçıya 57 yaşının tamam olduğu 10.06.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət etdiyi 23.02.2021-ci il tarixdən əvvəlki üç il üçün qanunla müəyyən edilmiş qaydada ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 10 dekabr 2021-ci il tarixli qərarı, iddiaçının cavabdeh orqana “müraciət etdiyi 23.02.2021-ci il tarixi” göstərilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9160/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərarı, iddiaçının cavabdeh orqana “müraciət etdiyi 23.02.2021-ci il tarixi” göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə