Məhkəmə qərarları › İş №2-1(103)-1495/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1495/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1495/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7493/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: F-801 saylı xx.xx.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X11 X1 06 saylı xx.xx.2000-ci il tarixli əmrinə əsasən İddiaçı fərdi ev tikintisi üçün 0.03 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı iddiaçı Sabunçu rayon İcra hakimiyyətinə müraciət etmişdir. Sabunçu rayon İcra hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış A-58-091 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Sabunçu Rayon İcra Hakimiyyətinə təhvil verilmədiyindən iddiaçıya ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil. Abşeron Rayon İcra Hakimiyyətinin iddiaçının S.Əliyev adına südçülük maldarlıq sovxozunun ərazisində yerləşən ona verilmiş 0,03 ha torpaq sahəsinin yerquruluşu planının hazırlanıb verilməsi barədə müraciətinə cavab olaraq 2/3683 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plansxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Hazırda İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli Sərəncamı əsasında S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X8 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 0,03 ha torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli Sərəncamı əsasında S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X8 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona 0,03 ha torpaq sahəsi ayrılmışdır. Ona məxsus torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinə dair müvafiq çıxarış və texniki pasport verilsə də, torpaq sahəsinin plan-ölçüsü olmadığından istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir. Hazırda qeyd edilən istehsal müəssisəsinin ərazisi Sabunçu rayonunun inzibati ərazisinə daxil edildiyindən plan ölçünü almaq məqsədi ilə cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etsə də, cavabdeh orqan 14 mart 2022-ci il tarixli A-58-091 saylı imtina məktubu ilə torpaq sahəsinin baş planı və koordinatları Sabunçu Rayon İcra Hakimiyyətində olmadığından xahişi müsbət həll edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, hazırda torpaq sahəsi Sabunçu rayon inzibati ərazisinə aid olduğundan iddiaçının qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair plan və ölçü tərtib edilərək ona verilməlidir. İddiaçı əlavə olaraq bildirir ki, torpaq sahəsi 3 metr hündürlüyü olan hasarın daxilində yerləşir və torpaq sahəsində 120 kv.m olan ona məxsus natamam formada yaşayış evi inşa etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7493/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli Sərəncamı əsasında S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X8 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış 0,03 ha torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız olduğundan ləğv olunmalıdır. İddiaçı qeyd olunan məsələnin həlli ilə bağlı müraciəti Cavabdehnə daxil olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Tİ tərəfindən Cavabdehnə ünvanlanmış ******* saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib olunan surəti əlavə olunur). Daşınnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış **********94 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, sözügedən torpaq sahəsi bütövlükdə neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağındadır. Qanunvericiliyə əsasən neft kəmərlərinin və kommunikasiya xətlərinin mühafizə zolağında hər hansı işlərin aparılması qadağan olunur. Hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra Hakimiyyətlərinin səlahiyyətində torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı’’ adlanır. Qanunvericiliklə müəyyən qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu atlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. ’’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların Monitorinqi və yerquruluşu haqqında’’ Azərbaycan Respublikası Qanununun 6cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır, qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli 2020ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması da çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, şikayətdə qeyd edilmişdir ki, məhkəmə cavabdehin imtinasının olub-olmamasını yoxlamamış, ümumiyyətlə Cavabdehnə məsələnin həlli ilə iddiaçının müraciəti daxil olmamışdır. İddia ərizəsinə əlavə olunmuş Cavabdehnə ünvanlanmış müraciətdən və poçt qəbzindən görünür ki, qeyd edilən tələblə iddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət etmiş, cavabdeh qurum həmin müraciəti cavablandırmamışdır. Göründüyü kimi, iddiaçı bir vətəndaş kimi Cavabdehnə müraciət ünvanlamış, müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində cavab verilməmişdir. Yəni, poçt vasitəsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin o, məktubun Cavabdehnə çatıb- çatmamasında cavabdehlik daşımır. Artıq həmin məktuba Qanunvericilikdə nəzərdə tutlmuş müddət ərzində cavab verilməməsi İmtinaya cavabdır. Həmçinin apellyasiya şikayətində qeyd edilir kı, Sözügedən torpaq sahəsi bütövlükdə neft kəmərlərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağındadır. Qanunvericiliyə əsasən neft kəmərinin və kommunikasiya xətlərinin mühafizə zonasında hər hansı işlərin aparılması qadağan edilir. Bu göstərilənlər də əsasızdır. Belə ki, sahənin neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında olması ehtimalı cizginin tərtib olunmasını istisna etmir. Qeyd edildiyi kimi cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir, torpaq sahəsinə dair cizginin verilməsi özlüyündə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyil. Hüquqların mövcudluğunu təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, torpaq sahəsinin komunikasiya xətlərinin mühafizə zonasına düşməsi cizginin verilməsini istisna etmir. Torpaq sahəsinə cizginin verilməsi hansısa işlərin görülməsini göstərmir. İstər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni, cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Göründüyü kimi, cizginin verilməsi hansısa işin görülməsini özündə göstərmir. Sadəcə olaraq həmin ayrılmış yerin xəritədə müəyyən edilməsini göstərir. Yəni vətəndaş orada hər hansı bir iş görməyəcək və ya görəcək bu gələcəyin işidir. Hazırki vəziyyətdə cizgi verilməli və torpaq sahəsinin sərhədləri müəyyən edilməlidir. Artıq Cavabdeh özü-özlüyündə torpaq sahənin olduğunu etiraf edir və onun sərhədlərinin də müəyyən olmasını bildirir. Yəni şikayətdə torpaq sahəsinin kommunikasiya xətlərinin mühafizə zonasına düşməsinin göstərilməsi, torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasını özü- özlüyündə ehtiva edir. Apellyasiya şikayətində daha sonra qeyd edilir ki, torpaq sahəsinin cizgisinin verilməsi İcra hakimiyyətinin yox, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin səlahiyyətindədir. Bu da əsassızdır. Belə ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, Sərəncam tam şəkldə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilməmişdir. İddiaçıya S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X8 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixil 06 saylı əmri ilə müəssisə ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,03 ha torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamı qüvvədədir, ləğv olunmayıb. Odur ki, icra olunmalıdır. Torpaq sahəsinin S.X5 ərazisinə düşməsi onun dövlət torpağı olmasını istisna etmir. Daha sonra apellyasiya şikayətində qeyd olunur ki, torpaq sahəsinin təyinatı kənd təsərüfatı təyinatlıdır. Bu da əsassızdır. Ümumiyyətlə torpaq sahəsinin təyinatını haradan bildikləri məlum deyildir. Torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutlmuşdur. Torpaq sahəsinin kənd təsərüfatı təyinatı olmasının iddianın predmetinı heç bir aidiyyəti yoxdur. Torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması cizginin verilməsini istisna etmir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli ərizə ilə (i.v. 40) xx.xx.2022-ci il tarixdə (i.v. 41) müraciət etsə də, cavabdeh inzibati orqan onun tələbinə münasibət bildirməmiş, hərəkətsizlik göstərildiyi üçün həmin hərəkətsizlik özü də imtina kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 39-cu maddəsini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi, “Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli Sərəncamı əsasında S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X8 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 0,03 ha torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə həmin iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi torpaq sahəsinin iddiaçıya naturada təhvil verilmiş olsa da, Sərəncamın tam şəkildə icra edilməməsinə, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizginin mövcud olmamasına, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə sərəncamla birlikdə vətəndaşa təqdim edilməməsinə, həmçinin torpaq sahəsinin Xəzər rayonu, Binə qəsəbəsinin hüdudları daxilində yerləşməsinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X11 X1 06 saylı xx.xx.2000-ci il tarixli əmrinə əsasən İddiaçı fərdi ev tikintisi üçün 0.03 ha torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsinin S.Əliyev adına südçülük-maldarlıq sovxozunun ərazisində yerləşən İddiaçı ayrılmış 0,03 ha torpaq sahəsinin Bakı şəhərinin inzibati ərazisi daxilində yerləşib-yerləşməməsi barədə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********94 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 9866 nömrəli sərəncamı əsasında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəçiliyində olan keçmiş S.Əliyev adına Damazlıq sovxozundan Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə Xəzər rayonu, Binə qəsəbəsinin hüdudları daxilində yerləşir. Bundan əlavə sahə bütövlükdə neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağındadır. Cavabdehndən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinə dair plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 7493/2022 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək (cavabdehin əsl cavabehlə əvəz olunması barədə ərizəsi nəzərə alınmaqla) Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamı əsasında S.Əliyev adına Südçülük-maldarlıq üzrə X8 istehsal müəssisəsinin 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0,03 hektar torpaq sahəsinin yerləşməsinə dair cizginin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı qeyd olunan məsələnin həlli ilə bağlı müraciəti Cavabdehnə daxil olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarının ayrılmaz hissəsi olmaqla, torpaqayırma həyata keçirən qurum tərəfindən tərtib edilir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********94 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi bütövlükdə neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafiə zolağındadır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Bununla əlaqədar olaraq hazırki inzibati iş üzrə Cavabdeh inzibati orqan hesab oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 saylı fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubu ilə vətəndaş İddiaçı torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayon İcra Hakimiyyətinin 06 saylı xx.xx.2000ci il tarixli Sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Sərəncamın “qeyd” hisəsində vətəndaş İddiaçı məxsus ayrıc aktı sxeminin və s. bu kimi sənədlərin daxil edildiyi əks olunmamışdır. Bu baxımdae iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh orqan apellyasiya şikayətində onun iddiaya cavab verməli olan orqan olmadığına istinad edir. Bu barədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdi ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 9866 saylı sərəncamı əsasında Abşeron rayon İcra Hakimiyyətinin istifadəçiliyində olan keçmiş S.Əliyev adına Damazlıq Sovxozundan Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə, Xəzər rayonu Binə qəsəbəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 saylı sərəncamında göstərilmişdi ki, Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın. Göründüyü kimi, əvvəllər Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqların bir qismi, həmçinin iddiaçıya ayrılmış torpaq sahəsi sonradan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Xəzər rayonuna aid edildiyi müvafiq qurum tərəfindən təsdiq olunur. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini məhz Bakı şəhər Cavabdehnə münasibətdə təmin etməkdə haqlı olmuşdur. Bundan əlavə, cavabdeh orqan iddiaçı tərəfindən ona hazırki iddia ilə bağlı müraciət olunmadığını və imtinanın verilmədiyini bildirir. Bu barədə qeyd olunmalıdır ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh orqan bir neçə dəfə dəyişdirilmiş, sonradan iddiaçı onun iddiasına Cavabdeh cavab verməli orqan olduğunu bildikdən sonra onu cavabdeh kimi göstərmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, bununla bağlı həmin icra hakimiyyəti orqanına hazırki iddia ilə bağlı müraciətini ünvanlamış (i.v. 40-41), lakin həmin müraciətə cavabdeh orqan cavab verməməklə hərəkətsizlik göstərmişdir. İPM-nin 39-cu maddəsinin tələbinə görə inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Hazırki işdə iddiaçının müraciətinə məhkəmə icraatı dövründə 35 gündən çox müddət keçsə də cavabdeh inzibati orqan tərəfindən münasibət bildirilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddiasını mahiyyəti üzrə araşdırmışdır. Bu barədə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlil iddiaçının iddiasının qeyrimümkün sayılması üçün əsas yaratmır. Kollegiya cavabdeh orqanın apellyasiya şikayətində göstərdiyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda sözügedən torpaq sahəsinin bütövlükdə neft kəməri və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi” barədə dəlilinə gəldikdə isə qeyd edir ki, həmin dəlil iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisinin çəkiilib verilməsindən imtina etmək üçün əsas ola bilməz. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinə məhz Cavabdeh inzibati orqan olaraq cavab verməli olduğunu nəzərə alaraq mahiyyəti üzrə baxıb iddianı təmin etməkdə haqlı olmuşdur. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-2246/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7493/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7493/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar