Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1496/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11503/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınə qarşı məhkəməyə məcburetmə haqqında (İPM m.33.1.) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşının tamam olduğu 13 iyun 2019-cu il tarixindən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı əmək fəaliyyətinin zərrəli xüsusiyyətləri nəzərə alınmaqla ona yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 21 iyul 2022-ci il tarixli cavab məktubu ilə imtina etmişdir (İşə əlavə olunmuş imtina məktubunda imtinanın səbəbi olaraq göstərilir ki, iddiaçının Metropolitendə işlədiyi tunel fəhləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından onun güzəştli stajı yoxdur). Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 13 iyun 2022-ci il tarixdə 60 yaşı tamam olmuş, 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıqdır, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İddiaçının 25 ildən artıq ümumi sığorta stajına malik olması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. Lakin iddiaçının işlədiyi peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələrin Siyahısında olmadığından onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11503/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmaqla, iddiaçıya xx.xx.2019-cu tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının 13 iyun 2022-ci il tarixdə 60 yaşı tamam olmuş, 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıqdır, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Lakin iddiaçının işlədiyi peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələrin “Siyahısı”nda olmadığından onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. X5 təqdim etdiyi 29 iyun 1983-cü il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin 10 iyun 2021-ci il tarixli A/153 nömrəli arayışında iddiaçının xx.xx.1986xx.xx.1990-cı il və xx.xx.1998- xx.xx.2008-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri ərzində adıçəkilən müəssisənin yol və tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Nəqliyyat” bölməsinin (21) Metropolitenlər bəndində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində “tunel fəhləsi” peşəsi qeyd edilməmişdir. Həmçinin, iddiaçının peşəsi (tunel fəhləsi) 1 nömrəli Siyahıda yoxdur. Məhkəmə tərkibi işin faktiki hallarını düzgün araşdırmadan, iddiaçının peşəsinin istinad olunan siyahı üzrə Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində qeyd edilən peşələrə aid olmadığı halda, iddiaçının güzəştli iş stajının olması barədə səhv nəticəyə gəlmişdir. Bununla da, məhkəmənin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olmasına dair yanlış hüquqi mövqeyi nə qanuna, nə də məhkəmə təcrübəsinə uyğun deyildir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Məmmədova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, metropolitendə fəhlə olaraq drenajçı işində işlədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi hərbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İddiaçının işə əlavə olunmuş 29 iyun 1983-cü il tarixdə açılmış İT-İ ******* №-li əmək kitabçasının surətinə və HZ4475743№-li xx.xx.1981-ci il tarixli hərbi biletinin surətlərinə əsasən 2006-cı ilə qədər aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1977-xx.xx.1980: peşə məktəbində təhsil müddəti - 10 ay 22 gün; xx.xx.1980-xx.xx.1981: Bakı Məişət Kondisioneri zavodunda xarrat-9ay xx.xx.1981-xx.xx.1983 müddətli həqiqi hərbi xidmət- 2 il 1ay 7 gün; xx.xx.1983-xx.xx.1984: Bakı Məişət Kondisioneri zavodunda xarrat -1 il 5 ay 12 gün; xx.xx.1985-xx.xx.1985: Azərbaycan Geoloji Axtarış Partiyasında daşkəsən – 1ay 24gün 01.08. 1985-xx.xx.1986: Azərittiaq Kirov adına 2-ci sahədə şam tökən – 10 ay il 5 ay; xx.xx.1986-xx.xx.1990: tunel fəhləsi -3 il 10 ay 27 gün; xx.xx.1990-xx.xx.1990: AZOT Bakı TİM idarədə alt işçi – 5 ay 19 gün; xx.xx.1991-xx.xx.1991: Az SSR Ev əməyi birliyində ayqqabıçı-- 8 ay 17 gün; xx.xx.1991-xx.xx.1992: Mozaika kooperatində ayaqqabıcı- 9 ay 7 gün; xx.xx.1992-xx.xx.2005:-Bakı Metropolitenində tunel fəhləsi -13 il 10 ay 8 gün Qeyd olunan iş stajı ümumiləşdirildikdə, 2006-cı ilə qədər iddiaçının 25 il 10 ay 8 gün ümumi stajı toplanır ki, iş materiallarına əsasən müəyyən olunur ki, həmin stajın da 12 il ay 6 aydan çoxunu güzəştli pensiya hüququ verən peşədə çalışmışdır . Belə ki, "xxxx" QSC tərəfindən verilmiş arxiv arayışına əsasən müəyyən olunur ki, , xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixinə kimi, daha sonra xx.xx.1992- ci il tarixdən xx.xx.2008-ci il tarixinə kimi Bakı Metropoliteninin Yol və Tunel qurğuları xidmətinə 1-5-ci dərəcəli tunel fəhləsi (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti ilə) kimi işləmişdir. Eyni zamanda, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş "xxxx" QSC-nin A/207 nömrəli 12 may 2023-cü il tarixli arxiv arayışında izahlı olaraq aşağıdakılar bildirilmişdir: - “Tunel fəhləsi peşəsinin əsas vəzifə və funksiyaları istismarında olan tunellərdə bütün növ axıntıların ləğvi, su arxlarınn bərpası, tunel geyimlərinin arxasına məhlulvurma, işləridiafraqmaların gücləndirilməsi, tunellərin və drenajların yuyulması, tikinti materiallarının yüklənməsivə boşaldılması, pnevmatik alət və vasitələrlə tübinqlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlpqması, detalların dəyişdirilməsi və s. işlərdən ibarətdir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30-dan 05:30-dək) tunel fəhləsinin əmək haqqına 40% xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funkliyalarının xasiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir. İddiaçı xüsusi zərərli əmək şəraitində işlədiyi tunel fəhləsi peşəsi üzrə əmək stajı 19 il 10 ay 28 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 “Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Belə ki, İddiaçı çalışdığı tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları həmin siyahının 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndində yer alan “dreneajçılar” peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. İddiaçı çalışdığı tunel fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarının 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) 1.4.1(21.5.1-ci yarımbəndi) və 1.4.2-ci (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinin tunel fəhləsi sətrində də öz əksini tapmışdır.” Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçının yalnız gecə işlərində “dreneajçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320№li qərarı ilə təstiq edilmiş 2 №li siyahının XXVİİİ. Nəqliyyat bölməsində “2. Metropolitenlər” yarımbölməsinin “2300200a (“yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr”) kodu üzrə 2300200a-11906” şriftində güzəştli pensiya hüququ verən peşələr sırasına aid edilmişdir. Belə olan halda, “Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, iddiaçının 2006-cı ilə qədər 25 ildən çox ümumi, 12 ildən güzəştli stajı toplandığı nəzərə alınmaqla, onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinəəsasən 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranır (İşə əlavə olunmuş 0******* nömərili şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1962-ci il tarixində doğulmuşdur). “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, işin hallarına və qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçıya hüququnun yarandığı 57 yaşından pensiya təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının mövcud olmadığını və birinci instansiya məhkəməsin tərəfindən qanunsuz və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11503/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11503/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1496/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1496/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver