Məhkəmə qərarları › İş №2-1(103)-1496/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1496/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1496/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (3-cü şəxs Laçın Rayon İcra Hakimiyyəti) “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(112)-375/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1990-1992-ci illərdə Laçın rayonun Quşçu kənd könüllü özünmüdafiə dəstələrinin tərkibində, erməni qəsbkarlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirakına görə ona “Müharibə veteranı” adı verilməsini cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(112)-375/2021 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın qismən dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətini geri götürdüyünü bildirmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir. Bu səbəbdən qanunvericilik həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(112)-375/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan, inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar